Sinif yoldaşları (1)
- 16 Avqust 2017
- comments
- Novator.az
- Posted in ManşetTribuna
“Sinif yoldaşları” povesti anti-utopik psixoloji triller janrındadır. Hadisələr XXIII əsrdə cərəyan edir. Bir zamanlar bir sinifdə oxumuş məktəblilər 10 ildən sonra yenidən məzun olduqları məktəbdə görüşürlər. Bir neçə saat davam etməsi nəzərdə tutulan görüş həyatlarının sınağına çevrilir. Kiçik bir diqqətsizlik nəticəsində məktəbin fövqəladə hallar üçün nəzərdə tutulan sığınacağında dustaq olurlar. Bir-birindən fərqli 20 insan qapalı məkanda yaşamaq uğrunda mübarizəyə başlayır. Bu mübarizə onları həm tanınmaz hala salacaq, həm də əsl üzlərini meydana çıxaracaq. Artıq onların qarşısında bircə məqsəd var: sağ qalmaq. Məqsədə hansı yolla çatdıqlarının isə heç bir fərqi yoxdur.
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
I HİSSƏ
Yadlaşmış doğmalar
1
Dəfnə 10 ildən sonra yenidən bitirdiyi məktəbə gedirdi. İlk dəfə məktəbə qədəm qoyacaq bir uşaq kimi həyəcanlı idi. Bütün gücünü toplayıb onlarla xatirəni dəfn etdiyi məkana doğru irəliləyirdi. O xatirələr ki, hərdən onların birdəfəlik üstündən xətt çəkmək, hərdən də yenidən qayıtmaq arzusu bütün varlığına hakim olurdu… Əlləri sükana, gözləri yola kilidlənmişdi. Zehni isə zibilliyə atılmış bir pişik kimi illər öncəsinin artıqları arasında eşələnirdi.
Uzaqdan gördüyü doğma divarlar Dəfnəni xəyallardan ayırıb indiki zamana qaytardı. İçəri ayaq basanda ona elə gəldi ki, buradan ayrılmağından nəinki 10 il, heç 10 gün də keçməyib. Həyətdə sağa-sola qaçışan, özünükəşf mərhələsinə hələ çatmayan, duyğuları çılpaqlığı ilə hayqırmağı şücaət zənn edən uşaqları görəndə dodağına xəfif bir təbəssüm qondu. “Kaş ki onlara səhv etmədən böyüməyi öyrədə biləydim”, – deyə fikrindən keçdi. Əfsus ki bu, mümkün deyildi…
Tezliklə Dəfnə artıq unutmağa üz tutduğu simaların əhatəsinə qoşuldu. Məktəb yenicə təmirdən çıxmışdı. Ən yüksək səviyyəli texnika və avadanlıqlarla təchiz olunmuşdu. Görüşü sinif rəhbərləri Sabah müəllimə və qızı Səda təşkil etmişdi. Səda da Dəfnəgillə bir sinifdə oxumuşdu və o vaxtlar sinif nümayəndəsi idi. Cavanlar ana ilə qızın müşayiətilə geniş yeməkxanada toplaşdılar. Yemək zalı onların məktəbdə oxuduğu vaxtdakından azı iki dəfə geniş idi. Bir vaxtlar Dəfnənin sadəlövhlüklə müşahidə etdiyi uşaqların hər biri böyümüş, tamam fərqli insanlara çevrilmişdi. Onların bir çoxunu sosial şəbəkələrdə izləyirdi. Ona görə də heç kəsi tanımaqda çətinlik çəkmədi. Lakin aradan keçən illər hər birinin vücudu ilə yanaşı, ruhunu da dəyişmişdi. Dəyişikliyə uğrayan ruhları tanımaq isə daha çətindir. Nə vaxtsa doğma zənn etdiyi, hər gün gördüyü adamlar indi ona yad kimi gəldilər.
Dəfnəni ilk salamlayan Duman – onun üçün məktəb illərinin ən arzuolunmaz şəxsi oldu:
– Ooo, necəsən, Xəyalpərəst?
Bu ləqəbi qətiyyən xoşlamırdı. İllər sonra yenidən bir qədər qalın səslə, lakin eyni tonda bu cür çağrılmaq Dəfnəyə xoş gəlmədi. Sanki qəfildən zaman maşınına əyləşdi və 10 il öncəsinə tullandı. Bu bircə söz gənc qadını arxa partada gizli-gizli gündəlik yazan həmin balaca qıza çevirdi. Bozumtul xatirələr gözlərinin qarşısında canlandı: heç kimin onu anlamadığını düşünən yeniyetmə qız gündəliyini çantasına qoyur. Lakin kənardan onu oğrun-oğrun izləyən baxışlardan xəbərsizdir. Duman gizlicə tənəffüsdə dəftəri qızın çantasından oğurlayır və bütün sinfin ortasında ucadan oxumağa başlayır: “Uşaqlar, qulaq asın!” Təsadüfi bir səhifə açır: “Daxilimdəki soyuq o qədər kəskindir ki, bayırdakı şaxtanı hiss eləmirəm” – pafoslu və ikrah doğuran bir tərzdə oxuyur. Uşaqlar nə olduğunu anlamadan gülməyə başlayırlar. Duman səhifəni çevirir: “Bu gün “insan” adlı əcaib məxluqun nə dərəcədə qəddar ola biləcəyini bir daha anladım.” Bəziləri isə bunun hansı “hekayə” olduğunu soruşurlar. “Nə olacaq, Dəfnənin faciəvi həyat hekayəsidir” – gülməkdən üz-gözü pörtmüş Torpaq deyir. Duman dəftəri səhifələməyə davam edir: “Aha, öz adımı gördüm: “Duman nə qədər bəsit və dayaz insandır… Axı nəyə görə nifrət qazanmağa bu qədər can atır? Özünü olduğundan daha pis insan kimi qələmə vermək ona nə qazandırır?” Yeniyetmə qız üzərinə tuşlanan gülüşlərin arasında əvvəlcə nə edəcəyini bilmir. Nəhayət, özündə güc tapıb dəftəri almağa çalışır. Bayaqdan bunu gözləyən Duman dəftəri Torpağa, Torpaq Tunara, Tunar da Səfərə ötürür. Dəfnə əldən-ələ ötürülən dəftərini onlardan almağa çalışarkən, gözlərində parıldayan yaşları zorla sıxıb saxlayır. Nəhayət, Kərəm dəftəri oğlanlardan alıb Dəfnəyə qaytarır. Utandığından özünü yerin yeddi qat dərinində hiss edən qızın bayaqdan sıxıb saxladığı yaşlar qəfildən sel kimi boşalır. O, dəftərini qamarlayıb sürətlə sinifdən çıxır…
Dəfnə Dumanın sualına təbəssümlə cavab verdi:
– Yaxşıyam, Duman, sən necəsən? – Dumanın onu uşaqlıq komplekslərindən xilas ola bilməmiş və zəif bir şəxs hesab eləməyini istəmirdi.
Bayaqdan bir-birlərinə tərəddüdlə baxan bu yad insanlar çox keçmədən qaynayıb qarışdılar. Onların hər biri dəyişmişdi, lakin hər şey illər əvvəlki kimi idi. Duman liderlik vəzifəsinə qaldığı yerdən davam edir, hər kəsi asanlıqla ələ alırdı. Torpaq yenə də onun sağ əli olaraq, sağında dayanmışdı. Dəfnə ordan-burdan eşitmişdi ki, Torpaq hazırda Dumanın yanında işləyir. Dəfnənin öz gündəliklərində “şeytan triosu” adlandırdığı bu dəstədən uzaq düşmüş Tunar isə söhbət əsnasında hər fürsətdən istifadə edərək Dumana yaxın olmağa çalışırdı. Davranışlarından, digərlərinin nə düşünəcəyinə əhəmiyyət vermədən fikrini yalnız Dumanla münasibətləri bərpaya kökləməsindən açıq-aydın sezilirdi ki, ondan nə isə umur.
Elə bu vaxt sinfin “Şahzadə”si Elina uşaqlıqda olduğu kimi, diqqətləri üzərinə çəkmək üçün içəri xüsusi səs-küy və əda ilə daxil oldu. Əvvəlcə simasında səmimi bir təbəssüm var idi. Lakin hamının gözlərini qamaşdırmaq missiyasını yerinə yetirdikdən sonra, illərin ona bir neçə plastik əməliyyat və göz oxşayan libaslar xaricində heç nə qatmadığını sübut elədi:
– Uşaqlar, deyirəm məktəbdə bir damcı belə inkişaf yoxdur. Yalandan bir-iki divarı boyayıb üstünü bəzəməklə deyil ki! İçi həmişəki kimi təzəkdir. Sürücüm iki saatdır parking üçün uyğun yer axtarır. Həyətə buraxmırlar. S-klassı da harada gəldi saxlamaq olmur axı. Özünüz bilirsiniz də.
Elina əyləşmədən öncə bir anlıq sarı saçlarını arxaya itələyərək fasilə verdi ki, yoldaşları onun “Roberto Cavalli”dən olan geyimini, “Valentino” ayaqqabılarını və “Chanel” çantasını görə bilsinlər. Cəhdi gözlədiyi nəticəni verdi. Uşaqlıqdan bəri Elinanın dəstəsinə daxil olmaq xəyalı ilə yaşayan Klara yaltaqlıq üçün yaranmış fürsəti fövdə vermədi:
– Düz deyirsən, Elina. Mən də azı 20 dəqiqə yer axtardım. Necəsən? Uğurlarını eşidib sevinirik.
Yaltaqlığın bu bariz nümayişi çoxlarının simasında təbəssüm yaratdı. Dumanla Torpaq aralarında nə isə pıçıldayıb gülüşdülər.
– Yaxşıyam, Klara. Amma sən bir az yorğun dəydin gözümə. Ah, nə yaxşı ki şəxsi sürücüm var. Yoxsa mən də sənin kimi əsəbiləşib qan-tər içində qalardım – dedi.
Elina uşaqlıqda da daim başqalarını aşağılayaraq üstünlüyünü nümayiş etdirməyi sevərdi. Amma yaltaqlığı heç vaxt xoşlamazdı. Ona görə də məktəbdə oxuyarkən də Klaranı yaxınına buraxmazdı.
– Düz deyirsən. Aslan da hər fürsətdə deyir ki, sənə sürücü lazımdır. Özüm sürməyi xoşlayıram, amma artıq zəruridir. Hə, yeri gəlmişkən, bilirsən də. Aslanla Roman bir fakültədə oxuyublar.
Klaranın niyyəti özünü daha da büruzə verdi. Elina ilə ailəvi yaxınlıq üçün növbəti dəfə tilovu atırdı. Amma bu dəfə də tilov boş qayıtdı:
– Aslan kimdir ki?
Klara azca pərt olsa da, özünü itirmədi:
– Kim olacaq, həyat yoldaşım. Ona o qədər səndən danışmışam ki, tanımağa can atır. Alınsa, görüşərik bu yaxınlarda – dedi və baxışlarını Elinanın üzünə tuşladı. İstənilən şəxs belə bir vəziyyətdə özünü mənfi və ya müsbət bir cavab vermək məcburiyyətində hiss edərdi. Lakin bu, “Şahzadə” üçün keçərli deyildi. O, açıq-aşkar Klaranı saymadı və üzünü çevirib başqaları ilə söhbətləşməyə başladı.
Elə bu vaxt Arzu qızı ilə birlikdə içəri girdi. Məktəb vaxtı Elinanın ən yaxını, onun dəstəsinin üzvü idi. Bahalı brendlərin köhnə kolleksiyalarından geyinən gənc qadın sinif yoldaşlarının xatirində qalan qıza heç bənzəmirdi. Əynindəki geyimləri elə bil kimdənsə borc almışdı. Arzu heç bir sosial şəbəkənin istifadəçisi deyildi. Ona görə də məktəb vaxtı incə, zərif bədən quruluşu, uzun, ipək kimi saçları, hiyləgər gülüşü ilə oğlanları ovsunlayan qızı yöndəmsiz bədən quruluşu, qısa, yanmış, zədələnmiş saçları, boğazının az qala ortasına qədər sallanan buxağı sayəsində yoldaşlarının tanıması xeyli vaxt aldı. Bununla belə, bacardığı qədər gözəl görünməyə çalışdığı hiss olunurdu. 5 yaşlı qızı isə anasının əksinə zərif və gözəl idi.
***
İllərin süzgəcindən keçmiş ruhlar Dəfnənin tanıdığından fərqli vücudlara bürünərək bir-bir boy göstərirdilər. O, fərqli sahələrdə çalışan, müxtəlif sosial təbəqələrə mənsub olan, kimisi subay, kimisi evli, artıq ana və ya ata statusuna yiyələnmiş, kimisi hələ də uşaqlıqdan çıxdığını dərk edə bilməmiş bu insanlarla arasındakı əlaqəni axtarmağa başladı. Özlüyündə onların bir vaxtlar tanıdığı insanlar olub- olmadığını götür-qoy edirdi. Ortaq xatirələri, duyğuları olmasaydı onları nə birləşdirə bilərdi?
Sanki hər kəs bu görüşə nə isə sübut etmək üçün gəlmişdi. Duman və Elina hələ də hamıdan üstün olduqlarını, xarici görünüşü ucbatından daim təhqir hədəfi olmuş Diyar artıq çirkin olmadığını, hamının tək gəlməsi nəzərdə tutulan görüşə ərini gətirən Xürrəm, nəhayət ki, kimsə tərəfindən bəyənildiyini, uşaqlığı boyu “əsrarəngiz oğlan” obrazına bürünən “Filosof” Adnan hələ də hamıdan ağıllı olduğunu, çalışqanlığı ucbatından tez-tez Duman və dəstəsinin lağ obyektinə çevrilən, lakin imtahanlarda hamının sevimlisi olan Səlim gələndən bəri işlədiyi tanınmış beynəlxalq şirkətdən danışaraq, zəhmətinin hədər getmədiyini göstərmək üçün təşrif buyurmuşdu. Sifətinin nəzərəçarpacaq dərəcədə uzunsov şəkli və alnı ilə müqayisədə xeyli enli olan yanaqları sayəsində Duman və dostları tərəfindən “Armudsifət” adlandırılan Qəmzə özünə əmin olduğunu bildirən jest-mimikalardan istifadə edir, zaman keçdikdə süni müdaxilə olmadan gözəlləşən üz cizgilərini nümayiş etdirirdi. İçəri addım atan kimi “Xəyalpərəst” deyə çağrılan Dəfnə də artıq belə olmadığını sübut etmək üçün gəlmişdi. Qısa bir müddət ərzində hamını tanınmış və perspektivli bir şirkətdə hüquqşünas kimi fəaliyyət göstərdiyindən xəbərdar etmişdi. Soyuqqanlı, ciddi davranışları ilə artıq hər fürsətdə dəftərini götürüb künc-bucağa qaçan qızcığaz olmadığını göstərməyə çalışırdı. İşlətdiyi hər bir cümlə, hər bir baxış “Mən daha xəyalpərəst deyiləm!” deyə bağırırdı.
Sabah müəllimə və qızı Səda özlərini ev sahibi kimi aparırdılar. Müəllimənin yaşı xeyli artsa da, xarakteri olduğu kimi qalmışdı. Gənclərlə söhbət edərkən hərdən onların artıq yetkin şəxslər olduğunu unudur, qarşısında tarixdən dərs dediyi azyaşlı məktəblilər varmış kimi müəlliməlik edirdi. Sinif rəhbəri olduğu illərdə onun Dəfnəyə qarşı münasibəti pis deyildi. Lakin Sabah müəllimənin Dumana olan münasibəti həmişə Dəfnədə ikrah doğurardı. Çünki müəllimə Dumanın bütün yaramazlıqlarını görməzliyə vurar, imtahanlarda köçürməsinə şərait yaradar, şit zarafatlarına gülər, uşaqlarla məzələnməsinə qarşı heç bir tədbir görməzdi. Valideyn iclaslarında Dumanın atasına hamıdan çox vaxt ayırar, qabağında əzilib büzülərdi. Sonralar Dəfnə öyrənmişdi ki, Sabah müəllimənin həyat yoldaşı Dumanın atasının rəhbərlik etdiyi şirkətdə işləyir. Bundan sonra qadının yaltaqlığının səbəbini daha yaxşı anlaya bilmişdi. Elə indi də orta yaşı çoxdan haqlamış qadın oğlu yaşındakı gədənin zarafatlarına yerli-yersiz hırıldayırdı. “Demaqoq” ləqəbli Səda isə böyüdükcə anasına daha çox bənzəmişdi. Dəfnə nədənsə bu ana ilə qızı Küllücə nağılındakı ögey ana ilə bacıya oxşadardı.
Gənclər hal-əhval tutmaq mərhələsini başa vurandan sonra tənəffüs vaxtlarında olduğu kimi ayrı-ayrı qruplara bölünərək söhbətləşməyə başladılar. Əsasən son illərdə bütün dünyanı cənginə alan terror hadisələrindən danışırdılar. Uşaqlıq
illərinin Bakısından əsər-əlamət qalmadığına görə təəssüf hiss edirdilər. Hər birinin azı bir neçə tanışı bu hadisələrdə müxtəlif vəhşətlərin qurbanı olmuşdu. Ona görə də terror hər kəsin qanayan yarası idi.
– İnanırsınız, ora-bura gedəndə təhlükəsizlik üçün yoxlanışdan keçmək o qədər vaxt aparır ki, heç yerə vaxtında çata bilmirəm, – Azad dedi. – Məktəb illərindəki o məşhur qonaqlıqlarımdan əsər-əlamət qalmayıb. Son 3 ildə cəmi 3-4 qonaqlıq verə bilmişəm. Ona da ən yaxın tanışlardan başqa gələn olmayıb.
– Eh, o nədir ki… – Kərəm dedi. – 5 ildən çoxdur ölkədən çıxmaq üçün viza ala bilmirəm. Heyf deyildi uşaqlığımız? İstədiyimiz vaxt xaricə gedib gəlirdik. Heç kimə də cinayətkar kimi illərlə hesab vermirdik.
“Cinayətkar” bənzətməsi Dəfnənin simasında acı bir təbəssüm yaratdı.
– Elə deyilmi, Dəfnə? – onun təbəssümü Kərəmin diqqətindən yayınmadı. – Bir hüquqşünas kimi nə məsləhət görürsən? Səncə, ölməzdən əvvəl xaricdə istirahət edə biləcəyəm, ya yox? – Onun da çöhrəsində xoş bir təbəssüm var idi.
– Bu, standart prosedurdur. Yəqin elə də çox uzanmaz. Özün bilirsən ki, indi hamıya ölkə daxilində də, xaricində də təhlükə mənbəyi kimi baxırlar. – Dəfnə dedi. Bu sözlər Kərəmi rahatlaşdırana oxşamırdı.
– 23-cü əsrə gəlib çıxmışıq, amma irəli getməkdənsə geriləyirik. Eh, deyəsən xaricdən əvvəl o biri dünyaya gedəcəyəm, – dedi. Hər ikisi gülümsədi.
– Uşaqlar, mən şəxsən xaricə-filan getmək dərdində deyiləm. Elə öz evimdə rahat oturum, bəsimdi, – artıq “Armudsifət” olmayan Qəmzə söhbətə qoşuldu. – Keçən həftə baş verən partlayışdan son anda qurtuldum. Evdən çıxıb birbaşa partlayışın baş verəcəyi həmin küçəyə tərəf gedirdim. Yolda yadıma düşdü ki, telefonum evdə qalıb. Təzədən qayıtmalı oldum. Elə təqribən həmin vaxtlarda aləm dəydi bir-birinə. Allah qurtardı məni!
Hamının simasına səmimi bir narahatlıq qondu.
– Doğrudur. Amma təəssüf ki, 88 günahsız insanı qurtarmadı – Kərəm kədərlə bildirdi.
– Allah hamısına rəhmət eləsin! Sabah onların yerində biz də ola bilərik, – Səda, nəhayət, dilləndi.
Görəsən ögey bacı indiyə kimi sakitcə dayanıb qulaq asmağı necə bacarırdı?” – Dəfnə ağlından keçirdi.
– Doğrudur, – Dəfnə dedi. – Təhlükəsizlik tədbirləri gücləndikcə, terroristlər daha da ehtiyatlı və ağıllı tərpənirlər. Qarşısını almaq olmur.
– Yaxşı ki, ictimai sığınacaqların sayını artırdılar. Axı hamının evinin altında sığınacaq tikmək imkanı yoxdur. – Səda dedi.
– Görəsən sığınacaqlar nə vaxt istifadəyə hazır olacaq? – Azad soruşdu.
– Çoxu artıq hazırdır. Elə məktəbin sığınacağının işləri demək olar ki, yekunlaşıb. – Səda dedi.
– Necədir? Görmüsən? – Qəmzə soruşdu.
– Hə, anam göstərib. Deyir ki, Bakı məktəbləri arasında ən böyük sığınacaqlardan biri bizimkidir.
– Biz də baxa bilərik? – Qəmzə xəbər aldı.
– Rəsmi şəkildə istifadəyə verilənə qədər heç kəsi buraxmırlar. Anam mühafizəçilərdən birindən xahiş eləmişdi. Düzü, inanmıram ki, ikinci dəfə icazə ala bilək.
Beş nəfərlik qrup bir anda genişləndi. Hamı onların başına yığılmağa başladı. Təzə sığınacağa baxmaq fikri hər kəsi həyəcanlandırmışdı. Onlar hətta ən zənginlərin belə daim təhdid, təhlükə altında yaşamağa vərdiş etdiyi bir dövrün sakinləri idilər. Ona görə də bir neçə dəqiqəlik də olsa, sığınacaq sayəsində özlərini təhlükədən uzaq hiss etmək istəyirdilər. Sabah müəllimə aralarındakı sirri yoldaşları ilə bölüşdüyü üçün qızını yüngülvari danladı. O, hər vəchlə çalışdı ki, söhbəti bağlasın, amma alınmadı. Nəhayət, sevimli şagirdi Dumanın da xahişindən sonra təslim oldu. Mühafizəçidən bir daha xahiş etməyə razılıq verdi. Sevimli şagirdinin arzusunu yerinə yetirmək üçün risk edəcəkdi. Elə bu vaxt Səfəri zəng edib təcili harasa çağırdılar. Ona görə də o, qrupdan kənar düşəcəyinə heyfsilənərək tələsik sağollaşıb getdi.
***
Yeraltı sığınacağa giriş idman zalından idi. Küncdə heç kəsin diqqətini cəlb etməyən bir qapı vardı. Əvvəllər həmin qapının açıldığı balaca otaqdan lazımsız idman alətlərinin toplandığı bir depo kimi istifadə edilərdi. İndi həmin tozlu əşyalar çıxarılmışdı. Otaqdakı yeni və lüzumsuz əşyalara nəzər salaraq anlamaq olardı ki, hazırda bura süni şəkildə “depo” donu geyindirilib. Mühafizəçi döşəmədəki qapağı qaldırmazdan əvvəl bayaqdan dəfələrlə dediyi sözləri bir daha təkrarladı:
– Sabah xanım, cəmi 5 dəqiqə. Oldu? Ötəri göz gəzdirib çıxırıq. İşimdən qovulmaq istəmirəm.
– Narahat olma, Afşin. Mən başlarındayam. Heç nə olmaz. Tez baxıb çıxacağıq, – müəllimə dedi. Otuza yaxın yaşı olan yetkin insanlardan sanki asanlıqla idarə olunan 10-15 yaşlı yeniyetmələrdən bəhs edirmiş kimi danışırdı.
Pilləkənlərlə bir-bir aşağı endilər. Burada əsas giriş qapısı yerləşirdi. Afşin əlindəki kartı qapıya keçirdi. Daha sonra xüsusi bir bölməyə barmağını qoydu. Barmaq izi təsdiq edilən kimi iri dəmir qapı açıldi. Nəhayət, içəridə idilər.
(Ardı var)