Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Şakir YAQUBOV
Dostlardan danışarkən iki nəfəri xüsusi qeyd etməliyəm.
Yaşına və başına görə şair-publisist Tofiq Abdinin adını birinci çəkirəm.
Onunla tanışlığım və sonradan yaranan ailəvi dostluğumuz vaxt hesabıyla 75-ci ilin yayından başlayır: “Azərbaycan gəncləri”ndə işdən sonra “Baksovet” məhəlləsindən ayaqlarımızı sürüyə-sürüyə getdiyimiz yerlər, adətən, pivəxanalar olardı.
O vaxt Bakıda sırf pivəxanalar çox az idi, ona görə də biz suyun az, əsil pivəninsə kifayət qədər çox verildiyi ünvanları axtarmaq məcburiyyətində qalırdıq.
Biz deyəndə mən o vaxtlar üçün nisbətən cavan olan iş yoldaşlarımızı – Qiyas Rəhimovu, Möhbəddin Səmədi, Yusif İsmayılovu, Aslan Kəmərlini, özü az içən, lakin içirtməyi xoşlayan Ağaqulu Niftəliyevi və başqalarını nəzərdə tuturam.
“Və başqaları” da həmin saatlarda rastımıza çıxan şair və yazıçılarımız olardı.
Keçmiş “Semaşko xəstəxanası”nın arxasında, “morq”un yaxınlığındakı pivəxanada tanış olduğum peşəkarlardan biri Tofiq Abdin idi. Tofiq onda “Qobustan” jurnalında işləyirdi, təxminən 35 yaşı olsa da hələ evlənməmişdi, elə o pivəxana tərəflərdə kirayədə qalırdı. Onunla sözümüz tutdu və bu münasibət təxminən 40 il davam elədi. Dəhşətli dərəcədə istiqanlı, xoşqılıq adam idi.
Sonralar metronun “Qara Qarayev” stansiyası yaxınlığında yaşadığı 9 mərtəbəli evin sonuncu mərtəbəsindəki mənzilindən 80-90-cı illərdə qonaq-qara əskik olmazdı. “Jiquli”si vardı, səhər saat 10-da, 11-də evdən çıxar və Aktyor evinə – iş yerinə qədərki yolda, indiki dillə desək, “taksavatlıq” edər, qabağına çıxan adamları mənzil başına çatdırardı. Axşama ən yaxşı halda on manatla evə qayıdar, onu da rastına çıxanların qarnına tökərdi…
Dəhşətli dərəcədə romantik adam idi və elə güman edirdi ki, bütün dünya elə bu cürdür. Məhz bu düşüncəylə rus mətbuatından oxuduğu yazı qəhrəmanlarının iziylə axtarışa çıxar, Ukraynaya, o vaxtkı Belorusiyaya və hətta… Bolqarıstana getməkdən çəkinməzdi.
Abbas Abdulla 1993-cü ildə Azərbaycanın İstanbulda konsulu təyin edilərkən Tofiqin həyat yoldaşını mühasib sifəti ilə işə götürmüşdü və bu hesaba Tofiq də illərlə həsrətində olduğu Türkiyəni görmək, orada yaşamaq fürsəti əldə etmişdi. 2001-ci ilin erkən yazında Türkiyədən Vətənə dönəndə buradakı köhnə tanış-dostlarının hərəsinin başı bir problemə qarışdığı üçün daha əvvəlkitək yemək-içmək məclisləri düzəltməyin mümkünsüzlüyünü görüb oğlu yaşında olan “təzə modernistlər”ə qucaq açmışdı – gününün çox hissəsini onlarla keçirirdi.
Romantikliyi bir yana, daxilən həm də qiyamçı adam idi və buna görə o dövrün yazılmamış qaydalarına görə bütün “prezidiumlar” və mükafatlar ondan uzaq qaçırdı. O isə bunu özünə dərd edib yazılı və şifahi şəkildə harda gəldi bəyan edirdi…
İlk mükafatı – “Səhər” mükafatını ona biz verdik, adı mükafat idi – altında heç nə yoxudu.
2002-ci ildə hansısa yaradıcılıq uğuruna görə xalq şairi Rəsul Rza adına beynəlxalq ədəbiyyat mükafatını aldı.
2010-cu ildə isə həqiqi mükafata – Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü.
Eşitmişdim ki, bu mükafatı almağa onu “525-ci qəzet”, daha doğrusu, qəzetin baş redaktoru Rəşad Məcid təqdim eləyib. Bunu dəqiqləşdirmək üçün yaxınlarda telefonla Rəşada müraciət elədim.
Sorğuma onun yazılı cavabı belə oldu: “Tofiq Abdini qiyabi olaraq lap çoxdan tanıyırdım. Hələ özüylə tanış olmazdan əvvəl “Qobustan” jurnalından yazılarını oxumuşdum. Amma şəxsi tanışlığım Tərcümə Mərkəzində oldu. O zaman Tərcümə Mərkəzi hələ yeni yaranmışdı və onu Mais Əlizadə (filologiya elmləri namizədi – Ş.Y.) ilə birgə orda gördüm. O vaxtdan yadımda qalan hündürdən, hay-küylü danışığı və əlində maşın açarını fırlatması, cavansayağı geyimi olmuşdu.
Sonrakı illər o, Türkiyəyə getdi və əlaqələrimiz kəsildi. Amma elə Türkiyədən “525-ci qəzet”ə yazılar göndərirdi, “Oralarda kimlər var” silsiləsini aparırdı.
İlk vaxtlar türk sənətçilərindən, musiqiçilərindən, ədəbi mühitindən yazırdı. Türkiyə səfərlərimdən birində Tofiqlə İstanbulda görüşdük. O Asiya səmtində qalırdı və yadımdadır ki, mən ilk dəfə məhz Tofiqlə gəmi ilə – türklərdə deyildiyi kimi, vapurla Avropa tərəfdən Asiya tərəfə keçdim. Ailəsi ilə tanış oldum, gecə də onun evində qaldım (Buradaca deyim ki, bu, hökumətin büdcəsi hesabına İstanbul konsulluğunun əməkdaşları üçün kirayələnmiş bir ev idi və işçilərin hərəsi 4-5 otaqdan ibarət bir mərtəbədə yerləşirdi. Mən də həyat yoldaşım və indi özü də diplomat olan kiçik qızım Aysellə Tofiqgilin həmin mənzilində qalmışıq. Hətta qızım yoldaşımla bir neçə dəfə! – Ş.Y.)”.
Rəşad daha sonra yazırdı: “Tofiq Abdin çox maraqlı adam idi, müxtəlif adamlar haqda orijinal fikirləri vardı. Türkiyədən qayıdandan sonra qəzetimizlə əməkdaşlığını davam etdirdi.
O da yadımdan çıxmır ki, qayıdıb gələndən sonra “525-ci qəzet”in 15-20 işçisinə qonaqlıq verdi və mən onu xərcə salmamaq üçün hesabı ödəmək istəsəm də, buna qəti razı olmadı. Onun bu hərəkəti mənim yadımda çox böyük comərdlik kimi qalıb.
Tofiqlə hərdən zarafatlarım da olurdu. Bəzən yarızarafat gileylənirdi ki, “525” mənim 23 yazımı çap etməyib. Hansısa səbəbdən çap eləmədiyimiz yazılarını saymışdı. Ona görə mən “Bəs neçə yazınızı çap eləmişik?” soruşanda çox böyük rəqəm deyirdi, məsələn, 182… Bunu eşidənlər gülürdülər, çünki çap olunan yazıları hədsiz çox idi.
Tofiq Abdin Anar müəllimlə birgə “Qobustan” toplusunda işləmişdi. Türkiyədən qayıdandan sonra Anar müəllim onu “Ulduz” jurnalına işə götürdü. Anar müəllimin ona çox həssas münasibətini görmüşəm hər zaman. Hətta bir ara “Qobustan”ın baş redaktoru vəzifəsini də ona təklif etmişdi. Amma yəqin ki, Tofiq artıq sakit, rahat həyat istəyirdi, ona görə razılaşmadı.
2010-cu ildə Azərbaycan Jurnalistikası Günü ərəfəsində KİV işçilərinə fəxri adların verilməsi məsələsi aktuallaşmışdı. Mən Tofiqin çoxillik fəaliyyətinə, mütəmadi çalışmasına görə onun fəxri ada təqdim olunması məsələsini qaldırdım. O vaxt Tofiq “Xəzər” jurnalının əməkdaşı idi. Tərcümə Mərkəzinin sədri Afaq Məsudla məsləhətləşdik ki, onun haqqında təqdimat yazsın. Beləcə Tofiq “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü. Buna çox sevinirdi, hər yerdə danışırdı bu haqda.
Tofiq bir müddət Türkiyədə yaşadığına görə bizim mühitin bəzi incəliklərini bilmirdi. İndi təbəssümlə xatırladığım sözləri, fikirləri var. Biri yadımdadır ki, o zaman televiziyalardan birində “Media və mən” verilişi vardı, Tofiqlə məni qonaq çağırmışdılar ora. Amma o zaman qəzetimizin bir əməkdaşı televiziyaları ardıcıl tənqid etdiyinə görə TV rəhbərləri ilə münasibətimiz pozulmuşdu. Mən nədənsə şübhələndim ki, o süjeti efirə verməyəcəklər. Çünki, ola bilsin, çəkilişdən rəhbərliyin xəbəri olmayıb, amma sonra biləndə ki, mənəm qonaq, qoymayacaqdılar. Tofiq isə bütün qohum-əqrəbasına xəbər etmişdi ki, baxsınlar verilişə… Mən təbəssümlə “Tələsmə, bəlkə heç efirə getmədi süjet” – deyəndə inanmadı, təəccübləndi.
Amma sonra, doğrudan da, mən dediyim kimi oldu, süjeti efirə vermədilər. Və bu, Tofiqi çox heyrətləndirmişdi, mənə “Axı bunu necə bildin?” deyirdi…
Son illərdə Tərcümə Mərkəzində işləyirdi. Qəzetin də redaksiyası mərkəzin birinci mərtəbəsində idi. Ordan düşüb gəlirdi redaksiyaya və hər gəlişi özünəməxsus – hay-küylü olurdu.
Dostlarını bir-biri ilə tanış etmək xasiyyəti də vardı. Yazıçı və son dərəcə maraqlı adam Aslan Qəhrəmanovla məni məhz Tofiq tanış etmişdi. Allah hər ikisinə rəhmət eləsin, çox duzlu, məzəli adamlar idilər. Bəzən Tofiq müəllim yazılarında qəribə priyomlar işlədirdi. Məsələn, yazının ortasında “gedim çay qoyum” yazırdı. Bir-iki abzasdan sonra “çaydan qaynadı, gedim götürüm” yazırdı. Bizim də redaktorlar bu cümlələri çıxarmaq istəyəndə etiraz edirdi. Soruşurduq axı buna nə ehtiyac var, sübut etməyə çalışırdı ki, qalmalıdır. Sonralar bunun üstündən keçirdik, çünki hər nəydisə, üslubu belədir.
Bəzən sadəlövh işləri də olurdu, uşaq kimiydi az qala. Bir dəfə “Ədalət”in baş redaktoru İradə Tuncay ona Əlağa Kürçaylının yubileyi ilə bağlı yazı tapşırmışdı, Tofiq də elə şeyləri yazmışdı ki, Kürçaylının uşaqları çox ciddi etiraz eləmişdilər yazıya. Yəni guya yubiley yazısı yazıb, amma tamam yubilyarın əleyhinə… O vaxt, yadımdadır, etirazları görəndə heç tam anlamırdı ki, yazısında yanlış olan nədir. Yəni o qədər uşaq təbiətliydi.
Atamla tez-tez telefonla danışırdı. Bir dəfə “qocalıram” deyib gileylənmişdi, atam da ona “Qocalmaq xoşbəxtlikdir, hər adama nəsib olmur” deyəndə çaşıb qalmışdı Tofiq. Amma sonra atam izah edəndə, deyəndə ki, axı hər adam o yaşa çatmır, qocalıq yaşına çatmaq da səadətdir, çox təsirlənmişdi bu fikirdən”.
Rəşad Məcid xatirələrini belə yekunlaşdırmışdı: “…Tofiqin ölümü qəfil oldu. Bir neçə günün içində, əvvəl elə bilirdilər zəhərlənib, sonra məlum oldu ki, infarkt imiş. Ölümü hamımıza çox pis təsir etdi. Çünki o, 74 yaşında da cavan ruhlu idi, geyimi də, davranışı da cavanlarsayağı idi. Elə bilirdik 80-90 yaşında da belə olacaq.
Onun ölümü Yazıçılar Birliyində də hər kəsə, xüsusən Anar müəllimə ağır təsir etmişdi. Ədəbi mühitin bir sıra nümayəndələri ilə bərabər Tofiq Abdinin dəfn mərasiminə qatıldıq. Məzarı başında çıxış edərək Tofiqin şəxsiyyəti, yaradıcılığı barədə fikirlərimizi bölüşdük. Sonra isə Yazıçılar Birliyinin rəhbərliyi olaraq hamılıqla onun yas məclislərində iştirak elədik.
Tofiq Abdin çox işıqlı insan kimi, isti xatirələrlə qalıb mənim yaddaşımda. Allah ona rəhmət eləsin!”.
Tofiqin bir insan və dost kimi qəribəlikləri mənim təki hər şeyə vasvasılıqla, ciddiyyətlə yanaşan bir adamı heç açmırdı. Mən bunu onun 70 yaşı münasibətilə 2011-ci ilin sentyabrında yazdığım şəxsi – arxiv məktubunda, zənnimcə, kifayət qədər aydın və bir qədər də sərt şəkildə ifadə etmişdim. Ancaq o, heç nəyə məhəl qoymadan onu “525-ci qəzet”də dərc etdirmişdi.
Budur həmin məktub: “Yadlar gəlib doğma olur, yaxın olur… Səni deyə bilmərəm, mənimsə ən çox istəmədiyim məhz buydu!
Ancaq nə edəsən, həyatın gərdişinə nə deyəsən? Yəqin elə bu cür lazım imiş. Bütün həyatımı, sağlamlığımı, xeyli mənada həm də ailə rahatlığımı qurban verdiyim Azərbaycan mətbuatında tam ARTIQ bir kəs olduğunu dərk və qəbul etmək necə də ağır imiş (amma o qədər də çətin deyilmiş) – dost yox, həmdəm yox, heç adicə salam verən də… Çünki yadlar gəlib doğma olub, yaxın olub…
Sən Türkiyədən ötrü sinov gedirdin. Türkiyəyə getdin və məni itirdin. Mənim əvəzimə “qazandıqların” isə mən olmadılar sənin üçün. 1993-dən bəri həmin kəsləri göz önünə gətirməyə çalışır, lakin heç birinin simasını gözlərində tutub saxlaya bilmirəm.
Yadıma oğlun Mətinin gərək ki, 97-nin, yox… 98-in yayında rəhmətlik Adilin otağına gəlib yazı gətirdiyimi, yoxsa qonorar aldığımı düşür. Balaca, cəmi 5-6 kvadratmetrlik otaqda Adillə üz-üzə oturub dərdləşirdik.
Mətin içəri girdi, Adil ayağa qalxıb onu qarşıladı, ayrı bir stulda oturtdu, hal-əhval tuta-tuta ya yazını qəbul etdi, ya da siyirməsinin gözündə gizlətdiyi qonorarı çıxarıb sayaraq ona uzatdı və “Tofiqə salam de” – söyləyərək xudahafizləşdi. Bütün bu proses boyu Şakir Yaqubov adlı birisi sanki heç orda yox imiş…
Xeyli sonra – yəqin ki, 2000-ci ildə, Adil sənin barədə “525”də yazanda mən bunu “kstati” ona xatırlatdım. Tutuldu. Qızardı və …səhv etdiyini söylədi. Ona elə gəlibmiş ki, Mətinlə mən öncə görüşmüşük…
Bu mənə yaxşı zərbə oldu!
Biz səninlə canbir qəlb deyildik (Bunu yazdım və 94-ün yanvarında İstanbulda, axşam süfrə başında iqtidarlara görə mübahisə etdiyimizi və hətta o qış gecəsində mənzilini tərk etməyə hazır olduğumu söylədiyim yadıma düşdü), amma eyni zamanda da – yaş fərqinə baxmayaraq – biz bir-birimiz üçün dostdan artıq idik. Bütün umu-küsüləri bir kənara qoyub elə həmin “Panorama”da sənin haqqında, şeirlərin barədə, kiçik də olsa, yazı dərc etdirdiyimi, Türkiyə qəzetlərindən şeirlərini toplayıb ana dilimizə çevirərək “Azərbaycan” jurnalında çap etdirdiyimi yəqin kor və kar tarix yaxşı bilir.
Hələ mən sovet illərində “Bəşir Səfəroğlu” kitabın barədə “Gənclər”dəki “resenziya əvəzi”ni demirəm… Yeri gəlmişkən, “Bəşir Səfəroğlu” kitabı, daha doğrusu, bu kitabın adı barədə 5-6 il öncə də nəsə yazmaq istəyirdim – yaddaşın vəfasızlığı və ya Tofiq Abdinin hədsiz yazar sərbəstliyi barədə: Afaq Bəşirqızının Moskvada atasına gecə keçirməsi və səni ora dəvət etməməsi ilə bağlı bir yazı idi və sən yana-yana aktyor haqqında hələ sovet illərində nə zillətlə “Günlər Bəşirsiz keçir” (???) adlı kitab yazmağından söz açırdın, qəzetdə isə üz qabığında kitabın adının “Bəşir Səfəroğlu” olduğu açıq-aydın görünürdü…
Buna ruslar “zakon podlosti” deyirlər (Yeri gəlmişkən, sizin Mətbuat Şuranızın sədri isə bir az da irəli gedərək, kitabı “Günlər keçir Bəşirsiz” adlandırıb).
Mənim üçün şair-publisist (başqa heç kim!) Tofiq Abdin elə budur: “Bəşir Səfəroğlu”, “Etüd” – Pərviz Rüstəmbəyov, “Lili İvanovanın barmaqları”, “Atama məktublar” – “…Burda adamların özü heç nədir // Burda familiyalar iş görür, atam!”, “Bu Şuşa o qədər ucadadır ki…” və “Kim nə deyirsə-desin, Tofiq Zeynalov çox AYIQ sənətkardır”…
Və bir də 8-ci kilometrdəki doqquzmərtəbənin 9-cu mərtəbəsi: “Oturmuşam eyvanda // Ayaqlarımı sallamışam günəşə…”
Bütün bunların müqabilində mən “Əməkdar jurnalist” deyiləm, sadəcə, sənin kimi “Əməkdar mədəniyyət işçisi”yəm…
BÖYÜK OĞLAN OLASAN, Tofiq MƏHƏRRƏMOĞLU!..
İmza: elə həmin Şakir…
P.S. Bu məktub əsla çap üçün deyildir!!! (3 nida!)
T.ABDİNİN QEYDİ: “Hörmətli redaktor! Sizin də gözəl tanıdığınız ustad qələm sahibi Şakir Yaqubov bu yazını mənim e-mailimə göndərmişdi. Mən yazını oxudum, belə bir yazının təkcə arxivdə qalması insafdan deyildi. Yalnız mənim haqqımda olduğuna görə yox, həm də ustad bir yazarın iç ağrıdan qeydləri məni həqiqətən sarsıtdı və mən ondan xahiş elədim ki, icazə versin, yazını çap etdirim. İnad elədi, amma nə fikirləşdisə, bir neçə saat sonra telefon açdı ki, necə bilirsənsə elə.
Bir daha dostum və gözəl publisist Şakir Yaqubova təşəkkürümü bildirir, – Əllərin var olsun, – deyirəm. Ona cansağlığı arzu edirəm”.
…Bir ona təəssüflənirəm ki, unudulmaz dostumla səhhətimin ucbatından vidalaşa bilmədim…
(Ardı var)