Aynur MƏSİMOVA (TƏMKİN)
Qəribə tarixçəsi vardı bu sevginin. Bu sevgi hekayəsi həyatın bir anının məhsulu olub, hər iki gənci cənginə alaraq sevgi burulğanına salmışdı.
İkisi də eyni universtitetdə təhsil ala-ala bir-birindən xəbərsiz, bir-birini tanımadan eyni pillələrlə qalxır, eyni dəhlizdə gəzinərdilər. Rauf yaraşığı ilə oğlanların arasında seçilir, qızların qəlbini ovsunlayır, hətta bəziləriylə kiçik eşq macəraları yaşayır, lakin heç biriylə münasibətlərini dərinləşdirmirdi. Onun fikriycə, rahat əldə edilə bilən heç bir münasibət dəyərli ola bilməzdi. Şahanə isə tam tərsi – bəzək-düzəkli qızların yanında solğun baxılır, dərsdən başqa heç nə barədə düşünmürdü. Fikri yalnız oxumaq, gələcək karyerasını qurmaq idi. Bəzən dəhlizdə rastlaşsalar da, biri o birinin varlığından xəbər tutmadan keçib gedərdi.
Hər şey ilin sonunda universtitetdə keçirilən Yeni il karnavalından başlandı və hər ikisini qırılmaz tellərlə bir-birinə bağladı. Heç zaman heç bir şənlikdə iştirak etməyən Şahanə rəfiqələrinin təkidi ilə ora getməyə razılaşmışdı. Sonradan peşman olsa da, qızlar ondan əl çəkməyib zorla qapıdan çıxartmışdılar. Rəfiqələri uzun yalvar-yaxardan sonra onu don geyinməyə, makiyaj etməyə razı salmışdılar.
Qız geyinib çıxdıqda Nailəylə Məlahət çaşqınlıq içində quruyub qalmışdılar. Şahanə zərifliyi, qaməti, yaraşığı ilə onları valeh etmişdi. Nailə gülə-gülə Məlahətə göz vurub, Şahanəyə sataşmışdı:
– O, Şahanə xanım, indi aydın oldu sən niyə hər zaman şalvarda gəzirsən. Qız, vallah, sözüm-bezim qurtardı. Mən sənin bu qədər gözəl olduğunu bilmirdim. Qız, vallah, karnavalın gözü sən olacaqsan, bunu başdan deyim.
Gənclər dəstə-dəstə toplanıb zala girirdilər. Nailə Şahanəylə bərabər paltolarını qarderobdakı qadına verib, mərmər pillələrlə yuxarı qalxaraq böyük zala daxil oldular. Şən musiqi səsi, nəşəli gənclərin şaqraq gülüşləri bütün vestibülə yayılıb əhval-ruhiyyəni yüksəldirdi. Qızlar birgə içəri girdikləri zaman sanki hamının başı bir andaca onlara tərəf döndü. Qızlar onlara yönələn baxışların təsirindən özlərini itirdilər. Həqiqətən Şahanə o qədər zərif və gözəl görünürdü ki, ona baxmamaq mümkün deyildi. Deyəsən Şahanəni tanıya bilməmişdilər. Nailədən onun kim olduğunu soruşur, heyranlıqla süzürdülər. Qızın kül pərisindən gül pərisinə dönüşünü təbəssümlə qarşılayır, onun nə qədər cazibəli bir xanım olduğunun yalnız indi fərqinə varırdılar.
Rəqsin biri qurtarmamış o biri başlayır, gənclər ortada süzürdülər. Bu ortam Şahanəyə yad olduğu üçün sıxılır, getməyə bəhanə axtarırdı. Çoxlarının ona zillənən maraq dolu baxışları altında qız əzilib, narahat olurdu. Onun bu çaşqın halını görən qrup yoldaşları sıx həlqə yaradıb Şahanəni dövrəyə aldılar. Oğlanların bəziləri onu heyranlıqla süzür, qızlar xoş təbəssümlə gülümsəyirdilər. Yad baxışların sayı artdıqca qızın narahatlığı da artırdı. Rəqs təklif edən uşaqlara yox cavabı verir, getməyə fürsət gözləyirdi.
Rauf dostlarıyla əylənir, gecənin təsirindən xoşhallanırdı. Hey ora-bura boylanır, gözləriylə bir-bir hər yanı süzürdü. Qəfil baxışları Şahanənin üzərində dayanan oğlan qızın ürkək halından təsirləndi. Başının işarəsiylə qızın kim olduğunu soruşdu. Gənclər bir ağızdan onun kim olduğunu bilmədiklərini söylədikdə maraq oğlana daha da güc gəldi. İlqara yaxınlaşıb qızı tanıyıb-tanımadığını soruşdu. İlqar gülümsəyərək Raufa sataşdı:
– Ə, qağa, mən ölüm zarafat edirsən? Doğrudan yerlini tanımırsan?
Raufun marağı daha da böyüdü:
– Kimin yerlisi, mənim? Bu qız həqiqətən bizim rayondandır? – deyə sualı sualla cavablandırdı.
Oğlan bərkdən güldü:
– Nə yaxşı, bu günə kimi Şahanə sənin diqqətini çəkməyib. Hərçənd elə mən də onun bu qədər gözəl olduğunun yalnız indi fərqinə varmışam.
Raufun iki gözü qızda qalmışdı. Ürəyində heç zaman hiss etmədiyi bir duyğu baş qaldırmışdı. Sanki içində nəsə qıdıqlanır, baxışları qıza sataşdıqda könlünü titrədən bir cərəyan keçirdi. Şahanənin yoldaşlarıyla söhbət edə-edə qıza çox yaxın durub onun saçlarının ətrini belə hiss edə bilirdi. Qız ürkək ceyran kimi üzünü isidən o baxışları hiss edir, ürəyinin təlatümlə çırpınmağından narahat olurdu. Amma bunu büruzə vermir, sanki oğlanı görmürmüş kimi qızlarla söhbətləşirdi. Bu oğlan kim idi, nəçi idi, ona maraqlı deyildi.
O gözəl gecədən sonra Şahanə Raufu daha tez-tez görür, oğlanın onu addım-addım izlədiyini hiss edirdi. Əvvəl-əvvəl oğlanın bütün hərəkətləri qızı sıxıb əsəbləşdirirdi. Rauf onun hər addımını təqib edir, qızın kölgə kimi arxasında olurdu. Lakin yaxınlaşıb heç nə demir, sadəcə izləməklə kifayətlənirdi.
Birinci kursdan Şahanəyə həmişə hörmətlə yanaşan İlqar karnaval gecəsindən sonra qəribə sevdaya tutulmuşdu. Qızın surəti gözü önündən çəkilmir, şiddətli bir duyğu get-gedə varlığına hakim kəsilirdi. Qızı görməyəndə darıxır, bircə an ona yaxın olmaq, yanında durmaq üçün hər cür səy göstərirdi. İçindəki təlatümü yatdıra bilmir, sevdası günü-gündən dəhşətli fırtına kimi onu ağuşuna alıb aparırdı. Hər dəfə özünə söz verirdi ki, Şahanəni görəndə onu sevdiyini söyləyəcək, lakin rastlaşdıqları zaman iqtidarı əldən verib günü günə calayırdı. Son zamanlar içinə bir qorxu da dolmuşdu. Qızı itirmək, onsuz olmaq İlqar üçün ölümə bərabər idi. Anası oğlunun halını görür, tez-tez evlilikdən söz salır, bibi qızını, dayı qızını tərifləyir, başqa qıza sevdalanmaması üçün qulağını çəkirdi. Bu da gəncə pis təsir edir, qıza açılmasına mane olurdu.
Rauf auditoriyanın qarşısında duraraq bir gözü qızda, bir gözü tələbələrdə İlqarı gözləyir, səbirsizcəsinə saatına baxırdı. Nəhayət, İlqarın gəlişini görüb ona yaxınlaşdı. Qolundan tutub onu kənara çəkdi:
– Nə xəbər var, ə, qağa?! – deyə İlqar gülərək Raufa göz vurdu. – Səhər-səhər nə olub? Yaman həyəcanlısan.
– Sənə işim düşüb, qarabağlı balası. Bir tək sən məni anlayarsan.
Rauf bir anlıq duruxub, udqundu. Dilinin ucundakı kəlmələri necə deyəcəyini düşündü. Bir zamanlar utanmadan, çəkinmədən neçə qıza şirin sözlər deyən oğlan indi çaşıb qalmışdı. O heç zaman bu qədər həyəcanlı olmamışdı. Rauf cibindən kiçik məktubu çıxardıb İlqara uzatdı:
– Mən Şahanəni sevirəm. Ona aşiq olmuşam, İlqar. Səndən xahiş eləyirəm məktubu Şahanəyə çatdır. İstəmirəm kimsə görsün, Şahanə dilə-dişə düşsün. Səndən çox xahiş eləyirəm mümkün qədər bunu ona tez çatdır.
İlqar Raufun qarşısında özünü itirdi. Sanki göy guruldadı, hər yan lərzəyə gəldi. Yaxın bildiyi, dost sandığı adamdan eşitdikləri onun iç dünyasını silkələyib, hər şeyi bir-birinə qatdı. Oğlan özünü bu anda ölüm hökmü oxunmuş bir məhbusa bənzətdi. Hər şey bir andaca dəyərini itirdi, mənasız bir ortama döndü. Gözləri alacalandı. Əlini uzadıb məktubu götürdü. Kağız qor kimi əllərinə yapışıb onu yandırdı. Bu nədir, mən neyləyirəm belə? Öz sevgimi etiraf edə bilmədiyim halda özgəsinin naməsini sevdiyim qıza necə verim? Bəlkə cırıb atım. Amma yox, bu kişilikdən olmaz. Əvvəl-axır üstü açılar, onda Şahanənin üzünə necə baxaram. Mən bunu edə bilmərəm. Bəs, yaxşı, sevdiyimə bir başqasının məktubunu vermək necə? Budumu kişiliyə yaraşan hərəkət?! Ax, ax, İlqar. Əgər kişiliyin çatsaydı, cəsarətin yetsəydi, sevdiyini söyləyib duyğularına sahib çıxsaydın, indi bunu yaşamayacaqdın.
Nailənin cır səsi onu xəyallarından ayırdı. Keçib auditoriyada yerinə əyləşdi. Şahanə qarşısında oturmuşdu. Qız ona ətrini duyacaq qədər yaxın, əli çatmayacaq qədər bir uzaqlıqda olub qəlbini parçalayırdı. Astaca Şahanəni çağırıb məktubu qıza uzatdı. Qız “Bu nədir?” deyə soruşduqda, oğlan “Sənə çatacaq, bilmirəm” deyib üzünü kənara tutdu. Gözlərinin içindəki qəhərini, özünün acizliyinə olan qəzəbini qızın görməsindən qorxdu. İçində elə hey özünə lənət yağdırdı.
Şahanə əlindəki məktubu o yan-bu yana çevirib baxdı. Üstündə heç nə yazılmamışdı. İçini açıb kiçik ürək formasında olan məktubu çıxartdı. Kəlmələri oxuduqca yanaqlarının necə alışdığını, ürəyinin necə döyündüyünü hiss etdi. İlk sevgi məktubu, ilk sevgi etirafı. Şirin olduğu qədər həyəcanlı. Qız çaşmış, bərk həyəcanlanmışdı. Yəqin ki, bir də heç bir sevgi etirafı onu bu qədər həyəcanlandırıb qəlbini titrədə bilməyəcəkdi.
Məktub ona güclü təsir bağışlamış, gənc xanım olduğunu xatırlatmışdı. Kiminsə onu sevməsi, düşünməsi Şahanədə xoş duyğular yaratsa da, o biri yandan bərk qorxutmuşdu.
Məktubu götürüb çantasına atdı. Lakin fikirləri o qədər qarışıq və dolaşıq düşmüşdü ki, artıq professorun yalnız ağzının açılıb yumulduğunu görür, nə danışdığını anlaya bilmirdi. Məktubdakı tək cümlə ildırım sürəti ilə gözünün önündə yanıb sönürdü. Qız alışıb yanır, necə hərəkət edəcəyini bilmirdi. İlqar isə onu arxadan süzür, qəhərini, göz yaşını içinə axıdırdı. Oğlanın etirafı gecikmiş, sevgisi ürəyində qalmışdı. Zəng vurular-vurulmaz qız çantasını götürüb İlqara yaxınlaşdı. Əlindəki məktubu ona uzadıb:
– Apar, bunu sahibinə çatdır. De ki, məni bir də narahat eləməsin. Mən oxumağa gəlmişəm, eşq yaşamağa yox, – dedi.
İlqar məktub əlində çaşmışdı. Ürəyində deyinir, bu məsələyə qarışmağına hirslənirdi. Qızın son sözləri isə onun yarımçıq qalmış duyğularına sanki məlhəm qoyur, hələ bir ümüd varmış kimi içini sərinlədirdi.
Rauf İlqarın ona verdiyi məktubu cibinə atıb əlini oğlanın çiyninə qoydu:
– Sağ ol, dost. Bu yaxşılığını unutmayacam.
Raufun nəşəsi İlqarı çaş-baş salmışdı. Geri dönən eşq məktubu onu məyus etmək əvəzinə sevindirmişdi.
Rauf qızın onu görərkən allanan yanaqlarından, həyəcanla süzülən baxışlarından daha da duyğulanırdı. Oğlan hər günə rişə atan, onu öz cazibəsiylə özünə çəkən məhəbbətindən heç bir vəchlə əl çəkməyəcəkdi. Şahanə nə qədər uzaq qaçsa da, Rauf onu bir o qədər çox sevir, onu hər yerdə baxışlarıyla təqib edirdi.
Geri dönən məktubdan sonra oğlan daha heç nə yazmır, bir xəbər göndərmirdi. Arada gizli nömrəylə zəng vurur, qızın səsini eşidib, həyəcanla titrəyən nəfəsinə qulaq asıb, telefonu bağlayırdı.
Şahanə ilk eşqin mübhəm cazibəsiylə özü də hiss etmədən addım-addım Raufa yaxınlaşır, hər gün onun zəngini gözləyir, hər yerdə baxışlarıyla onu arayırdı. Özü də fərqinə varmadan məhəbbətin ilk məstedici şərabını içən qız qırılmaz tellərlə oğlana bağlanırdı. Rauf isə bunları hiss edərək öz qələbəsindən zövq alır, çılğın, eyni zamanda dərin bir eşqlə qızı sevirdi. Heç kim və heç kəs Şahanə qədər ona sevimli və əziz deyildi. Ətrafdakı heç bir gözəl qadın, qız onda hər hansı hiss oyada bilmirdi. Artıq bütün universtitet oğlanın qıza olan eşqindən xəbərdardı. Heç kim Şahanənin ətrafına dolanmır, bütün tələbələr ona Raufun əmanəti kimi yanaşırdı.
(Ardı var)