Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarının həyat yoluna böyük bir zaman məsafəsiylə yaratdığı əsərlərin fonunda nəzər saldıqda daxilən qeyri-adi hisslər keçirirsən. Bəzən sevinir, heyrətlənir, nəyə isə təəssüf edir, nədənsə kədərlənir, bəzən də nəyisə yenidən kəşf edirsən.
Cəbrayıl rayonunun Dağtumas kəndində gözünü dünyaya açan və müasir ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən Nazir Çərkəzoğlunun əsərlərini oxuyub, yaradıcılıq yolunu nəzərdən keçirdikcə doğulduğu torpağa sonsuz məhəbbətlə bağlı olan bir insanın vətənpərvər baxışları canlanır göz önündə. Uşaqlıq illərindən başlayaraq yaşadığı dövrdə elə bir hadisə yoxdur ki, o hadisə yazıçını düşündürüb narahat etməsin və sonradan taleyüklü bir əsərə çevrilməsin. Buna görə də Nazir Çərkəzoğlu imzası ədəbiyyatımızda bəlkə də zamanın nəbzini ən doğru şəkildə tuta bilən imzalardandır. Onun həyata baxışında düşüncə tərzinin aydınlığı əsərlərində səmimi bir dillə və realist bir şəkildə öz əksini tapmışdır. Yazıçı öz qələmi ilə təsvir etdiyi hadisələrə həssas bir formada yanaşır və dolğun bir formada təsvir etdiyi hadisələri oxucusuna sevdirə bilir. Əsərlərini əsasən bildiyi həyat həqiqətlərinə uyğun formada yanaşmaqla oxucularına təqdim edir. “Gəyən düzü” romanını oxuduqca ulu babalarımızın yaşamış olduğu bir dünyada, insanların torpağa bağlılığı göz önündə canlanır. Eyni zamanda, romanda elat dünyasının özünəməxsus yaşam tərzindən ətraflı məlumat verilir.
Nazir Çərkəzoğlunun yaratdığı əsərləri xarakterinə də çox oxşayır: təbii və məğrur, milli və ümumbəşəridir. Daha doğrusunu desək, əsərlərində təsvir etdiyi obrazların taleyi onun özünün şəxsiyyəti ilə üst-üstə düşür və bir bütövlük təşkil edir. Əsasən gerçəklikdən alınan süjet xətti isə ürəkdən axıb gələn yanğılı hisslər ilə özünəməxsus formada oxucusunun səmimiyyətini qazanır. Onun dili və üslubu da sadə və təbiidir. Eyni zamanda yazılarında uşaqlıq illərini, doğulduğu el-obanı tez-tez xatırlamaqla oxucusunu özü ilə bərabər o yerlərə səyahətə dəvət edir. “İndi xatirələrin bərq vuran mayak işığında o yerlərin xınalı daşları, civildəşən quşları, bənövşəsi, nərgizi, maralçiçəyi, boy verib boylanan ağacları, vüqarlı, nisgilli başı qarlı dağları necə də ecazkar, əlçatmaz görünür, ilahi!”
Göründüyü kimi yazıçının doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçdiyi yerlər xəyalən ziyarət olunan məkanlardır. “Ağbulağın göz yaşları”, “Gəyən düzü”, “Gözləyəsi kimim var” kitablarını vərəqləyib tədqiqat xarakterli yazıları nəzər süzgəcindən keçirdikcə Nazir müəllimin yaradıcılıq dairəsinin nə qədər geniş olduğunun şahidi olursan. “Gözləyəsi kimim var” kitabında xalqımızın mifik yaddaşına xeyir xəbər müjdəçisi kimi həkk olunan sağsağana həsr olunmuş şeirlərin poetik təhlili, o cümlədən əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalında yaşamış Aşıq Elmanın həyat yoluna nəzər saldığı “Qara sazın hekayəsi” kimi araşdırma tələb edən yazıları yazıçı-publisisti oxucularına daha çox sevdirən məqamlardandır.
Dahi mütəfəkkirlərdən birinin belə bir fikri var: “Əsl yazıçı odur ki, o sərhədlərə, çərçivələrə meydan oxuyur. Əsl yazar da odur ki, o məhdud çərçivələrə qarşı üsyan edir, hayqırır”. Bax, Nazir Çərkəzoğlunun üstün cəhətlərindən biri də məhz budur. Qələmə aldığı bütün əsərlərində novatorluq aydınca görünür. Bəs nədir onu oxucularına sevdirən? Cavab çox sadədir: poetik sözün müqəddəsliyini, paklıq və duruluğunu qoruyub saxlamaq qabiliyyəti, gerçək aləmdə görüb müşahidə etdiklərini sənətkar təfəkkürü süzgəcindən keçirib əks etdirməyi və qələmə aldığı əsərlərinin dilinin sadə və anlaşıqlı olması ustalığı.
Nazir Çərkəzoğlu həm də zəngin həyat təcrübəsinə, sınaqlardan çıxmış yazıçılıq səriştəsinə malikdir. Onun söz dünyası müasirləri üçün qiymətli ərmağan, ağıllı qida mənbəyi ola biləcək incilərə malikdir. Elə buna görədir ki, yazıçının yaratdığı əsərləri ilə müasir ədəbiyyatımızda özünəməxsus yeri, saldığı cığır və orijinallığı gözlərimiz önündədir. Odur ki, Nazir Çərkəzoğlunun adı çəkiləndə gözlər önündə zəhmətkeş və istedadlı müəllimin, yaradıcı ziyalının, xeyirxah və qayğıkeş insanın səmimi siması canlanır. Çünki o bütün əsərlərində oxucularına, əsasən də gənclərə qədim və keşməkeşli tariximizi tarixi faktlarla çatdırmağa çalışır. Son dövrümüzün hadisələrini, ata-baba yurd yerlərindən didərgin düşmüş insan selini belə xarakterizə edir. “Bir vaxtlar dağlara yaylaqlara üz tutan elat indi Qərbi Azərbaycana yox, əks istiqamətə – Şərqdən-Qərbə axın edirdilər. Sanki yer kürəsi məhvərindən çıxmışdı”.
Yazıçı üçün dünyanın naz-nemətlər ilə dolu olan ağuşunda çörək həsrətilə yaşayanların acıları və məhrumiyyətləri də böyük bir dərdə çevrilir. Qaçqın-köçkün həyatını dəqiq faktlarla qələmə alan yazıçı yurd-yuvasından didərgin salınan qardaşlarımızın qarşılaşdıqları çətinlikləri, insan selinin çoxluğundan yaranan ərzaq qıtlığını da nəzərindən qaçırmır və o günləri ürək ağrısı ilə xatırlayır. “Gecədən səhərədək çörək növbəsində insanlar tələf olur, cəhənnəm əzabı çəkirdilər. Bu qaçqınlıqdan nəinki gələnlər, elə şəhər əhli, yerli sakinlər də əziyyət çəkir, səhəri dirigözlü açırdılar”.
Bütün yaradıcılığı boyu diqqət mərkəzində saxladığı məqamlardan biri isə ömrünü-gününü insanlar üçün sönməz məşələ çevirənlərin üstün tutulmasıdır. Fəqət o öz çiyinlərinin də belə bir yük daşıması ilə fəxr edir. Son illərin hadisələri, düşmən tapdağı altında inləyən torpaqlarımızın harayı, sönmüş ocaqların nisgili, didərginlik dərdi yazıçını sanki möhkəmləndirərək mətinləşdirir. Elə bu cəhətlər də gözəl yazıçımız Nazir Çərkəzoğlunu bütöv yaradıcılığı ilə birlikdə gözlərimiz önündə daha da ucaldır və ülviləşdirir. İnanırıq ki, yazıçı qardaşımız Nazir Çərkəzoğlu bundan sonra da oxucularının sevimlisi olaraq yeni-yeni yaradıcılıq uğurlarına yol açacaqdır.
Vaqif AĞALAROV
Naxçıvan Televiziyasının baş redaktoru