Minsk gündəliyi (1)
- 30 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İlham İSMAYIL
Minsk aeroportuna gecə saat 2-də endik. Hava Bakının istisindən fərqli olaraq sərin idi, hətta üşüdük. Baqajımızı alıb taksilərə mindik.
Byaduli, 2 ünvanına, “Mir” kinoteatrının yanına gedəcəyimizi deyəndə sürücü gülüb: “KQB-şniki da?”soruşdu.
Cavab vermədik. Sürücü daha heç nə soruşmadı və düz hərbi hissənin kiçik nəzarət-buraxılış məntəqəsinin qarşısında saxlayıb: “Bu da Sizin Byaduli, 2”dedi.
Sonralar bu Byaduli, 2 ünvanı barədə çox adamdan yarızarafat, yarıciddi sözlər, eyhamlar, hətta lətifə eşidəcəkdik.
Qapını döydük, hərbi formada olan gizir qapını açıb, sanki bizi çoxdan gözləyirmiş kimi sənədlərimizə baxdı, sonra masanın üstündəki siyahı ilə tutuşdurub, üçüncü mərtəbəyə qalxmamızı, növbətçinin bizə otaqlarımızı göstərəcəyini dedi.
Artıq hamının otağı məlum idi, yataq ləvazimatını alıb hər kəs otağına çəkildi. Növbətçi saat 8-də oyanmağı tapşırıb getdi. Hər otaqda 4 çarpayı vardı, sahibləri iki gün ərzində gələcəkdilər.
İlk təəssürat cansıxıcı idi. Buraxılış qapısından içəri keçdiyim andan artıq sərbəstliyimin əlimdə olmayacağını, azadlığın məhdudlaşacağını, istədiyim zaman bayıra çıxa bilməyəcəyimi düşünür və psixoloji diskomfort yaşayırdım. Narahat fikirlərlə, tez-tez oyanmaqla sabahı açdım.
İki gün ərzində demək olar ki, Uzaq Şərqdən tutmuş Brestə qədər aralıqdan, Orta Asiyadan, Baltikyanı respublikalardan, Güney Qafqazdan göndərilənlər hamısı gəlib çıxdı. Şəhərə buraxılmırdıq.
Burda məlum oldu ki, Minskə gəlmək hələ Ali Kursa qəbul olmaq demək deyilmiş. Biz testdən keçməli idik.
Test günü gəlib çatdı. Hamını böyük bir zala topladılar. 200-dən çox sual – şəkilli testlər, tapşırıqlar verildi, elan edildi ki, bəlli bir zaman sürəsində cavablandırmalar bitməlidir.
Daha çox məntiqə hesablanmış bu test imtahanı bitdi və iki gündən sonra testin nəticələri elan ediləndə məlum oldu ki, bir özbək, bir rus testdən keçə bilməyib. Onları geri göndərdilər.
Ali Kursa qəbul oldum. Səhəri gün hərbi-səhra paltarları verdilər, həm də dərzilər çağırıldı, hər kəsin bədən ölçüsünə uyğun zabit paltarı, plaş, şinel sifariş verildi.
Sentyabrın 1-də dərs başladı. Akt zalında Ali Kursun rəisi general-mayor İvan Leopoldoviç Lısakovski çıxış edib bizi təbrik edəndən sonra daxili qayda-qanundan, onlara sözsüz əməl edilməsindən danışdı.
Sonra zarafatla bizə bəzi məsləhətlər də verdi: “Bir neçə gün karantində olacaqsınız, şəhərə çıxa bilməyəcəksiniz, tələsib mətbəxdə, kitabxanada işləyən qadın personalına aşiq olmayın. Şəhərə çıxacaqsınız, Minskdə gözəl qızlar çoxdur, sonra sevərsiniz.
Amma çöldə də elə sevin ki, məktəbi bitirəndə qapının ağzında hamilə qızlar sıralanıb göz yaşları tökməsinlər.
Subaylara burda evlənməyi qadağan edə bilmərik. Amma yaxşı olar ki, subaylar da bir az səbirli olsunlar”.
Səbirli olası subaylardan biri də mən idim.
Dərslər başladı. Yeni peşəmin sözün həqiqi mənasında sirlərinə hər gün yiyələnir, hərbi nizam-intizam prinsipləri həyatımın ayrılmaz hissəsi olurdu. Bazar günündən başqa hər gün səhər saat 7-də qalxır, 10 dəqiqə sonra həyətdə sıraya düzlənir, yaxınlıqdakı şəhər parkında 3 kilometr qaçır, 30 dəqiqə səhər gimnastikasıyla məşğul olur, yenə qaçışla məktəbə dönür, duş qəbul edir, səhər yeməyindən sonra mühazirələr başlayırdı.
Saat 14-də dərs bitir, nahar edir, axşam saat 5-in yarısınadək sərbəst olurduq (bu 2 saat ərzində şəhərə də çıxa bilirdik). Saat 16:30-da yenidən sıraya düzülür, hamı yoxlanır, 25 nəfərlik qrupa aid sinif otağına gedir, “sekretçik” deyilən iki kursant məxfi kitabxanadan lazım olan ədəbiyyatı və hər fənnə aid dəftərlərimizi gətirir, 3 saat verilən tapşırıqları yerinə yetirirdik.
20:00-da şam yeməyi yeyir və yenə iki saat – yəni 22:30-dək sərbəst olur, şəhərə çıxa bilirdik. 22:30-da yenidən sıraya düzülür, yoxlama aparılır, 23:00-da “otboy” komandası ilə yatağa uzanmaq əmri verilirdi. Şənbə günləri sərbəstlik 17:00-dan 23:30-dək olurdu.
11 ay əsasən bu kazarma rejimi ilə yaşadıq, təbii istisna günlərim də az olmadı.
Xüsusi xidmət orqanlarının əsas prinsipi məxfilikdir. Öyrəndiklərimiz də indiyədək eşitmədiklərimiz, bilmədiklərimiz idi.
Dərslər üç istiqamətdə idi. İctimai biliklər (yəni elmi kommunizm), hüquq və əsasən əks-kəşfiyyat, əməliyyat dərsləri.
17 xüsusi ixtisas dərslərimiz vardı. Əsaslarına, xüsusilə agentura işinə daha çox saat ayrılırdı. Ətrafda baş verən hadisələrin görünməyən tərəfləri olduğunu və bu görünməyən tərəf barədə informasiyanı necə əldə etməyin sirlərini öyrəndikcə özünün də ətrafa münasibətin, baxışların dəyişir və bu dəyişiklik ömrünün sonunadək xarakterinə çevrilir. Təsadüfən deyilmir ki, keçmiş xüsusi xidmət orqanı işçisi olmur. Adətən bu ifadə belə deyilir: “Бывших чекистов не бывает”. Bu təkcə çekistlərə deyil, dünyanın bütün xüsusi xidmət orqanlarının kadr əməkdaşlarına aiddir.
Dünyanın xüsusi xidmət orqanları, onların strukturları haqqında mühazirələr oxunur və o təlqin olunurdu ki, bir nömrəli rəqib Amerika Birləşmiş Ştatlarıdır. Soyuq müharibənin kəskin vaxtlarıydı və casusluq, qarşı tərəf barədə informasiya əldə etmək məsələləri öyrəndiklərimiz içərisində qırmızı xətlə keçirdi.
Bu barədə ətraflı danışmağa zərurət görmürəm. SSRİ dağılandan sonra KQB haqqında, ümumiyyətlə dünya xüsusi xidmət orqanları barədə o qədər kitab çap olunub ki, oxucunu nə iləsə təəccübləndirmək mümkün deyil. O zaman tutaq ki, “Penkovskinin işi” (ABŞ-ın xeyrinə casusluq etmiş Baş Kəşfiyyat İdarəsi zabiti), “Rəcəbovun işi” tədris olunurdu. İndi həmin “işlər” barədə internetdə o qədər yazı var ki…
Düzdür, Penkovskidən fərqli olaraq Rəcəbov haqqında material yoxdur. Rəcəbov Bakı Biskvit Fabrikinin direktoru olub. Yuqoslaviyaya səfər zamanı ABŞ səfirliyinə müraciət edib sığınacaq istəyir. Amerikanlar da onu inandırırlar ki, əvvəl Amerikaya xidmət edib pul qazanmalısan ki, ABŞ-a gələndə yaşaya biləsən. Verbovka edirlər, Bakıya qayıdandan sonra əlaqə üçün şifrə göndərirlər. Şifrəni evdə vanna otağında açıb oxuyanda DTK işçiləri elə vanna otağındaca həbs etmişdilər onu.
Bu əməliyyat işləri dərs vəsaitləri kimi tədris olunurdu. Dediyim kimi, indi keçmişdən elə bir sirr qalmayıb ki, oxucunu təəccübləndirəsən. Məqsədim keçdiyim yolun vətənimin tarixiylə, vaxtilə yaşadığım SSRİ adlı ölkənin tarixiylə bağlı olan hissələrini müəyyən həyat detallarıyla göstərməkdir.
Fiziki hazırlığımıza xüsusi diqqət verilirdi. Turnikdə 10 dəfə çəkilə bilməyən şəhərə buraxılmırdı. Əlbəyaxa döyüş dərsləri, gündəlik səhər idmanı, 6 kilometr məsafəyə hərbi-səhra paltarında, ağır sapoqla meşədə qaçmaq, qışda xizəklə hərəkət etmək və s.
Hərbiçi, təbii ki, yaxşı atıcı da olmalıdır. Tapançadan, snayper tüfəngindən, qumbaraatandan, avtomatdan atəş açmaq mütəmadi dərslər idi.
İlk atıcılıq dərsində müəllim “Makarov” tapançasını əlinə alıb dedi: “Biz sizə adam öldürməyi öyrədəcəyik! Qəddarcasınadı, eləmi, amma faktdır. Biz idman yarışlarına hazırlaşmırıq”.
Qeyd edim ki, sonda necə atıcı olmağına qiymət verilir və zaçot atışı keçirilirdi. 3 atış edirdik. Atdığım güllələrin üçü də 9-luğa dəydi. Müəllim yaxınlaşıb soruşdu: “Niyə heç 10-luq vura bilmədin?”
Tez də əlavə etdi: “Narahat olma, bu o deməkdir ki, sənin yaxşı tuşqulluğun (kучность) var. Bir 10, bir 9, bir 8 vurmaqdan üç 9-luğu vurmaq daha yaxşıdır”.
Xizək dərsini meşədə keçirdik. Birinci dəfə xizək geyinirdim. Elə ilk təkanı vuranda arxası üstdə yıxıldım. Durub çox çətinliklə bir neçə metr hərəkət etdim. Müəllim mənə yaxınlaşıb haralı olduğumu soruşdu və biləndən sonra dedi ki, xizəyi çıxar, sən vətənində xizəklə düşmən qovmayacaqsan. İndi ayağını sındırarsan, bütün zəhmətin hədər gedər. Bu həyatımda ilk və son xizək sürməyim oldu.
(Ardı var)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4