Cəhənnəmdən keçmiş mələk (53)
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Havaların isinməsiylə qaynatamın səhhətinin ağırlaşması eyni vaxta düşdü. İşim bir az da çətinləşmişdi, kişinin iynə-dərmanı arasında başımı itirmişdim. Mahmud əminin damarına qoşulan dərmanların axıb qurtarması bəzən neçə saat çəkirdi. Kişinin özünün də hövsələsi bir tikə olmuşdu, yanına kimsəni buraxmırdı, heç kəsi görmək istəmirdi. Gecələri lap ağır keçirirdi, iki saatdan bir ona iynə vurulurdu.
Cavid Eminlə yatırdı, mən bəzən səhərəcən qaynatamın otağında qalırdım. Otağın qapısına yaxın iri, enli meşin divan vardı, çox vaxt elə o divanın üstündəcə ya oturulu, ya da uzanıqlı yuxuya gedirdim. Mənə bu evdə arxa-dayaq olmuş müdrik kişiyə qulluq eləməkdən qəti bezib usanmırdım, sadəcə yorulurdum, yuxusuz qalmaq onsuz da bərbad olan səhhətimə pis təsir göstərirdi. Qardaşlarım hər gələndə mənə bu əziyyətə sonacan dözməyi, səbirli olmağı bərk-bərk tapşırırdılar. Əvvəllər məni atasına da qısqanan Emin indi lal-dinməz olmuşdu.
Avqust girəndə yenə uşağa qaldığımı hiss elədim. Bir səhər oyananda məni öyümək tutdu, başımı bağçaya açılan pəncərədən çölə uzadıb o ki var qusdum. Yenə canımı qara qayğı aldı, bu dar dəkədə başıma belə iş gələcəyini heç gözləmirdim. Keçən dəfə birtəhər gözdən oğurlanıb həkimə getdim, indi neyləyəcəkdim? Dərdimin üstünə dərd gəlmişdi, bütün gün əllərim işdə-gücdə, beynim canıma soxulmuş ilan tüpürcəyinin yanındaydı. Xəyalımda bu bəlanın səbəbkarı Emini gecə yatdığı yerdə kəndirləyib boğurdum, köksünə güllə çaxırdım, çayına zəhər qatırdım… Nə faydası? Bu biri yandan da halımı evdə hamıdan gizlətməyə çalışırdım ki, bəlkə mən düşünüb-daşınıb bir tədbir görənəcən duyuq düşməyələr, yoxsa qaçmağa yerim qalmayacaqdı.
Ağlıma tək gələn buydu ki, arada bir bəhanəylə atamgilə gedib ordan da həkimə qaçaram. Bu fikirlə bir gün qaynanama dedim:
– Bir-iki günlüyə evimizə getmək istəyirəm.
Arvad daş atıb başını tutdu:
– Dəlisən, sən getsən bu kişinin iynələrini kim vuracaq?
– Siz vurarsız. Heç olmasa qoyun bir günlük gedim, bacımın toyu olacaq axı…
Qaynanam sözümü ağzımda qoydu:
– Görmürsən məni yaxına buraxmır? Bilmirəm neyləmişəm mən buna.
Doğrudan da, qaynatamın arvadı görməyə gözü yoxuydu. Qaynanamın yeriyəndə ayaqlarını yerə döyməsi də xəstə kişini özündən çıxarırdı.
Planım baş tutmayandan sonra ayrı variantlar düşünməyə başladım. Bu minvalla ayı başa vurdum. Boylu olduğumu artıq evdə hamı bilirdi. Amma taleyimlə barışmamışdım, bu döldən də qurtulmaq fikrim qətiydi. İntəhası necə? Ağır yük götürürdüm, hündürdən hoppanırdım, di gəl, heç biri bir nəticə vermirdi. Mənim hərəkətlərimi altdan-altdan izləyən qaynanam Eminin gözünü açmağa çalışırdı:
– Bax, arvadın özünü yaman ora-bura vurur. Gözdə-qulaqda ol haa, yoxsa bunu da tələf eləyəcək.
– Qoy bildiyini eləsin, mən də onun bütün nəslini məhv eləyəcəm onda.
Qəlbimin bir daldasında qurduğum şəffaf dünyam, şüşə qəsrim çiliklənib içimə dağılırdı, həyat gözümdə xarabazara dönürdü. Əslində mənim çoxuşaqlı ana olmaqdan ötrü dodağım çatlayırdı, ancaq bu mühitdə, bu şəraitdə, bu işgəncələr altında daha bir uşağımın doğulmasını arzulamırdım. Mən övladımı çöldə bitən eşşək qanqalı kimi yox, qızılgül kolu kimi yetişdirmək, bəsləmək istəyirdim. Layla çalırdım – lağ eləyirdilər, nağıl danışırdım – ələ salırdılar, qaravəlli deyirdim – sözümdə sətiraltı məna, eyham axtarırdılar. Nənəmdən aldıqlarımı tək balama ötürə bilmirdim, yüz illərin sınağından çıxmış sehirli kəlmələri onun qulağına üfürə bilmirdim – ikincini, üçüncünü doğsaydım nə dəyişəcəkdi ki!..
***
Bir gün həyətdəki mehriban, dərdbilən qovağın dibində Cavidin paltarlarını yuyurdum.
Hə, burasını da deyim: qaynatam ağacın gövdəsi qurtaran yerdə, budaqların arasında gözəl bir köşk qurmuşdu; döşəməsinə qalın taxta vurub qıraqlarına sürahi bərkitmişdi, üstünü də bağlamışdı. Emin arabir dostlarıyla çıxıb orda nərd oynardı, bəzən samavarı da ora qaldırardı. Köşkdə dincəlmək üçün əməllicə şərait vardı; mən oranı tez-tez silib təmizlərdim, döşəməyə kilim sərib üstünə döşək, mütəkkə qoyardım. Günlər isti keçəndə orda yatmaq üstündə dava düşərdi, yay gecələrində qovağın əsdirdiyi yelin hesabına köşkün havası yerə baxmış sərin olardı. Hərdən mən də gecələr o köşkə çıxardım, döşəyin üstünə uzanıb ulduzlara baxardım. Qovağın yarpaqları pıçıldaşdıqca mən də bu müdrik ağacın dediyini anlamağa çalışardım…
Pal-paltarı tələsik yuyurdum ki, əlim boşalsın, evə gedib qaynatamın günorta iynələrini vurum. Bu zaman Emin qovaqdakı talvardan düşüb meyvə bağına keçdi. Buna bir az sevindim, çünki onun günorta yeməyinin vaxtıydı, bağda başı qarışsaydı, paltarları durulayıb sərməyə də macal tapacaqdım.
Ancaq Eminin getməyilə qayıtmağı bir oldu. Yanımdan ötəndə bir əlini belimə qoyub, o biri əliylə buduma dürtmə vurantəhər bir hərəkət elədi:
– Acından ölürəm, gəl mənə yemək ver.
– Sən əlini yuyub evə qalxanacan mən gəlirəm, – deyib, uşağın paltarlarını tələm-tələsik yaxalayıb ipdən asdım.
Evə qalxanda qaynanam məni mətbəxə keçməyə qoymadı:
– Sən get kişinin iynələrini vur, mən Eminə yemək verərəm.
Qaynatamın otağından acı dərman qoxusu gəlirdi, amma deyim ki, mən bu qoxunu xoşlayırdım, üstəlik, yarıqaranlıq otağın aurası məni həmişə sakitləşdirirdi. Burdakı zaman qalan otaqlardakı, eşikdəki, dünyadakı zamana qaynayıb-qarışmırdı, buranın zamanı yüz ildən qalmaydı, qədim idi. Dərin meşin divan, enli kreslolar, divarın içindən hörülmüş taxçalar, taxçaların qozdan qayrılmış qapıları, ağır kitab rəfləri, ağzı qıfıllanıb üzü divara çevrilmiş qədim işləməli iri qara sandıq, bir küncə qoyulmuş saçaqlı abajur məndə mistik ovqat yaradırdı. Təkəlduzla bəzədilmiş cürbəcür döşəkçələr, dolablara sərilmiş tikmələr mənə nənəmin əl işlərini xatırladırdı. Bəzisi əllə yazılmış qədimi Quranları vərəqləyəndə içimə təskinlik dolurdu. Hərdən mənə elə gəlirdi nə vaxtsa bu otaqda doğulub, yaşayıb, qocalıb ölmüşəm, sonra yenidən doğulmuşam.
Dərman iyinə qarışmış tənbəki qoxusu da vardı otaqda. Qaynatam çəkdiyi qəlyanın tütününü də özü becərirdi. Qurumuş tütün yarpaqlarını ovub üstü naxışlı tafta torbaya doldurur, taxçalarda saxlayırdı.
İndi yenə Mahmud əmi uzunqol qəlyanı damağında dərin meşin kresloda oturub ayaqlarını cecim adyala bükmüşdü. Məni görcək kişi fikirli-fikirli dilləndi:
– Dovşan, vurduğun iynələr məni sağaltmadı axı.
Mən bilirdim sağaltmayacaq, bilirdim bütün müalicələr faydasızdı. Kişi üçüncü infarktın cəngində yaşayırdı artıq. Amma onun ölməyini bu evdə bəlkə hamıdan çox istəməyən mən idim, bundan ötrü əlimdən gələni əsirgəmirdim.
Ona təsəlli verməyə çalışdım:
– Siz bir az da səbr eləyin, inşallah yaxşı olacaqsız.
Bir əlimdə dərman dolu şpris o biri əlimi pambığa atanda mənə elə gəldi xalatımın sağ cibi tərəfdən qarnım qıdıqlanır. Pambığı masanın üstünə tullayıb əlimi cibimə saldım…
Qaynatam hələ də danışırdı:
– Dovşan, axşamüstü gəl yanıma, o sandığı (əliylə küncdəki qara sandığı göstərdi) açacam, orda sənə veriləsi şeylər var. Amma heç kəsə deməyəsən ha!
Bu evə gəldiyim gündən o sandıq mənə çox sirli, hətta deyərdim sehirli görünürdü. Nənəmin də buna bənzər bir sandığı vardı, gündə azı üç dəfə başımı o sandığa soxmasam dinclik tapmazdım. Hərdən buna görə nənəm hövsələdən çıxardı:
-Ay bala, axı o sandıqda kimin başı qalıb ki, sən bütün günü onun altını üstünə çevirirsən?!
İndi qaynatam sandığı açmaq istədiyini deyəndə çiçəyim çırtladı.
…Əlimi cibimə atanda əlim balaca, bərk bir şeyə dəydi. Mahmud əmi danışırdı deyə gözüm onun ağzındaydı, ona görə də hələ cibimdən çıxan əlimə baxmağa macal tapmamış qaynatamın bərəlmiş gözlərini gördüm. Kişinin heyrətdən sözü ağzında qaldı, istər-istəməz mən də nəzərlərimi onun baxdığı səmtə endirdim. Qəribə, əcaib bir şey ovcuma yapışmışdı.
Düzü, məni ovcumdakından da çox qaynatamın baxışları qorxutdu. Əlimi silkələyib ovcumdakını yerə atmaq istədim, ancaq o nəydisə əlimdən qopmadı. Vahimə içində bir ağız bərkdən qışqırıb qolumu daha möhkəm buladım. Əlimdəki tappıltıyla döşəməyə dəyəndən sonra yavaş-yavaş tərpənməyə başladı. Hələ nə olduğunu anlamadığım canlının yerdə tərpənməsiylə mənim də canımda bir titrəyiş, bir tərpəniş oldu. İçimdən nəsə şaqqıltıyla qopub düşdü, göbəyimə xoş bir ağrı, boğazıma istilik, gözlərimə spiralvari dalğalar axdı. Qaynatam güclə yerindən qalxıb yerdəkini əlinə alanda mən içimdən qaynar bir mayenin püskürüb zərblə topuqlarıma dəydiyini hiss elədim. Dərman dolu şprisi yerə atıb əllərimi bir addımlığımdakı masaya söykədim. Ciyər dolusu nəfəs dərib qorxa-qorxa yerə baxdım: ayaqlarımın arasında qan göllənib döşəməyə yayılırdı.
Qaynatam başını qapıya sarı çevirib:
– Əəə, – dedi (nədənsə çox vaxt qaynanama “ə” deyə səslənərdi), – harda öldün qaldın sən, tez bura gəl!
Nə baş verdiyini hələ də anlamırdım. Qaynanam ayaqlarını yerə döyə-döyə içəri girib məni görəndə necə qıyya çəkdisə, göbəyimdəki zəif, şirin ağrı güclü bir sancıya döndü, elə bildim belimin incəsinə iti bir mişar çəkdilər. Döşlərim gizildədi, ağzıma iyrənc qan qoxusu doldu, ürəyim bulandı. Bir ağız öyüyən kimi qaz yumurtası boyda yumru bir şeyin içimdən zərblə çıxıb yerə dəydiyini gördüm. Qaynanam hər iki əliylə başına döydü:
– Vay balamın evi yıxıldı, bu da belə məhv oldu!
Sonra qolumdan tutub məni stula oturtdu:
– Yenə nə əməl işlətdin, nə oyun çıxartdın ki, bu uşağı da saldın, həə?!
Eşitdiyim məni necə sevindirdisə halım tamam yadımdan çıxdı. İstədim şaqqanaq çəkib güləm, hoppanıb-düşüb çığıram, evin içində o baş-bu başa qaçam. Gözümə inanmırdım, qan gölməçəsinə baxdıqca şadlığımdan şıllaq atmaq istəyirdim.
Qaynatam yerdən götürdüyü canlını qaynanamın gözünə soxa-soxa:
– Allahsız danışma, – dedi, – gəlin bundan qorxdu. Mənim gözlərimin qabağında oldu.
Kişi əlini irəli uzadanda ovcunda bir tısbağa balası gördüm. Mat qaldım, axı tısbağanın mənim cibimdə nə işi vardı? Qaynanam mənim tısbağa vurğunu olduğumu bilirdi, həyətin harasında tısbağa görsəydim, tutub qaynımın uşaqlarıyla oynadardım. Qaçmasın deyə Bəhruz hərdən tutduğu tısbağanı qaynanamın iri mis qazanına salıb ağzını örtər, mənə saxlayardı. İndi qaynanam bu balaca tısbağaya qan düşməninə baxdığı kimi baxırdı:
– Camaatın gəlinləri qızıl-gümüşlə oynayanda mənimki də tısbağayla oynayır. Kül mənim başıma! Sən onu cibinə niyə qoyurdun axı, ay bala?
And-aman elədim, Quranı-kitabı ortalığa tökdüm:
– Vallah-billah mənim bundan xəbərim yoxdu.
Qaynatam əlində tısbağa bayıra çıxan kimi Emin özünü içəri atdı. Qaynanam ayaqlarımın arasında göllənmiş qanın üstünü iri köhnə bir adyalla örtmüşdü. Mən özümü itirmişdim, gah otururdum, gah ayağa qalxırdım. Eminin başı qapının arasından görünəndə elə bil yaddaşım yerinə qayıtdı, tez qaynanama xəbərlədim:
– Zöhrə xala, bayaq mən paltar suya çəkəndə tısbağanı cibimə Emin atdı!
Emin də hələ nə baş verdiyini anlamamışdı; anlayanda pörtüb qızardı, tutduğu əməli dan-dilim dandı:
– Yalan deyir, mənim bu işdən xəbərim yoxdu.
Az əvvəl həyətdə paltar yuyanda Eminin mənə nədən ötrü yaxınlaşdığı indi əyan olmuşdu mənə. Onun bu sayaq kobud zarafat eləməyi vardı, ancaq indi bu zarafatının nəylə nəticələnəcəyini bilsəydi, ömründə belə iş tutmazdı. Bir dəfə də qurumuş fındıqla dolu iri ləyəni başıma alıb ərzaq anbarına aparanda Emin məni qorxutmaq üçün ləyənə tapançadan güllə atmışdı (burasını da deyim ki, o, çox yaxşı atıcıydı, göydə uçan quşu da dəqiq nişan alırdı). Mən ləyəni yerə tullayıb qaçmışdım, bir ləyən fındıq həyətlə bir olmuşdu. Mənim qorxudan sağa-sola çovumağım onu yaxşıca güldürüb əyləndirmişdi.
Ancaq bu dəfə əyləncəsi mənim xeyrimə işləmişdi, özü də bilmədən canımı böyük bir qayğıdan, əzabdan qurtarmışdı. İndi ata-anası Emini danladıqca az qalırdım onun müdafiəsinə qalxam.
Bu ağrılı sevinclə özümü sürüyüb hamama saldım. İlıq su başımdan girib ayağımdan çıxdıqca ağrım-acım da canımdan çıxıb suya qarışdı…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52