Cəhənnəmdən keçmiş mələk (44)
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Günlər ötüb keçdikcə Cavid də dirçəlirdi. Boynundakı cihaz çıxarılandan sonra uşaq daha da sürətlə yaxşılaşmağa başladı. İndi də sevincdən boğazımdan tikə keçmirdi. Uşağım sağaldıqca içimdən yerə-göyə, insanlara, fələyə səssiz bir axınla dalğa-dalğa yayılan kin-küdurət, hikkə-qəzəb də sozalır, öləziyirdi. Yenə qollarımın arası balamın körpəcə canıyla, ciyərlərim onun doğma qoxusuyla dolub-boşalırdı, yenə oğlum səsimlə yatıb səsimlə oyanırdı…
Uzun çəkən müalicənin son nəticəsini öyrənmək üçün Caviddən çoxlu analiz götürdülər, sonra bizi evə buraxdılar. Həkim dönə-dönə tapşırdı ki, uşaq üç aydan bir bu xəstəxanada yoxlanmalıdı, ardınca Cavidin düzgün qidalanmasıyla bağlı uzun bir siyahı da verdi əlimə.
Hakim bizi xəstəxanadan çıxarıb öz evinə apardı. Ancaq Emin yenə iki ayağını bir başmağa dirədi, bizi qapıdan içəri girməyə qoymadı:
– Birbaşa evə gedəcəyik, nə var qardaşıngildə?
Mən şəhərdəki evimizi nəzərdə tutub dedim:
– Yaxşı, ora getmək istəmirsən, onda gəl öz evimizə gedək. Bir ildən çoxdu o evin qapısını açmırıq…
Cehizlərimin çoxunu Bakıdakı evimizə yığmışdıq, sonra da evin qapısını kilidləyib o gedən getmişdik.
– Sən narahat olma, – Emin dedi, – mən bu neçə günü orda qalmışam, qapısını da açmışam, pəncərəsini də.
Hakim yenə keçdi yalvar-yaxara:
– Neçə gündü xəstəxana küncündədilər, qoy heç olmasa bircə gecə qalıb dincəlsinlər.
– Neçə gündü dincəlir də, bəyəm daş daşıyırdı bacın orda?
Ayrı vaxt olsaydı, tüstüm ərşə dirənərdi, ancaq indi Cavid sağalmışdı deyə heç nə vecimə deyildi, hankı səmti göstərsəydilər, o yolla da gedəsiydim.
Eminin mənə kini hələ də soyumamışdı, Bakıya gəlmək üstündə onunla dimdik-dimdiyə durmağımı hələ də həzm eləməmişdi, onunla söz güləşdirib dediyimi yeritməyimi doyunca çəkib çevirməmişdi. Bunun qisasını alacaqdı məndən, bilirdim. Ona görə də gedib-qalmaq məsələsi üstündə mübahisəni çox dərinə çəkmək istəmirdim. Bir yandan da bizi belə urvatsız yola salmaq qardaşlarımın canına heç yatmırdı. Emininsə dərdi ayrıydı:
– Geriyə qatarla qayıdacaqsan, bunu qulağında sırğa elə.
Qara qayğı canımı almışdı: bu istidə yarımcan uşaqla qatarda necə gedəcəkdim?
Qardaşlarımın qəsdi buydu ki, Emini evə aparıb, orda dilə tutub yumşaltsınlar. Ancaq bütün yalvarışlar, xahiş-minnətlər boşuna getdi, Emin dediyindən dönmədi. Onda Hakim valın o biri üzünü çevirdi:
– Mən sizi ildırım sürətiylə evə çatdıracam, neynirsən o çirkli, üfunətli qatarı?
Burasını da deyim ki, o dövrdə artıq Aqilin də, Hakimin də şəxsi maşını vardı.
Emin yenə addımını geri qoymadı. Onda mən işə qarışmağa məcbur olub qardaşlarımı dilə tutmağa çalışdım:
– Qarışmayın, qoyun necə istəyir, elə də aparsın.
Qardaşlarım da yaxşı bilirdilər ki, sonra bunun ağrısını bacıları çəkəcək, ona görə də çar-naçar razılaşmağa məcbur oldular. Həm də düşünürdüm ki, bunca əzab-əziyyətdən sonra bir gecənin narahatlığı mənə neylər?..
***
Qatara qədər çalışdım Emini qıcıqlandırası, özündən çıxarası xırdaca hərəkətə belə yol verməyim. Ancaq əsl müsibət qatarda başlandı.
Kupedə bizdən başqa qırx yaşlarında hündür kök bir kişi, bir də bir cavan oğlan gedirdi. Kişinin qucağında körpə qız uşağı vardı. Qatar tərpənəndən bu uşaq başladı ağlamağa. Emin heç kimi saya salmadan bələdçidən aldığı mələfələrlə mənə gərdəkfason bir şey düzəltdi. Mələfələrin ucunu yuxarıda yatan oğlanın döşəyinin altına dürtdü, mənim yatağım qaldı pərdə arxasında.
Kişinin qucağındakı uşaq kirimədikcə Cavid də oyanırdı, oyanıb ağlayırdı. Mən dəqiqəbaşı qalxıb uşağıma nəsə verdikcə mələfələr siyrilib yerə düşürdü. Hər dəfəsində də Emin ərinməz-ərinməz yuxarıdan hoppanıb düşüb mənim gərdəyimi düzəldəndən sonra yenidən atılıb yerinə qalxırdı. Əluşaqlı kişi də bunun hərəkətlərini izləyə-izləyə qəşş eləyib özündən gedirdi. Kişi üzünü mənə tutub danışdıqca Eminin dişi bağırsağını çeynəyirdi, di gəl arından dillənə bilmirdi, daha doğrusu, dillənməyə bəhanə tapmırdı.
Bizim qonşu rayonda doğulub-böyümüş kişinin dediyindən belə məlum oldu ki, Rusiyadan bəri gəlir. Rus arvadı ağır xəstəlikdən dünyasını dəyişib, qızcığaz qalıb baxımsız. İndi də körpəsini kəndinə aparır ki, orda yaşayan ana-bacısına təhvil verib geri qayıtsın. Onun qırımından, davranışından bu boyda dərd yiyəsi olduğunu deməzdin.
Kişi qızcığaza nə verdisə uşağın səsi kəsilmədi. Mənim o anasız körpəyə sonsuz bir şəfqətlə, həyəcanla baxdığımı gözündən qaçırmayan Emin peçenye kağızına belə bir namə yazıb yuxarıdan yatağımın üstünə atdı: “Əgər o uşağı kişidən alsan, səni qatarın pəncərəsindən tullayacam”.
Mən Cavidi kiridəndə kişi üzümə yazıq-yazıq baxıb gözləriylə məndən imdad diləyirdi. Mən də hər dəfə uşağıma nəsə vermək istəyəndə Eminin asdığı mələfəni bir az da qəsdən vurub salırdım. Hər dəfəsində o, ikinci yarusdakı yatağından dəli kimi sıçrayıb düşüb yenə mənə gərdək düzəldirdi. O, belə elədikcə kişi də oğrun-oğrun mənə baxıb qımışırdı, bəzən aşkar, bəzən də gizli-gizli, elə ürəyindəcə uğunub gedirdi.
Sakitliyə öyrənmiş Cavid qızcığazın səsindən yata bilmirdi. Vaqon çox istiydi, bəlkə bu da uşağı tıncıxdırırdı. Kişi öz balasını qucağında silkələyib kiritmək istəyirdi, mən də öz balamı. Emin kişinin başının üstündən ayaqlarını sallayıb gözünü qırpmadan baxırdı, hiss eləyirdim ki, hikkəsindən zəncir gəmirir. Onun bu hala düşməsi mənə ləzzət verirdi – axı qardaşlarım dönə-dönə yalvardılar ki, qatarla getməyin, əziyyət çəkəcəksiz. Hərçənd beləcə pəstahaya düşəcəyimiz heç kəsin ağlına gəlməzdi, elə bil görünməz bir qüvvə onun yersiz tərsliyinə, xudbinliyinə görə bizi cəzalandırırdı.
Emin yuxarıdan qeyzlə əmr verdi:
– Kəs onun səsini, yıxıl yerinə!
– Nə təhər eləyim, o körpə ağladıqca bu da qoşulur ona.
Ərim mənim üstümə gəldikcə əluşaqlı kişi xəcalət çəkirdi, sıxıla-sıxıla deyirdi:
– Bu gecəni də yola versəm, yaxşı olacaq.
Axırı Emin dözməyib ona bozardı:
– Nəyi yaxşı olacaq, a kişi, sənin uşağının səsindən bütün qatar oyaqdı.
– Qadan alım, indi mən neyləyim, elə bilirsən mənə xoşdu bunun ağlamağı? Bilmirəm nə təhər eləyim ki, bunun səsi kəsilsin.
Kişi arada çantasından bahalı konfetlər çıxarıb mənə uzadırdı, mən də bir gözüm Emində:
– Çox sağ olun, zəhmət çəkməyin, – deməklə birtəhər canımı qurtarırdım.
Cavid sakitləşib yuxuya gedən kimi Emin yenə aşağı düşüb mənim gərdəyimi bu səfər ayrı bir hikkəylə düzəltdi:
– Gir ora köp, bəsdi ortalıqda fırlandın!
Qızcığaz durmadan ağlayırdı, ağladıqca mənim ürəyim neçə yerdən oyulurdu; anası sağ olsaydı, bəlkə bir o qədər yanmazdım. Kişi uşağın başını gah sağ qolu üstə qoyurdu, gah sol qolu üstə, ancaq xeyri yoxuydu, qızcığaz kirimirdi ki kirimirdi. İçimdən püskürüb boğazıma tıxanan qəzəb məni boğurdu, hirs-hikkə canımı qor kimi dağlayırdı. Xəstəxanalarda yatanda tanımadığım o qədər adam mənə kömək əli uzatmışdı ki… Lap elə saçımın dolaşığını açan, başımın bitini təmizləyən o qadın – bəyəm o mənim doğmam idi? Gör mənə ana-bacı kimi nə təhər can yandırdı! İndi niyə mən də bu anasız uşağa bir qayğı göstərə bilməyim?!
Düşündükcə özümdən iyrənirdim, bir ana kimi, qadın kimi məni bu qədər alçaldan acizliyimə, miskinliyimə, köləliyimə nifrət eləyirdim. Yatağımın içində vurnuxa-vurnuxa qalmışdım, gözlərimi ha yumsam da sönə bilmirdim, körpənin çığırtısı beynimi dəlik-dəlik eləyirdi.
Qəfildən nazik mələfəni üstümdən atıb qalxdım, Eminin düzəltdiyi gərdəyi siyirib ayağımın altına tulladım:
– Uşağı mənə verin görüm…
Səsimə Emin də dikəlib ayaqlarını aşağı salladı. Başımı bircə dəfə qaldırıb onun kəlləsinə çıxmış gözlərinə nifrətlə baxdım. Adını bilmədiyim kişi o dəqiqə uşağı mənə uzatdı.
– Siz də burdan durun o tərəfə keçin, uşağın palını-paltarını da mənə verin.
Kişi cəld yerindən durub Cavidin ayaq ucunda oturdu. Qızcığazı bir göz qırpımında lütləyib qabağıma qoydum. Uşağın bələyindən qalxan üfunət bütün kupeni bürüdü. Bu dəm kürəyimə elə də güclü olmayan bir zərbə dəydi. Bilirdim Emindi, ancaq özümü bilməzliyə qoydum. O məni tanıyırdı, körpənin naləsinə biganə qalmayacağımı bilirdi, ona görə də qabaqcadan xəbərdarlıq eləmişdi. İndi onun tapşırığına məhəl qoymadığımı görəndə yuxarıdan belimə bir təpik atmışdı.
Demək, uşağın əyninə Rusiyanın soyuq iqliminə uyğun bir kombinezon geyindirmişdilər, elə o geyimlə də tifil neçə günsə yol gəlib, sidiyin, nəcisin içində diri-diri bişmişdi. Başındakı qalın papağın istisindən qulaqlarının dibi açılıb qıpqırmızı yara olmuşdu.
Azacıq suyla uşağı sellofan torbanın arasında yuyub təmizlədim. Cavidin kremlərindən qızcığazın büküşlərinə, qulaqlarının dibinə çəkdim. Bunları elədikcə pambıq kimi ağappaq körpə üzümə baxıb mələk təbəssümüylə gülümsünürdü. Uşaq o qədər xoşuma gəlmişdi ki, Emindən qorxmasaydım, onu atasından istəyərdim, versəydi Cavidlə baş-başa bəsləyib böyüdərdim.
Kişinin çantadan çıxardığı qəşəng uşaq donlarına baxdıqca şişirdim, bətnimdə bir qımıldanma, bir tərpəniş duyurdum, belə bir qız anası olmaqdan ötrü içim axırdı. Qızcığaz onu geyindirib qurtarana qalmadı, elə əllərimdəcə yuxuya getdi. Kişi az qaldı ayaqlarıma döşənə:
– Allah sənin balanı saxlasın, Allah səni darda qoymasın!
***
Uşağın dincəlib yatdığına tam əmin olandan sonra kişinin kefi əməlli-başlı kökəldi, əl atıb Eminin ayaqlarından dartdı:
– Düş, düş aşağı gedək bir çay içək, əəə! Sən nə xoşbəxt adamsan, belə qabiliyyətli yoldaşın var…
Emin mənə də, kişiyə də ikrahla baxırdı. Bilirdim məni nə gözləyir, amma vecimə deyildi, gördüyüm işin fərəhi içimi siləbəsilə doldurmuşdu. Kişi də bərk əl-ayağa düşmüşdü, gah ərimdən, gah da məndən adımızı soruşurdu. Bilmirdi borcundan nə təhər çıxsın – mənə konfet təklif eləyir, Emini dartıb qatarın restoranına aparmaq istəyirdi. Ərimin qəlbiqara olduğunu görüb mənə gah “qızım”, gah “balam”, gah da “bacım” deyib üz tuturdu.
Bütün bu müddətdə mən baxışlarımı Emindən gizləməyə çalışırdım, bilirdim ki, onunla göz-gözə gəlsəm, nəsə ürək bulandıran bir söz işlədəcək. O, siqaret çəkməyə çıxan kimi kişi mənə sarı əyilib pıçıltıyla soruşdu:
– Qızım, sən Allah özün istəyib getmisən buna? Bu, niyə belə qaraqabaqdı?
Mən bir gözüm qapıda tez cavab verdim:
– Pis adam deyil ey, bir az qısqancdı.
– Bir az yox ey, bir vaqon, – kişi əlini əlinə vurub güldü. – Qadınsız kişi heçnədi, sıfırdı, yesirdi…
O gecə kişi nə illah elədisə Eminlə dil tapıb söhbətləşə bilmədi. Bir xeyli özündən, ömründən-günündən danışdı ki, bəlkə Eminin də dili açıla, amma xeyri olmadı.
– Ay Emin, heç olmasa kəndinizin adını de, bəlkə yolumu azdım, gəlib bir istəkan çayınızı içərəm. Bax mən Tolyattidə iri bir zavodun sex rəisiyəm, de görüm sən nə işlə məşğulsan?..
Daş dilləndi, Emin dillənmədi. Kişi öz-özünə danışırmış kimi sözünə davam elədi:
– Üç yüz fəhləylə dil tapıb onları kiridirəm, amma bir əlcə uşağın dərdini tapa bilmədim. Qadın böyük qüvvədi. Qadınsız kişi yazıqdı, yesirdi, bədbəxtdi…
Kişi gecəyarıyacan danışdı, ancaq Eminin dili yuvasından çıxmadı. Arabir etika xətrinə mən onun dediklərinə reaksiya verirdim, bilirdim mənə baha başa gələcək, ancaq bu məqamda heç dillənməmək də tərbiyəsizlik olardı. Axırda kişi boşuna əziyyət çəkdiyini anlayıb dedi:
– Ay Emin, deyəsən mən səhərəcən hürsəm də, sən dillənməyəcəksən. Ta mən yatıram, ancaq yatmamışdan sənə bir də deyirəm: bu qızın qədrini-qiymətini bil. Bax mənim anam da var, atam da var, yaxşı şəraitim, pulum da var. Amma qadınım yoxdu deyə yetim uşaq kimiyəm, heç kimə gərək deyiləm, heç kəs yolumu gözləmir.
Emin handan-hana dilə gəldi:
– Baş üstə, gedən kimi qapımızdakı çinarı çıxardıb bunun başında qədir ağacı əkəcəm.
– Öz ürəyinin başında əksən o ağacı, inan, cənnət sənin olacaq.
Uşaqlar yatışdı deyə kupeyə sakitlik çökdü. Cavidin ayaq ucunda bürüşüb uzandım. Qatarın aramsız taqqıltısı, tanımadığım bu adamın qadın haqda dediyi xoş sözlər məni məndən almışdı. Özümün necə bir dəyərsiz qadın, yararsız ana, unudulmuş övlad olduğumu düşündükcə qəhər boğazıma tıxanırdı. Axı mən neylədim ki, ərimin gözündə bunca hörmətsiz oldum? Bilirdim evə çatan kimi Emin məni hansı sözlərlə mükafatlandıracaq. İndən belə bir ömür boyu mükafatım o sözlər olacaqdı…
***
Səhər biz qatardan düşəndə qızcığaz hələ də yatırdı. Kişi yenə Emindən əl çəkmədi, onu öz doğması kimi qucaqlayıb sinəsinə sıxdı:
– Heç olmasa atanın adını de.
Onun bu məhrəmliyi Emini bir balaca yumşaltdı, yaşadığımız kəndin, bir də qaynatamın adını kişiyə dedi. Sonra Emin Cavidi qucağına alıb qatardan düşdü, ağır zənbilləri, çantaları qəsdən mənə saxladı. Mən əyilib qızcığazın üzündən öpəndə kişi göz qırpımında bir sellofan torba dolusu konfeti əlimdəki zənbilə basdı. Mən tez-tələsik etiraz elədim:
– Oy, Emin görər, məni öldürər! Götürün, siz Allah.
– Görməz, pal-paltarın altında gizlət. Sən məni özünə borclu qoyub getdin, balam. Amma bu kişi səni çürüdəcək, qızım, özünü qoru. Heç olmasa valideynlərin sağdımı?
Mən dinməzcə başımla “hə” dedim.
– Yenə də şükür! Yoldaşın deyəsən savadsızdı, eləmi?
– Yox, nə danışırsız, institut oxuyub.
– Ay mənim başıma dəysin onun oxuduğu institut! Salamat qal, balam, sən mənim yadımda ömürlük qalacaqsan. Kaş mənim də sənin kimi bir qızım olaydı.
– Kaş elə mənim də sizin qızınız kimi bir qızım olaydı, – deyib bu xoşxasiyyət adamın üzünə həsədlə baxdım.
Sonra yükümü tutub ayağım ayağıma dolaşa-dolaşa Eminin arxasınca qaçdım. Qayıdıb məni kişiylə söhbətləşən görsəydi, dərimə saman təpəcəkdi…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm: 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43