Fəxri Uğurlunun ədəbi və əbədi dünyası
(“Məryəmin oğlu” hekayəsi əsasında)
Vurğun ƏYYUB
Xəzər Universitetinin dosenti
Fəxri Uğurlunun “Tanrı dağları” silsiləsindən olan “Məryəmin oğlu” hekayəsi Azərbaycan nəsrində alışdığımız məzmun (sevgi macərasından) və üslubdan xeyli dərəcədə fərqlənir. Hekayənin məzmununu Məryəmin 33 yaşlı oğlunun Xanoğlanın gədələri tərəfindən öldürülməsi və bu qara xəbəri arvadına yetirmiş qonşu kişi ilə həmin xəbərdən sarsılaraq halı pisləşmiş, yatağa düşmüş arvadı arasında gedən söhbət təşkil edir. Mahiyyəti baxımından haqqında söhbət gedən faciə təcrübəli və məlumatlı oxucu üçün yeni deyil. Heç bir əziyyət çəkmədən yaddaşımızın arxivindən bu faciənin tarixin müxtəlif kəsimlərində müxtəlif formalarda baş vermiş, dini və bədii kitablarda əksini tapmış oxşarlarını tapa bilərik. Yazıçı əski, məlum və məşhur qətl olunma əhvalatını yaşadığımız dövrün əxlaq qaydaları, fərd və cəmiyyət münasibətlərinin nəticəsi olaraq ortaya çıxmış bir hadisə kimi qələmə almışdır.
Süjetin davamında Məryəmin oğlunun faciəsi sanki arxa plana keçir. Hekayənin qara xəbərin arvada çatmasından sonrakı hissələrində ərlə arvadın hadisəyə münasibətləri, bu faciə ətrafında düşüncələri, 33 il bundan əvvəl baş vermiş oxşar bir qətldən fraqmentlər, ər və arvadın həmin qətl ətrafında düşüncələri önə çıxır və yazıçı ideyasının aydınlaşması üçün bir vəsilə rolunu oynayır. Əslində, yazıçını məşğul edən, düşündürən bir gəncin qətlinin (nə qədər faciəvi olmuş olsa belə) məzmunu və onun bütün təfərrüatı ilə təsviri deyil. Hekayənin ideyası, yazıçının məqsədi, əsərin əsas qəhrəmanlarının xarakteri faciənin özünün təsviri kontekstində yox, onun ətrafında edilən söhbət, ərlə arvadın başına gələn hadisələr, onların həyat tarixçələri, uzun illərdən bəri pünhan qalan giley və düşüncələri müstəvisində açılır.
Hekayədə fərd və cəmiyyət, azadlıq və əxlaq problemləri, onların arasındakı konflikt əsas mövzudur. Hekayə sındırılmış talelərin, cəmiyyət tərəfindən küncə sıxışdırılmış, arzu və istəkləri gözlərində qalmış fərdlərin acı və iztirablarının hekayətidir. Amma yazıçı bu fərdiliyi yüksək bir səviyyəyə qaldıra bilmişdir.
Fəxri oxucunu yalnızca Məryəmin oğluna qarşı Xanoğlanın gədələrinin etdiyi qəddarlıq üzərində düşünməyə, bu faciə üçün göz yaşları tökməyə səsləmir. Onu bir yazıçı kimi düşündürən və oxucuları da düşünməyə vadar etmək istədiyi bütün zamanlar üçün keçərli olan düzgün başa düşülməmək, anlaşılmamaq, fərqli düşüncə və həyat tərzinə qarşı olan dözümsüzlük faciəsidir. Orta statik düşüncə hələ də fərqli düşüncəni qəbul edə bilmir, hələ də doğru yolu göstərən İsa çarmıxa çəkilir, Məhəmməd daşlanır, Bruno tonqalda yandırılır, Nəsiminin dərisi soyulur… lakin onlar heçliyə uğramır, yenidən doğulur, hər yeni bir köhnənin müxtəlif şəkillərdə təkrarıdır, təcəssümüdür. Məryəmin qətlə yetirilən oğlu da yalnız öz həyatını yaşamır, onun taleyi, ömrü özündən əvvəl qətlə yetirilmiş bir ömrün davamıdır. Əri ilə söhbətində qadın eynən Məryəmin oğlu kimi qətlə yetirilmiş, Məryəmin oğlunun varlığında zühür etmiş sevgilisinin haqqında deyir: “O, ölümə inanmırdı. Deyirdi məni öldürsələr, yer üzünə bir də qayıdacam, özü də növbəsiz-filansız. Deyirdi öz əcəliylə ölməyən öz ulduzuna çəkilmir, yerlə göyün arasında pusqu qurub yer üzündə yenməyə bir can güdür, yenib, yarımçıq qalan ömrünü başa vuranacan, ta öz əcəlinə yetişənəcən bir də yaşayır.” “Körpənin üzünə baxan kimi onu tanıdım: özüydü, Məryəmin daxmasında dünyaya qayıtmışdı!”
Əsərin adı, oğlu öldürülmüş qadının adının Məryəm olması təsadüfən seçilməyib. Yazıçı hekayəni yazarkən, sözsüz ki, oxucunun dini-mifoloji yaddaşına da güvənmişdir. Dini müqəddəslərdən olan Məryəmin öz həqiqətləri yolunda çarmıxa çəkilən oğlu İsa peyğəmbərlə günümüzün Məryəminin qətlə yetirilmiş oğlu arasında assosiativ çağırışımlar yaranır. İsa peyğəmbərin edam səhnəsi ilə Məryəmin oğlunun qətli arasında bənzəyişlər ideyanın açılışı üçün dini-tarixi yaddaşı da səfərbər edir. Məryəmdən doğulan Allah oğlu İsa da ölümündən qaçmır, özünümüdafiə üçün heç bir şey demir, Məryəmin oğlu da Xanoğlanın gədələrinin ittihamı qarşısında heç nə söyləmir. Həm İsa peyğəmbərin, həm də Məryəmin oğlunun 33 yaşında qətlə yetirilmələri bu rəqəmlə bağlı yaddaşımızdakı tarixi-dini informasiyaları canlandırır. 33 rəqəminə fəlsəfi-dini baxışlar, yozumlar oxucunu hekayənin məna və ideyası haqqında daha dərindən düşünməyə sövq edir. Hələ Pifaqor zamanında (İsa peyğəmbərin doğuluşundan 600 il qabaq) 33 rəqəminə kamilliyin zirvəsi, ilahi həqiqətlərin təcəssümü kimi baxırdılar. Xristian ənənələrində hesab edirdilər ki, İsa peyğəmbər yaşadığı müddətdə 33 möcüzə göstərib, 33 yaşında çarmıxa çəkilib. İslami təsəvvürlərə görə, göylərdə yaşayan müqəddəslər həmişəlik 33 yaşındadırlar. Bu assosiasiyalar Fəxrinin hekayəsindəki qətl olunma hadisəsini gerçəklikdən çıxararaq ona mistik bir hava verir.
Fəxri Uğurlunun bir yazıçı kimi istedadı bu hekayəsində də aydın şəkildə görünür. Yazıçılıq üçün üç mühüm keyfiyyətin vacibliyi ədəbiyyat araşdırıcıları tərəfindən dəfələrlə deyilib: yazıçı təhkiyəsi, dialoq qurmaq bacarığı və aydın, konkret, dəqiq, dolğun təsvir. Qalan şeylər – əsərin ideyası, kompozisiya, süjetin hərəkətliliyi, detal, təfərrüat və sairə – bunlar bu üç keyfiyyət olmadan ortaya çıxa bilmir və ya onlardan sonra gəlir, onların mükəmməlliyi şəraitində aydın ola bilir. “Məryəmin oğlu” hekayəsində də Fəxri maraqlı təhkiyəçi, aydın təsvir və dialoq qurmaq ustası olduğunu sərgiləmişdir.
Fəxrinin təhkiyəsi rəvandır, dili dolaşmır, metaforaları, məcazları, təşbehləri söz oyununa çevrilmir, fikrin daha qüvvətli ifadəsinə xidmət edir. Qara xəbərin gəlişi yazıçı təhkiyəsində ilk “həmlə”dəncə oxucunu “tilsiminə” salır: “Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı.” Hekayənin ekzpozisiyasını təşkil edən bu cümlələr baş verən hadisənin faciəli, zəlzələ yaratmaq gücündə olduğunu bildirmək üçün uğurlu başlanğıcdır. Bədii təyin finksiyasında olan, məcazi mənalı “qara” sözü xəbərin, yaxud yelin məzmununu fərqləndirmək üçün deyil, baş vermiş hadisənin yaratdığı hiss-həyəcanı bildirmək, oxucunu yaranmış situasiyanın ağırlıq və gərginliyinə hazırlamaq üçün işlədilmişdir. Beləcə, hekayə boyu yazıçı təhkiyəsi oxucuya bələdçilik edərək onu sonluğa doğru azdırmadan, çaşdırmadan, yormadan apara bilir. Oxucu süjetin finalının məhz bu cürə bitə bilməsinə şübhə etmir: “Kişi bir yorğan da gətirdi. Qadının üşütməsi kəsmişdi. Kişi yorğanı yerə atıb pəncərəni açdı. Kəndin itləri bir ağızdan hürüşdü, inəklər böyürüşdü, xoruzlar banlaşdı… Sonra da Məryəmin evində arvadlar ağlaşdı.
Gecə kənddə bir oğlan uşağı doğulmuşdu, çığırtısı yatanları oyatmışdı…
Həkimlər Xanoğlanın qızının dalınca o dünyaya getmişdilər, hələ qayıtmamışdılar…”
Dramatik, maraqlı yazıçı təhkiyəsini onun konkret və dəqiq təsvirləri tamamlayır. Oxucu bu təsvirlər vasitəsi ilə hadisə barədə dəqiq və dolğun təsəvvür əldə etmiş olur. Əkini suvaranların işini müşahidə etmişik: suçu əlində bel suvarılacaq yerə axıb gələn suyun qabağını təmizləyir, çığır açır ki, su bərabər şəkildə yayılsın, torpaq suyu rahat içə bilsin. Fəxrinin təsvirləri də mətndə həmin işi görür, oxucunu yazının məzmununa, süjetin inkişafına yönəldir. “Kəndə bir bənöyüş axşam düşürdü. Örüşdən qayıdan inəklərin səsi balasının hənirini alan qoyunların səsinə, təzə peyin buğu ocaq tüstüsünə qarışmışdı. Azıb pəncərədən içəri təpilən yorgun arı çıxmağa yol axtarırdı.” Dəqiq müşahidələrin nəticəsi olan, dilin yüksək bədiilik səviyyəsində təqdim edilən bu təsvirlər yazıçıya imkan verir ki, təbiətin bu çağı ilə qəhrəmanların fiziki durumu, mənəvi dünyası arasında əlaqə qursun.
Təəssüf ki, az olsa da, hekayədəki təsvirlərdə qüsurlar da gözə çarpır. “Qadın bu vaxt çiçəkləri təzələmək üçün əlində boş güldan üst evdən düşürdü. Kişinin dediyini eşidəndə çığırıb əllərini üzünə apardı, güldanın cingiltisi qadının çığırtısına calandı, büllur qab un kimi ovulub qırma kimi dörd yana dağıldı.”
Bədiiliyin yüksək səviyyəsinə nümunə ola biləcək bu təsviri cümlənin sonuncu bənzətməsi qeyri-dəqiqliyi ilə korlayır. Un kimi ovulub qırma kimi dağılmaq necə mümkündür? Onda gərək həmin una bir az su qarışdırıb yumru-yumru kürəciklər düzəldəsən ki, qırmaya bənzəyişi olsun!
Dialoqların bədii mətndə mühüm yeri olduğunu artıq demişik. Onların çox olduğu əsərlər maraqla oxunur. Bədii ədəbiyyat maraqlısı olan bir orta məktəb şagirdi etiraf etdi: “Əsərlərdə dialoqlar olan hissəni çox sevirəm. Çox zaman uzun-uzadı təsvirlər olan yerləri oxumadan keçirəm, onlar yorucu olur və nəyə xidmət etdiyini anlamadığımdan sevmirəm.” Bədii əsər həvəskarı olan bir məktəblinin bu etirafı yazıçılarımız üçün ciddi siqnal olmalıdır. Dialoq qurmaq ilk baxışda asan görünə bilər. Əslində isə bu xeyli dərəcədə çətin və mühümdür. Çətinlik ondadır ki, oxucu bu dialoqları oxuyarkən onlarda hər gün müxtəlif insanlarla ünsiyyətdə eşitdiyi söhbətlərin canlılığını, təbiiliyini, səmimiliyini duya bilməlidir.
Mühümlüyünə gəlincə, dialoqlar imkan verir ki, mətndə personajların özü danışsın, xarakterlərini, xasiyyətlərini ortaya qoysun. Doğrudan da, əgər personajlarını yaxşı danışdırmağı bacarırsa, müəllifin əziyyət çəkib onların yerinə danışması, məlumat kitabçalarından alına biləcək məlumatları oxucuya sırıması nəyə lazımdır ki? Fəxri dialoq qurmaq ustasıdır. “Məryəmin oğlu”nda dialoqlar əsərdə təsvir edilən hadisənin, konfliktin zəruri hissəsidir, hekayənin ideyasının, obrazların daxili aləminin açılmasına xidmət edir. Fəxri qəhrəmanlarını danışdırır, onların söhbətinə heç bir müdaxilə etmir, düzəliş, şərh vermir, sadəcə onların “söhbətini oxucuya çatdırmaq” vəzifəsini öhdəsinə götürür. Amma ayıq oxucu söhbət edən qəhrəmanlara “suflyorluq” edən yazıçının kölgəsini də görür. Yazıçı hekayədə heç bir psixoloji təhlilə baş vurmasa da, öz mövqe və düşüncələrini heç bir şəkildə ortaya qoymasa da, sözsüz və təbii ki, oxucu yazıçının möbqeyini ər ilə arvad arasında gedən dialoqlardan öyrənə bilir. Oxucu baş verən hadisələr haqqında yazıçının dilindən yox, ər ilə aravadın dialoqundan, bəzən isə dialoqdan çox monoloqu xatırladan söhbətlərindən alır. Yazıçı hətta təhkiyəçinin çəkəcəyi “zəhməti” də dialoqların üzərinə yükləyir. Məsələn, Məryəmin ərindən danışan qadın deyir: “Altı ayın gəliniydi əri qoyub gedəndə – kişinin oğlu cənnəti ayağının altından qaçırıb quzeyin don atmış torpağında çörək axtarırdı. Onun da yurd istəyi, ev-eşik mehri orda buz bağladı, yavaş-yavaş kağızı da kəsildi, pulu da…”
Dediyimiz kimi, dialoqlar üçün başlıca keyfiyyət səmimiyyət və gerçəklik duyğusudur. Haqqında danışdığımız hekayədə bəzən qəhrəmanlar özləri kimi danışmır, yazıçı qəhrəmanlarına öz düşüncə və fikirlərini “dedirdir”. Ola bilsin ki, bu, dialoqların təbiiliyinə xələl gətirir. Lakin hekayənin yazıldığı romantik üslubun xüsusiyyətlərini nəzərə alsaq, bu qüsur hesab edilməməlidir.
Bu qısa təhlilimizdə yazıçı ustalığının göstərməyə çalışdığımız tərəfləri sayəsində oxucu bir daha əmin olur ki, insanlıq tarixi azadlıq arzusu ilə əxlaq qaydaları arasında gedən mübarizə tarixidir. Azadlıq ruhu hardasa, nə zamansa, kiminsə varlığında təcəlli edir, böyüyür, özünün qədim nəğmələrini oxuyur… və Cəmiyyətin Əxlaq Qaydaları onu yenidən qətlə yetirir. Lakin qətlə yetirənlər Azadlıq ruhunun fatihəsini verə bilmir, Şər heç zaman qalibiyyət marşını sonacan oxuyub çatdıra bilmir. Azadlığın ecazkar və şirin səsi yeni doğulan başqa bir varlığın dilində Şərin eybəcər səsini yarıda kəsir. Nə qədər ki, bəşəriyyət insan azadlığının qarşısına əlibıçaqlı əxlaq qaydaları ilə çıxacaq, bu qətllər, faciələr qaçılmazdır, təkrarlanandır. Nə qədər ki, cəmiyyət dünyəvi ehtirasların pəncəsində əsirdir, yerüstü qayğılardan uzaqlaşıb özünü ilahi həqiqətlərə təslim edənlər qaragüruh əlində həlak olacaq. Ancaq ilahi həqiqətlər karvanının əbədiyyət səfəri, azadlıq aşiqlərinin silsiləsi ortada qırılsa da, karvan yenidən düzlənir, yola yeni simalar, yeni şəxsiyyətlərlə davam edir. Fəxri Uğurlu bu hekayəsində həmin karvanın günümüzdəki səfərini, yeni şəkildə doğuluşunu və faciəsini əks etdirmişdir.
Mənbə: Xeber365.com
“Məryəmin oğlu” hekayəsini bu link vasitəsilə oxumaq olar