Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7 8 9 10
Xülya CƏFƏROVA
5-ci gün
Klara Diyarın ağrılarını azaltmaq üçün əlindən gələni edirdi. Diyar bir müddətdən sonra huşunu tamamilə itirdi. Yuxuda anasını sayıqlayır, hərdən ayılıb vahimə ilə qışqırırdı.
Hər kəs növbə ilə Diyarın keşiyini çəkirdi. Duman, Torpaq və Tunar isə ortalıqda görünmürdü. Dəfnə hələ də baş verənləri tam olaraq həzm edə bilməmişdi. Diyarın ölüm ayağında olması və buna “şeytan triosunun” illər əvvəl ona qarşı törətdiyi vəhşiliyin səbəb olması Dəfnəyə yuxu kimi gəlirdi. Diyarı məktəb illərində kifayət qədər yüksək qiymətləndirməmişdi. Buna görə də özünü qınayırdı. Onu həmişə aciz, zəif, mənliyi olmayan biri kimi tanımışdı. Elinanı müdafiə etdiyi həmin gecəyə qədər Diyara qarşı ikrah duyurdu. Lakin o hadisə Diyarı gözündə qaldırmışdı. Ardınca baş verən “intihar” isə 10 il ərzində müəmma kimi qalmışdı. Və illər sonra Diyarın bu addımı atmadığını, əksinə, buna məruz qoyulduğunu və müqəddəs bir amal – anasını qorumaq uğrunda susaraq hər şeyə sinə gərdiyini bilmək Dəfnədə ölüm ayağındakı sinif yoldaşına qarşı güclü bir sevgi yaratmışdı. Bəlkə də vaxtında cəhd etsəydi, Diyar onun ən yaxın dostuna çevrilərdi. Nə vaxtsa Diyar ürəyini ona boşalda da bilərdi. Beləliklə, Dəfnə heç nəyə fikir vermədən Dumana həyatı zindan edər, bildiklərini hamıya danışardı. Amma artıq çox gec idi…
Gecə saatlarında Diyar oyandı. Ağrıları daha da şiddətlənmişdi. Klaranın da artıq əlindən heç nə gəlmirdi. Elinanın növbəsi idi. O da hamı kimi sakitcə ağlayırdı. Diyar Elinanı görüb gülümsəməyə çalışdı:
– Ağlama, Şahzadə! Eybəcər görünürsən.
Elina gözlərindən yaş axa-axa zorakı təbəssümü ilə qarşılıq verdi:
– Bağışla, Diyar… Bütün bunlara mən səbəb olmuşam…
– Sənlik bir şey yoxdur. Hardan biləydin ki…
Sonra Diyar üzünü Klaraya tutub dedi:
– Hiss eləyirəm… Vaxtdır… Dumangili çağır.
“Dumangil” deyəndə Duman, Torpaq və Tunarı nəzərdə tuturdu. Klara hər üçünü çağırdı.
Diyar əvvəlcə onları maraqla süzdü. Son iki gün ərzində nə qədər pərişan olduqlarına nəzər yetirdi. Sonra isə üzünü Tunara çevirdi: “Sən ayaq işlərinə baxırsan. Qulsan. Başı işləməyən, cahil, əmrə tabe olan köləsən!” Tunarın sifətindən hiss olunurdu ki, eşitdikləri ürəyincə deyil. Duman sərt bir baxışla ona susmağı, qarşılıq verməməyi əmr etdi. “Ona görə də səni bağışlayıram, kölə!” – Diyar dedi.
Ardınca üzünü Torpağa tutub davam elədi: “Sən isə sağ əlsən. Baş yox, əl! Bircə balta zərbəsilə səni həmişəlik qoparıb atmaq olar. Azad iradən yoxdur. Gücün yanındasan deyə, özünü güclü zənn edirsən. Amma bunun da sonu, əvvəl-axırı olmalıdır. Ehtiyatlı ol! Səni də bağışlayıram!” Torpaq dinmədi.
Nəhayət, Dumana növbə gəlib çatdı: “Sən… Sən isə başsan. Hər şər-böhtanın altında sən varsan. Sən şeytansan! Səni bağışlamıram!”
Duman nə isə demək istəsə də, sözlər boğazında düyünlənib qaldı. “Buradan çıxış mümkün deyil. Hamımız bilirik. Mən ən birinci yola düşürəm. Ardımca siz də gələcəksiniz” – Diyar dedi. “Kim bilir, bəlkə də ən rahat ölüm mənimki olacaq? Sizinkiləri təsəvvür eləyəndə belə tüklərim biz-biz durur” – Diyarın ölüdən seçilməyən simasında qəfil bir işıltı peyda oldu. Gözlərində bütün dünyəvi qorxulardan sıyrılmış insanlara xas olan bir rahatlıqla dedi: “Sizi cəhənnəmdə gözləyəcəyəm!” Bu, onun son sözləri oldu. Ruhu bədənini tərk etdi. Lakin simasındakı parıltı yerində qalırdı…
(Ardı var)