Sinif yoldaşları (12)
- 02 Noyabr 2017
- comments
- Novator.az
- Posted in Tribuna
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
11
3 mart, 2206
Əziz gündəliyim,
Bəzən elə gəlir ki ətrafımda baş verənlərin hamısı mənim uydurmam, fantaziyamın məhsuludur. Kənardakı tamaşaçı olmağı sevirəm. Çox vaxt heç nəyə müdaxilə etmədən oturub baxıram. Lakin hərdən də elə olur ki dəyişdirə biləcək gücə malik olmağı arzulayıram bütün qəlbimlə… Bəlkə də kənarda dayanmayıb hadisələrə qarışmaq cəsarətini özümdə tapsaydım, Diyarın intihar cəhdinə, ya da Elinanın döyülməsinə əngəl ola bilərdim. Bəzən isə müdaxilə eləməklə qalmayıb insanları kökündən dəyişdirə bilməyi diləyirəm… Məsələn, Dumanın, Torpağın, Elinanın ürəyinə daxil olmağı, oradakı bütün mənfiləri söküb çıxarmağı xəyal edirəm. Bilirəm… Sadəlövhlüyümə gülürsən. Neyləyim? Mən də beləyəm…
Bu gün Sofiya müəllimə ədəbiyyat dərsində bizə “Gələcəyimi necə görürəm?” adlı bir esse yazmaq tapşırığı verdi. Yazmağı sevdiyim üçün tərəddüd etmədən cümlələri ard-arda sıralamağa başladım. Tezliklə öz gələcək xəyallarımı bəzəyib-düzəyərək yazıb qurtardım. Yəqin ki, həmişəki kimi ən yüksək qiyməti mən alacaqdım. Ətrafıma boylanmağa başladım. Sədaya baxdım. Dayanmadan yazırdı. Səlim də qələmə güc verirdi. Axı iddialı və çalışqan insanlar üçün gələcəkdən danışmaq daha asandır. Elinaya tərəf çevrildim. Qələmi naz-qəmzə ilə tutaraq nə isə qaralayırdı. Simasındakı hiyləgər təbəssümdən başa düşdüm ki, yazdığı sözlər eqosuna yağ kimi yayılır. Dumana nəzər yetirdim. Əlindəki səhifə bomboş idi. İri hərflərlə kağızın üzərinə “D & D” yazdı və birdəfəlik yerə qoydu.
Gündəlik müşahidə obyektim olan sinif yoldaşlarımın daxili aləmlərini öyrənməyi çox istəyirdim. Bunun üçün də o esseləri bir-bir oxumalıydım. Bir qədər tərəddüd edəndən sonra planımı qurdum. Hamı yazısını təhvil verəndən sonra mən müəlliməyə yaxınlaşdım. O, yazıları mavi bir qovluğa yığırdı. Eynisindən məndə də var idi. Həmin qovluğu götürdüm. Yazımı təhvil verdim. Sofiya müəllimənin başı şagirdlərə qarışan bir vaxtda qovluqları dəyişdirdim. Beləcə, iki saatdır ki, illərimi birlikdə keçirdiyim bu insanların yazılarını oxuyuram. Bəziləri haqqında düz fikirdə olsam da, haqqında yanıldıqlarım da var imiş.
Elina öz adını daşıyan bir geyim və aksessuar brendi yaratmaq arzusu ilə bağlı yazıb. Bu, heç kəs üçün sirr deyil. Lakin onun yazısını oxuduqca, dəb sahəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu anladım. İnsanları qəlibinə görə dəyərləndirsə də, ən azından həyatda nə istədiyini bilirmiş…
Sədanın yazısı təsirli idi. Onun uğurlu karyera barəsindəki söhbətlərini çox dinləmişəm. Yenə onlardan birini oxuyacağımı zənn edirdim. Lakin Səda üçün həyatda ən böyük dəyər təməlində qarşılıqlı sevgi və hörmət olan ailə imiş. Gələcək həyat yoldaşı, uşaqları ilə bərabər uzun və qayğısız bir ömür keçirməyi arzulayırmış. Şablonlar üzərində qurulmuş xəyallarını o qədər gözəl ifadə etmişdi ki, onun arzularındakı “adilik içində qeyri-adilik” məni ovsunladı.
Diyarın yazısında ümidsizlik və cəmiyyətə nifrət var idi. Bu yazını yazan adamın bir neçə ay öncə intihara cəhd eləməsinə qətiyyən təəccüblənmirəm. Uşaq vaxtı anası ilə mağazaları gəzərkən anasının bir cüt qırmızı ayaqqabıya baxaraq köks ötürdüyünü hiss edib. İllərdir Diyarın yeganə arzusu həmin ayaqqabını alıb anasına hədiyə etmək imiş. Diyarın bəsit, çılpaq cümlələri belə onun ağrısını öz dərdim kimi qəlbimdə duymağıma kifayət edirdi…
Torpaqla Tunar özlərini böyük bir şirkətin direktoru kimi təsəvvür edirlər. Bayağı və bəsit yazılarını oxuyanda gülməkdən özümü güclə saxladım. Çünki arzu bəlli olsa da, ona çatmaq üçün heç bir cəhd etmək planları yoxdur. Sadəcə hazıra nazir olmaq istəyirlər. Səlim Nobel mükafatçısı olmağı özünə hədəf seçibmiş. Üstəlik, yazısını oxuduqca hədəfinə doğru nə qədər ağılla irəlilədiyini, çalışıb vuruşduğunu görmək olardı. Səfər şəxsi biznesini qurmaq, Arzu gözəllik mərkəzi açmaq, Çiçək isə diplomat olmaq istəyirmiş. Azad özünü jurnalist, Kərəm isə psixoloq kimi təsəvvür edirmiş. Qəmzə də gələcəkdə öz təşkilatını yaratmaq, bacardığı qədər təhsil almaq istəyən gənclərə maddi və mənəvi yardım etmək arzusunda imiş.
Yaltaqlığına görə daim ikrah duyduğum Klaranın ən böyük arzusu həkim olmaq imiş. Doğrusu, onun yazısındakı son cümləni oxuyanda sözün yaxşı mənasında təəccübləndim: “Həkim olmaq, insanları ölümün caynağından xilas etmək, onları bacardığım qədər çox yaşatmaq istəyirəm, çünki insan nə qədər çox yaşayırsa yaşasın, həyatdan doyması üçün bəs etmir”.
Adnan həyatın, kainatın, insan yaradılışının mənasını tapmağı bəşər övladının ən ali məqsədi sayır. Onun fikrincə, niyə yaradıldığını bilmədən gələcəyə yönəlmiş arzular, hədəflər seçmək məntiqsiz addımdır. Ona görə də nəinki özü üçün, heç sinif yoldaşları üçün də hansısa bir gələcək təsəvvür etmir. Bizi “içərisində həbs olunduğu balaca qutudan kənarı görməyən, heç buna cəhd belə etməyən bəsitlər” adlandırır. Onun fikrincə, yalnız mövcudluq səbəbini dərk etmiş bir insan özü üçün müəyyən bir gələcək planlaşdırmağa layiqdir. Lakin insan yaradılış səbəbini tam olaraq anladığı təqdirdə o, artıq gələcək haqqında düşünmək belə istəməyəcək və dərhal həyatını öz əli ilə sonlandıracaq. Bir sözlə, gələcəklə bağlı heç bir işıq ucu görünmür. Sinfin filosofunun dəli fikirləri ilə razılaşmasam da, mənə çox maraqlı gəldi…
Xürrəmin arzusu da məni təsirləndirdi. Daim deyib-gülən, maymaq zarafatları ilə özünü gülüş hədəfinə çevirən, ciddi qəbul etmədiyimiz Xürrəmin də, sən demə, hamıdan gizli bir kədəri var imiş. Onun ən böyük arzusu nə vaxtsa “gözəgörünməz olmaqdan qurtulmaq” imiş. Gələcəkdə özünü tanınmış bir ictimai xadim kimi təsəvvür edir. İnsanların onu görməyini, tanımağa cəhd etməyini, daxili keyfiyyətlərini dəyərləndirməyini istəyir. Cəmiyyət arasında insanların çox zaman onu görməzliyə vurduğunu deyir. Buna görə “gözqamaşdırıcı olmayan” xarici görünüşünü və aşağı səviyyədəki intellektini günahlandırır. İnsanların onu görə bilməsi üçün bacardığı yeganə üsulun maymaqlıq etmək olduğunu etiraf edir. Onun yazısında məğlubiyyəti ilə barışmış bir insanın sonsuz acizliyi vardı.
Mən? Susmağı danışmaqdan çox sevən, mübahisələrdən qaçan bir adam kimi özümü heç cür hansısa qəlibə qoya bilmirəm. Yazıçı olum? Yazacağım uğursuz kitablar xəyalpərəst olduğumu bir daha sübut etməkdən başqa mənə heç nə qazandırmayacaq. Bəlkə hüquqşünas olum? Mütləq ədaləti bərpa etmək gücündəyəmmi? Ya da kiçik bir ofisdə, köhnə klaviaturanı bütün gün çıqqıldadacağım başqa bir peşəni seçim? Bilmirəm… Bircə onu bilirəm ki, insanlara faydalı olmaq istəyirəm. Həyatdakı yerimi tutmaq istəyirəm. Heç vaxt gülmədiyim qədər ürəkdən gülmək, hər səhər Günəşin doğuşuna, hər axşam Ayın zülməti bəzəyən kədərli nuruna tamaşa etmək istəyirəm. İnsanların danışıq və hərəkətlərini təhlil edərək daxili aləmlərini öyrənməyə çalışdığım, nəticədə israf etdiyim məktəb illərimdən fərqli olaraq, qayğısız, ətrafda baş verənlərə önəm verməyən bir şəxsə çevrilməyi arzulayıram. Həyatın hər anından bacardığım qədər həzz almaq istəyirəm. Axı həyat çox qısadır. Kim bilir? Bəlkə 10 ildən sonra ölüb gedəcəyəm?
(Ardı var)
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7 8 9 10 11