Cəhənnəmdən keçmiş mələk (40)
- 25 Avqust 2017
- comments
- Novator.az
- Posted in ManşetTribuna
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Düzünə qalanda bu evə belə-belə yenilikləri mən gətirmişdim, nişastaya, ütüyə onları özüm öyrətmişdim. Doğrudu, qaynatamgillər hələ mənim yaşımdan çox-çox qabaq mahalda sayılan-seçilən ailə olmuşdular, bununla belə, mən gələnəcən tərəkəmə kimi yaşamışdılar. Baldızım lap erkən ərə getmişdi, qaynanam da ki xəstəxanada işləyirdi; istəsəydilər də, evin səliqə-sahmanı, abadlığı, mətbəx təsərrüfatı yerində-qaydasında ola bilməzdi. Məsələn, qaynatam bir erkək kəsirdi, bu erkəyin ətindən bir dəfə kabab, bir dəfə də bozartma bişirirdilər, vəssalam, ət qurtarırdı. Mənsə bir heyvanın ətindən o qədər növbənöv yemək hazırlayırdım ki, külfət gözünə inanmırdı. Yəqin elə bilirsən işimi-gücümü atıb özümü tərifləməklə məşğulam. Vallah elə deyil. Qoy danışım.
Nənəm deyərdi ki, qoyunda atılası heç nə yoxdu, qoyunun qığı da yeməlidi. Evimizdə belə görmüşdüm: atam heyvanı kəsib verərdi anamla nənəmə. Anam dolmalığı, bozbaşlığı, küftəliyi ayırıb hissələrə bölüb soyuducuya yığardı, nənəmsə şirin bağırsaqları çevirib yuyub içalata qatıb cız-bız bişirər, ən sonda baş-ayağı ütüb təmizləyib ocağa asardı. Tezdən külfət kəllə-paça yeyib evdən çıxardı.
Amma burda qoyunun içalatı da, baş-ayağı da itə atılırdı, qaynanam özünü çox əziyyətə salmırdı. Mən bu evə gələndən sonra kəsilən heyvanın cəmdəyilə anamın, nənəmin davrandığı kimi davranırdım, qoymurdum bir şirin tikəsi çölə atıla. Qaynatam bundan fərəhlənirdi:
– Dovşan, sən bizim evin gülü, ağzımızın ləzzətisən.
O belə dedikcə qaynanam dodağının altında söylənirdi:
– Paho, biz arvad-zad olmamışıq ha…
Bilmirdim neyləyim ki, mənə görə evdə söz-söhbət yaranmasın. Səhərin gözü açılandan bir dəqiqə nəfəs dərmədən içərinin-çölün təsərrüfatını idarə eləyirdim, uşağa baxırdım. Canım yorğun düşsə də, başımın bu cür qarışmağından, beynimin asudəliyindən gizli bir zövq alırdım. Qulağımın dincliyi xətrinə hər zəhmətə qatlanmağa razıydım, di gəl, Emin halımı-günümü görə-görə yenə ipə-sapa yatmırdı, indi də məni atasına, evdəki subay qardaşına qısqanırdı. Neçə yol görmüşdüm: işə gedəndə ev telefonunun naqilini çöldən aralayıb gedirdi. Özümü karlığa-korluğa vururdum, səsimi də çıxarmırdım. Onsuz da mənim telefonluq bir işim yoxuydu – kimə zəng vurasıydım, kimi axtarasıydım…
Son vaxtlar Emin mənim doğmaca atasıyla mehriban-mehriban danışdığımı görəndə havalanırdı, az qalırdı kişinin yanındaca üstümə şığısın. Mən onda bu halların nədən yarandığını qana bilmirdim; anlamırdım ki, onun öz doğmaları sarıdan beli bağlı deyil, yoxsa məndən arxayın ola bilmir. Məni hamıdan qorusa da, hər kəsdən aralı tutsa da, Emin dinclik tapmırdı, xırdaca bir bəhanə əlinə düşən kimi başıma-başıma döyürdü. Anlamırdım: o qorumaq nəydi, bu əzmək nəydi? Əgər qorumaqdısa, niyə qoruduğunu puça çıxarırdı; yox, əgər fələyin güdazına verəcəkdisə məni, onda niyə, nədən ötrü, kimdən ötrü qoruyurdu?..
Bu sualların üstündə baş sındırmağa vaxtım nə gəzirdi! Uşağımın sağlam, rahat böyüməsi məni xoşbəxt eləməyə yetirdi. Gün çıxandan batanacan çalışmaqdan quruyub bir dəri, bir sümük qalmışdım, ancaq işin bu tərəfi eynimə deyildi. Boylu vaxtımda uzanıb ipək kimi yumşalmış saçlarım indi payız yarpağı tək tökülürdü, əlimi başıma atanda çəngə-çəngə tük qalırdı əlimdə. Ayrı şey yox, saçımın belə olmağı məni yandırıb yaxırdı, kəsməyə, gödəltməyə də əlim gəlmirdi. Töküldükcə xurmayı tellərimi xırda bir torbaya yığırdım. Emin də hər dəfə bunu görəndə:
– İnşallah, keçəl Həmzəyə dönərsən, – deyirdi. – Ta o qəzilləri niyə yığırsan? Neynək, yığ, çox qiymətlidi, sən öləndən sonra muzeyə verərəm.
Bundan irəli demişəm, Dostum: biz uşaq olanda nənəm saçımızın bir telini də yerə atmağa qoymazdı. Yadımdadı, bir dəfə məndən kiçik bacım Sevilin kəsilmiş uzun, gur saçlarını toxuduğu kilimin göllərinə caladı, sonra da əliylə yerini mənə göstərib bərk-bərk tapşırdı:
– Bax, birdən mən ölərəm, bilən olmaz: bu güllərin arasındakı qara ilmələr Sevilin saçlarıdı.
Darağın ağzında qalan tükləri də əlində çözələyib mənə verərdi:
– Apar qoy bar ağaclarının budaqlarına, qoy quşlar aparıb yuvasına hörsün. Başınızın tükünü yerə atmayın, tapdanar, sonra başınız ağrıyar…
İndi mən – nənəmin sadiq yetirməsi tökülən saçlarımı torbaya yığdıqca Emin məni ələ salırdı…
***
Qış nə qədər sərt keçmişdisə yay da o qədər isti gəldi. Hələ iyun ayı yarı olmamışdı, gün adamları da, heyvanları da ləhlədirdi. İstidən qovrulan yer-yurd dil açıb su istəyirdi.
Cavid beş ayının içindəydi, yavaş-yavaş səsləri, üzləri bir-birindən seçib ayırd eləyirdi. Mənim səsimə lap çox alışmışdı. Çimizdirib yedirdəndən sonra arabasına mindirib qoyurdum yanıma, yemək bişirə-bişirə, ya paltar ütüləyə-ütüləyə asta səslə ona layla çalırdım, pəsdən mahnı oxuyurdum. Səsimi kəsən kimi çığırırdı. Uşaq yuxuya gedəndən sonra qalan işlərimi görürdüm.
Həkim dönə-dönə tapşırmışdı ki, Cavidi istiyə verməyək, demişdi yayda xəstələnməsə, uşağa zaval yoxdu.
Həyətimizdə çoxlu tut ağacı vardı; Şah tutun barını qaynım çırpıb çəlləklərə yığırdı ki, araq çəksin, Bedana tutun barından isə qaynanam mənə bəhməz, irçal bişirdirdi. Bəhməz bişirmək, məlum olduğu kimi, çox əziyyətli, vaxtaparan, əluşaqlı qadına əl verməyən bir işdi, di gəl, bişirməyəndə də qaynanamın səsi-küyü həyəti başına götürürdü:
– Xanımsan, niyə bişirmirsən?
– Çatdıra bilmirəm, uşaq qalır ortalıqda, qorxuram xəstələnə.
– Xəstələnməz! Bizim uşağımız-zadımız olmayıb ey deyəsən. İndi sənə qulluqçunu hardan tapım? Evinin işini gör!
Qalmışdım iki od arasında. Səməndər də məni xəbərdar eləmişdi:
– Bəhməzə uyub uşağını gözdən qoyma ha! Buna qara yay deyərlər. Süni yeməklə qidalanan uşaqdı, azarlayar, qalarsan əlində.
Bu biri yandan Cavidin yeməyi də qurtarırdı, qardaşlarım hər yanı ələk-vələk eləsələr də, uşaq qidası tapa bilmirdilər. Bu da mənim gərginliyimi üçqat artırırdı. Həkim demişdi ki, Cavid 8-9 aylığına qədər “Malış”la qidalansa yaxşıdı; ondan sonra həm havalar soyuyacaq, həm də uşaq böyüyüb yeməyə düşəcək.
Bütün çətinliklərə baxmayaraq iyunun fəsadlarından uşağı qoruya bildim. Arxa evlər çiy kərpicdən tikilmişdi deyə yayda sərin, qışda isti olurdu. Günün çox hissəsini uşağı o evlərdə saxlayırdım. Qaynım tutu çırpırdı, mən qaynadıb suyunu süzürdüm; gecələr uşaq yatandan sonra həyətin işığında bəhməz bişirirdim. Gecə qaynatam da yanımda dururdu, bacardığı qədər mənə kömək eləyirdi. Ancaq bu əziyyətlə bişən bəhməzdən evdə bir adam da dadmazdı, qaynanam hamısını qardaş-bacılarına paylayardı…
İyul ayı başlananda Cavidin yeməyi qurtardı. Qaynanam yenə qırmızı geyinib çıxdı taxta:
– Keçi südü ana südünə yaxındı, keçi südü ver.
Bir səhər Emin hardansa bir keçi alıb gətirib saldı həyətə. Mən uşağa – inək-camış olsun, qoyun-keçi olsun – heyvan mənşəli qida verməyə qorxurdum. Eşidən-bilən də deyirdi ki, çox istidi, belə havada uşağın yeməyini dəyişmək qorxuludu. Kənddə yaşayan qardaşlarım yaxın rayonların, Aqil də paytaxtın dükan-bazarını bir daha ələk-vələk elədilər, uşaq yeməyi tapılmadı ki tapılmadı. Rusiyayla əvvəlki əlaqələr pozulmuşdu deyə bir çox məhsullar kimi “Malış” da qəhətə çıxmışdı.
Bir günü şirinçayla ötüşdürdüm. Gecə uşaq acından səhərəcən ağladı. Səhər canımı dişimə tutub Cavidə keçi südü vermək qərarına gəldim. İndi də keçini sağmaq problemi çıxdı ortaya; inək-camış sağmaq mənim əlimdə heçnəydi, amma keçini bilmirdim necə sağım. Evdə hamı bir-birinə dəydi. Qaynanam irəli durmaq istəmirdi:
– Bircə yol məməsinə əl atsam, bu kişi (yəni qaynatam) axıracan o keçini mənə sağdıracaq, – deyirdi.
Mən onu yola gətirmək üçün yalvarırdım:
– Nolar, bircə dəfə göstərin, sonrasını özüm sağacam.
Mən qaynanama yalvarmaqdaykən bir də gördüm qaynımın bayaqdan bizim deyişməmizə qulaq verən səkkiz yaşlı oğlu keçini tutub sağır…
Dostum, demişəm, bir də deyim: ər evində yaşadığım müddətdə böyük qaynımın (yəni həm də eltim, eltim olmamışdan qabaq uzaq qohumum Maralın) dörd azyaşlı balası – üç oğlu, bir qızı mənə ana-bacı oldu, dost oldu; bu balaca uşaqlar mənə dayəlik elədilər. Mən də bacardıqca onları sevindirməyə, onların borcundan çıxmağa çalışırdım: dərslərinə kömək eləyirdim, üzümü danlada-danlada onlarla evcik-evcik oynayırdım; qardaşlarım onlara gözəl oyuncaqlar, yaraşıqlı, bahalı paltarlar alırdılar. Hərçənd onların çəkdiyi zəhmətin qabağında bunlar çox azıydı. O uşaqların yaxşılığını bu gün də unutmamışam.
***
İyulun ilk ongünlüyünü salamat yola verdik. Doğrudu, keçinin südündən qəribə bir qoxu gəlirdi, xoşagəlməz dadı vardı, ancaq Cavid çətinliklə də olsa bu südün dadına-tamına alışdı, könülsüz də olsa əmdi. Bundan sonra mən də sakitlik tapdım, səbirsizliklə payızın gəlişini gözləməyə başladım.
Cavid bu müddətdə əməlli-başlı göyçəkləşmişdi, saçları uzanıb qaralmışdı. Mənə elə gəlirdi daha kişi qismindən muradımı almışam, dünyanın ən gözəl oğlanı mənim qucağımdadı, indən belə yüz il qala bir erkək adam balası qəlbimin qapısını tıqqıldada bilməz.
Oğlum doğulandan bəri atam evinin kandarına ayağım dəyməmişdi. Mənə demişdilər ki, çalış bir yaşına qədər uşağın yerini dəyişmə – düşər-düşməzi olar, uşaq azarlaya bilər… Harasa getmək mənim heç ağlıma da gəlmirdi, belə götürəndə gedəcək bir yerim də yoxuydu. Qardaş-bacılarım növbəylə gəlib məni yoluxurdular, onları tez-tez görürdüm. Atam evinə də anamın üzündən özüm getmək istəmirdim. Uşağımın rahat, sağlam yaşadığı yer elə mənim cənnətim idi, ayrı cənnət istəmirdim, gözləmirdim, arzulamırdım…
***
Bizlə bir evdə yaşayan kiçik qaynım Elgiz bir az tənbəl, bir az da pintiydi: saçları uzanıb pırtlaşardı, dırnaqları uzanıb qaşığa dönərdi. Evdə buna görə hamı onu danlayardısa da, canına çox gec isti keçərdi.
Bir gün yenə onun pintiliyi məni təbdən çıxardı. Çox danışdım, çox deyindim, axırda fağır-fağır dedi:
– Nolar, hava istidi, dəlləkxana da uzaq, elə özün mənim saçıma bir əl gəzdir.
Mən də yarı hirslə, yarı zarafatla:
– Dəllək-zad deyiləm, – dedim, – sənin başını üzüqara qız başı kimi qırxacam.
– Necə qırxırsan qırx, təki bu yapıncıdan canım qurtarsın.
Qayçı, daraq, dəsmal hazırladım, qaynımı yuxusuz gecələrimin dostu-həmdəmi gümüşü qovağın altında oturdub əməliyyata başladım. Bacardığım qədər səliqəli işləməyə çalışırdım, amma bir gözüm darvazadaydı, tələsirdim ki, Emin gəlib bu cinayətin üstünə çıxmasın.
Ürəyimə daman başıma gəldi. İşimi bitirməyə az qalmış darvazanın bala qapısı açıldı, Emin içəri girdi. Mən özümü onda qoymadım, heç nə olmayıbmış kimi arxayınca işimə davam elədim. Əlimi çəkib evin sonbeşiyi qaynımı – mənə böyük bacısı kimi sayğı göstərən, nə desəm-danlasam da bir dəfə üzümə qayıtmayan, mən qaynanamla deyişəndə anasının üstündən gəlməyən bu qaraqabaq, qaradinməz oğlanı, nənəm demiş, alakəmər qoyub getməyə utanırdım.
Emin qardaşına yox, mənə sarı qanlı-qanlı baxıb:
– Kefdəsiz ki! – deyib içəri keçdi.
Elgiz anladı ki, məni çətinə salıb. Mən bütün olacaqları gözümün altına alıb səbirlə işimi tamamladım. Yerə tökülmüş tükləri süpürdüm, əllərimi axar suda sabunlayıb yuyub evə qalxdım. Bütün bunları Emin pəncərə dalından izləyirdi. Onun şübhəli baxışları altında özümü oğurluğu əlində tutulmuş oğru arvad kimi hiss eləyirdim.
Mən ayağımı evin kandarından içəri qoycaq Emin bütün otaqların açıldığı dəhlizin o başından əliylə məni öz otağımıza çağırdı. Ayaqlarımı sürüyə-sürüyə onun barmağının cızdığı marşrutla otağa keçdim.
– Sənə neçə dəfə demişəm mənim atamla, qardaşımla danışma?
– Sən danışma demisən, başını qırxma deməmisən ki. Qardaşın xahiş elədi, mən də köməyimi əsirgəmədim. Burda pis nə var?
– Sənin canına azar var! Hələ bir söz də güləşdirirsən?
– Gör sənin qəlbin necə murdardı! Ay nadan, bəyəm bilmirsən ki, sənin atan – mənim atam, qardaşın – qardaşımdı? Sən bayquşsan, yoxsa bir ayrı dünyadan gəlmisən?!..
Dilimin kilidi açılmışdı, ona yer üzündə müqəddəs dəyərlərin, keçilməz sərhədlərin, toxunulmaz pərdələrin olduğunu anlatmaq istəyirdim öz aləmimdə. Bu həvəslə nitq söyləməkdəykən birdən mənə elə gəldi əmgəyimə guppul endirdilər. Otaqda nə vardısa hamısı başıma fırlandı. Kürəklərim divara çırpılanda anladım ki, Emin məni vurub. Səsimi çıxarmadım – həm ona görə ki, uşaq oyanıb qorxmasın, həm də qaynım mənim halımı görüb utanmasın.
Yenə burnumun qanı ağzıma dolub sinəm aşağı axdı.
– Onlarla danışmağımı istəmirsənsə, köçək öz evimizdə yaşayaq. Nə qədər ki burda qalıram, bu evin adamlarıyla danışacam da, güləcəm də.
Bunu eşitcək Emin üstümə atılıb məni var gücüylə vurmağa başladı:
– Mənə əmr verirsən, mənə yol göstərirsən? Sən elə bu evdə də çürüyəcəksən!..
Daha onun nə dediyini eşitmirdim, kirimişcə ağız-burnumun qanını silirdim. Ürəyimdə bəxtimə-qismətimə nifrinlər yağdırırdım, məni bu günlərə salıb halıma gülən fələyə allı-güllü söyüşlər, qarğışlar göndərirdim…
Axşam qaynanam soruşdu:
– Üz-gözün niyə şişib göyərib?
– Nə bilim, onu əziz-xələf oğlundan soruş.
– Yüyrək at özünə qamçı vurdurmaz. Yəqin bir günahın olub.
Yemək dolu qaşığı ağzına aparan qaynım əlini saxlayıb:
– Mənim murdar başımın zavalına gəldi xalxın uşağı, – dedi.
Qaynanam oğlunun səliqəylə vurulmuş saçlarına baxıb udqundu, işin nə yerdə olduğunu anladı…
Ancaq o gecə mənim dərdlərimi, ağrılarımı çəkmək imkanım olmadı – Cavid səhərəcən qusdu, qızdırmadan od tutub yandı. Yer-göy başıma uçdu, elə bildim dan sökülənə balam salamat qalmayacaq. Nə qədər çalışdımsa Emini oyadıb uşağın halını ona anlada bilmədim.
Səhər açılanda uşaqda uşaqlıq qalmamışdı, qucağımda bir parça ətə dönmüşdü…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm: 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39