Rüfət RÜSTƏMOV
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Keçmiş günləri yada salarkən insan bəzən narahatlıq keçirməli olur. Tarixlərə qarışan o keçmiş günləri, xatırladıqca… Mənə elə gəlir ki, bizim mahalın camaatı elə mənim kimi düşünür və bəzən onlar da mənim kimi keçmişdə qalmış narahatlığı unutmurlar. Buna yeganə səbəb mənfur qonşularımızla baş verən müharibə, yaddaşlara yazılan bəzi hadisələrdir. Bu hadisələrdə vətən, torpaq uğrunda dünyasını dəyişənlər də olmuşdu.
Qartal yuvası kimi tanınan Başkənd. Vaxtilə orada yaşayan insanlar insani hisslərini itirmiş yaramazlar idi. Yolumuz Başkənddən keçirdi. Etiraf etmək lazımdır ki, biz o yolu gedib-gələrkən, hər an təhlükənin baş verəcəyi barədə düşünürdük. Artıq o təhlükəli günlər geridə qaldı. Xalqımızın qüdrətli, vətənpərvər oğullarının qanı bahasına qartal yuvasından əsər-əlamət qalmadı. Vaxtilə xalqımızın humanistliyi nəticəsində halalca torpaqlarımıza sahib çıxan erməni daşnakları Başkənd əməliyyatı zamanı yoxa çıxdılar. Bu qələbənin sahibləri bu gün də qələbə qazandılar. Dağları seyr edərkən insana elə gəlir ki, bizdən küsmüş dağlar, obalar barışmağa can atır.
Bir az yorulmuşdum. Dincəlmək üçün yer axtarırdım. Ulu çinar tərəfdən gələn səs məni çox həyəcanlandırdı. Öz-özümə fikirləşdim, ilahi, görəsən, bu nə səs idi?
Bir baxdım ki, iki ana quş yuva üstündə bir-birini dimdikləyir, səsləri ətrafı bürüyüb.
Elə bil ki, çinar da məndən ötrü darıxıb, məni yanına çağırır.
Arabir yağış yağırdı. Yorğun addımlarla ulu çinar tərəfə getdim. Mən yaxınlaşdıqca qarşımdakı ulu çinar bir az da əzəmətli görünürdü. Allahın yaratdığı bu qollu-budaqlı varlıq hansı güclə insanı özünə cəlb edir, onun qəlbində sevinc ocağı yandırır. Mən ulu çinarın ətrafına göz gəzdirə-gəzdirə oturmaq üçün özümə münasib yer seçdim. Yağışlı bir gündə ulu çinarın altında oturmağın kefini yalnız təbiəti sevənlər yaxşı bilir. Arabir oyanarkən unudulmuş obaları xatırlayıram. Yağışın daha çox yağdığı bu yerlərdə həmişə at oynadan, hamının rəğbətini qazanmış, bərəkətli torpaqları ilə fəxr edən ağsaqqallarımız, sizin o nurlu görünüşünüzü, isti nəfəsinizi xatırlayarkən hansı hissləri keçirdiyimizi bilsəydiniz.
Çinarın yuxarılarını seyr edərkən gördüyüm mənzərə məni tilsimlədi. Yenicə yumurtadan çıxmış balalarının sevincini yaşayan quşlar yuvanın ətrafında dövrə vuraraq onları qorumaq, həm də yemləmək üçün özlərini bütün təhlükələrə atırdılar. Bu həyat mücadiləsini seyr edərkən öz fikirlərini ifadə edə bilməyən quşların nə qədər ağıllı hərəkət etdiyinin şahidi olursan. Ana quş öz balasını yemləyirdi. Bəzi quşların özünə sığınacaq axtarmaları və yer tapan quşların söhbəti. Allah bilir, görəsən, o quşlar bir-birilə nədən söhbət edir. Ey öz dünyasını yaşayan quşlar! Belə çinarların böyüməsində, qol-budaq atmasında sizin də xidmətləriniz az deyil. Təbiətə daha dərindən sirayət edəndə nələri görmürsən, ilahi!
Hələ o unudulmuş dağlar, dərələr, həzin şırıltlılarla axan balaca çaylar, nələr və nələr. Yolumuzun bir kənarında sərinliyi ilə hamını özünə cəlb edən bulaq. Yağış ara vermədən yağırdı. Ulu çinarın altından ətraf mənzərəni seyr edərkən, hər zaman xoş xatirələrlə andığım o yerlərdə həmişə at oynadan bərəkətli torpaqlarda xırman quran nurlu görünüşləri ilə fəxr etdiyimiz ağbirçək anaları, nənələri, ağsaqqal ataları, babaları xatırlayırsan. Bu mənalı keçmişi xatırlayarkən yadıma ermənilərlə aramızda olan o dar cığırlar düşür. İndi onları ot basıb, bəlkə buna cığırlar da sevinir, ona görə sevinir ki, oradan bir daha erməni daşnakları getməyəcəklər. Adama elə gəlir ki, cığırlar köhnə izləri göstərməkdən çəkinir. Çünki o cığırlarda kafirlərin də ayaq izi var. Vətən sağ olsun, bizim bu ot basmış cığırlar bir azdan yenə öz sakinlərini qarşılayacaq. O cığırlarda gəzən vətən oğulları addımlarını o müqəddəs torpağa inamla basarkən bir daha tarixi səhv buraxmayacaqlarına ürəkdən inanıram.
Artıq “Qartal” yuvasının indiki sakinləri türk oğlu türkdür. Vaxtilə oradan perik düşmüş bütün canlılar: quşlar, qartallar, bülbüllər doğma yuvalarına qayıdaraq artıq Azərbaycan musiqisi altında öz mübarək dünyalarını yaşayırlar. Ətrafa göz gəzdirəndə çox qəribə mənzərə ilə qarşılaşırsan. Bir zamanlar qorxudan səsini çıxarmayan sərçələr digər quşlardan fərqli olaraq, indi yurdunu-yuvasını təzələyib firavan həyat sürməyə başlayıblar. Burada təbiət qollarını geniş açaraq bütün quşları oraya dəvət edir.
Gözümün qabağına fal daşı gəlir. Vaxtilə o müqəddəs daşın yanından keçən müsəlmanlar ona yaxınlaşmağa ehtiyat edirdilər. Lakin qəlblərində olan inam hissi onları heç vaxt ümidsiz qoymurdu. İnanırdılar ki, bir gün gələcək, ayaq saxlayıb ürəklərindən keçən müsbət hissləri “fal daşı” ilə paylaşacaqlar. Çox şükür, xalqımız o günü də gördü.
Şahidi olduğum bir hadisə yadıma düşdü. Hər il olduğu kimi istirahət etmək üçün kəndimizə getmişdim. Evimizin bazarlığını “Saratovka” deyilən yerdə edərdik. Mən həmişə bazarlığa öz maşınımla gedib-gəlirdim. Bir gün fal daşına az qalmışdı, gördüm ki, dağ tərəfə gedən sürünün itləri bir yaşlı kişini qovur. Mən sürəti artırdım ki, o qocaya kömək edim, qarşımdakı mənzərə məni çaşbaş saldı, gözlərimə inanmadım. Qoca kişi təngənəfəs özünü fal daşına çatdırdı, sağ əlini fal daşının üstünə qoyub nəsə öz-özünə danışırdı. Qoyun itləri isə arxa ayaqlarının üstündə oturub heç bir şey olmamış kimi ətrafa göz gəzdirirdi. Sözün doğrusu, mən də itlərdən çox qorxurdum. Maşını dayandırıb qocaya kömək etmək istədim. Salamlaşdım:
– Çoxmu qorxdun, əmi?
– Ay oğul, fal daşı olan yerdə heç bir təhlükə ola bilməz. Görürsən, itləri necə tilsimlədi? Allah ermənilərin bəlasını versin. Dinimizi, imanımızı unutmaq üzrəyik. Bu torpaqlar ulu babalarımızın at oynatdıqları yerlərdir. Bax, oğlum, fal daşının üstündə Həzrət Əlinin atı Düldülün nalının izi var.
– Bilirəm, ay əmi. Mən heç vaxt fal daşını ziyarət etmədən keçib getmirəm. Atam rəhmətlik – Əşrəf kişi bu fal daşı barədə mənə geniş məlumat verib.
– Oğlum, sən Düz Rəsulluda yaşayan Məşədi Rüstəm oğlu Əşrəf kişinimi deyirsən?
– Bəli, əmi, o mənim atamdır.
– Çox sağ ol, oğlum. Allah hamısına rəhmət eləsin. İndi o kişilərdən çox az qalıb. Hə, oğlum, yolçu yolda gərək. Mən də sizin kolxoz idarəsinin yanına qədər gedəcəyəm. Apararsanmı?
Bu nurani kişinin ləkəsiz ağarmış saçları, mənə doğma gələn danışığı, dili məni tilsimləmişdi.
– Maşın qurbandır, ay əmi, buyur, otur.
Bu nurani kişi yol boyu bir neçə əhvalat barəsində söhbət elədi. Ən maraqlısı bir erməni ilə Qasım kişi arasında baş vermiş hadisə idi. Məni gülmək tutdu.
– Ay əmi, bu heç inandırıcı hadisəyə oxşamır.
And-aman elədi, oğlunun canına and içdi.
– Oğlum, bu hadisəni İsa kişi əmin Talıba danışıb.
Kəndimizin çox sevilən, sayılan nurani ağsaqqallarından İsa kişi ilə dəyirmançı Qasımı çox adam qardaş bilirdi. Çox məzəkeş insanlar idi. Onları tanımayanlar hərəkətlərini gördükdə mat-məəttəl qalırdılar, hətta hərəkətlərindən çəkinirdilər. Onların hərəkətlərini görənlərdə belə təsəvvür yaranırdı ki, İsa kişi ilə Qasım kişi bir-birini döyəcək. Əslində onlar bir-birini lap çox istəyirdilər. Bir gün Talıb kişi kolxoz idarəsinin qarşısında İsa kişiyə rast gəlir. Salamlaşırlar.
Talıb kişi hiss edir ki, İsa kişinin kefi yaxşıdır. İsa kişi kolxoz idarəsinin yanında bir kötüyün üstündə oturub uzun çomağını iki əli ilə qucaqlayaraq siqaret çəkirdi.
– Nə var, nə yox, ay İsa kişi?
– Ay baba, deyəsən, olub bitənlərdən xəbərin yoxdu.
– Nə olub? Bir danış, biz də bilək.
– İndi sənə danışacaqlarımın hamısını Qasım qardaşım özü danışıb. Hadisə belə baş verib:
Bir gün bir erməni atı ilə bizim yaylaq tərəfdən bir xurcun buğda ilə Qasım kişinin yanına gəlir. Qasım kişi bu erməninin o tərəfinə keçir, bu tərəfinə keçir. Gözlərinə inanmır.
– Hardan gəlirsən, əəə, erməni?
Erməni Qaravəllilər tərəfdən gəldiyini deyir.
– Xeyir ola, nə üçün gəlmisən?
– Ara, kirvə, dedim, bəlkə mənim taxılımı da üyüdəsən.
Qasım kişini gülmək tutur:
– Ə, kirvə, biz taxılı üyütmədən qabaq tərəzidə müştərinin başını çəkməliyik, görək neçə kiloqram gəlir.
Erməni Qasım kişinin bu təklifini ciddi qəbul edir, yerə uzanaraq başını dəmir qapan adlanan tərəzinin üstünə qoyur.
Qasım kişi çoxdan belə bir anı gözləyirmiş, qızıl quş kimi yuxarı hoppanaraq iki ayağı ilə tərəzinin üstünə düşür. Gözlənilməz bərk zərbədən sonra erməninin bağırtısı ətrafı bürüyür, qulağından qan axmağa başlayır. Erməni qorxudan titrəyə-titrəyə ayağa qalxır, vaxt itirmədən atını minib oradan uzaqlaşır. Qasım kişi çox ciddi görünüş alıb erməninin arxası ilə baxaraq əlini havada yelləyir.
Qasım kişinin köməkçisi ona yaxınlaşır:
– Qasım əmi, doğrudanmı o erməninin başını çəkəcəkdin?
Qasım kişini gülmək tutur:
– Görmədin, erməninin adına, millətinə layiq bir şəkildə çəkdim, ay oğul, – deyib qəşş edib gülməyə başlayır. – A kişi, sən bir bundakı cürətə bax, biz boyda adamları saymadan kəndimizə soxularaq dəyirmanımızda dən üyütmək xülyasına düşüb. Bu şərəfsizlərin əlinə bir türk düşsə, onu sağ buraxmazlar.
Qasım kişinin bu hərəkəti mənim gözümdə onu dağa döndərmişdi. Bu hadisə barəsində düşünürkən onun İsa kişi ilə aradabir şəbeh çıxarmaları, hər kəsin gözü qarşısında təhlükəli hərəkətləri, onları tanımayanların qarşısında dəli obrazı yaratmaları ilə vahiməyə saldıqlarını xatırlayıram.
Saatıma baxdım, gözlərimə inanmadım, demək olar ki, üç saatdan bir az çox o ulu çinarın altında keçmişi varaqlamışam. Buna heç də peşman deyiləm. Başqasını deyə bilmərəm, mən xatirələrin qanadında uçuram, yeniləşirəm, böyüklərimlə yaşadığım anları bir daha xatırlayıram. O nurani ağsaqqalın dən üyütmək bəhanəsilə gələn erməni barədə dediklərini düşünürəm.
Kimdir bu şərəfsiz?
Görəsən, oğrudurmu? Bəlkə də qatildir! Heç birimizin bilmədiyimiz anormal, bəlkə də dəlidir!
Qasım kişi sağ olsun, vaxtında o gic erməninin dərsini verib. Hər ehtimala qarşı diqqətli olmaq lazımdır.
Biz böyük tarixi keçmişi olan bir xalq kimi dostumuzu, düşmənimizi yaxşı tanımamışıq.
Evə necə gəldiyimi heç xatırlamıram. Lakin gödəkçəmin bir az nəmli olduğu, elə bil ki, məni yuxudan oyatdı. Bu dəmdə xanım içəri girdi, salamlaşdıq.
– Haralardasan, a kişi, bu yağışlı havada? Allah xatirinə tez paltarlarını dəyiş. Mənim xəstəyə baxacaq halım yoxdur.
“Baş üstə”, – deyib yan otağa keçdim, bədənimə üşütmə gəlmişdi. Vaxt itirmədən paltarlarımı dəyişdim. Acından dilim topuq çalırdı. Aclığa heç dözümüm yoxdur. Xanım sağ olsun, həmişə olduğu kimi, Allah verəndən çox ləzzətli yemək hazırlamışdı. Doyunca yedim, gözlərimə işıq gəldi.
– Əlin-qolun var olsun, ay xanım, – dedim.
Ömür-gün yoldaşım mənim üçün çox narahat olurdu. Çalışırdı ki, xəstələnməyim. Mən onun bütün hərəkətlərini hörmətlə qarşılayırdım. Bu minvalla, istəsən də, istəməsən də günləri yavaş-yavaş yola salırdıq. Başa düşürdüm ki, hər dəqiqənin öz hökmü var. Hər bir işi vaxtında görmək lazımdır. Diqqətim ən çox yazdığım yazılara yönəlirdi. Həmişə çalışmışam ki, yazdığım mövzuya, ifadələrə diqqət edim, fəqət sətirlərə süzülən sözlərin çoxu mənim hisslərimə məhəl qoymadan baş alıb gedirdi. Mənim təbiətə vurğunluğum bəzən yazdığım sətirlərdə də öz əksini tapırdı.
Bir köşədə tənha oturub ətrafa nəzər salarkən yanından axan balaca bir çayın şırıltısı, yarpaqların xəfif titrəyişi, düşüncələrimizə hakim kəsilən meh, bizi öz cazibəsi ilə ağuşuna alan təbiət gözəlliyi yaşamaqdan xəbər verir.
Biz tətildə olarkən, həmişəki kimi, Qəndab ananın ocağını ziyarətə getdiyimiz zaman Axınçı çayından keçməli olurduq. Ziyarətdən sonra Axınçı çayının bir kənarında oturub Qasım kişinin köhnə dəyirmanının yerini ziyarət edir, keçmiş günləri xatırlayırdıq. Axınçı çayının şırıltısı insanı valeh edirdi. Ətrafımızda uçuşan quşlar həyəcanlı səsləri ilə sanki bizi gördükləri üçün sevindiklərini göstərirdilər. Vaxtilə hər kəsin ümid çırağı olan o köhnə dəyirmanın yerini artıq ot basmışdı.
Sonda yenə xəyallarla baş-başa qalırsan, gələcəyi düşünürsən. Hər kəs bilməlidir ki, xəyallar insana yaşamaq stimulu verir. Düşündükcə görürsən ki, hər şey insanın öz əlindədir. Keçmiş xatirələrimiz həyatı başa düşənlər üçün var-dövlətdir. Fikirləşəndə görürsən ki, müdrik fikirlərin çoxu keçmişdən miras qalıb.
İstəsən də, istəməsən də təbiət səni özünə cəlb edir. İnsan da həmişə bu gözəlliyin arzusu ilə yaşayır.
Müəllifin başqa yazıları:
Zarafat (Hekayə)
Ruhlar da danışır
Ziyanın yarısından qayıtmaq qəniməti