Kamal ABDULLA
Uzun zamandı bir-birimizdən xəbərimiz yox idi. Ali məktəbdə bir yerdə oxumuşduq. Təmasımız ya sürəkli, ya da adda-budda olurdu.
İki-üç ay əvvəl küçədə onu qəfildən görəndə xeyli dəyişmişdi. Az qala ağlamsınaraq mənə ürəyini açıb tökdü ki, daha gözlərimlə bacara bilmirəm, eynəyimin şüşələri +10-a çatıb, bununla belə yenə də çox şeyi görmürəm, hara baxıram, hər şey qarışır bir-birinə, mənə elə gəlir ki, mən gördüyüm o andaca nə cür olursa, dəyişir, əvvəlki halından çıxır, itir, yox olur. Bir sözlə, aləm qarışıb bir-birinə. Sabah yox, o biri gün əməliyyata gedəcəyəm. “Yastığın yüngül olsun” deyib üzümə qəmli ifadə verdim.
Bir yas məclisində təsadüfən üzbəüz oturduq. Darıxan adamlar kimi elə hey ətrafına boylanır, kimisə axtarırdı. Mənə etinasız-etinasız baxır, elə bil, məni tanımırdı. Əvvəlcə nə cür reaksiya verəcəyimi bilmədim.
Mən özüm də eynəksiz olduğu üçün birdən-birə onu tanımamışdım. Çünki tanıdığım gündən bu günəcən tələbəlik dostumu harda görmüşdümsə, gözü eynəkli görmüşdüm və mənə həmişə elə gəlmişdi ki, eynək çoxdandan bəri onun təbii bir əzasına çevrilib. Qonşu stolda kiməsə gülümsədi, ondan tanıdım. Dişlərini ağardıb bu cür yalandan gülümsəməyi ancaq o bacarırdı.
– Hər şey normaldı? – Məhrəm adamlar kimi soruşdum. – Əməliyyat necə keçdi? Bağışla, yanına gələ bilmədim.
– Normaldı. – Üzünün ifadəsindən gördüm ki, avtomatik olaraq saymazyana cavab vermək istəyir. Amma elə ki, səsimi, intonasiyamı eşitdi, gözlərini – rəngsiz gözlərini (sən demə, rəngsiz də göz olurmuş) həzin bir maraqla yavaş-yavaş ətrafdan yığıb üzümə dikdi, maddım-maddım baxdıqca baxdı, elə bil, nəyisə xatırlamaq istədi. Əlbəttə ki, xatırlayıb rahat köks ötürdü. – Baxıram, eynəksizsən daha, maşallah. Əməliyyatdan sonra adam tanımırsan?! Xeyirdimi?
Maraq və hətta həsrətlə baxışlarını pilləkən kimi üzümə dirəyib duranda isə daha dözmədim, bu dəfə bilə-bilə kobud olmağa çalışdım:
– Deyəsən, artıq bu bədbaxt dünyamız sənin sağalmış gözlərinə başqa cür görünür?! Mənəm, mən. Otuz illik can bir, tən ayrı qardaşın. Yəqin adımı da unutmusan. Düz eləmisən. Vecinə də alma. Sən nə birincisən, nə də sonuncu. Yəni, adam unudanlar sırasında…
O, mənim səsimi musiqi nömrəsi ifa edən çalğıçılar bundan əvvəl musiqi alətlərini yoxlayıb nəvaziş və diqqətlə dinlədikləri kimi dinləyirdi.
– Vay, vay, vay… – Əvvəlcə vaysılandı, sonra səsinə təəccüb dolu bir ahəng verdi. – Doğrudan, bu sənsən?! Sənsən. Səsini eşidəndən sonra tanıdım. İnanmazsan, mən elə indicə ora-bura baxıb səni axtarırdım, bilirdim, hökmən burda olmalısan. Amma… sən özün də, elə bil, xeyli dəyişmisən. – Zənlə gözlərini üzümə dikdi.
Məni birdən belə bir fikir sarsıtdı ki, üzümdə, gözümdə acgözlüklə gəzişən baxışları ilə o, başqa bir şey deyil, mənim özümü deyil, ancaq mənim səsimi axtarır.
Yas yerindən birlikdə çıxdıq. Yolda qoluma girib mənə dərdini danışmağa başladı.
Dostum gözündəki əməliyyatdan sonra artıq heç bir köhnə tanışını tanımırmış. Üzlər onun üçün başqa, tamam yeni üzlərə çevrilmişdi. Yollar, küçələr, binalar da həmçinin. Öz evlərinə gedən yolu da unutmuşdu, evlərini də, yaşadığı mənzili də. Bu hələ harasıdı, arvadını, uşaqlarını da əməliyyatdan sonra ancaq səsləri vasitəsilə bir-birindən seçirdi.
– Əvvəl-əvvəl bilmirdim, vəziyyətdən necə çıxacağam. Yaxşı ki, məni xəstəxanadan evə bizimkilər gətirdi. Yoxsa evi necə tapacaqdım, inanırsan, təsəvvür eləmirdim. Evdəkilər mənə eynən paravoz Anna Kareninaya baxan kimi baxırdılar. – Bu sözləri deyib şit-şit dişlərini ağartdı.
Bu, curluq etdiyimiz köhnə zamanlardan bu günəcən yeri gəldi-gəlmədi aramızda işlətdiyimiz nimdaş bir zarafat idi. Mən bu dəfə ona qoşula bilmədim, çünki beynimə bir qəribə fikir girmişdi, məni əyri-üyrü yollara çəkirdi.
– Mən indi çalışıram, yenicə tanıdığım adamların ən əvvəl səslərini, sonra üzünü-gözünü yadımda saxlayım. Asan deyil. Bayaq özün yas yerində gördün ki… Səni, səni tanıya bilməmişdim. – Özünü yığışdırıb köksünü ötürdü və nədənsə mənim qolumu bərk-bərk sıxdı.
Daha belə fürsət ələ düşməzdi. Hökmən bu məsələni öyrənməliydim. Həqiqətənmi, bu saat onun qarşısında duran adam, yəni, mən əməliyyatdan əvvəlki mən idim, yoxsa yox?! O vaxtkı mən ilə indiki mən arasında fərq var idimi, əgər var idisə, nə dərəcədə idi?! Bunu ondan yaxşı heç kim bilə bilməz. Özü axı bayaq belə dedi: sən də, yəni, mən də dəyişmişəm, həm də tanınmayacaq dərəcədə. Üzbəüzümdə oturduğu halda, gözlərini üzümə dikdiyi halda məni ora-bura boylanıb kənarda axtarırdı…
O mənim sualımı əvvəl-əvvəl doğru-düzgün başa düşmədi. Tez cavab verdi:
– Axı dəyişən sən deyilsən, mənəm. – Bu tələsik cavabla mənə elə gəldi ki, o, boynunu məsələdən qaçırmaq istəyir.
Amma mənim izinə düşmək istədiyim bir başqa müəmma idi. Və mən inadımdan dönməyəcəkdim.
– Qulaq as mənə. Sən məni bayaq yasda üzümə baxa-baxa tanımadın, eləmi?
– Əvvəl-əvvəl sifətini yarıyacan kölgə tutmuşdu… – Bu bir bəhanə idi. Üzünü yana çevirdi.
– Bura bax… – Mən onun paltosunun yaxasından yapışıb üzünü üzümə çevirdim və təkidlə gözlərinin düz içinə baxdım. Ürəyimi sanki neştər çaldı. Gözlərində həmişəki eynək yox idi deyin, indi bu adamın gözləri onun üzündə süni əza kimi idi. Adamın qəlbinin, ruhunun içinə nüfuz edir, qırılmış kompas kimi belədən belə, elədən elə fırlanırdılar.
O məsələnin mənim üçün nə qədər ciddi olduğunu əllərimlə yaxasından tutub silkələyəndə, deyəsən, anladı. Birnəfəsə üyütməyə başladı:
– Sakit ol, səsin ki, var, mənim üçün sənin səsin həmənki səsdi. Bu yetər. Mən sənin səsindən yapışıb səni tanıdım… bu bəs deyil?! – Az qala yalvarırdı. Yaxasından ki, hələ də bərk-bərk yapışmışdım, buraxdım. O, günahkar adam kimi baxışlarını yenə də məndən gizləyə-gizləyə sözünə davam elədi. – Yaxşı. Yaxşı. Deyəcəyəm. Sən özün bunu istədin. Amma məni qınama. Bilmək istəyirsənsə, mən səni indi də tanımıram. Səsin olmasa idi, yəni, sən sussa idin, hələ də tanımayacaqdım. Elə bil, kimsə, başqa bir kimsə amma sənin köhnə səsinlə mənə dedi: səsimdən yapış.
Mən nəfəs dərmədən ona qulaq asırdım. O isə get-gedə kəskinləşən və yadlaşan səsiylə deyirdi:
– Bax, indi sən özün, biləsən, o vaxtkı sən deyilsən. O vaxtkı sən nooldun, bunu mən bilmirəm. Sənə elə gəlir, sən osan. Sən isə o deyilsən. Bu gün mən səni görüb tanımayanda sən artıq o deyildin. Yasdan sonra sən bir başqasısan. Bəlkə də yasdan daha əvvəl başqası idin, amma bunu bilmirdin?! İndi bildin?! Ağlın artdımı?! – Onun səsində artıq bir istehza var idi.
Qəribə idi, amma mən artıq sakitləşmişdim. Əlimi aparıb onun paltosunun ora-burasını düzəltdim, qırışlarını tumarladım. “Bu adamın ağlı uçub gedib ki. Necə yəni, səsimdən yapış?! Gör məni haralarda azdırmaq istiyir…” – düşündüm.
Ayrılmazdan əvvəl son dəfə diqqətlə gözlərinin içinə baxdım. Xatırlamağa çalışdım. Yox ki, yox. Bu rəngdə gözləri mən, vallah və billah, heç haçan görməmişəm. Bu rəngin adını da tapmaq çətin idi. Hər rəssam rəngi rəngə qarışdırıb onu ala bilməzdi. Bu rəngin arxasında etibarlı istehkam kimi gizlənmiş gözlər isə… artıq mənim ürəyimin düz içinə, qanıma, canıma tuşlanıb beynimi deşirdi… Ümumiyyətlə, bu adam kim idi və mən indi onunla niyə yolun ortasında durmuşam və nədən söhbət edirəm – onu da anlamadım. “Yasda üzbəüz oturmuşduq, tanış da olmadıq, mənasız-mənasız danışırdı. Adi yasiçi söhbət… Çıxanda ilişdi mənə, buraxmadı…”
Ondan, nəhayət, ayrılanda elə bildim ki, ağır bir bəladan canımı qurtardım. Rahatlıq içində evimə tərəf yol aldım. Bütün ruhuma hakim kəsilmiş, amma əsla tanış olmayan bu qəribə rahatlığın içində mənə elə gəldi ki, vampirlər qan axtaran kimi onun da səs axtaran baxışları mənim qanımda-canımda hələ də ilişib qalıb və mənimlə bir yol gedir. Bir az da belə keçdi və mən artıq hara getdiyimi kəsdirə bilmədim. Ətrafda hər şey mənə yad kimi gəlirdi. Tanımadığım, böyüklü-balacalı binalar, geniş və əyri-üyrü küçələr belədən-belə, elədən-elə baş alıb gedirdi. Mənim yaddaşıma birdən-birə nooldu? Mən haradayam? Ora-bura baxıram, boylanıram, ürəyim təntiyir, artıq nəinki buranı, heç haranı tanımıram. Ev ünvanım niyə yadımdan çıxmalıdı ki?! Evdə axı mənim gözləyənim var. Məni gözləməliydilər. Amma kim? Kim məni gözləyəcəkdi? Mənim evim vardımı, yoxdumu? O harada idi?! Yavaş-yavaş hiss edirəm ki, əvvəlki kimi düşünə də bilmirəm, fikirlərim bir-birinə ilişir. Bayaq danışdığım dili də yavaş-yavaş unuduram. Mən kiməm?!
…O, ürəyi hövlnak dar bir küçə ilə dörd tərəfinə boylanaraq tələsə-tələsə gedir, hərdən qaçıb geri qayıdır, hansısa həyətə yenidən baxır və bu ara nigaran gözlərilə nəyi isə, kimi isə axtarır. Nəhayət, əlbəttə ki, haldan-heydən düşür, bir balaca evin yöndəmsiz qapısı ağzında yekə bir daş var, əlacsız, ümidsiz halda o daşın üstünə oturub öz-özü ilə anlaşılmaz bir dildə nəsə danışır, dərindən köksünü ötürür, əllərilə başını qucaqlayır və beləcə donub qalır.