Cəhənnəmdən keçmiş mələk (41)
- 01 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Səhər yenə hamı işinə-gücünə getdi. Qaynatam uşağın nə halda olduğunu görüb:
– Yığış, gedək xəstəxanaya, – dedi.
Həkim uşağın vəziyyətinin çox gərgin, təhlükəli həddə olduğunu bizdən gizlətmədi. Tibb işçiləri təcili tədbirlər görməyə başladılar.
Xəbəri eşidib Emin də arxamızca gəlmişdi. Palataya girən kimi birinci sözü bu oldu:
– Sən ölürsən də xəstəxana üçün.
Sonra gözünün ucuyla qızdırmadan ləhləyən uşağa baxdı:
– Nolub, nəyi var ki bunun?
Onsuz da canımdan bezmişdim. İçəri girən hələ uşağı görməmiş gözünü mənim şişmiş-göyərmiş sifətimə zilləyib soruşurdu: “Səni kim bu günə salıb?”
Dünəndən güzgüyə də baxmamışdım. Bu dəfə də güzgümü yada düşürdü, sir-sifət hayındaydımmı mən? Sərt bir dönüşlə Eminə sarı çevrilib:
– Allahını çağır, uşağın başına bir iş gəlməsin, – dedim. – Cavidin başından bir tük əskik olsa, dünyanı sənin üstünə uçuracam.
– Sən mənə neyləyə bilərsən ki? Həə, lap deyək ki, öldü sənin uşağın…
Palata dolu adamın içində üstümə yeridi. Daha su boğazıma çıxmışdı, el yığılsa məni susdura bilməzdi.
Yenə harayıma Səməndər çatdı. Hərəmizi bir tərəfə itələyib həkimin yanına cumdu. Palatadakı qadınlar hamılıqla susub bizi izləyirdilər. Emin içəridən çıxandan sonra biri məni başdan-ayağa süzüb dedi:
– Sənin ki belə boylu-buxunlu, göyçək ərin var, bir uşağa görə onu niyə incidirsən?
Dəryaları, dənizləri üzüb gəlmişdim, indi dayaz bir dərədə boğulurdum. Həm də elə boğulurdum ki, əlimi atıb tutmağa bir çaylaq daşı, bir saman çöpü də tapmırdım. Hirsimi-hikkəmi birtəhər boğub məni qınayan gəlindən soruşdum:
– Sənin neçə uşağın var?
– Döşümdəkindən savayı üçü də evdədi.
– Amma mənim olanım budu.
– Nolacaq, hələ uşaqsan, doğar qarnın var, yenə doğarsan.
– Mənim bundan başqa uşağım olası deyil.
– Niyə, bacı, sən Allah elə demə, sənin nə yaşın var…
Özüm də bilmirdim niyə belə düşünürdüm, belə danışırdım, bilmirdim bu sözləri mənə kim dedirdir. Ağıl götürəsi, məsləhət dinləyəsi halda deyildim.
Emin məni xəstəxanada atıb işinin dalınca getdi. Axşama yaxın Cavidi iynə otağından çıxarıb halsız-huşsuz, qızdırma içində qucağıma verdilər. Körpəmin toppuş əllərinin üstü, ayaqları, hətta alnının ortası deşik-deşik olmuşdu, damarını tapıb dərmanları yeridənəcən balamın canını yüz yerdən yaralamışdılar. Bu dilsiz-ağızsız varlığın halına baxanda indiyə qədər çəkdiklərim yalan oldu. Mən onu doqquz ay sevgi bəsləmədən bətnimdə daşımışdım, bundan sonra bir ömür sevə-sevə ürəyimdə daşıyacaqdım. Sən bilməzsən bu necə bir sevgidi, Dostum, axı Sən heç vaxt qadın olmamısan, ana olmamısan…
İndisə oynayan, gülən, mənim səsimi min səsin içindən seçən Cavidim qollarımın üstündə canıyla əlləşirdi. Bu işdə ayrı kimsəni yox, özümü günahkar bilirdim: mən kölə olmasaydım, iradəmə yiyə durub uşağımı heç olmasa beşcə ay öz südümlə bəsləsəydim, indi körpə bu əzabı yaşamazdı.
***
On beş gün xəstəxanada ana-bala əzrayılla güləşdik. Müalicənin bir zərrə xeyri olmadı, uşaq nöyütü azalan çıraq kimi gözümün qabağındaca hər gün bir az sönürdü. Bütün ağırlığımız Səməndərlə Kamilin üstünə düşmüşdü. Emin gündə bir-iki saat palatanın qapısı ağzından məni izləyib gedirdi – uşağın üstündə əlləşən həkimlərin üzünə baxır, sonra gözlərini mənə zilləyirdi. Mən onun ürəyindən keçənləri çox yaxşı anlayırdım. Evdən mənə dəyişək belə gətirmirdi. Gecələr xəstəxanada əl-ayaq çəkilən kimi xalatımı soyuq suda bir əl sabunlayıb, möhkəmcə sıxıb, yenidən əynimə taxırdım. Səhərə qədər gözləri hərarətdən qapalı uşağın ağzına su damcıladırdım. Yuxusuzluq, aclıq mənə qəti əsər eləmirdi. Sevib əzizlədiyim saçımı başımın arxasında o qədər bükələyib yığmışdım ki, tellərim hamısı düyün düşmüşdü. Gecələr it kimi ulayırdım. Hamının uşağı bura gətiriləndən beş-üç gün sonra yaxşılaşırdı, mənimkisə gözüm baxa-baxa əlimdən gedirdi. Heç nəyə, heç kəsə umudum qalmamışdı. Qardaşlarım palataya girəndə qaçıb qapının ağzında dayanırdım. Onların yanında uşağı öpüb əzizləmək bir yana, balamın halına ağlamağa da utanırdım.
O zülmət günlərin birində Kamil mənim çəkingənliyimi sezdi:
– Gəl uşağının yanında dur, içində ağlama, – dedi. – Bizdən utanmaq lazım deyil. Səsini çıxart, bərkdən ağla, rahatlaş. Sənin balan ölür, nə utanılası bir işin var ki?
Kamilin bu sözü mənim irinli çibanıma neştər vurdu. Özümü başının üstünü almış fəlakətdən xəbərsiz balamın ayaqlarına atıb şivən qopardım. Onun iynələnməkdən deşik-deşik olmuş balaca əllərini üzümə-gözümə sürtə-sürtə ağladım. Elə bilirdim ona layla çalsam, Cavid gözlərini açar, ancaq ağlamaq səsimi kökləməyə imkan vermirdi.
Uşağın irəli getmədiyini görən həkimlər onu Bakıya aparmağı məsləhət bildilər. Amma necə aparaydıq – göydən od yağır, yol uzaq, körpə də yarımcan. Qaynanamla Emin bu gedişin qəti əleyhinə çıxdılar, dediklərini də belə əsaslandırdılar ki, çox gecikilib, yolda uşağın başına hökmən nəsə gələcək. Mən özümü ölümə qoydum, qardaşlarımın əlinə-ayağına düşüb yalvardım ki, kömək eləyin uşağı yubanmadan qaçıraq Bakıya. Mənim nə hallara düşdüyümü görən həkim qardaşlarıma kəsə yol göstərdi:
– Həftədə bir dəfə qonşu rayona tibbi vertolyot gəlir – ağır vəziyyətdə olan uşaqları Bakıya çatdırmaq üçün. Düzdü, xərci bir az çoxdu, ancaq istəsəz onlarla danışa bilərsiz.
Bu xəbər bizi göylərin müjdəsi kimi sevindirdi, sönməkdə olan umudumuzu işartdı. Qardaşlarım lazım olan bütün işləri çaparaq gördülər, Cavidin göndəriş sənədlərini hazırlatdılar. Qalırdı bizim qonşu rayona gedib, xilaskar vertolyotda özümüzə yer tutmağımız.
Emin ciddi-cəhdlə qardaşlarımın bütün hazırlıqlarını, planlarını pozmaq istəyirdi:
– Nə vertolyot, əşi, özüm gecə qatarla aparacam.
Səməndərlə Kamil naçar-naçar üzümə baxırdılar. İçimə dammışdı ki, bu fürsəti qaçırsaq, işi uzatsaq, uşaq əldən gedəcək. Emin məni fikrimdən döndərmək üçün ikilikdə dilə tutmağa çalışırdı, bundan bir nəticə hasil olmayanda üstümə hücuma keçirdi. Mənsə qərarımı vermişdim, nə olur olsun, uşağı tez bir zamanda paytaxta çatdırmalıydım.
Eminə etirazımın, üsyanımın mənə baha başa gələcəyini bildikləri üçün işlər düzülüb-qoşulandan sonra qardaşlarım da məni fikrimdən daşındırmağa çalışdılar, ancaq mən canım bahasına da olsa bu yoldan dönəsi deyildim. İlk dəfəydi ki, hamının yanında Eminlə kəskin danışırdım, nə deyirdisə cavabını qaytarırdım, onun fikrini qəti saya salmırdım:
– Sən məni burda öldürsən də, mən uşağımı aparacam.
Emin də addımını geri qoymurdu, daha qardaşlarımın yanında da üstümə yeriyirdi:
– Mən deyən olmasa, mənim evimə bir də ayağın dəyməyəcək.
– Təki uşağım salamat qalsın, qayıtmaram sənin xarabana.
Mən Cavidi qucağıma alıb, əynimdə elə xəstəxanada geyindiyim həmin o kirli xalat, ayaqlarımda həmin başmaqlar qardaşlarımın arxasınca getdim. Heç bir üsulun kar eləmədiyini görən Emin bu səfər pilləkəndə mənə hücum çəkdi, sifətimi, başımı yumruğa, qapaza tutdu, qucağımda can verən körpəyə belə keçmədi. Zərbələrin təsirindən yenə burnumdan qan açılıb uşağın üstünə axdı. Ancaq bir zərrə ağrı hiss eləmədim; o dar dəkədə bunu da düşünməyə macal tapdım ki, ya mənim canım-cəsədim Eminin zərbələrinə alışıb artıq, sırtılıb, ya da qucağımdakı uşağın dərdi bədənimi keyidib…
Cavid qucağımda vertolyota minəndə Emin dirəndi ki, mən də gedirəm. Həkimlər onu çox çətinliklə başa saldılar ki, burda yer azdı, yalnız xəstə uşaqları, bir də anaları vertolyota mindirməyə icazə verirlər. Emin bunu da qardaşlarımın hiyləsi kimi başa düşdü, uzaqdan mənə barmaq silkələdi.
Son anda Səməndər mənə bir torba uzatdı:
– Sənə yarayanları seçib geyərsən. Balaca bir dürmək də var, yolda yeyərsən.
Yemək, geyinmək mənim xəyalımdan da keçmirdi. Tezliklə uşağımı etibarlı bir həkimin şəfalı əllərinə təhvil vermək istəyirdim, vəssalam. Başqa heç nə, heç nə, heç nə!
Qapılar bağlananda qardaşlarımın yaşlı gözlərini sildiklərini görüb yenə yüz arşınlıq quyunun dibinə çökdüm. Yəqin onlar əmin idilər ki, Cavidi bir də sağ görməyəcəklər.
Təbib vertolyotda məndən başqa altı ana-bala da uçurdu. İçəridə Loğmanın adına layiq şərait vardı. Bununla belə, uşaqlar hamısı bir-birindən ağır vəziyyətdəydi. Qadınlar çantalarını eşib olandan-olmazdan yeyə-yeyə söhbətləşirdilər. Bir az onlara göz qoyandan, danışıqlarını dinşəyəndən sonra mən də başımı Səməndərin verdiyi torbaya saldım: orda qardaşım arvadının paltarları, bir də arasında iki kotlet olan para çörək vardı. Dürməyi ağzıma nə qədər yaxın tutdumsa bircə dişlək də ala bilmədim, elə bildim o çörəyi yesəm, fələk məni cəzalandıracaq. Neçə gündən bəri dilinin altından sudan başqa heç nə keçməmiş körpəmə xəyanət olardı bu.
Yanımdakı gəlindən daraq aldım, nə qədər çalışdımsa saçımın dolaşığını aça bilmədim. Kirli tellərimi alnımdan yuxarıya doğru bir balaca sığallayıb darağı yiyəsinə qaytardım.
***
Xəstəxanaya çatan kimi Cavidi reanimasiya şöbəsinə yerləşdirdilər. Elə bilirdim rayon xəstəxanasında olduğu kimi burda da mənə uşağın yanında qalmağa icazə verəcəklər. Elə olmadı, tibb işçiləri körpəmi əlimdən alıb hündür qapıların arxasında görünməz oldular. Qaldım dəhlizdə mələyə-mələyə. Üzü xəstə üzlər görmüş tibb bacısı mənə çəmkirdi:
– Bir az da səs-küy salsan, səni xəstəxanadan bayıra atacaqlar. Bizdə ancaq uşaqlar üçün yer nəzərdə tutulub. Analar qapı arxasında qalırlar.
Qorxudan səsimi uddum. Mənə balaca bir stul verib qapının ağzını göstərdilər. Pəncərədən nə qədər boylandımsa şəhərin hansı tərəfində olduğumu anışdıra bilmədim. İsti avqust, yad şəhər, qapılar arxasında can verən övladım…
Huşum başıma qayıdandan sonra Eminə qulaq asmadığıma peşman olmuşdum. Stulun üstündə yumaq kimi büzüşmüşdüm, düşünürdüm indi uşağın başına bir iş gəlsə, neylərəm, hara, kimin üstünə gedərəm? Üstümdə 70 manat pul vardı, onu da məndən uşağın dava-dərmanı üçün aldılar. Qulaqlarımda bahalı sırğam vardı, fikirləşirdim bəd ayaqda sırğalar dadıma çatar. Əynim-başım kir-pasaq içində, ac-susuz qalmışdım qapı dalında.
Axşama yaxın tibb bacısı gəlib məni həkimin otağına apardı. Həkim milliyyətcə rus idi, ölkəylə bir adı vardı. Qadın mənim üst-başımı maraqla, hətta mən deyərdim ikrahla süzüb sözə başladı:
– Hər şeyə hazır olmalısan, uşağının vəziyyəti çox ağırdı. Bu gecədən salamat çıxsa, yaşamaq şansı arta bilər. Şəhərdə qohumun varsa, get bu gecəni onlarda qal. Pal-paltarını da dəyişərsən, siz kənd arvadlarının iyini-qoxusunu heç nəylə apara bilmirik bu xəstəxanadan…
Qansız lap iliyimi vurdu. Xəcalətdən girməyə bir yer tapmadım, öz içimə girdim. Mən buna necə anladaydım ki, iyirmi günə yaxındı canıma su dəymir, başıma daraq batmır – həm də niyə dəymir, niyə batmır.
– Şəhərdə nə qohumum var, nə tanışım, – dedim. – Məni burdan çıxartsaz, qalacam küçələrdə gecənin bu vaxtı.
– Onda elə oturduğun stulun üstündəcə səhəri açacaqsan.
Lap quru yerdə də oturmağa razıydım, təki uşağıma yaxın olum. Əlbəttə, həkimə yalan demişdim – paytaxtda atamın da evi vardı, Aqilin də, Hakimin də. Hamısının da yerini-səmtini bilirdim, istəsəydim durub gedərdim, hər şey bir yana, heç olmasa yuyunardım, həkim də məndən iyrənməzdi. Ancaq gedə bilmirdim, elə bilirdim balamı xəstəxanada qoyub getsəm, qayıdanda onu sağ görməyəcəm.
Açılan qapıların hamısına tamarzı-tamarzı baxırdım, o bir anda fürsət tapıb içəri boylanırdım, istəyirdim biləm görəm Cavidim nə haldadı. Mümkün deyildi. Allaha yalvarırdım ki, şəhərdəki qardaşlarım bizim burda olduğumuzdan xəbər tutsunlar, uşağın başına bir iş gələrsə yanımda olsunlar, mənə dayaq dursunlar. Amma səsimi onlara necə çatdıraydım, heç bilmirdim şəhərin hansı məhəlləsində, hansı küçəsindəyəm.
Vur-tut 24 yaşım olsa da, özümü çox yaşlanmış, barı çırpılmış ağac kimi hiss eləyirdim. Qarşımda ağır, umudsuz bir gecə dururdu. Nə ondan əvvəl, nə ondan sonra heç vaxt o gecəki qədər əlacsız, köməksiz olmamışam. Uşağı mənim uşağımdan da ağır olan analar vardı – heç biri mənim kimi deyildi, hamısı özünü sakit, təmkinli aparırdı. Bilmirdim onlar kimi davranmaq doğrudu, yoxsa mənim kimi.
O gecə səhərəcən üzümü göyə tutub yalvardım, səhərəcən ağladım. Oturmaqdan topuqlarım şişmişdi. Qapı açıldıqca gözümü ordan çıxan ağxalatlıların ağzına dikirdim, elə bilirdim indicə mənə “Hər şey bitdi, sənin uşağın ayılmadı” deyəcəklər.
Bu sözlərdən sonra neyləyəcəyimin də planını cızmışdım: uzaq gedən qatarların birinə minib yox olacaqdım. Başımı götürüb gedəcəkdim, ilim-ilim itəcəkdim. Sonrası nə olacaqdı, bilmirəm. Bəlkə bundan da betər bir qismətə tuş gələcəkdim? Hər nədisə, Caviddən sonra bir də ana ola biləcəyimi heç xəyalıma da gətirmək istəmirdim, düşünürdüm ki, onu bəsləyib böyütdüyüm bətnimdə bir ayrı körpəyə yer versəm, Cavidə xəyanət eləmiş olaram…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm: 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40