Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
15
Sığınacaqdan öncə
Həyatın üst-üstə vurduğu zərbələr Arzunu şil-küt etmişdi. Böyük ümidlərlə qədəm qoyduğu gənclik illəri arzularını puça çıxarmışdı. Atası müflisləşmişdi və ətrafındakı insanların qəfildən dəyişən simalarını görməyə dözə bilməyərək intihara üz tutmuşdu. Arzu indi atasından da çox keçmiş dəbdəbəli günləri, bahalı geyimləri üçün darıxırdı.
Həyatı doya-doya, özünün dediyi kimi “adam kimi” yaşamaq üçün çıxış yolu axtardığı bir vaxtda Elnarla tanış oldu. Tezliklə Elnar həyat yoldaşından ayrılaraq Arzu ilə evləndi. Elnarla münasibətləri qaydasında olsa da, Arzu onun qızı Nil ilə heç cür dil tapa bilmirdi. Qızcığaz atası ilə anasının ayrılığına səbəbkar olan Arzunun bütün yaxınlıq cəhdlərini inadla rəd edirdi. Bütün bunlara rəğmən, Elnarın vəd etdiyi həyat uğruna Arzu Nilin şıltaqlıqlarına dözməyi qəti qərara almışdı.
Vaxt keçdikcə, terror hadisələrinin baş alıb getməsi çoxları kimi Elnarın da maddi durumuna ciddi təsir etməyə başladı. Nəhayət, o da Arzunun arzularını təmin edə bilməyəcək bir vəziyyətə gəlib çıxdı.
Və bütün bunlardan sonra Tanrı Arzuya yeni bir “başlanğıc” təklif edirdi. Görəsən Arzu bəndəsini bağışlamaq üçün can atan Tanrısının qanunlarına tabe olacaqdı, yoxsa öz günah kolleksiyasını daha da zənginləşdirəcəkdi?
***
“Lənətə gəlsin! Axı soyuducuda qarışqanın nə işi var?! Bacarmıram… Qarışqalara heç cür tab gətirə bilmirəm. Bütün evi əsir alıblar!” – deyə qışqırdı. Səsini Nilə eşitdirmək, hər məsələdə olduğu kimi bu dəfə də hirsini ona tökmək istəyirdi. Sonra onun evdə olmadığını xatırladı və sözlərinin davamını astadan, öz-özünə mızıldandı: “Bayırdakı qarışqalar evimi, daxilimdəkilər isə ruhumu zəhərləyib kirlədir. Təmizlənmək istəyirəm! Təmiz olmaq istəyirəm!!!”
Həyəcan və qorxu bütün varlığına hakim kəsilmişdi. Hazırlaşıb evi tərk etdi. Ayaqları gedir, cismi tələsir, zehni isə hələ də “qarışqalanır”dı. Bilmirdi. Nə istədiyindən əmin deyildi. Atmaq üzrə olduğu addım “özünütanrılaşdırma” deyildimi? Tutalım ki, eləydi, bundan narazı idimi? Həyat və ölüm haqqında hökm verməyə qadir olan mütləq hakimin tutduğu status adamı o qədər şirnikləndirirdi ki…
Bir tərəfdən vicdanını şillə-yumruqla susdurmağa çalışır, digər tərəfdən də mümkün bəhanələri öz üzərinə güllə kimi yağdırırdı: Sabah nə olacağını kim bilir ki? Hələ çox gəncdir. Ona görə də böyük ehtimalla sonradan peşman olacağı bir öhdəlik götürmək istəmirdi. İş yerində ciddi ixtisarlar gedirdi və günlərin bir günü o da hədəf ola bilərdi. Maddi sıxıntılar, pozulmağa üz tutan planlar, itirilən xəyallar… “Axı mən də insanam! Mənim də yaşamağa haqqım var! Yox, qətiyyən vicdanım-filan sızıldamır. Haqlıyam. Düz yoldayam. Bu mənim həyatım, mənim seçimimdir! Həm də o, hələ balacadır axı. Az qala qarışqa boydadır…” – deyə düşünərək özünə təskinlik verirdi.
Gözləmə otağında əyləşib xəstəxana divarlarını bəzəyən müxtəlif rəsmlərə tamaşa edərək fikrə daldı. Görəsən, bu rəsmlərdən ətrafa saçılan rənglərin istiliyi bura gələn dərdli, bədbin insanların ovqatına təsir edə bilirdimi? Çoxlarından fərqli olaraq, rəsmlər Arzunu qıcıqlandırırdı. Ağ və qara üzərində qurulmuş bu həyata rəngli libaslar geyindirib onu maskalamağa çalışanları heç cür anlamırdı. “Hələ bir bu rəsmə bax: balaca uşaq, ata, ana, rəngbərəng ev… Sanki xoşbəxt olmağın yeganə yolu ailə, uşaq sahibi olmaqdır. Ətrafdakı cütlükləri, uşaqları təsvir edən rəsmlərin hər biri ailəsi olmayanlara “cəmiyyətin tör-töküntüsü”, uşağı olmayanlara “yazıq, bədbəxt” damğası vurur. Axı bu rəsmlər insanın ovqatına necə müsbət təsir edə bilər? İnsanlar xoşbəxtliyi niyə bu qədər qəlibləşdirirlər? Məgər xoşbəxt olmaq üçün mütləq şəkildə onların çərçivələrinəmi sığmalıyam?!”
Növbə ona gəlib çatanda qəfil bir titrəmə hiss etdi. Əl-ayağı əsməyə başladı. Qorxurdu. Bəlkə fikrindən daşınsın? Yox, qətiyyən! Sadəcə bir az qorxur… Nəhayət, tibb bacısı ilə birlikdə məlum qapıya gəlib çatdı. İçəridən çıxan qəribə əhvallı insanlara, müsbət auralı tibb bacılarına nəzər yetirdi. Bir anlıq qapıdan girib-girməmək barəsində tərəddüd etdi. Bilirdi ki, girəndən sonra geriyə dönüş olmayacaq. Tibb bacısı Arzunun tərəddüdünə əhəmiyyət vermədən qapını açdı və içəri girdilər. Qapı onların arxasınca bağlandı.
Bəyaz divarlı, hər tərəfi təmiz, steril olan otaq bir anlıq Arzunun gözündə məzarlığa çevrildi. Üzərində ad yazılmayan məzarların ard-arda sıralandığı, unudulmağa, itib-batmağa üz tutmuş “heç kimə lazım olmayanlar”ın kədərli məzarlığı gözünün qarşısında canlandı. Qəfildən ürəyi sıxıldı. “Iııı… Bəlkə… qa…yıdım? Ətraflı düşünüb daşınmağa fürsətim olmadı. Elə öyrənəndən bir neçə gün sonra üz tutdum xəstəxanaya. Hə… Bəlkə nə qədər ki, hələ gec deyil, qayıdım? “O”na bir şans verim? Axı bu gün “o”nun tanrısı mənəm. Bəlkə qəddar yox, mərhəmətli tanrı olum?”
“Xanım, gəlin, uzanın” – tibb bacısının səsi Arzunu məzarlıqdan xəstəxana otağına qaytardı.
“Tez qərar verməliyəm! Gedim, ya qalım? Hmm… Elə ən doğru qərarı vermişəm. Axı mümkün deyil. Bəlli olmayan aqibətim, kasıbçılığım, qorxularım, narahatlıqlarım tək mənim yox, həyatımda olan insanların da gününü qara edir. Heç kəsi öz dərdlərimə ortaq etməyə haqqım yoxdur!”
Qərarlı şəkildə o sevimsiz kresloda uzandı. Tavandakı fluoressan işıqlara gözlərini zilləyərək həkimi gözləməyə başladı. Artıq düşünmək lazım deyildi. Qərar verilmişdi. Uşaq deyildi ki. Yetkin bir insan idi. Bu qərarı özü vermişdi və bütün məsuliyyətini də öhdəsinə götürürdü. “Amma… Bəlkə də bütün həyatım müsbətə doğru dəyişə bilərdi… Əgər şans versəm… Mənim də həyatımda bir işığa, uğura ehtiyacım var. Bəlkə səhv edirəm? Görəsən “o”, məni qınayacaqmı? Gülməli olma! Onun indi qarışqadan bir fərqi yoxdur!”
Elə bu vaxt həkim içəri daxil oldu. Hazır olub-olmadığını soruşdu. Arzu başını yelləyərək hazır olduğunu bildirdi. Həyəcandan nitqi qurumuşdu. Başqa bir qadın Arzunun qolunu çirmələyib bir azdan vuracağı iynəni hazırlamağa başladı. Ürəyinin döyüntüləri az qalırdı qulağını deşsin. Elə bu vaxt dirsəyində zəif bir qıdıqlanma hiss etdi və cəld qoluna baxdı: qarışqalar! Özü də bir-iki dənə yox, onlarla qarışqa qolundan üzüyuxarı qalxaraq bədəninə doluşurdu. Ən çox nifrət etdiyi varlıqlar onu burada da rahat buraxmamışdılar. Qollarına şillələr vuraraq qarışqaları itələməyə çalışdı. Həkim qolundan yapışıb onu saxladı. “Aman Allah! Bunlar hardan gəldilər? Yox, buraxın məni! Getmək istəyirəm!” – deyə zehnindən keçirsə də, heç cür fikrindəkiləri nitqinə gətirə bilmədi.
“Xanım, hər şey qaydasındadır? Fikrinizi dəyişməmisiniz ki?” – həkim soruşdu. Arzu başını yelləyərək narahat olduğunu göstərmək istədi. Fikrini dəyişdirdiyini deməyə çalışdı. “Hə… Bu qarışqalar uğursuzluğa işarədir. Səhv yoldayam. Fikrimdən daşınmışam. Ona şans vermək istəyirəm!” Lakin nə qədər istəsə də, ağzından bircə kəlmə də çıxarda bilmədi ki, bilmədi…
İynənin qoluna nə vaxt sancıldığını özü də anlamadı. Bircə onu bildi ki, oyananda üstündə bircə dənə də olsun qarışqa yox idi. Daxilində gizildəyən iztirabla və keyimiş bir vücudla tibb bacısının qoluna girib qapıya tərəf irəlilədi. Heç nə hiss etmirdi. Sanki o əcaib aparat ruhunu da bədənindən sorub çıxarmışdı. Geriyə çevrilib baxdı. Yenə o ucsuz-bucaqsız, atılmışlar məzarlığı gəlib durdu Arzunun gözləri qarşısında… Üstəlik, orada artıq ondan da bir parça var. Qapının dəstəyindən yapışıb bayıra çıxdı. Tibb bacısı içəriyə qayıtdı. Arzu isə iki nəfər kimi gəldiyi otağı tək-tənha tərk etdi…
(Ardı var)