Cəhənnəmdən keçmiş mələk (30)
- 22 İyun 2017
- comments
- Novator.az
- Posted in Tribuna
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Bütün bədənim şişmişdi. Ev işlərini güclə görürdüm, yeməkləri necəgəldi, başdansovdu bişirirdim. Gecə-gündüz tualetlə evin arasında yol ölçmək də məni lap bezdirmişdi. Evdən ayaqyoluya qədər, yalan olmasın, bir 300 addım məsafə vardı. Gecənin qaranlığında durub tualetə gedirdim, qayıdanda pilləkəni zor-güc qalxırdım, yatağıma çatmış-çatmamış yenidən geri qayıdırdım. Hamilə qadın nə qədər sidik ifraz eləyərmiş!
Mənim bu get-gəllərim Emini dəli eləmişdi, bütün gecəni deyinirdi, danışırdı:
– Evdə hamının dincliyini pozmusan, qapıların səsi külfəti yatmağa qoymur.
Buna görə axşam hamı yerinə girən kimi bir boşqab mer-meyvə, bir çaydan çay, bir-iki cild də kitab götürüb çəkilirdim limon, mandarin ətirli istixanaya. Ora tualetə də yaxın idi. Səhərə yaxın öz otağıma qayıdıb elə oturaqlı vəziyyətdə bir az mürgüləyirdim. Belə gecələrin çoxunda Emin həyətə düşüb cürbəcür səslər çıxarmaqla məni qorxudurdu. Gecənin səssizliyində gerçəkdən eymənirdim, ona nə qədər yalvarırdımsa eşitmirdi, hər gecə elədiyini təkrarlayırdı. Axırda dözməyib qaynatama dedim:
– Mahmud əmi, gecələr limonxanada (ailədə hamı sitrus bağını belə adlandırırdı) oturanda Emin gizlicə gəlib məni qorxudur.
Kişi elə biləsən səksəndi:
– Dovşan, bəlkə səhv eləyirsən? Axı o bilir sən necə əziyyət çəkirsən. Eləməz, yəqin gözünə görünüb.
Qaynatamın bu sözündən sonra ona şikayət elədiyimə peşman oldum. Kişinin xəstəlik tarixçəmdən az-çox xəbəri vardı, yazıq utandı üzümə desin ki, bəlkə səni qara basır.
Bundan iki-üç gün sonra yenə istixanada yerimi rahatlayıb Şamo Arifin “Qınamayın məni” romanını oxuyurdum. Bayırdan gələn hər şaqqıltı, hər tıqqıltı fikrimi yayındırırdı. Özümü stula yıxmağı qənimət bilirdim, oturduğum yerdən güclə qalxırdım. Bu ilıq, barlı-bəhərli yerdə oturmaq qəlbimə də, canıma da sonsuz rahatlıq gətirirdi. Mandarin ağaclarının barını yeyib-yeyib azaltmışdım, amma limon bol idi. Soyuq, dinc payız gecəsinin yorğun sükutu, itlərinin səsi də mənə yad olan kəndin nəzakətli sakitliyi öz ürəyimin səsindən başqa içimdəki varlığın da qəlbinin döyüntüsünü eşitməyimə vəsilə olurdu.
Birdən qaynatamın səsini eşitdim:
– Heç utanırsan?!
Elə bildim mənə deyir. Heyrətlə sağa-sola baxındım, bir qaraltı görmədim. Hıqqana-hıqqana birtəhər ayağa qalxıb istixananın qapısını açdım, Eminlə burun-buruna gəldik. Üzümə baxıb gülürdü. Onun çiyni üstündən boylananda qaynatamın evə sarı getdiyini gördüm.
O gündən Emin mənim gecə dünyama ayaq basmadı. Bir həftə sonra qaynanam yaxamdan yastıqça şəkilli bir dua asdı. Uşaq doğulana qədər o da bir yük oldu mənə. Qorxu duası imiş, hardasa kiməsə məndən ötrü yazdırmışdı.
***
Mənim xəstəxanadan evə buraxıldığım, Eminin də turist gəzintisinə çıxdığı ərəfədə ölkədə dinclik pozulmuşdu. Ermənilər İrəvandakı soydaşlarımızı yurd-yuvalarından qovub çıxarırdılar. Sərhədlərimizdən hər gün güllə səsləri gəlirdi. Bakıda xalq ayağa qalxmışdı.
Düzünü desəm, bu hadisələr mənim beynimi o qədər də məşğul eləmirdi, mən öz başımın hayındaydım. Eminin gedişi, doğrudu, məni çox sevindirirdi, ancaq bu sevincin kədərdən biçilmə bir astar üzü də vardı. Sevinirdim ona görə ki, əlim-qolum açılmışdı, daha bu evdə istədiyimi eləyə bilərdim – doyunca torpaq da yeyə bilərdim, siqaret kötüyü də sümürə bilərdim, arxayınca kitab da oxuya bilərdim. Bu müddətdə ən azından gecələrim özümə qalacaqdı. İkicanlı olmağıma baxmayaraq Emin süfrə başında da mənə dinclik vermirdi. O yeyib qurtaranacan mən ayaq üstə qalırdım – onu gətir, bunu götür, bunu apar, onu gətir… Mən bir yana, hərdən qaynatam da bezirdi, mənə:
– Dovşan, sən otur, – deyib qayıdırdı Eminə sarı, – dur suyunu özün gətir, hələ birini də mənə gətir.
Qaynanam oturduğu yerdən az qala pıçıltıyla:
– Ay kişi, düz eləmirsən, – deyirdi, – arvadıdı, qoy gətirsin. Belə olmaz axı.
Onda qaynatam onu elə qanlı-qanlı süzürdü, elə bil arvadı gözüylə güllələyirdi:
– Bəs sənin qızın nə sülənir burda? Onun əri yoxdu xarabasında? Xalxın uşağı yer göbələyidi sizdən ötrü?
Bundan sonra deyərdin qurbağa gölünə daş atıldı. Kimə nə lazım olsa qalxıb özü gətirirdi…
Hə, bir yandan da kədərlənirdim onun getməyinə. Mənlə nə qədər kobud davransa da, məni bu evə bağlayan tək səbəb Eminin varlığıydı. Düşünürdüm əgər Emin olmasaydı, mənim burda, bu ocağın qırağında oturmağa haqqım çatmazdı. Nə olsun ki, bu evdə məni qoruyub qollamırdı, elə bilirdim başıma nəsə gəlsə, Eminin çarxı çönər, tifağı dağılar, ömrü puç olar. Ətimi didsə də, qanımı içsə də, istəmirdim bu evdən çox uzaqlaşsın. Onsuz özümü çılpaq kimi, əyniyalın kimi, şaxtada-çovğunda donan kürkü yırtıq sayıl kimi hiss eləyirdim. Belə məqamda nənəmin dedikləri yadıma düşürdü: “Bir qadını lüt soyundurub buraxırlar kişilərin arasına. O kişilərin içində qadının atası da, qardaşı da, oğlu da, əri də olur. Qadın qaçıb – nə atasının, nə qardaşının, nə də oğlunun – ərinin arxasında gizlənir…”
***
Emin gedən kimi baldızım uşaqlarını da götürüb bizə yığışdı. Onun doğmağına sanılı günlər qalmışdı, ona görə də qaynanam bizə köçürdü ki, ağrısı tutanda qızına özü nəzarət eləyə bilsin. Bundan sonra olan-qalan rahatlığım da pozuldu. Bəstinin bir cüt dəcəl, ərköyün uşağı vardı – biri oğlan, biri qız. Əllərinə gələni dağıdırdılar, ondan da betər, oxuduğum kitabları cırıb tökürdülər. Bu da məni lap haldan çıxarırdı, baldızıma dönə-dönə yalvarırdım:
– Qoy nə istəyirlər eləsinlər, sən Allah, tapşır bircə kitablara dəyməsinlər.
O, key-key üzümə baxıb gülürdü, di gəl, uşaqlarına bir dəfə də “dinc durun” demirdi. O günlərin birində mən baldızımdan elə bir hərəkət gördüm ki, az qaldı damarımda qanım donsun.
Canımı dişimə tutub xəmir yoğururdum. Qollarım işlədikcə başımdan qaynar tər açılırdı, birtəhər qorunurdum ki, tərim xəmirin içinə tökülməsin. Teştin üstünə əyildikcə baldızımın bətnimdəki klonu məni elə təpikləyirdi, qabırğalarımın altına, qarnımın divarlarına bir yumruqlar döşəyirdi, az qalırdı ürəyim qopub ağzımdan düşsün. Bəsti halımı görüb, deyəsən bir balaca insafa gəldi:
– Təndiri mən odlayaram, sən bir az dincələrsən.
Yoğurduğum xəmir çoxdan acımışdı, di gəl, qanım soyumurdu ki, tərim dayansın. Təndiri qalamağa qalxan baldızım özünü qaynatamın otağına verib əlində Voyniçin “Ovod” romanı bayıra çıxdı. Bu evə gələndən onun (nəinki onun, qaynatamdan başqa heç kimin) əlində kitab görməmişdim. Mənə maraqlı gəldi: görəsən Bəsti bu kitabı neyləyəcək?
Qıraqdan onun hərəkətlərini bir az maraq, bir az da həyəcanla izləyirdim. Baldızım balalarıyla danışa-danışa kitabı ortadan açdı, arasına şüşədən bir az nöyüt tökdü, kibrit çəkib kitaba od verdi, vərəqləri alışan kitabı təndirə atıb tez də üstünə bir qucaq çırpı tökdü. Bu vaxt məndən əcaib bir səs çıxdı. İçimdəki ağır yükü, şişmiş bədənimi unudub təndirxanaya sarı cumdum, əlüzyuyanın yanındakı su dolu vedrəni təndirə boşaltdım. Sonra əlimi atıb, vərəqlərini alov qarsmış kitabı təndirdən çıxardım:
– Sən dəlisən?! Adam da kitabı oda atar, necə əlin gəldi?!
Baldızım mat-mat üzümə baxırdı:
– Hə noolsun, sənin deyil ki, atamın kitabıdı.
– Hər kimindi. Necə qıyırsan “Ovod”u yandırmağa? Oxumusan bunu?
– Nəyimə lazımdı?
Mən yaralı kitabı bağrıma basıb, üst-başı qızılla dolu, ağzındakı dişləri boyaboy qızıla tutulmuş bu arıq, uzundraz, qansız gəlinə qorxa-qorxa baxırdım. Həmin an elə bilirdim o məni də beləcə uf demədən oda atıb yandırar.
Aralıdan bizə göz qoyan eltim Maral gülə-gülə bizə sarı gəlirdi:
– Bu qız samovarı da kitabla qaynadır, nəinki təndiri.
Mən də bunlardan mərhəmət, sevgi, insanlıq umurdum. Qəfil ağlıma gəldi ki, elə mənim qarnımdakı da başını çölə çıxaranda bunlar kimi yırtıcı, nadan, cahil olacaq. Nənəm həmişə deyirdi: “Qız bibiyə, oğul dayıya çəkər”. Vay-vay, demək, mənim qızım da bu gəvgəndiş baldızıma oxşayacaq. Aman Tanrım, vay mənim halıma!..
Ortadan beş səhifəsi yanmış “Ovod”u birtəhər təmizləyib qurudub taxçadakı yerinə qoydum. Qaynatam neçə gün kirimədi:
– Dovşan, nəsə buralardan nöyüt iyi gəlir.
O soruşduqca mən susurdum. Necə deyəydim ki, bəzəkli qızın kitablarına qənim kəsilib, sənin də xəbərin yox…
Dostum, bunları danışdıqca yadıma bir ayrı əhvalat düşdü. Orta məktəbdə oxuyurdum, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı yenicə nəşr olunmuşdu. Tay-tuşlarım kitabı oxumaq üçün növbəyə durmuşdular. Əsər bizim evdə o qədər müzakirə olundu ki, bir gün Musa əmimin arvadı dedi:
– Kim o kitabı mənə oxusa, ona yaxşı bir bəxşiş verəcəm.
Mən adını yaza bilməyən, kitabları əlinə alıb üzünə-astarına həsədlə baxan, yaşı yetmişi haqlamış bu qadının həvəsindən xoşlanıb vaxtım olandan-olana Anarın əsərini ona oxudum. Kitab arvadı əməlli-başlı tilsimlədi, bu cəfakeş, şirın, dilli-dilavər qarı uzun müddət Təhminə-Zaur dastanının havasından çıxa bilmədi. Mənim oxuduqlarıma necə həvəslə qulaq asmışdısa kitabdan bəzi dialoqları əzbər bilirdi. Çox sonralar bu əsər əsasında çəkilmiş “Təhminə” filminə baxanda isə belə demışdı:
– Kitab bundan maraqlıydı…
İndi üstündən illər adlayandan sonra mən hərf tanımayan əmim arvadının kitaba sevgisiylə məktəb yolu ölçmüş baldızımın kitab düşmənliyini müqayisə eləyib, zər əhlinə kərəm, kərəm əhlinə zər verməyən ədalətsiz fələyin çarxına lənət oxuyurdum…
***
Dekabr ayı özüylə bizim yerlərə xas olmayan dərəcədə soyuq, şaxta gətirdi.
Baldızımı bizə köçürəndən sonra qaynanam mənim özümdən ötrü silib-süpürüb təmizlədiyim, alababat bəzədiyim otağa müştəri çıxdı:
– Sən köç öz otağınıza, qoy Bəsti balalarıyla burda yatsın.
O sakit, yarıqaranlıq otaqdan heç ayrılmaq istəmirdim. Ən çox da ordakı enli dəmir çarpayıdan xoşum gəlirdi, başqa yerdə rahat yata bilmirdim. Ayaqlarımı qarnıma yığıb o yaylı çarpayıda yırğalana-yırğalana yuxulamaq mənə bir ayrı ləzzət verirdi.
Otağı Bəstiyə verib öz yerimə qayıtdım. Baldızım uşaqlarıyla bizə yığışandan qaynanamın bir cüt bacısı da bızdə bitmişdi. Zöhrə xala evdə olmayanda bu arvadlar Bəstinin nazıyla oynayırdılar – biri onun balalarına baxırdı, biri də özünə. Qaynatam da gücü yetdiyi qədər mənim qulluğumda dururdu – samovar qaynadırdı, anbardan, istixanadan tərəvəz, göy-göyərti gətirirdi, kötüyün üstündə ət döyürdü (qaynanam əti ətçəkən maşından keçirməyə qoymurdu, deyirdi onda ətin dadı qaçır)…
Eminin xalaları bütün günü bizi güdür, hərdən məni ələ salıb gülürdülər. Bir axşam qaynanam evə gələndə:
– Qızın heç nə yemir, doğa bilməyəcək, – dedilər, – amma gəlinin ağzı bir dəqiqə dayanmır.
Elə bil başıma çəkic vurdular, utandığımdan yerə girmək istədim. Hirsimdən az qaldım bətnimdəki körpəni yumruqlayam, bunların toxumunu vurub qarnımdan salam. Doğrusu beləydi ki, baldızımın hüzuruna hər şey hazır gəlirdi, mənsə hamını yemləyib bəsləyəndən sonra bişirdiyim yeməkdən bir pay da özüm yeyirdim. Üstəlik, bundan irəli dediyim kimi, hər həftə qardaşlarım da ağır bazarlıqla yanıma gəlirdilər.
Bu arvadlar qulağım eşidə-eşidə məndən qeybət elədikcə halım lap pisləşirdi, iştaham küsürdü, təzyiqim qalxırdı. Vəziyyəti belə görən Maral xəlvətə salıb mənim gözlərimi açdı:
– Kül sənin avam başına! Ay qız, ürəyini buz kimi saxla, sən bu evdə heç kimin qazancını yemirsən. Onlar kimdi sənin qeybətini eləsinlər! Özünü bu qədər ayağa vermə. O qancıqlar ac canavar kimi həmişə bu evi söküb yeyiblər. Nə deyirlər desinlər, gözlərinin içinə baxa-baxa ən iri, ən yaxşı tikələri qoy ağzına. Hələ bir üstəlik o əyrimçələrlə siznən-biznən danışırsan (mən qaynanamın bacılarına “siz” deyib müraciət eləyirdim).
Maral düz deyirmiş. Sonralar mən də fikir verdim: Mahmud əmi evdən çıxan kimi qaynanam əlinə gələndən yığıb bacılarının torbasına basır, ciblərinə də pul qoyub yola salırdı. Razıydım nəyi var versin, təki mənlə işləri olmasın.
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm: 24 25 26 27 28 29