İlham İSMAYIL
Minskdə Ali Kursun şefliyində olan müəssisələr vardı. Hərdən bizi kolxoza qarağat yığımına, xəstəxana tikintisinə köməyə aparırdılar. Bir peşə məktəbi də şefliyimizdə idi.
Bir dəfə mənə tapşırdılar ki, SSRİ-nin 60 illik yubileyi ərəfəsi olduğundan peşə məktəbinin şagirdləri qarşısında Azərbaycan SSR mövzusunda çıxış etməliyəm. Özümlə şəkilli “Azərbaycan” albomu götürüb 10 nəfər zabit və kursantla görüşə getdik.
Standart bir çıxış hazırlamışdım. Neft, pambıq, Bakı, musiqimiz, ədəbiyyatımız, təbiətimiz barədə sovet ruhunda bir çıxış etdim, başqa cür ola da bilməzdi.
Bakıda adət etdiyimiz peşə məktəblərindəki kontingentdən fərqli olaraq şagirdlərin əksəriyyəti yeniyetmə qızlar idi. Hərbi formada olan gənc zabitlərə maraqla baxıb, bir-birlərinə nəsə pıçıldayırdılar.
Həm qızların baxışları, həm də çıxışın həyəcanı sonda məni çaşdırdı, qonaqpərvər bir xalq olduğumuzu deyib hamını respublikaya dəvət etdim. Rus dilində “всех приглашаю к нам в республику” demək əvəzinə “всех приглашаю ко мне” dedim və səhvimi düzəldənə qədər qızlar xeyli güldülər, biri də “обьязательно к Вам приедем” dedi.
Qız zarafatından qalmadı: “Если вы приглашете всех, то наверное у вас большой дом?”
Mən “Нет, у меня большая душа” deyəndə xeyli alqışladılar.
Bir dəfə də xəstəxana tikintisinə kömək etməyə getmişdik. Qrupumuzdakı Andro Londaridze ikinci mərtəbədən aşağı yumşaq torpağın üstünə kimin tullana biləcəyini soruşdu, heç kəsdən səs çıxmadığını görüb özü ikinci mərtəbəyə qalxıb tullandı.
Sonra yenə müraciət etdi kim tullana bilər, bu dəfə özümə sığışdırmayıb “Mən” dedim, başqa heç kim dillənmədi.
Andro mənimlə birlikdə qalxdı və tullandıq. Hündür yerdən tullanmağın həyəcanı bir tərəfə, xəsarət almaq qorxusu olsa da atlandım. Uşaqlardan biri bu anın fotosunu çəkmişdi. Yeni il divar qəzetini buraxanda həmin şəkli qəzetdə verdik və belə bir başlıq qoyduq: “Səmada Qafqaz rəqsi”.
Andro adrenalin effekti verən hərəkətləri sevirdi. Bir dəfə də bazar günü Minsk parklarının birində Andro dirəndi ki, gəl attraksionda, “qorka”da bir dəfə fırlanaq, etiraz etdim. Bu vaxt iki gənc qız yanımızdan keçəndə “Боитесь?” deyib faktiki bizə sataşdılar. Bu sözdən sonra namusa boğulub razılıq verdim.
Andro tez qızlara dedi ki, biz minirik, amma sizinlə birlikdə. Qızların bu işdə yaxşı praktikası varmış. Nə isə, “qorka” dayananda ürəyimdə Andronu da, məni qınağa dolduran qızları da söyürdüm.
Qrupumuz tam mənasında internasional bir qrup idi. Rus, belorus, qazax, türkmən, tuvin, erməni, gürcü, tatar və iki azərbaycanlı – mən və Sevlan Qasımov.
Azərbaycandan gedən Musa Məmmədov, Əligüşad Mirzəyev, Pərviz Musayev, Aleksandr Şahnazarov başqa qruplarda idilər.
Şahnazarovdan xoşumuz gəlmirdi, daha doğrusu, onun bizdən xoşu gəlmədiyini bildiyimizdən münasibətlərimiz rəsmi idi.
Çox vaxt bir yerdə olur, ad günlərimizi bir yerdə qeyd edir, evdən gələn sovqatlarımızı bölüşür, bazar günləri şəhərə bir yerdə çıxardıq.
Sonralar Musa Məmmədov DTK-nın Səbail şöbəsinin rəisi oldu, Əligüşad Mirzəyev kadrlar şöbəsində çalışdı, Pərviz Musayev Göyçay rayonunun rəisi vəzifəsində işlədi, indi isə Miqrasiya Xidməti rəisinin müavinidir, general rütbəsindədir.
Şahnazarov Gəncədə mənimlə bərabər 5 il işlədi, Qarabağda hadisələr başlayanda Azərbaycandan köçdü.
Ən faciəli tale dostum Sevlan Qasımova nəsib oldu. Minskdən sonra Sevlan 3 il Tallində işlədi, sonra Bakıya gəldi, bir müddət nazirlikdə işləyəndən sonra Qazaxa rəis təyin edildi, Qazaxda yeməkxanada polis rəisi və başqa şəxslərlə şam edəndə kabinetə girib onları güllələdilər. Sevlan həlak oldu. Deyilənlərə görə, güllə atanlar Sevlanı deyil, polis rəisini öldürmək istəyiblər, amma polis rəisi sağ qalmışdı. O vaxtlar – 1996-cı ildə bu hadisə mətbuatda uzun müddət müzakirə edildi.
***
Minsk yaddaşımda dərslə, məşğələlərlə, mühazirələrlə, seminarla qalmayıb, bunlar öz yerində, amma 25 yaşım Minskdə tamam oldu.
Gəncliyin gözəlliyi ondadır ki, harda, hansı şəraitdə olmasından asılı olmayaraq romantikasından, sevgisindən, hətta avantürasından əl çəkmir. Təbii, gənclik hissləri nə qədər güclü olsa da yeni peşəmiz ağılın ağırlığını diktə edirdi.
Gənclik bütün kataklizmləri ilə gözəldir.
(Ardı var)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5