Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
13
Sığınacaqdan öncə
Yeniyetməlik illərinin natamamlıq kompleksi, özünü tapma cəhdləri Dəfnəni xeyli yormuşdu. Ona görə də məktəb illərindən sıyrılan kimi onu sakit heykələ çevirən müşahidəçi obrazından yaxa qurtarmaq, real həyatın qoynuna atılmaq istəyirdi. Təhsil aldığı hüquq fakültəsi onun üçün müsbət bir addım oldu. Ünsiyyət vərdişləri möhkəmləndi, dünyagörüşü çoxaldı. Lakin cəmiyyətin idarə və nəzarət mexanizmini öyrənmək onda insanları daha da dərindən müşahidə etmək arzusu yaradırdı.
Yeniyetməlik illərinin xarici görünüşünə qazandırdığı mənfi xüsusiyyətlər illər keçdikcə aradan qalxır, Dəfnə getdikcə gözəlləşirdi. Uzun saçları, mütənasib bədən quruluşu, ifadəli baxışları ilə o, kifayət qədər xoşagələn təsir bağışlayırdı. Amma özünə inamı heç cür tamlığa qovuşa bilmirdi ki bilmirdi. Elə bu səbəbdən də sinif yoldaşlarının məzun olandan üç il sonra planlaşdırdığı görüşə qatılmaqdan imtina etmişdi. Mənasız bəhalər gətirərək görüşdən yayınsa da, sonradan onların sosial şəbəkələrdə paylaşdığı şəkilləri görəndə azca təəssüfləndi. Dəyişməyə üz tutmuş, amma tanıdığı simaları, xarakterləri yenidən bir yerdə görmək sən demə elə də pis fikir deyilmiş. Amma bir tərəfdən də yenidən xoşagəlməz atmacalara, ləqəblərə tab gətirmə düşüncəsi onu doğru qərar verdiyinə əmin edirdi.
Təhsil və iş həyatını paralel olaraq aparan Dəfnə məktəb illərindən sonra da özünün darıxdırıcı, əyləncədən məhrum olan həyatına davam edirdi. Artıq gündəlik də yazmırdı. Dostları var idi, lakin yenə də iştirakçıdan çox müşahidəçi statusu ona uyğun gəlirdi.
Terror hadisələrinin bütün dünyanı cənginə aldığı dövrlər gəlib çatanda belə, Dəfnə öz sakit təbiətinə sadiq qalır, duyğularına zəncir vuraraq ətraf aləmlə əlaqəni kəsirdi. Əlbəttə, onun özünə qapanması, xarici mühitə aludə olmaması Dəfnənin öz həyatından başqa heç kimə təsir etmirdi. Ta ki o qorxunc gün gəlib çatana qədər…
***
Dəfnə valideynləri ilə birlikdə yaşayırdı. Əslində, özünün qarmaqarışıq, kitab-dəftərdən göz-gözü görməyən otağında yaşayırdı desək, daha doğru olar. İşdən evə yorğun halda qayıdan gənc qız yemək yemədən birbaşa otağına keçdi. Planı sadə idi: bir neçə saat ərzində işlə bağlı yarımçıq məsələlərlə məşğul olacaq, ondan sonra yemək yeyəcək (əgər kifayət qədər ac olarsa), sonra bu həftə təhvil verməli olduğu yazını yekunlaşdıracaq və gecə 12-2 arasında böyük ehtimalla film izləyib yatacaq. Sadə, məsum və zərərsiz…
Axşam saatlarından sonra kompyuterin qarşısında aramsız oturmaqdan gözləri yorulan Dəfnə özünə isti bir çay süzmək üçün mətbəxə yollandı. Elə bu vaxt bayırdan gələn boğuq səsləri eşitsə də, əhəmiyyət vermədi. Çayını süzüb otağına qayıtdı, amma bir qədər sonra səs daha da güclü və kəskin formada otağını zəbt edəndə canına vahimə düşdü və özünü dəhlizə atdı. Bayaq bayırdan gələn səs bu dəfə binanın içərisində idi. Üstəlik, getdikcə yaxınlaşırdı. Nə ilə qarşılaşacağını bilməyən Dəfnə asta addımlarla qapıya tərəf addımladı. Qapının dəliyindən baxanda həmişəki qaranlıqdan başqa heç nə görünmürdü. Səs isə yaxınlaşırdı. Çox keçmədən Dəfnə səsin məhz onun yaşadığı mərtəbəyə gəlib çıxdığını anladı. Bir qadın dəli kimi qışqırır, söyüşlər yağdırırdı. Dəfnə başa düşə bilmirdi ki, səsin sahibi öz-özünə danışan, əqli qüsurlu bir adamdır, yoxsa yanında kimsə hərlənir. Çünki səslər və addımlar yalnız bir adama uyğun gəlirdi. Sonra qəfildən səssizlik oldu. Səsinə əsasən Dəfnənin orta yaşlı bir qadın olduğunu yəqin etdiyi şəxsin sözü ağzında qaldı. Addım səsləri sürətləndi. Deyəsən kimsə (ya da kimlərsə) qaçırdı. Sonra bu səs də dayandı.
Dəfnənin canına vəlvələ düşdü. Ağlına min cür ssenari gəldi. Bəlkə bu qadının həyatı təhlükədə idi? Elədirsə, ona yardım etmək lazım deyilmi? Kömək etmək üçün də qapını açmaq lazımdır. Amma, yox. Polisə də zəng vurmaq olar. Lakin əmin olmadan necə zəng vursun? Bəlkə qadın sadəcə içkilidir və nə danışdığını bilmir? Üstəlik qonşulardan da heç biri reaksiya vermir. Bəlkə də bu qadını Dəfnədən başqa hamı tanıyır? Həm də polisin gəlib çıxmağı uzun məsələdir. Bir tərəfdən də qapının ardında nə ilə qarşılaşacağını bilmirdi. Bəlkə qadını kimsə öldürmək istəyir? Elə olduğu təqdirdə özü də qurbana çevrilməyəcəkmi?
Dəfnə mümkün ssenariləri götür-qoy edirdi. Səs isə kəsilmişdi. Nəhayət, gənc qız sükutun kifayət qədər uzanmağından cəsarətlənərək, qapını yavaşca açdı. Ətrafa boylandı. Heç kəsi görmədi. Qəfildən sağ tərəfdəki döngədən yekəpər bir qadın qışqıraraq qapıya tərəf qaçmağa başladı. Arxasında da ucaboy bir kişi var idi. Kişi daha sakit və təmkinlə hərəkət edirdi. Hiss olunurdu ki, özünə əmindir. Dəfnə qadını görəndə bir anlıq hiss etdiyi şokun təsirilə donub qaldı. Lakin döngə ilə qapı arasındakı məsafə onun bir neçə saniyə ərzində özünə gəlib cəld qapını bağlaya bilməsinə bəs elədi. Qapı bağlanan kimi (qadın da artıq gəlib çatmışdı) qadın yumruqlamağa başladı. Dəfnə qapını kilidlədi. Qadın yumruqlamağın nəticə vermədiyini görüb asta səslə dəliyə baxaraq danışmağa başladı: “Yalvarıram, açın. Kömək eləyin, yoxsa məni öldürəcək. Yalvarıram…”
Dəfnə dəlikdən ətrafa diqqətlə baxdı. Kişi gözə dəymirdi. Görəsən qapını astaca açıb qadını dartıb içəri salmağa, sonra da qapını vaxtında kilidləməyə çatdıra bilərmi? Kişinin üz-gözündən bilinirdi ki, niyyəti yaxşı deyil. Bəs birdən çatdırmasa, onda necə? Necə olacaq? Kişinin qəzəbinə özü hədəf olacaq. Bəlkə polisə zəng eləsin? Hə, yaxşısı budur, işi peşəkarlara həvalə eləsin.
Dəfnə qaçaraq otağındakı telefonu götürməyə gedəndə dərk edirdi ki, vicdanını susdurmaq üçün özünü aldadır. Lakin nə isə tədbir görməli idi. Cəld zəng edib polisə qısaca məlumat verdi, ünvanı söylədi. Qadın hələ də qapıda yalvarırdı. “Görəsən kişi hara yox olub?” – Dəfnə ağlından keçirdi.
“O, yanındadır?” – Dəfnə pıçıltı ilə, lakin qadının eşidə biləcəyi formada soruşdu. Qadın bir anlıq tərəddüd edəndən sonra başını yellədi, amma onun gözlərindəki qorxudan Dəfnə dərhal yalan dediyini anladı. Deməli, kişi düz qadının yanında dəlikdən görünməyən bir yerdə mövqe tutub və qapının açılmasını gözləyir. Açılan kimi hücum çəkə biləcəyi bir məsafədə dayanıb. Qadının isə indi Dəfnə-filan vecinə deyil. Öz canının hayındadır. Qadın Dəfnədən əlini üzən kimi ucadan qışqırmağa, digər qapıları döyəcləməyə başladı. Lakin onun kömək çağırışları cavabsız qaldı. Nə səsinə səs verən oldu, nə də üzünə qapı açıldı.
Dəfnə diqqətlə onu izləyirdi. Kişi özü görünməsə də, Dəfnə bir anlıq onun kölgəsini görməyə nail oldu. Kölgənin əlindəki bir şey – uzun, iti bir nəsnə onun dərhal diqqətini cəlb etdi. Kişinin əlində bıçaq var idi. Dəfnə qorxudan udqundu və qapını açmamaqla doğru qərar verdiyinə əmin oldu. Əgər açsa, böyük ehtimalla, qadını xilas etməyəcək, əksinə onun qurbanlarının sayının artmasına səbəb olacaq.
Polisdən hələ ki səs-səda yox idi. Qonşular heç biri bu səs-küyə qarşılıq vermirdi. Qadın yenidən Dəfnənin qapısına qayıtdı. Çünki ondan başqa bir ümidi qalmamışdı. Bu dəfə daha da ürək ağrıdan bir tonda yalvarmağa başladı. Kişinin onu öldürmək istədiyini, qaçacaq yeri olmadığını deyirdi. Elə bu vaxt Dəfnənin zehnində bir sual canlandı: “Əgər kişi qadını öldürmək niyyəti güdürsə, niyə bayaqdan öldürmür? Niyə onun qışqırıb bağıraraq ətrafa səs-küy yaymasına imkan verir? Bəlkə qadınla kişi əlbirdir və hədəfləri Dəfnədir (və ya onun yaşadığı ev)?” Dəfnə nə olursa olsun, qapını açmamağı qət elədi. Qadına güvənmirdi.
Elə bu vaxt qadın dəhşətlə bağırmağa başladı. Bağıraraq döngəyə tərəf qaçdı. Dəfnə artıq kişinin də addım səslərini eşidirdi. Hansısa qapıdan səs gəldi. Sanki kimsə qapısını açıb cəld bağladı (eynilə Dəfnə kimi). Qadının vəhşi bağırtıları bir azdan kəsildi. Daha dəlikdən heç nə görünmürdü. Polis gələnə qədər Dəfnə qapını açmadı. 10-15 dəqiqə sonra bayırdan gələn sirenaların səsi polisin gəldiyini xəbərlədi və tezliklə dəhşətli həqiqət üzə çıxdı. Məişət zəminində baş verən münaqişə nəticəsində kişi qadını 3 bıçaq zərbəsilə öldürmüşdü. Sonra da cəsədin yanında oturaraq polisin gəlişini gözləmişdi ki, təslim olsun…
Bu hadisədən sonra Dəfnə ciddi depressiyaya düçar oldu. Özünə qapanmağa, hadisələrə daha emosional yanaşmağa başladı. Əvvəlki həyatına qayıtmağa çətinlik çəkirdi. Onda özünə, öz xarakterinə, yaradılışına nifrət baş qaldırmışdı. Vicdanı onu didib-parçalayırdı. Kaş nə olursa olsun qapını açsaydı… Bircə dəfəlik də olsa həyat adlı oyunun iştirakçısına çevrilə bilsəydi… Lakin bacarmadı və onun hər zaman zərərsiz hesab etdiyi passiv müşahidəçi obrazı bir insanın qətlinə gətirib çıxardı…
(Ardı var)
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13