Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
16
17-ci gün
Dəfnə yuxudan təngnəfəs oyandı. İlk olaraq Nilə tərəf çevrildi. Nil sakitcə yanında büzüşüb yatmışdı. Ümumiyyətlə, Dəfnə son vaxtlar hiss etdiyi qorxunun təsiriylə Nili bircə dəqiqə gözdən qoymurdu. Buna baxmayaraq, indi durub otaqdan çıxmaq, qaçıb uzaqlaşmaq istəyirdi.
Ürəyi sıxılmağa, küt bir ağrı başından bütün vücuduna doğru yayılmağa başlamışdı. Dəfnə yerindən qalxıb otaqda var-gəl eləməyə başladı. Bu da kifayət etməyəndə dəhlizə çıxdı. Lakin xeyri yox idi. Nəhəng sığınacaq sanki balaca bir qutuya çevrilmişdi və Dəfnə özünə heç cür yer tapa bilmirdi. Ayaqları qaçmağa yer, açıq bir pəncərə, bir az hava tapa bilmək üçün sahibəsinə məhəl qoymadan, pilləkənləri iki-iki, üç-üç yuxarı qalxırdı. Heç bir yer Dəfnəni qane etmirdi. Havasız, bozumtul sığınacaq onu dəliyə çevirirdi. Artıq kitabxanaya qədər gəlib çatmışdı. Kitablardan birini götürüb vərəqlədi. Başını onunla qatmaq istədi. Yenə də xeyri olmadı. Bu dəqiqə, elə indicə sığınacaqdan rədd olub getmək, bir də bu cəhənnəmə qayıtmamaq üçün həyatdakı hər şeyini verməyə hazır idi.
Kitabların da xeyri olmayanda, çarəsiz halda otağın boş küncünə qısıldı. Üzünü divara çevirdi və alnını söykəyərək hönkür-hönkür ağlamağa başladı. Əl-ayağı yavaş-yavaş sürüşüb onu oturaq vəziyyətə gətirdi. Dəfnə göz yaşlarını gözlərindən sinəsinə axıdarkən, bir tərəfdən də bütün həyatını gözdən keçirirdi. Heç kəsi yaxına buraxmadığı, görünməz olduğu məktəb illəri, özünü böyük ideallara kökləyərək gecə-gündüz oxumağa sərf etdiyi tələbəlik dövrü, təhsil həyatı, yenə də insanlara qaynayıb-qarışa bilmədiyi işgüzar mühiti, valideynləri ilə soyuq münasibətləri bir-bir gözünün qabağından gəlib keçdi. Yox, o, qətiyyən buraya səbəbsiz yerə gəlib düşməmişdi. Tale tənhalığı seçdiyinə, yaşamadığı halda boş-boş dünyada yer zəbt elədiyinə görə Dəfnəni belə cəzalandırmışdı…
Qapının səsi Dəfnəni fikirdən ayırdı. Asta addım səsləri gəldi və onun düz yanında kəsildi. Dəfnə başını qaldırıb Dumana baxdı. Paltarının ətəyiylə gözlərini sildi.
– Deyəsən sənin də yuxun qaçıb, – baxışlarını maraqla ona zilləyən Dumana dedi.
– Yuxum qaçdı. Dedim bayıra çıxıb bir az hava alım. Sonra yadıma düşdü ki, cəhənnəmin dibindəyəm. – Duman dodağına zorakı bir təbəssüm qondurdu.
Dəfnə də ona qarşılıq verdi:
– Arzu düz deyir. Hamımız burada bir-bir ölüb gedəcəyik. Bəzən özüm də bunu arzulayıram. Bu xarabadan çıxmağın yeganə yolu ölümdürsə, ona da razıyam! – Dəfnə qəhərlənmiş halda dedi və yenidən əllərini üzünə tutdu.
Duman aşağı əyilib Dəfnənin yanında oturdu:
– Yox, elə danışma. Bəlkə də çoxumuz öləcəyik, amma hamımız yox. Aramızdan iki nəfər burada ölməyə layiq deyil, – dedi.
– Mən və sən? – Dəfnə ehtiyatla soruşdu.
– Sən və Nil. – Duman cavab verdi.
– Eh… Nədənsə, mən sənin qədər nikbin ola bilmirəm. Görünür, Tanrının bizim üçün planı bu imiş. – Dəfnə dedi.
– Doğrudur. Burada bütün toz basmış sirlərimiz təzədən açıldı. – Duman dedi. – Bilirsən, Dəfnə, məncə bizim illər sonra burada görüşməyimiz təsadüfi deyil. Ən azından mən səni görüb rahatlıq tapdım. Sənin də adi bir insan olduğunu başa düşdüm.
Dəfnə Dumanın nə demək istədiyini anlamadı:
– Necə yəni? – deyə soruşdu.
– Yəni o vaxtlar səni sevirdim deyə gözümdə ilahi, qeyri-adi bir varlığa çevrilmişdin. Fikirləşirdim ki, səninlə danışmağa cəhd eləsəm, öz ağıllı cavablarınla məni susduracaqsan və hamının içərisində pərt eləyəcəksən.
– Kim? Mən? Əksinə, mən özüm səndən çəkinirdim ki, hamıya göstərdiyin o kobud münasibətdən mənə də pay verərsən. – Dəfnə dedi.
– Görürsən, ikimiz də yanılırmışıq. Sənə baxdıqca, heyfsilənirəm… – Duman dedi və Dəfnənin gözlərinə baxaraq, sual verməsini gözlədi.
Dəfnə xeyli düşündü. Soruşub-soruşmamaq barəsində tərəddüd elədi. Axırda “Nəyə heyfsilənirsən?” sözləri dilindən öz-özünə axıb töküldü.
– Vaxtında səni qazanmağa cəhd eləmədim. O qədər fərqliyik ki…
– Demon & Divinity. – Dəfnə gülümsəyərək dedi.
– Hə… Biz səninlə ağla qarayıq, xeyirlə şərik, gecə ilə gündüzük. – Duman dedi.
Bir zamanlar nifrət etdiyi insanın birdən-birə romantikləşən səs tonu Dəfnəni utandırdı. Söhbətin axarını dəyişmək üçün gülümsəyərək:
– Bax, bunu düz deyirsən, – dedi.
Duman isə sözünə davam elədi:
– Deyəsən sevgi də elə budur: əksliklərin vəhdəti.
Dəfnə susdu. Tamam başqa bir mövzu açmaq istəsə də, dili söz tutmadı. Sükutun bir qədər uzanmağı onu narahat elədi. Ayağa qalxdı. Artıq özünü nisbətən daha yaxşı hiss edirdi. Otağına qayıda bilərdi.
Elə bu vaxt Səlim içəri girdi. “Dəfnə…” – deyə sözə başlasa da, Dumanı görüb tərəddüd etdi. Dəfnə ilə Dumanı birlikdə görmək onu təəccübləndirsə də bunu üzə vurmamağa çalışdı.
– Səlim, sənin də yuxun qaçıb deyəsən, – Dəfnə dedi.
– Hə, uşaqlar, onsuz da yuxum yoxdur. Vaxt itirmək istəmirəm. – Səlim alçaq səslə, lakin həvəslə danışmağa başladı. – Deyəsən nə isə tapmışam. Arxamca gəlin! – Üçü də Səlimin bütün gün baş sındırdığı kompyuter zalına yollandı.
– Nə isə tapmısan? – Duman həyəcanla soruşdu.
– Deyəsən tapmışam, – o, dedi və monitorlardan birinin düyməsini basaraq yandırdı. Monitor işə düşdü. Səlim monitora baxaraq komandalar verməyə başladı. Monitor öz səsiylə ona cavab verir, verilən tapşırıqları yerinə yetirir, məlumatları ekrana ötürürdü.
Səlim üzünü Dəfnə ilə Dumana çevirib, “Bu, bilirsiniz nədir?” – deyə soruşdu. Ekrandakı müxtəlif simvolların qarışığından ibarət olan mənzərə Dumanla dəfnə üçün tam anlaşılmaz idi. “Yox” – ikisi də bir ağızdan cavab verdi.
Səlim də elə bunu gözləyirdi. O, gülümsədi və həvəslə sözə başladı:
– Uşaqlar, nə vaxtdır bunun üzərində işləyirəm. Deməli, bu cihazların heç biriylə yerin üstünə xəbər ötürə bilmədim. Amma çoxdandır bu düstur üzərində işləyirəm. Bu, xüsusi proqramdır. Əgər onu hazırlayıb işə sala bilsəm, buradan çıxa bilərik. – Səlim inamla dedi.
– Bu, mümkündür? – Dəfnə soruşdu.
– Bəli, çətin də olsa mümkündür. Proqram hazır olandan sonra onu izaxtaran çiplərdən birinə yükləyəcəyik və dərhal yuxarıdakılar izaxtaranın yerini görəcəklər.
Səlim bütün bu prosesi Dumanla Dəfnənin anlaya bilməsi üçün sadə dildə izah eləyirdi. Dumanla Dəfnənin simasında ümid qığılcımları parladı və bir-birilərinə tərəf çevrilib sevinclə qucaqlaşdılar.
– Afərin sənə, Səlim! – Duman dedi və Səlimi də möhkəm qucaqladı.
– Bəs bunu necə eləyəcəksən? İzaxtaranı kompyuterə qoşmaq lazım deyil ki? – Dəfnə maraqla soruşdu.
– Lazımdır. Ona görə də hansısa birini kiçik əməliyyatla çıxarmaq lazım gələcək. – Səlim dedi.
– Ölən uşaqlardan götürmək olmaz ki? – Duman soyuqqanlı tərzdə dedi.
– Yox, izaxtaran şəxs ölən kimi avtomatik olaraq deaktiv olunur. Onu təzədən işə salmaq mümkün deyil. – Səlim dedi. – Məncə ehtiyatla çıxarmaq olar. Təhlükəli deyil, – deyə əlavə elədi.
– Yaxşı, mən könüllü olaram. – Duman söylədi. – Təki sən bizi buradan çıxar. Lap bir qolumu qurban verməyə də hazıram!
Səlim işinin başına qayıtdı. Tezliklə sığınacaqdan xilas olmaq istəyirdi. Ona görə də hər ötən dəqiqəni qənimət bilirdi. Hamı yuxudaydı. Heç kimi oyatmamağa, səhərə kimi gözləməyə qərar verdilər. Dəfnə və Duman pilləkənlərə tərəf yönəldi. Aşağıya doğru təzəcə addımlamağa başlamışdılar ki, qışqırtı səsi onları diksindirdi. “Buraxın qolumu!” – səsin sahibi deyirdi.
– Bu, Nildir! – Dəfnə qətiyyətlə dedi və sürətlə otağa tərəf götürüldü. Duman da arxasınca qaçdı. Otağa girəndə gördüyü mənzərə Dəfnəni özündən çıxardı. Sabah müəllimə ilə Səda Nilin zəif biləklərini sıxaraq, üstünə çəmkirir, qız isə yazıqcasına ağlayırdı. Dəfnə Nilə tərəf qaçdı. Sədanı hirslə kənara itələdi. Sabah müəllimənin Nilin biləyini qavrayan əllərini də kobudcasına kənara tulladı və “Nədir? Nə istəyirsiniz?” – deyə qışqırdı.
– Oğrunu tapmışıq! – Səda da qışqıraraq cavab verdi. – Bu balaca siçanın xırçıltısına oyandım. Yastığının altında oğrun-oğrun peçenye yeyirdi. – O, qəzəblə dedi.
– Sən demə, balaca canı ilə bütün ərzağı oğurlayan bu qız imiş! – Sabah müəllimə də ona qoşuldu.
– Nə?! – Dəfnə qəzəbləndi. – Mənim Nilim oğru deyil! Özünüzsünüz oğru! Şər atmayın uşağa!
Duman da yaxınlaşıb Dəfnənin yanında dayandı, amma sözə hələ ki, qarışmırdı.
– Bəsdir də, sən Allah! Camaatın uşağından əl çək də. Heç anasının vecinə deyil, bu düşüb ortalığa! – Sabah müəllimə ağzını əyə-əyə dedi.
– Arzu mənim anam deyil! – Nil qışqırdı.
– Buna bax, gör uşağı necə doldurub! – Sabah müəllimə qızına baxıb dedi. – Yaxşı, balaca, de görüm ərzaqları harada gizlətmisən? – O, Nilə tərəf çevrildi.
Dəfnə özünü saxlaya bilməyib Sabah müəllimənin Nilə tərəf əyilmiş başını hirslə geri itələdi. Qadın cavab olaraq, Dəfnəni vurmaq istəyəndə, Duman araya girdi.
– Özüm götürmüşəm o peçenyeni. Oğrudan oğurlamaq oğurluq deyil! Elə bilirsən xəbərim yoxdur? İstəyirsən açım, töküm bütün zibil işlərinizi? – Dəfnə coşmağa başladı.
– Biz neyləmişik? Bu, lap dəlidir ki?! – Səda dedi.
– Afşin hamısını danışıb mənə. Peçenye də onun payına düşənlərdəndir. Özü yerini deyib, götürmüşük.
Sabahla Səda inkar etməyin mənası olmadığını başa düşüb susdular.
– İndi sizə birinci və axırıncı dəfə deyirəm. Əgər bu işin böyüməyini istəmirsinizsə, susun və Nildən uzaq durum! Yox, əgər aləmə car çəksəniz, hər şeyi açıb tökərəm. Əmin olun ki, Afşin də mənim sözümü deyəcək! – Dəfnə qətiyyətlə dedi. – Və bir də, birinizin Nilə barmağının ucuyla da olsa toxunduğunu görsəm, o barmağı daşıyan əli kökündən kəsərəm! – deyə əlavə elədi.
– Gəl, gedək, yataq, bala! Bu, dəli olub. – Sabah müəllimə söhbəti tez bağlamaq istəyirdi. İkisi də öz yerlərinə qayıtdılar.
Duman Dəfnə ilə Nilin yaxşı olduğuna əmin olandan sonra çıxıb getdi. Ərzaqla bağlı Dəfnəyə heç bir sual vermədi. Dəfnə Nili bərk-bərk bağrına basıb qucaqladı. O da söhbətin bağlanmasına sevinirdi. Doğrudur, tezliklə buradan çıxacaqlarına ürəyində ümid közərtisi vardı, amma ehtiyatı əldən buraxmaq da istəmirdi. Bilirdi ki, işin üstü açılsa, onu da Afşin, Sabah və Sədaya ortaq kimi qəbul edəcəklər Amma onu bilmirdi ki, Xürrəm gecə boyu bütün baş verənləri qapıların arxasından dinləmişdi…
(Ardı var)