Cəhənnəmdən keçmiş mələk (62)
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
O qış Novruza qədər it zülmü çəkdim. Yaram çox gec sağaldı. Bu müddətdə barmağımla yanaşı ürəyimin də yarası hovlamışdı, artıq qəlbimdə irinləmiş nifrəti-kini gizlədəmmirdim, hamının üzünə qayıdırdım, evdəkilərə meydan oxuyurdum. Özüm də özümü tanıya bilmirdim, içimdən başqa bir qadın sıyrılıb çıxıb məni incidənlərlə üz-üzə dayanmışdı. Heç kimdən sevgi görmürdüm deyə heç kimə sevgi göstərmirdim. Məni yalnız Cavidin məndən soyumağı narahat eləyirdi, bundan savayı heç nə eynimə deyildi.
Emin yenə uşağın əlindəkiləri başıma atdırmaqdan zövq alırdı. Bir dəfə xəmir yoğururdum, qolum zədəliydi deyə əvvəlki cəldliklə işləyə bilmirdim. Mən xəmirlə əlləşməkdəykən Emin yenə Cavidi öyrədər ki, əlindəki ağacı başıma vursun. Adətən bir iş görəndə fikrim-xəyalım uzaqlara gedərdi – ya oxuduğum kitabın havası dolardı beynimə, ya da uşaqlıq xatirələrim.
Başıma dəyən qəfil zərbədən ayıldım, qulaqlarım uğuldadı, gözlərimin önündə halqalar oynaşdı. Belimi dikəldəndə burnumdan açılan qanın üstünə əyildiyim xəmir teştinə axdığını gördüm. Yenə də nə baş verdiyini anlamadım, yalnız Cavid qaçıb divanda uzanmış Eminin qucağına girəndə başa düşdüm ki, güllə mənə hardan dəyib.
Hirs, əsəb necə güc gəldisə nə bulaşıq əllərimə baxdım, nə də şoralanıb yarı unlu, yarı xəmirli ləyənə axan qanıma. Yırtıcı kimi Cavidin üstünə atıldım. Emin necə qəzəbləndiyimi görəndə uşağı arxasına aşırıb mənlə burun-buruna dayandı. O an əlimə keçsəydi, bəlkə də Cavidə nəsə bir xəsarət yetirəcəkdim. Emin onu qoruduqca mən lap azğınlaşırdım, xəmirli əllərimlə Eminin harasına gəldi vururdum, qışqırıb ağlayırdım, yerə-göyə nifrinlər yağdırırdım. Emin mənim hədəqəsindən çıxmış gözlərimdən qorxdu deyəsən:
– Yaxşı, sakitləş, uşaqdı da, nə qanır.
– O qanmır, heç olmasa sən qan! Niyə uşağı öyrədib məni bu günə qoyursan?!..
Eminin üst-başını xəmirə, qana bulaşdırıb yenidən teştin üstünə əyildim. Burnumdan axan qan yoğurduğum xəmirin üstünə damdıqca mən heç qıypınmırdım da, qanı gözümün yaşı, ağzımın suyu qarışıq xəmirə qatıb yoğururdum. Emin uşaq qucağında kirimişcə mənə baxırdı; bilmirdim içindən nə keçir, anlamırdım peşman olub, yoxsa sevinir bu halıma. Bir müddət dinmədi, sonra Cavidi tələsik geyindirib qapının ağzından mənə səsləndi:
– Kim yeyəcək o çörəyi, burnunun qanını-fırtılığını qatdın xəmirə?
Başımı qaldırıb onu nifrətlə süzdüm:
– Hamınız bunu zəhərlənəcəksiz, inşallah!
Cavid evə qayıdanda ona kinim hələ də soyumamışdı. Hər belə hadisədən sonra uşağın qayğısını Emin özü çəkirdi, birdən onu vuraram deyə Cavidi yanıma buraxmırdı. Cavid də özünü qəribə aparırdı – evdə ikimiz qalanda nə deyirdim eşidirdi, dinməzcə hər sözümə baxırdı; elə ki qaynanam, ya Emin qapıdan içəri girirdi, uşaq dönüb olurdu əfi ilan, nə danışdığım nağıllara qulaq asırdı, nə mənə ana deyirdi, eynən ögey anası kimi davranırdı mənlə.
***
Təkəlli, təkqollu qaldığım o günlərdə qaynımın balaları yenə mənə həyan oldular, hər işdə-gücdə əlimdən tutdular. Mən də uşaqlara borclu qalmırdım, evdə gözümə dəyəndən, əlimə keçəndən çalıb-çapıb onlara yedirirdim, buna görə üzüm danlansa da, dilim gödək olsa da, əməlimdən daşınmırdım. Qaynım balalarının istəyi mənim sevgi ehtiyacımın, az da olsa, bir hissəsini ödəyirdi. Qardaşlarım da onları Caviddən seçib ayırmırdılar, gələndə hər birinə ayrıca şirniyyat, oyuncaq payı gətirirdilər.
Qaynanam o uşaqlara nəsə verdiyimdən xəbər tutan kimi evə dava salırdı. Ancaq mən daha əvvəlki mən deyildim, sırtılmışdım, söz altında qalmırdım. Maral öz balalarına görə qaynanamızın məni danladığını eşidəndə tumanının ətəyini əlinə alıb Zöhrə xalanın üstünə yeriyirdi:
– Nə xoruzlanırsan, aaz, sənin nəvələrindi də, dədəsi evindən gətirməyib ki!..
İlk dəfə acıq eləyib təkbaşına atam evinə getməyim də qaynım uşaqlarının üstündə oldu. Axır çərşənbəydi, qaynanam yenə mənə çoxlu tapşırıq verib qızıgilə getmişdi; bayram şirniyyatını orada bişirib gətirəcəkdi, öz evimizdə bişirəndə guya uşaqlar yeyirdilər, bayrama bir şey qalmırdı. Həmin gün mən təndirə çörək yapmalıydım. Hər çörək bişirəndə uşaqlar üçün də balaca kökələr salırdım. Zöhrə xala buna da danışırdı:
– Dörd kökə bir çörək eləyir, niyə bişirirsən? Görürsən qoxutluqdu, heç nə tapılmır…
Doğurdan da, o aralar camaat aclıq çəkirdi, un, şəkər qıtalmışdı. Haqq üçünə, bizim evdə qıtlıq hiss olunmurdu, dolanışığımız hələ ki yaxşıydı.
Kökənin eşqinə qaynımın böyük oğlanları təndiri tezcə odladılar. Yapdığım çörəklər qızarana qədər vaxtdan yararlanıb uşaqların hərəsinə bir kökə saldım, hər kökənin də arasına ötən yay bişirdiyim ərik cemindən bir qaşıq yaxdım. Kökə köpüb qızardıqca cem içinə yayılıb çörəyə bir özgə dad verirdi.
Qızarmış çörəkləri təndirdən yenicə çıxarmışdım. Uşaqlar böyür-başımda şirin kökələrini şirin-şirin yeməyə girişmişdilər. Elə bu dəm qaynanam qəfil külək kimi başımızın üstünü aldı. Arvad bir anda canavara döndü, ağlına-ağzına gələni püskürdü sifətimə. Dillənmirdim; həm belə məqamda uşaqların üzünə baxmağa utanırdım, həm də onların şirin uşaqlığına zəhər qatmağa, xatirələrini kirlətməyə qıymırdım.
Zöhrə xala o qədər danışdı ki, qaynımın dörd balasının dördü də dişlənmiş kökəsini çörək dolu teştin qırağına qoyub əlinin dalıyla ağzını silə-silə geri çəkildi. Kökələri götürüb ağlaya-ağlaya hamısına bir-bir yalvardım, ancaq heç biri kökəsinə yaxın durmadı. Onda çörək dolu teşti qucağıma alıb dişlək kökələri qaynanamın gözünə dürtdüm:
– Həə, di gəl özün ye hamısını, – deyib evə girdim.
Arvad kökələri ətəyinə yığıb arxamca özünü içəri atdı:
– Sən mənim acığıma hələ bunların içinə mürəbbə də doldurmusan?!..
Qabı-qazanı bir-birinə vura-vura danışdı, deyindi – heç hansına dillənmədim; ancaq söyüşə-təhqirə keçəndə özümü saxlayammadım.
Düzü, söyüş-təhqir bir az da bəhanəydi; məni təhqirdən də çox qaynanamın o şirin tikələri doğmaca nəvələrinin ağzından saldırmağı yandırırdı.
Arvad məni indiyəcən toxunmadığı yerimdən vurdu:
– Adam da nişanı qayıtmış qızı alarmı? Kül mənim ərimin, oğlumun başına, gör kimi gətirib qapımızda yalladılar!
Bundan sonra su boğazıma çıxdı, səbrim talan oldu. Nifrətim vurub bəndi-bərəni dağıtdı, içimdən püskürən bir kəlmənin, bir qarğışın, bir söyüşün qarşısını kəsmədim – qaynanam qarğıdıqca mən də qarğıdım, o söydükcə mən də söydüm, çoxdan bəri canımda yuva qurmuş azğın iti açıb buraxdım. Pəncərədən qaynım uşaqlarının Cavidi də götürüb getdiklərini görəndə lap ürəkləndim, cırılıb-süzülmüş həya pərdəsini üzümdən alıb ayaqlarımın altına atdım.
Arvad mənim haray-həşir qopardığımı, geri durmadığımı görüb içinə çəkildi. Ancaq mən yenə kirimədim, səsimi başıma atıb söyə-söyə, deyinə-deyinə evin hər künc-bucağına baş vurdum, otaqdan-otağa keçdim, heç yerdə də bənd almadım, hər otaqda səsimdən, qəzəbimdən iz qoyub çıxdım. Hər girib-çıxdıqca da qəsdən özümü qapının dəstəyinə, divanın, çarpayının küncünə vururdum ki, bəlkə canım ağrıya, hikkəm soyuya.
Bilmirəm nə müddət keçdi, qaynanam mənim meydan sulamaqdan usanmadığımı görüb yenidən üstümə atıldı:
– Qoy ərin gəlsin, əməllərini bircə-bircə qoyacam ovcuna, aparsın səni tullasın atanın xarabasına!
Elə bil təpəmə bir vedrə soyuq su əndərdilər, huşum başıma qayıtdı. Sakit, amma qətiyyətli səslə:
– O sənin ərindi, mənim yox, – dedim.
Bilirdim tərbiyəsizlik eləyirəm, ancaq yenə dedim.
– Bir də getməkdisə özüm gedərəm, o niyə aparır?..
Otağıma keçdim, hisli xalatımın üstündən qızlıq jaketimi əynimə taxıb pilləkəni düşdüm. Maralgilin evinin yanından ötüb darvazaya yönəldim. Darvazanın bala qapısını açanda böyük qaynım Yunusla üz-üzə gəldim. Onu görəndə məni yaş boğdu. Yunus üzümə təlaşla baxıb soruşdu:
– Nolub, hara gedirsən?!
Dönüb geriyə boylandım, Zöhrə xala qapıda görünmürdü. Nə cavab verəcəyimi bilmədiyimdən çaşıb udquna-udquna qaldım. Birdən hazır bir yalan hardansa uçub gəlib dilimin üstünə qondu:
– Anam bərk xəstələnib, evimizə getməliyəm.
Qaynım məni şübhəli-şübhəli süzüb:
– Mən də tələsirəm, – dedi, – bəs Emin hanı?
Pilləkənə düzülmüş uşaqlara baxdım, qorxdum elə indicə hər şeyi açıb atalarına danışalar. Uşaqların böyüyü Bəhruz Cavidi yanına salıb içəri keçirdi, onda ürəkləndim:
– Nə bilim, evdə yoxdu.
Yunus geri dönüb darvazadan çöldə gözləyən sürücüsünə tapşırdı:
– Mən yemək yeyənəcən Bircəni kəsə yolla evlərinə qoy qayıt.
Tez gedib maşına oturdum, kənddən çıxana qədər başımı qaldırıb yola-rizə baxmadım – qorxurdum Eminlə qabaqlaşaq, məni maşından düşürüb geri qaytara.
Asfalta çıxmadıq, arxüstü kələ-kötür bir yolla gedirdik. Kənddən xeyli aralanandan sonra qəlbimə bir nisgil doldu – uşağımı qoyub gedirdim! Birdən-birə peşmanlıq canımı gəmirdi, elə peşman oldum ki, özümə ar bilməsəydim dərhal geri qayıdardım.
Yaşlı çolaq sürücü güzgüdən mənə baxıb soruşdu:
– Bu yolu tanıyırsan?
Başımın işarəsiylə yox dedim.
– Bu yol kəsədi, arxüstü gedəndə sizin kəndə lap tez çatmaq olur, amma maşının evini yıxır…
***
Maşın atam evinin qapısında dayananda sürücüylə sağollaşıb, qonum-qonşu görməsin deyə güllə kimi həyətə girdim. Bacılarım şəkərbura bişirirdilər, Sevilin nişanlısıgil bayramlaşmağa gələcəkdilər. Anam bacısı evinə getmişdi. Qızlar mənim hansı görkəmdə gəldiyimi görəndə əllərini işdən çəkib, durduqları yerdə donub qaldılar. Onlara məhəl qoymadan içəri keçdim, bacılarım da arxamca gəldilər. İkisi də sual dolu baxışlarını üzümə zilləmişdi, ancaq nəsə soruşmağa ürək eləmirdilər. Özüm onları intizardan qurtardım:
– Nə var, nə baxırsız?! Acıq eləyib qaçmışam evdən.
Sözümü deyib evin içində o baş-bu başa dəli kimi gəzişməyə başladım. Sevil həmişəki təmkinli tövrüylə soruşdu:
– Bəs Cavidi niyə gətirməmisən?
Səngər dalından düşmən tərəfə boylanırmış kimi ürkək nəzərlərlə bacılarıma baxdım. Qızların üzündən oxudum ki, gözlərimdəki ümidsizliyi, peşmanlığı, qorxunu dərhal seziblər, ancaq onlara dərdimi danışmağa yetəsi heyim-hərdəmim qalmamışdı. Əhvalıma, görkəmimə baxanda onsuz da hər şey bəlli olurdu.
Atam evindən barmağımı sındıranda getdiyim idi. Burnuma tanış qoxular gəlirdi, di gəl, sevinə bilmirdim. Bacılarımın bişirdiyi novruz şirniyyatının ətri adamı cənnət zövq-səfasına səsləyirdi, ancaq məni nələr gözlədiyini ağlıma gətirən kimi iştaham küsürdü. Ürəyim təzadlı duyğuların savaş meydanına dönmüşdü, Cavidi qoyub gəldiyimə görə özümü bağışlaya bilmirdim.
Hava qaralana yaxın anam bacısıgildən qayıtdı, məni görəndə çaşıb qaldı. Bu əyin-başla, üstəlik də qaynanamla dalaşıb gəldiyimi biləndə haray-həşir qopardı:
– Sən camaatla qoz-qoz oynamağa getmisən?! Evin böyüyü sənə bişirmə deyir, bişirmə!
Anam bir qiyamət qopardı, üzümü elə danladı, gəldiyimə it peşmanı oldum:
– Gəlin getdiyi evə daş quyuya düşən kimi düşməlidi. Sənin fikrin nədi? Evin böyüklərini saymırsan, evdəkilərdən xəbərsiz qaçıb aborta gedirsən… Sənlə bir gündə toyu olan qız, odey, üçüncü uşağa yetikdi. Niyə sən başlı-başına olmusan?!
Anamı belə görəndə qaynanama şükür eləyəsi oldum; məni elə günə qoydu, az qaldım gecə vaxtı payi-piyada geri qayıdam. Atamla, əmilərimlə, qardaşlarımla hədələdi məni, üzümə itin sözünü dedi. Anam üstümə qışqırdıqca bacılarım ağlaşırdı, mənsə dinməz-söyləməz boynumu büküb onun ağzına baxırdım. Bilirdim o məni belə qarşılayacaq – nə desəm inanmayacaq, qaynanam baldızımı beşiyə qoyub yırğaladığı kimi məni əzizləməyəcək. Bilirdim bu evdə daha mənə yer yoxdu, amma yenə gəlmişdim. Heç olmaya yalandan bir qayğı göstərəydi, ac qarnımı doyuraydı…
Axşam süfrə başında məhkəmə quruldu. Kamillə Musa əmimdən başqa hamı məni haqsız çıxardı. Musa əmim coşmuşdu:
– Qoy səhər açılsın, özüm gedib onların dərsini verəcəm! Görmürdü nişan qaytarmışıq, niyə qapımıza gəlirdi?
Əmim belə danışdıqca ürəklənirdim, özümü arxalı bilirdim. Kamil də mənə dayaq durdu, amma Cavidi qoyub gəldiyimə görə üzümü çox danladı.
Caviddən yana çox nigaran qalmışdım. Bilirdim ki, indi Emin mənim əlimdən zəncir çeynəyir…
Yaxınlarda bacım Sevilin toyu olasıydı. Sevil dediyindən dönməyib sevib-seçdiyi qrup yoldaşına nişanlanmışdı deyə atam da, anam da ondan yanıqlıydılar. Elçiləri dönə-dönə qapıdan qovmuşdularsa da, bir faydası olmamışdı, istəklilər istəyinə çatmışdı. İndi anam arzulamadığı qonaqların gəlişi ərəfəsində üstəlik mənim də küsüb gəlməyimi heç cür sinirə bilmirdi, oğlan adamı qapıya dirənməmiş məni canım-başım yana-yana qaçıb qurtulduğum cəhənnəm alovunun içinə qaytarmaq istəyirdi.
Elə mənim də gözüm yolda qalmışdı; gözləyirdim ər evindən dalımca gələn olsun, məni götürüb bu doğma cəhənnəmdən yad cəhənnəmə atsın – cəhənnəmin doğması daha dözülməz olur. Lap qaynımın o balaca uşaqlarından biri gəlsəydi belə yanına düşüb qayıdasıydım…
(Ardı var)
Mənbə: Kulis.az