Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Seymur KAZIMOV
Sovet dövründə məşhur “Staxanov hərəkatı” vardı. Staxanov cəmi bir növbəlik iş rejimində, 5 saat 45 dəqiqədə 102 ton kömür çıxarırdı. Bu, gündəlik normadan 14,5 dəfə artıq idi. Onun şərəfinə SSRİ-nin iki şəhərinə adı verilmiş, bəzi şəhərlərdə adı küçələrə qoyulmuşdu. Staxanov adına 26 təqaüd təsis olunmuş, beləcə “Staxanov hərəkatı” vüsət almışdı.
Əslində necə idi? Həmin gün növbədə üç şaxtaçı işləyirdi, amma nailiyyət bir nəfərin adına yazılırdı. Kömürün çıxarılması üçün texniki vasitələr öncədən hazır vəziyyətə gətirilirdi.
Bu, Sovet İttifaqının yaratdığı saxta qəhrəman obrazı idi. Həmin obraz ətrafında mif formalaşdırılmışdı ki, bütün şaxtaçılara nümunə olsun. İttifaq mətbuatında bu barədə dərc olunan məqalələrin sayı-hesabı yox idi. Xalq da buna inanırdı.
Medianın tarixi saxtalaşdırmaq, yalançı qəhrəmanlar, hətta anti-qəhrəmanlar yaratmaq, üstəlik, “düşmən obrazı” formalaşdırmaq üçün bütün imkanları var. Aydın məsələdir ki, Sovet İttifaqı dövründən fərqli olaraq indi aşkarlıqdır və “dəmir pərdə” ilə hadisələrin üstünü örtmək mümkün deyil. Amma bu da məlumdur ki, oxucuların və tamaşaçıların heç də hamısı alternativ məlumat axtarışında olmur. Onlara nə təqdim olunursa, oxuyur, ekranda nə göstərilirsə, onu da izləyir. Deməli, maraqlı tərəflərin konkret şəxs və ya hadisə ətrafında imic yaratmaq ideyası tam olmasa da, qismən məqsədinə çatır.
Ancaq bundan da dəhşətlisi yalanın və saxtakarlığın tarixə düşməsidir. ABŞ-da bununla bağlı maraqlı məsəl var: “Jurnalistika tarixin ilk nüsxələrindəndir. Tarixçilər gələcəkdə tədqiqat aparanda sizin də yazılara istinad edə bilərlər”.
“Qəhrəman”la bərabər “düşmən” obrazı da yaradılır. Birincinin məqsədi müsbət imic formalaşdırmaqdırsa, ikincidə məqsəd opponent haqqında mənfi rəy yaratmaqdır.
Maraqlıdır ki, dünyanın ən azad mediaları da müəyyən qəliblərin və stereotiplərin qurbanına çevrilir. Əslində, “azad media” anlayışı özü də subyektivdir. Azad mətbuat peşəkar mətbuat demək deyil. Azad media yalnız ona sahib olanlarındır. Medianın yaratdığı düşmən obrazı bəzən dünyanın nizamını dəyişir, həm də mənfi istiqamətdə. 1994-cü ildə Ruandada törədilən soyqırımı məhz medianın oynadığı mənfi rolun nəticəsidir. Belə ki, hutu qəbiləsinə məxsus radiostansiyada digər qəbiləyə, tutsilərə qarşı radikal çıxışlar edilirdi. Burada, tutsilərə işarə olunmaqla, “tarakanların əzilməsi”, “onların kökünün kəsilməsi” kimi çağırışlar səslənirdi. Serbiya, Xorvatiya və Bosniyada media illər uzunu birgə yaşamağın öhdəsindən gəlmiş icmalar arasında düşmənçilik saldı.
Sonuncu ilə bağlı misalın tarixi daha maraqlıdır. Serbiyanın ilk prezidenti Slobodan Miloşeviç XIV əsrdə türklərin serbləri məğlub etməsinə diqqət çəkərək, onlardan qisas almağa səsləyir. “Patriot” media bunu tirajlayır, insanlar xəbər tutur, nəticədə Srebrenitsa soyqırımının əsası qoyulur və Serbiyanın daxil olduğu Yuqoslaviya 7 dövlətə parçalanır.
Bayaq qeyd etdiyimiz kimi, bütün insanlardan yüksək intellektual səviyyə, hər kəsdən oxuduğunu və ya izlədiyini təftiş etməyi gözləmək mümkün deyil.
2005-ci ildə Danimarka qəzetlərinin birində Məhəmməd peyğəmbərin karikaturası dərc olunmuşdu. Bu rəsmlərdən sonra əksər müsəlman ölkəsində etiraz aksiyaları keçirildi, hətta ölən və yaralananlar oldu. 2009-cu ildə Kiyev şəhərində bu ideyanın müəllifi, “Jyllands-Posten” qəzetinin redaktoru Fleminq Rosedən bu sətirlərin müəllifi müsahibə götürəndə o, oxucu auditoriyasının keyfiyyətini özünəməxsus formada belə dəyərləndirmişdi: “Bilirəm ki, etiraz aksiyalarında insanlar ölüb. Mən heç vaxt bu karikaturaların ərsəyə gəlməsi ilə bağlı məsuliyyəti öz üzərimdən atmamışam. Amma həmin aksiyalarda elə insanlar olub ki, onlar bir dəfə də olsun o karikaturaları görməyiblər, sadəcə, kimsə onları qızışdırıb və etiraza çıxara bilib”.
İndi istənilən məlumatı yoxlamaq, dəqiqləşdirmək üçün bütün imkanlar olsa da, yenə ən azından nəyəsə, kiməsə inandığına görə dəqiqləşdirməyə, yoxlamağa həvəs göstərməyən xeyli insan tapmaq mümkündür.
Azərbaycan mediasında “düşmən” obrazının yaradılması bu qədər geniş miqyası əhatə etməsə də, hansısa şəxsin “zərərsizləşdirilməsində” gen-bol tətbiq olunur. Bu gün Azərbaycanda bir qrup media özünü Birinci Dünya müharibəsinin generalları kimi aparır: ən azı görüntü naminə opponentdən möhkəm “qışqırır”. Fikirləri, düşüncələri, yazıları hansısa qrupa xoş olmayanlar “düşmən dəyirmanına su tökənlər”, “xarici qara qüvvələrə işləyənlər” kimi xarakterizə edilir. Bir tərəfdən kiminsə neqativ obrazı formalaşdırılır, digər tərəfdən də insanlarda nifrət hissi yaradılır ki, bu da cəmiyyəti mənfi emosiya bəlasına sürükləyir.
Müasir Azərbaycan mediası stereotiplərin qurbanına çevrilib. Medianın funksiyası cəmiyyətə informasiya verməkdən ibarətdir, daha kiminsə mənfi və yaxud müsbət imicini yaratmaq deyil. Hisslər və nifrətlə əhatə olunmuş mühitdə jurnalistika stereotip dolu təbliğatdan qaça bilmir.
Müəllifin başqa yazıları: