Ülkər İLQAR
Qarlı bir qış günü dünyaya gəlmişəm. Yarımçıq ayda və yarımçıq – yeddiaylıq ikən. Əslində bəlkə də bu bir işarət idi ki, mən yarımçıq ailədə böyüyəcəm…
Xəbərim var mən dünyaya gələndə nə qədər sevindiyindən, qarlı bir qış günü xəstəxananın həyətində o yan-bu yana həyəcanla gəzişib doğum saatımı gözləməyindən… Xaraktercə ağır, zəhmli olmağına baxmayaraq, uşaq tək atılıb-düşməyindən, kəndə gedib böyük nənəmgilə muştuluq verməyindən.
Bunları sonradan eşitdim. Məni çox istəyirmişsən demək. Bəs niyə məni atıb getdin? – bunu anlaya bilmirəm!
Gedişin qəlbimə ox kimi batdı və hər an təzələnib incitdi məni. Açdığı yara isə, ən azı, məzaradək sağalmayacaq.
***
Mən nə anamdan, nə övlad həsrəti çəkən nənə-babamdan, nə də bacı-qardaşdan danışacam. Yalnız özümdən… və atama demək istədiyim sözlərdən danışacam. Bəlkə də indi bu sözlər gec və gərəksizdi. Bilmirəm…
***
Ata, sən yanımda olsaydın əgər, atalı bir ailədə böyüyəcəkdim.
Səni çöldə-bayırda görənlər məndən atalı adam kimi bəhs edəcəkdilər. Sadə və rahatdır demək. Atam var, ancaq yanımda deyil. İllər boyu bir ümidlə yaşadım, atam gələcək, onu görəcəm. “Atam var, yanımdadır” deyə biləcəm. İstədiklərim böyük deyildi, çox kiçikdi. Səni istəyirdim…
Yanımda olmanı, məni dinləməni, dərslərimdəki uğurları, uğursuzluqları səninlə bölüşmək istəmişdim. Bir kimsə xətrimə dəyəndə qaçıb qoynuna atılıb ərköyüncəsinə ağlamaq istəmişəm. Bütün bunlar baş verərkən sən yox idin həyatımda, uzaqlarda idin. Eybi yox, “gələr” deyə bir ümidlə gözləyirdim. Səni gözləmək – canımın ən ağrılı yeri idi.
Atadan danışılanda kənar gəzirdim yoldaşlarımdan. Xəyal qurardım ki, mən də nə vaxtsa atamdan ağız dolusu danışacam. Qoluna girib toya, bayrama gedəcəm. Olmadı…
Yenə də ümid etdim, heç vaxt ümidimi üzmədim. Bağça yaşlarımda, məktəbin ilk siniflərində bir o qədər də dərk etmirdim sənsizliyi. Böyüdükcə, həsrətin də böyüyürdü mənimlə.
Hərdən səninlə son görüşüm yadıma düşür… Nənəmgilə sənin yanına gəlmişdim. Yol boyu maşınla ən azı dörd dəfə önümü kəsib “papa gələcək” dedin. Və xəbərsiz idim ki, səni son dəfə görürəm…
***
Məktəb illərində ataya aid seirləri mən deyərdim, səhnələri canlandırardım, bəzən nəğmə də oxuyardım.
Niyə mən? – sualını isə düşünmürdüm. Bəlkə istedadım vardı, bəlkə də… bu mənim alnıma yazılmışdı. Atasızlıq.
Yadıma gətirə biləcəyim xatirələr o qədər azdır ki…
Bir dəfə lap balacaydım. Gəlmişdin. Səni cəmi iki dəfə görmüşəm və o görüşlərin hər anını şeir kimi əzbərləmişəm. İkinci gəlişində səndən qorxmuşdum. Yanına da gəlmədim. Bilmirəm, bəlkə xətrinə dəydi?.. Əgər dəymişdimsə, bağışla, ata!
Özümü dərk edəndən xəyalla yaşadım, səni içimdə yaşatdım. Gerçək olmasını istədiyim, hər kəsdən gizlədiyim xəyallar…
Bir gün yenə xəyal edirdim: isti yay günü, həyət gömgöy otluq, samovar, dəmlənmiş təzə çay. Atama çay süzürəm…
Xəyaldan ayrılanda ətrafımdakılardan küsürdüm. Bilmirdim kimi günahlandırım, sənsizliyin acısını kimdən çıxım.
“Ata” sözü get-gedə ürəyimin ağrısına çevrilirdi. Sən isə bundan xəbərsiz idin. Bəlkə də ara-sıra yadına salırdın məni. Mən burda sənlə idim xəyalən. Övladının olduğunu unutmusanmı yoxsa?! – bu sualı da vermək istərdim sənə.
Bəlkə də işləməkdən qabar olmuş əllərin bir daha başıma sığal çəkmədi. Görəsən, bir dəfə o əllərə baxıb düşündünmü, övladım yanımda olsa, saçına sığal çəkərdim?! Amma mən həmişə səni düşündüm. “Atam burda olsaydı, ayaqlarını suya qoyar, yuyar, qurulardım. Dən düşmüş saçlarını oxşardım”.
O qədər sərt insan olduğunu deyirlər ki, düşünürəm, bəlkə mənimlə mülayim olardın. Hətta gülüşünü belə görən olmayıb deyiləndə, “hə, o, mənim atamdır” demişəm. Ata, bilirsən, məni də gülən görən olmayıb…
***
Bir-birimizə o qədər bənzəyirik ki, mənə “atasının balası” deyirlər və mən fəxr edirəm. Gözüm, qaşım, yerişim bütünlüklə səninkinə bənzəyir.
***
İkicə rəsmin var əlimdə. O qədər azdır ki, xatirələrin! Amma mən sənin xatirələrini yaşatmağa, çoxaltmağa çalışıram.
Atalı evlərdə daim isıq parıldar. O isıq qaranlıq gecəni gündüz, tərs yolu düz eləyər!
Hər övlad üçün ata məğlubedilməz bir qəhrəmandır. Mənim də qəhrəmanım sənsən, ata! Qəhrəmanlar təkcə əfsanələrdə, nağıllarda olmur, atasız qızların ürəyində də olur!
Deyirlər güclüsən, idmançısan, dava-dalaşı xoşlayırsan. Məncə, bütün davalarda haqlı sənsən, ata!
Deyirlər dostluqda, yoldaşlıqda tayın-bərabərin yoxmuş.
Gözəl ata! Təkcə övlad sevgin əskikdir.
“Günlərin bir günü səni mütləq görəcəm” fikri ilə yaşamağa alışdım artıq.
İnsan necə də qəribədir, elə deyilmi, ata, hər şeyə öyrəşir. Yəqin sən də öyrəşmisən mənsizliyə.
Səni o qədər axtardım ki, ata! Hər getdiyim yerdə, hər baxdığım üzdə, hər eşitdiyim səsdə.
Əslində ən acı gələn, səsinin rəngini belə bilməməyimdir. Bəlkə eşitsəydim, hansısa bir səsə bənzədər, dinlərdim. Səni gözləməyimin zamanı yoxdur, ata! Hər an, hər dəqiqə, hər saat gözləyirəm səni.
Yol gedəndə öz-özümə danışıram, düşünürəm ki, indicə hardansa çıxacaqsan qarşıma, məni izləyirsənmiş kimi ətrafı gizlincə süzürəm.
Ata, hərəkətlərimə, oturuşuma-duruşuma o qədər fikir verdim ki, bəlkə də ev dustağı olan birisi belə edərdi. Sənə xoş olsun deyə, bəlkə maraqlanırsan deyə etdiyim hər hərəkəti çox ölçüb-biçdim. Nə atalılardan gördüm, nə atasızlardan eşitdim.
Hər kəsin özünə seçdiyi bir yol var. Həyat yolu. Və hərə bir cür yaşayır. Mən də bu yolu – sənsiz səninlə yaşamağı! – seçmişəm.
Öyrəşir deyirdim insan hər şeyə… Əvvəl çətinlik çəkdim, buna da öyrəşdim. Səni qəlbimdə yaşatdım, yanımda bildim. Elə çox gözlədim ki, gələrsən deyə… İndi, bu yaşımda da görsəm, qoynuna atılıb, “məni qucağında gəzdir” deyərəm.
***
Mən çox böyümüşəm, ata. Lap kiçik yaşlarımdan böyümüşəm. Gəlib məni görsəydin, sən də bunu hiss edərdin. Bilirsənmi, çox fikir vermişəm, şəkil çəkdirəndə həmişə boynum əyri düşür. Bunu dilə gətirib demək belə istəmirəm. Yetimliyin, sənsizliyin əlaməti idi bəlkə də. Ara-sıra insanların mənə xüsusi diqqətindən razı qalsam da, elə incidirdi ki, məni, bir bilsən!
Haqqımda bəzən “yetim” deyənlər də oldu. Halbuki mən yetim deyildim, sən var idin, haralardasa yaşayırdın. Dünyam sənli idi, ata. Uzaq idik bir-birimizə. Və qarşılıqsız sevgi idi məndəki.
“Nə edib sənə axı? Özünü, üzünü, sevgisini də səndən gizləyib” deyən çox oldu, ata.
İnan ki, onların dediklərini sadəcə kar olmadığım üçün eşidirdim. Əsla belə düşünmədim. Haqqında həmişə gözəl düşündüm. Gələcək, deyə özümə təsəlli verdim. Bəs gəldinmi? Görəsən, bir dəfə də olsun, məni uzaqdan izlədinmi?
***
Deyəsən, filmlərə çox baxıram, belə şeylər yalnız filmlərdə olur. Çox maraqlıdır nə etdiyin, kimlərlə danışıb-güldüyün. Nə yalan deyim, çox qısqancam, ata. Bu xasiyyətim də sənə bənzəyib. Səni elə qısqanıram ki, ətrafındakılara, hətta yaşadığın evi təsəvvür edib o evi də qısqanıram. Deyirəm ki, o evin divarları olsaydım, səni hər gün görərdim. Və ya qapının dəstəyi olsaydım, hər toxunuşunu saçıma çəkilən tumar sayardım. Masan olsam, səninlə dərdləşərdim. Paltar dolabın olsaydım, hər gün paltarının qoxusunu içimə çəkərdim. Nə yazıq ki, yanında əşya belə ola bilmək şansım da olmadı. Və bunu sən istəmədin. Yox, bağışla, kobudmu dedim? Qismət olmadı…
***
Əlimdən tutub gəzdirməyini arzulayanda artıq böyümüşdüm. Bilirsən, ata, bir müddət xəstə olmaq istədim ki, eşidib gələsən, əlimdən tutub məni yeridəsən.
Sağlam böyüdüm, ata, narahat olma. Bu qədər dərdin içində çox sağlam böyüdüm.
Çox ağlamışam. Ağlamağı sevmirəm, bir kəs görməsin deyə, həmişə gizləmişəm. Gecə islanmış yastığımı o üz-bu üz çevirməyimə kiçik otağım şahid idi. Sənin üçün ağlamışam, sonunda həmişə “gələcək” deyə, özümə təsəlli vermişəm.
Ata, bilirsən, bu gün məktəbi bitirirəm. Məktəb illərim sənsiz keçdi, gəlmədin. Yenə də ümid edirəm… Gələcəksən.
On bir illik məktəbi başa vurdum, o qədər inşalar yazdım ki, səndən. Avtobioqrafiyamı yazanda çox çətinlik çəkirdim, ata. Haqqında olan hissəsində. Birtəhər bu illəri bir-birimizi görmədən vurduq başa.
Sonrakı illərdə hər cəhətdən sənə daha çox ehtiyacım olacağını bilirdim. Daha çox ümid, daha çox gözləyirdim.
Universitetə ikinci il qəbul oldum. Eşitsəydin, kim bilir, nə qədər sevinəcəkdin!
Məktəbdə olduğu kimi, universitetdə də yoxluğun hər an qarşıma çıxdı, ancaq orda sənsizliyimi gizləmişdim. Kiçik kənd məktəbində, qohum-əqrəba, dost-tanış içində bunu edə bilməzdim, amma orda əlimə bir fürsət düşmüşdü: səni yoxdan var etmişdim! Hər gün acıq çıxırmış kimi səndən bəhs edirdim. Hər nə qədər etsəm də, bir yerdə ilişib qalırdım. Sorğu-suallar isə bəyaz yalanlarla cavablanırdı. Nə edim, ata, sayəndə yalançı da olmuşdum…
Səni günahkar bilmirəm, haşa. Əsla pis başa düşmə, bağışla. Bəlkə də mənim səhvimdir.
Universitetin 3-cü kursunda ailə həyatı qurdum. Ata, toyumda yoxluğunu daha dərindən anladım. Gülüşümdə, sevincimdə sənsizlik duyulurdu. Hər dəm yarımçıq, hər işim yarıda. Ata, başını daim dik tut, övladın heç vaxt sənin adına, sənin şanına ləkə gətirməyib. Fəxrlə danış məndən.
Ağızdan-ağıza dolaşan söhbətlərdə haqqında pis söz eşitməmişəm. “Mərd oğuldu” – deyirlər.
Sevgin isə bir əfsanə olub. Anamı çox istəmisən. Bəs məni niyə o qədər istəmədin? Bu sualım incidirmi səni? Bağışla, ata. Məni də incidir, ancaq cavab tapmaq istəyirəm. Kiçicik bir körpənin axı nəyə gücü çatar? Tərk ediləcək qədər nə günah işlədə bilər?
Günahım varsa, yenə də bağışla, bağışla, bağışla.
Elə maraqlıdır mənə, bilim, günlərin necə keçir? Başını nə ilə qatırsan, nə səni məşğul edir? Fikrimdə gəlirəm yanına, tuturuq əl-ələ, gəzirik bir yerdə ata-bala. Hamı bizə baxır…
Bir övladlıq borcumu ödəmək istədim sənə. Uzaqdan olsa da. Əslində bilirəm ata-ana haqqı ödənməz. Yenə də yaxşılıq etmək istədim. Universitet illərimdə televiziya proqramından axtardım səni, cavabında isə görüşümə gəlmək istəmədiyini bildirdilər. İlk dəfə səndən o an küsdüm, qırmışdın məni. Ancaq bir az sonra ötüb keçdi. Ata, mən kinli deyiləm. Burda yazdıqlarımdan bir az da olsa, məni tanı. Küskünlüyüm tez keçdi. Fikirləşdim ki, övladının atdığı bu ilk addım səndə övlad sevgisi oyadar.
Çox gözlədim, gəlmədin. Yenə tutduğun yolla getdin, uzaqlarda yaşamağı üstün bildin. Hər nə olursa olsun, həyatda olduğunu bilirdim, hiss edirdim. Eybi yox, uzaqda olsa da “canı sağdı, həyatdadır” deyirdim. Həyatdaydın. Həyatımdaydın. Dünyam sənli idi. Hər yanım səninlə dolu idi. Bəzən də dodaqaltı səninlə danışırdım, əslində öz-özümə danışdığımı hiss etdiyimdə, silkələnirdim. Yox, dəli ola bilməzdim, ağlım qaçmayıb. Ağlım yerində idi. Xəyalım səninləydi. Sənin yanında. Səni sənsiz yaşamaq çətin olsa da, gözəlliyi də vardı. Ancaq yenə də narahat idim, xəstələnsən, kim baxacaqdı sənə?
Bir dəfə də olsun, yanında başqa bir qadın və uşaq düşünmədim. Əmin idim, sənin necə təmiz insan olduğunu və sevgin uğrunda hər şeyi tərk etdiyini bilirdim. Necə ki, Məcnun ədəbiyyatımızda sevgi yolunda ağlını itirmiş bir dəli obrazıdır, sənin də sevgin əfsanə olub. Yenə də istəməyərəkdən dedim bu sözü, bağışla.
Sənin sevgindən belə danışırlar: anamı gözləməkdən başında qardan papaq olurmuş. Kaş o qarın dənəsi ola biləydim, ata. Ola bilmədim, heç nə ola bilmədim səninçün, ata.
Uşağa təzə oyuncaq alanda nə qədər sevinir, gözlərinin içi necə parıldayır… Bax, nə etdiyini bilsəm, indi mənim də gözlərim elə parıldayardı.
Off, ata, yorulmuşam. Üzr istəyirəm, “off”u sənə demədim, özümə deyirəm. Hər kəsdən, hər şeydən yorulub, tükənmişəm. İnsanların istehzalı baxışlarından, ürək qırmalarından, bilərəkdən və ya bilməzlikdən etdiyi hərəkətlərdən çox yorulmuşam. Sanki hər söz mənə deyilirmiş kimi, çox kövrək olmuşam. Özümü hər yerdə, hər işdən kənara çəkirəm. Nə doluyam, nə də boş.
Mən sənsiz bir heç olmuşam. Yerdəki qum dənəsi belə məndən daha dəyərlidir. Özümü həmişə yarım, faydasız, lazımsız bilmişəm.
Bir gerçək var: mən məhv olmuşam, yaşayan bir ölü tək. Quru bədəndə ölü ruh daşıyırmışam. Bilmirəm ömrümün hansı çağındayam, indiyədək mən yarım olmuşam; hər işdə, hər sözdə. Bircə yanıma gəlişin yetərdi, bütün həyatım yenilənər, yenidən doğulmuş kimi olardım.
Hər şeyə yenidən başlayardım. Ata, sənə bir söz deyim… Mən ana olmuşam, sən də babasan artıq. İki oğul nəvən var. Ancaq heç birinə adını verməmişəm, bağışla. Qorxdum, ata. Dedilər uşağa kimin adı qoyulubsa ona bənzər, qorxdum sənə bənzəyər, onlar da məni atıb gedər.
Görünüşcə sənə bənzədənlər çoxdur. Onları bağrıma basıram, sanki sənin heyfini çıxırmış kimi, təkrar-təkrar qucaqlayıram.
Ata, artıq böyümüşəm, sözlərim böyük gəlməsin sənə.
Həyatda qarşılaşdığım ən çətin sual bilirsən nə olub? Böyük oğlumun “Bəs sənin atan hanı?” sualı.
Ata, övladım olandan sonra anladım ki, ən gözəl sevgi, ən dərin məhəbbət övlada duyulurmuş. Onları böyüdərkən keçirdiyim həyəcan, atdıqları hər addıma etdiyim diqqət daha güclüdür. Və mən özümü güclü hiss edirəm, onları qorumaq üçün hər an yanlarında olub, qarış-qarış böyümələrini görürəm. Şükürlər olsun, ata, nə gözəl hiss imiş bunları yaşamaq!
Ata, sən mənim dediyim ilk sözün ləzzətini yaşamamısan…
Ata, qəlbin daşmı bağlamışdı? Qəlbinə dəyirəm, bağışla. Görürsən? – yol gözləməkdən səbirsiz olmuşam.
***
Başıma gələn bir hadisəni danışacam sənə, ata. Təbiəti çox sevirəm, hələ yaz, yay aylarında bir başqa cür! Otların cücərməsi, ağacların gəlin kimi çiçəkdən tac qoyması, al-əlvan hər tərəf, quşların səsi, cik-cik ötməsi ruhumu dincəldir. Günəşli bir yay günü idi. Bilirsən, dağlıqdır biz tərəflər. İstirahətə getmişdik. Dağın döşü, yoxuşlu, dar yollar, sıx ağaclar sanki udacaqmış kimi gəlirdi. Çox sevinmişdim, əlimdə aparat durmadan hər tərəfi çəkirdim. Hava elə xoş idi ki! Suyun sərinliyindən bulaq qırov bağlamışdı. Bir az qabaqda hovuzda uşaqlar çimirdi, onların gülüş səsi bürümüşdü hər yanı. Ata, sevinclə doluydum. İlk dəfə olmasa da, həmin gün bir başqa idi. Buna görə səninlə həmin günümü yazıb bölüşürəm. Hərdən gözüm səni axtarırdı, birdən təsadüf olar, qarşılaşarıq. “Atam yanımda olsaydı” fikri keçirdi xəyalımdan. Bir qədər dincəldik, yemək yedik. Hovuz başında uşaqların əyləncəsinə tamaşa etdik. Hər şey gözəl idi, telefon zəng çalana qədər… Bu zəng hər şeyin sonu idi, bütün həsrətimin, xəyallarımın, ümidlərimin, 30 il atasızkən fikrimdə atalı keçən illərimin… Sonu gəlmişdi hər şeyin, dünyanın.
Səndən soraq gəlmişdi!
Bir anda dağlar üstümə yeridi. Qaçmaq istəyirdim. Hayqırıb ağlamaq istəyirdim, bacarmadım. İçin-için ağladım. Bu qədər illər sənsizkən, sənin xəyalınla yaşamışdım. Artıq xəyallarımın sonu gəlmişdi.
Sən də təbiəti sevirsənmiş. Dağları, dərələri, çayları, çəmənləri. Bəlkə də yalnızlığından tez-tez elə yerlərə gedirmişsən.
Sən…, ah, nə qədər çətindir bunu dilə gətirmək, azğın çayın sularında boğulmuşdun…
Kim bilir necə çabalamışdın sularda?! Nə düşünürdün görəsən o anda? Ömrünün son anlarında ağlına gəldimi övladının olduğu? Gözündən keçdimi mənsiz keçən illərin?
Bir az da böyüdüm, ata. Yoxluğunu bilən andan yaş gəldi yaşımın üstünə.
Cənazəni gözləmək düz bir həftə çəkdi. Bu bir həftə keçmək bilmirdi. Səni gözləyirdim, həsrətlə, sanki sağ gəlirsən. Bilmirdim gülüm, ya ağlayım. Bilirsənmi, ata, yenə səni görməyəcəkdim. Məni ayaqda tutan xəyallarımın yıxılması mənə çox ağır gəlirdi.
Cənazən gələndə önünə atılıb səni bərk-bərk qucaqlamaq istədim. Bunu da bacarmadım.
Ata, artıq yanımdaydın, önümdəydin, ağ kəfənə bürünmüş bir tabutun içində uyuyurdun. Qışqırıb ağladım… çox ağladım… Səni incitdimsə, yenə bağışla.
Özümə təsəlli verirdim ki, məzarını ziyarət edə biləcəkdim. Gəlib dərdimi sənə üz-üzə danışacaqdım.
Dalğalı dənizdə bir qayıq kimi o yan-bu yana çırpına-çırpına yaşamaqdan yorulmuşdum.
***
Ata, rahat uyu, ruhun şad, yerin cənnət olsun. İndi səndən qalan üç köynək, bir şalvar, iki cüt geyilməmiş corab, bir cüt ayaqqabı… Sənin qoxunu ala bilirəm.