Eşq və xəyanət (8)
- 12 Dekabr 2017
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Povestin əvvəli: 1 2 3 4 5 6 7
Aynur MƏSİMOVA (TƏMKİN)
Aylar illəri əvəz edir, zaman sürətlə ötüb-keçir, Lalə böyüyür, şirin-şirin danışırdı. Qarışıq ləhcəsiylə, şirin danışığı ilə hər kəsi sanki ovsunlayır, onların qəlbini çalırdı. O, böyüdükcə Məşədi Əliabbas tayfasının çarxı tərsinə dönməyə başlamışdı. SSRİ-nin süqutundan sonra mənimsədikləri torpaqlar, qanunsuz zəbt etdikləri obyektlər indi geri alınırdı. Onlar hər vasitəylə buna mane olmaq istəyir, bunun üçün özlərini ora-bura vurur, dövlətə qarşı çıxır, hegemonluqlarının sona yetməsini həzm edə bilmirdilər. Amma kiçik Məşədi Əliabbas oğlunu tutub dustaq etdikdən sonra geriləmişdilər.
Araz Pənahla bu işi həll etmək üçün çox böyük əminliklə qaynına üz tutmuş, lakin həmişə köməyinə çatan Pənahın bu dəfə sərt münasibətiylə rastlaşmışdı:
– Bura bax, Araz. Bu qədər özbaşınalıq yetmədimi? Sənə mən deməmiş olsaydım, başqa. Amma siz bu işə başlayanda bunun sonu olmayacağını demişdim. Hələ onu da demişdim ki, bunları sizdən gec-tez alacaqlar. Mən dedim, amma siz dinləmədiniz. Öz qanunlarınızı həyata keçirdiniz. Bulaqdan gələn suyu da pula satdınız. Quru torpağa oturandan da pul aldınız. İyirmi il kef çəkdiniz, pula pul demədiniz. Daha bəs deyil? Təbii ki, mən istəməzdim bacımın isti aşına soyuq su qatılsın. Amma nəticədə dövlətin malı dövlətə qayıtmalıdır. Bağışla məni, yeznə, amma mən burada gücsüzəm. Sənə kömək edə bilməyəcəyəm…
Araz qapını var gücüylə çırpıb çıxdı. O, qaynından bunu gözləmir, izzət-nəfsinin yaralandığını düşünürdü.
Kişi əsəbi hərəkətlə otağın qapısını zərblə açıb oğlunun qarşısında durdu. Əlini masaya çırpıb qəzəblə oğluna baxdı:
– Çörəyimi sənə halal etmərəm əgər bu işi təhvil verməsən. Daha nə sənin Pənah adlı dayın var, nə də belə işin. Artıq bu gün işi təhvil verib mənimlə rayona qayıdırsan. Mənimlə çalışsan sənə də, mənə də bəsdir.
Rauf çaşqınlıq içində bilmirdi neyləsin. Oğlan atasını yaxşı tanıyırdı. Əgər indi atasına qarşı çıxmış olsa, Araz onu birdəfəlik həyatından siləcək, hətta övladlıqdan çıxaracaqdı. Rauf illərlə ona əziyyət çəkib təhsil verən, ev-eşik yaradan atasının sözünün üstünə söz qoymağı özünə qəbahət bildi. İndi yaşadığı gözəl həyatı da, bahalı avtomobili də, aldığı savadı da tək atasına borcluydu. Tələbələrin pulu pula caladığı bir vaxtda o heç vaxt pulsuzluqdan əziyyət çəkməmişdi. Gənc tələbələr günlərlə kirayə ev gəzəndə, o küçə sənin, bu küçə mənim, topuqlarına qara su enənə qədər hər yanı ələk-vələk edəndə atası ona şəhərin mərkəzində dördotaqlı ev almışdı. Tələbə yoldaşları dayanacaqda istidə-soyuqda avtobus güdəndə, ayaqlarının birini qoyub o birini götürəndə o, yağdan çıxmış avtomobildə gəzmişdi. Yaxşı, onun üçün hər şeyin yaxşısını yaradan bir ataya necə desin ki, mən sən istədiyin kimi yaşaya bilmərəm. Sənə görə dayımdan vaz keçə bilmərəm. Yox, min kərə yox. Əgər atası belə məsləhət vermişdisə, o, mütləq buna əməl edəcəkdi.
Şahanə quruyub qalmışdı. Bu qəfil rayona dönmə məsələsi onu bərk məyus etmişdi. İllərlə alışdığı qonşulardan, rahatlıqdan, dostlarından, əsas da Narginlə Gülzardan ayrılmaq ona çox ağır gəlirdi. O da bəlli idi ki, qaynanasıyla bir evdə yaşamağa alışması çətin olacaqdı. Gənc qadın Gülpərinin onu sevmədiyini yaxşı bilirdi.
Qız Raufa dönməmək üçün yalvarsa da, onu fikrindən döndərə bilmirdi. Rauf geriyə, yenidən rayona dönmək üçün bütün hazırlıqları başa çatdırmışdı.
Vida zamanı yetişmişdi. Şahanə göz yaşları içində sonuncu dəfə sanki bir daha dönməyəcək kimi evinə göz dolusu baxıb qapını çəkdi. Narginlə uşaqları, qayınanasıyla yeni gəlin Sevda onu blokda gözləyirdilər. Qadınlar bir-bir Laləni, Şahanəni qucaqlayıb bağırlarına basdılar. Hər birinin içi qan ağlayır, Şahanənin qəfil gedişinə üzülürdülər.
Şahanə maşının şüşəsindən şəhəri süzür, ərinə hiss etdirmədən ağlayırdı. Kiçik Lalə totuq əlləriylə gah anasının üzünü tutur, gah da öz üzünü anasının sinəsinə söykəyir, altdan-altdan onu süzürdü. Uşaq balaca canıyla anasının üzüntüsünü hiss edib sakit-sakit otururdu. Gecədən xeyli keçmiş evə çatan gənc ailə yorğunluqdan heç çörək yemədən otağa çəkildi. Şahanə maşında yuxuya gedən Laləni ayıldıb yemək yedirtmək istəsə də uşaq daha da dərin yatır, gözlərini açmırdı. Şahanə yuxulu körpənin paltarını dəyişib yatağına qoydu. Əl-üzünü yumaq üçün vanna otağına keçərkən qayınanasınnı onun qarasına deyindiyini eşidib pərt oldu. Qadın ərinə:
– Mən bilirəm bu qudurmuşa neyləyəcəm, – deyirdi. – Dörd il kef elədiyi bəsdir. İndi necə lazımdırsa o, gəlinliyini edəcək, mən də qayınanalığımı. Daha xanımlıq dövrü bitdi. Üz-gözündən zəhrimar yağır köpək oğlunun qızının. Elə bil göbəyi Bakıda kəsilib, ciyisi Nihal buna ev alıb verib…
Şahanə quruyub qalmışdı. Gəlişinin ilk günündən qayınanası söz-söhbətə başlamışdı. Şahanə onun özü və ailəsi üçün çətin günlərin başladığını anlamışdı.
Gecə narahat yatan Şahanə səhər erkəndən durub, yır-yığış edib, çay qoydu. Səhər yeməyi üçün süfrəni düzəltdi. Raufla Lalə bərk yatırdılar. Qayınatasıgil hələ oyanmamışdı. Şahanə evdəki işləri bitirib həyətə endi. Sementi yuyub, torpağı süpürdü. Həyətdəki gülləri üzüb güldana qoydu. Səhərin təmiz havasını ciyərlərinə çəkdi. Sanki bütün yorğunluğu, ağrı-acısı keçib getdi. Əhval-ruhiyyəsi, nəşəsi yerinə gəldi. Öz-özünə gülümsəyərək gümrahlıqla evə qalxdı. Taxtın ucunda oturaraq ərini, qızını göz dolusu süzdü. Öz-özünə gülümsədi:
– Niyə üzülürəm ki. Ora da evimizdir, bura da. Məgər mən burda doğulub, burada böyüməmişəm? Ən əsas da ata-anamı istədiyim qədər görə biləcəm. İnşallah, hər şey yaxşı olacaq. Yetər ki, Rauf da, qızım da sağ-salamat olsunlar.
Saat 10-da kövşəyə-kövşəyə yerindən qalxan Gülpəri ev-eşiyi təmiz, süfrəni düzəldilmiş görüb çaşdı. Deyinməyə bir şey tapa bilmədiyi üçün bərk dilxor oldu. Gülpəridən bir qədər sonra duran Araz da hər şeyi qaydasında görüb duruxdu:
– Bu gəlin nə zaman yatdı, nə zaman durdu? Evi də təmizləyib, həyəti də. Maşallah, gəlin, 1:0 sənin xeyrinə.
Gözucu arvadına baxdı. Gülpəri qaşlarını dartıb oturmuşdu. Araz dodaqaltı qımışdı:
– Hmm. Gəlin elə ilk gündən arvada od qoyub. Allah xeyir eləsin. Dəli köpək qızının dəlisi tutub yenə, – deyə ürəyində arvadını söydü.
Lalə üst-başı tər-təmiz, saçlarında qırmızı qotazlar o tərəf-bu tərəfə qaçaraq gülürdü. Geniş aynabənd qızcığazın çox xoşuna gəlmişdi.
Ailə süfrə başında oturmuşdu ki, Araz qızını görməyib yan otağa baxdı. Arzu gecə yarısınadək telefonla qurdalanıb səhərə yaxın bərk yatmışdı. Odur ki, hamıyla süfrə arxasında oturmağa gəlməmişdi. Bu da Arazın bərk əsəblərinə toxundu. Üzünü qızı yatan otağa tutub qışqırdı:
– Arzu… – Qızın səsinin çıxmadığını görüb üzünü arvadına çevirdi, nəsə işarə etdi.
Gülpəri donquldana-donquldana qızı olan otağa keçdi. Az keçmiş hər ikisi qapıda göründü. Gülpəri bərk əsəbləşmişdi. Kişinin qarasına deyinir, gəlinin yanında qızının yataqdan qaldırılmasına donquldanırdı:
– Mütləq gərək bu ləçərin yanında öz doğma qızını durğuzaydı bu kişi? Nə var, nə var, xanımça tezdən durub, iş görüb. Etməlidir də. Hələ dayan. Ona bu evin küncünü-bucağını təmizlədim, onda görəcəyik bayaqkı kimi özünə fikir verib, bəzənib-düzənməyə vaxtı olacaq, ya yox. Görək mənim bu saf oğlum onun ilan üzünü nə vaxt görəcək. Gen dünyadan qız tapdı. Hə, müəllim qızıymış. Böyük zibilin qızıdır. Bütün nəslin oğlanları kiminlə evləndi, mənimki kimi tapdı. Acın, lütün birini. Ziyalıymış. Savadına nə deyim. Sən dayan hələ, ay tülkü. Sənin iç üzünü açan günüm də olacaq. Mənim oğluma çox güvənirsən. Güvən, nə qədər imkan var. Heç demə ki, Məşədi Əliabbas tayfasına bel bağlamaq ağılsızlıqdır.
Həyətə enən Arazın çığırtısına fikirdən ayılan qadın tələsik özünü eyvana çatdırdı. Araz həyətin ortasında durub ayaqqabılarına baxırdı:
– Az, sənə deməmişəm ki, mənim ayaqqablarımı kremlə qoy? Adamsan, insansan, bir sözü sənə neçə dəfə deyim ki, mən.
Gülpərinin yonulmuş tüksüz qaşları düyünləndi. Əllərini belinə qoyub ərinə baxdı:
– Daha məndən bitdi bu iş. Budur ha, gəlinin. Bəh-bəhlə, əhdi-peymanla sürahi kimi gəlin almısan. De, kremləsin. – Üzünü Şahanəyə tutb qızı əda ilə süzdü, amiranə şəkildə: – Bu gündən gec olmayaraq hər səhər qayınatanın ayaqqabısını kremləyib hazır qoyarsan, – deyib qıza əmr verdi.
Şahanə bərk tutuldu. Qadının onunla bu cür danışmağı qəlbinə toxundu. Ayaqqabı silməkdə ayıb bir şey görmürdü. Amma sözün o cür söylənilməsi, Arzu ola-ola ona buyrulması ona təsir etmişdi. Buna baxmayaraq həyətə enib ayaqqabıları götürüb təmizlədi, pilləkənə qoydu. İlk gündən evdə söz-söhbət istəməyərək hirsini içinə verdi.
Bulaşıqları yuyub əllərini dəsmala silə-silə eyvana çıxan Şahanəni görən qadın bir səbət paltarı gətirib onun qənşərinə qoydu. Əmrlə “Bunları ütüləyərsən” deyib, keçib divanda əyləşdi. Pultu götürüb düyməni basdı. Gülpəri musiqinin təsiri altında məsti-xumar olur, Arzu kompyuterdə oyun oynayır, Şahanə isə qayınatasının, qayınanasının tumanlarını ütüləyirdi.
Günorta Rauf Şahanəylə Laləni qayınatasının evinə gətirdi. Nihal qızının gəlişinə gözəl süfrə açmışdı. Hamı deyə-gülə süfrə arxasında oturub danışıb-güldü. Yemək bitdikdən sonra Rauf sağollaşıb çıxdı. Ana-bala üz-üzə oturmuşdular. Səbinə Laləni götürüb o biri otağa keçmişdi. Ara-sıra ikisinin də gülüşü eşidilirdi. Nihal Şahanənin üzgün olduğunu hiss edir, qızın dodaqlarının səyridiyini görür, içi əsirdi.
– Mənə bax, Şahanə. Maman sənə qurban. Bax, məni düşün. Sonra nə edəcəksənsə et. Nə deyəcəksənsə de. İşə-gücə görə danışmayasan. Hər xırda şeyi söz eləmək lazım deyil. Evin gəlini kimi iş də görməlisən, gələn qonağa qulluq da etməlisən. Ütüləyəcəksən də, bişirəcəksən də. Evinə söz-söhbət salma. Əsas can sağlığı olsun.
(Ardı var)