Vahid QAZİ
Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar.
Festival ölkənin gəmiçilik tarixini əks etdirən muzeydə – Marinmuseumda keçirilirdi. Qaydalara görə, iştirakçılar özləri barədə, yazı-pozuları haqda danışmalı, kitablarını təqdim etməliydilər. Mövzunu konkretləşdirim deyə dəvət göndərən təşkilatçıya yazıb, nədən danışmağımı istədiyini əvvəlcədən xəbər aldım. Göndərdiyi dörd sual ətrafında çıxış etməyimi istədi.
Dediyi kimi də elədim. Çıxışı həmin suallar üzərində qurdum.
Elə bu yazı da o çıxışdan ərsəyə gəldi.
Birinci sual: “Yazmağa necə başladın?”
Məndə yazmağa inamı anamın məktubları yaratdı.
Sovet ordusunda xidmət edirdim. Bilirəm, sovet ordusu deyəndə isveçlilərin təsəvvüründə qorxunc bir ordu canlanır, elə bu muzeyin ikinci mərtəbəsində “Soyuq müharibə: SSRİ-NATO” bölməsində nümayiş olunan şəkillər də çox şey deyir. Sovet ordusu işğalçı orduydu, mənim də vətənimi işğal edib, çox qan töküb. Bundan danışmıram.
Dünyanı lərzəyə gətirən bir ordunun xidməti boyu bir güllə belə atmayan minlərlə məsum əsgərindən birinin anasından aldığı məktublardan danışıram.
Əsgərlik vaxtı anamdan aldığım bütün məktublar “Anan sənə qurban…” sözləriylə başlayırdı. Təzə vaxtlarda məktubu alan kimi kazarmamızın arxasındakı meşəyə qaçırdım, açıb orda oxuyurdum.
Həyətimizdəki güllərin açmasından, ağacların çiçəkləməsindən, qonşu qızın ərə getməsindən, toyuğumuzun cücə çıxarmasından, daha nə bilim, nələrdən yazırdı. Nə yeyib, nə içdiyimi soruşurdu, əynim qalındımı, nazikdimi, üşüyürəmmi – xəbər alırdı.
Nədən yazırdı yazsın, onun məktublarını hekayə kimi, nağıl kimi oxuyurdum.
Cavabım elə o məktubların ovqatında olurdu. Onları duyğuların bədii təsviriylə yazırdım. Maraqlı alınırdı. Sonra daha həvəslə yazmağa başladım. Bəzən bir məktuba iki, üç cavab göndərirdim.
Evə dönəndə gördüm ki, anam bütün məktublarımı bir qutuya yığıb saxlayıb. Elə təsirlənmişdim ki..
Mən isə onun heç bir məktubunu saxlamamışdım.
İllər sonra öz köhnə məktublarını oxuyanda elə bilirsən, onları başqasına yox, elə özünə yazmısan. Özünün başqa zaman və məkandakı məqamına yazmısan.
Əsgərlikdən döndüyüm yay onları keçmişdən bu günümə göndərdiyim məktublar kimi bir də oxudum.
Elə o məktubların təsiriylə ilk hekayəmi yazdım. Sonra daha bir neçə hekayə qaraladım. Qarabağda müharibə başlayanda o məktublar da, o hekayələrin əlyazmaları da evimizin zirzəmisində qaldı. Başqa lazımsız şeyləri çıxarıb onları unutmağımı özümə bağışlamıram.
Mənə yazmağı öyrədən anamın məktubları ermənilərlərin şəhərimizə vurduqları odda yandı.
İkinci sual: “Sən niyə yazırsan?”
Mənim üçün yazmaq içimdəki ikinci “mən”lə – o biri Vahidlə ünsiyyət qurmaqdı. Şərqin böyük panteist şairi və filosofu Yunus İmrə belə deyirdi: “Bir mən vardır məndə, məndən içəri”.
Ünsiyyət insana hava kimi, su kimi lazımdı. Ünsiyyət olmasa insan dəli olar. Ünsiyyətə adam tapmasanız gedin meşəyə ağaclarla danışın. Hərdən mən belə edirəm.
Robinzon Kruzo adada tək qalanda özünə kukla düzəldir, onunla danışır. Tanıyırsınız onu, Daniel Defonun qəhrəmanını deyirəm.
Mən İsveçdə öz ölkəmdəkindən daha çox yazıram. Dostlarım bunu burada vaxtın çox olmasına bağlayırlar. Amma bu həqiqətin yarısıdı. Qürbətdə hər istəyində ünsiyyətə adam tapmırsan. Söhbət eləməyə biri olmayanda içindəki adamla danışırsan. Mən də “onunla” danışıram və bu söhbətdən yazı alınır.
Yazılarım özümlə söhbətlərimdi.
Üçüncü sual: “Nədən yazırsan?”
Yazar iki ünvanda yaşayır, biri ətraf mühitdi, digəri onun daxili aləmidi. Yazı mövzularını ona həm cəmiyyət diktə edir, həm də qəlbi söyləyir. Mən ikisini birləşdirirəm. Məni narahat edən suallar elə insanların cavab axtardığı suallardı.
Kitablarımın əsas qəhrəmanı tənha insandı. Məni yalqız insan, yaxud insan yalqızlığı düşündürür. Müxtəlif situasiyalarda o özüylə, ətrafıyla necə davranır?
Azadlıqlara açıq toplumda yaşayan insanla qapalı cəmiyyətlərin adamı bir deyil. Bu fərq özünü nələrdə göstərir?
İnsan yaşadığı cəmiyyətin yetirməsidi, amma yaşadığı cəmiyyəti də insan özü qurur. Onda cəmiyyət yetirdiyi insana, yaxud əksinə, insan qurduğu cəmiyyətə bənzəyirmi?
“Kuba dəftəri”ində bu suallara cavab verməyə cəhd eləmişəm.
Zaman və məkan nədi? Mən məkana da, zamana da insan kontekstindən yanaşıram. İnsandan kənarda zaman yoxdu. İnsandan kənarda məkan yoxdu. Zaman da, məkan da insanla məzmun alır. “Çöl Qala” povestinin qəhrəmanları mövcud dünyadan kənarda, öz zaman və məkanlarında – üçüncü dünyada yaşayırlar. Üçüncü dünyada zaman da, məkan da fərqlidi, onu hər insan öz zövqünə görə özü yaradır.
İsveçli Azərbaycan insanından fərqlidimi? Bu fərqin qaynağı nədi? Bu suallar gələcək kitabın yazılmasına stimul verə bilər. Görək!
Dördüncü sual: “Niyə yaşamaq üçün İsveçi seçdin?”
Kitab festivalının bu paneli “Dəniz üzərindən köç” (“På flykt över havet”) adlanır. Miqrasiya bu gün dünyanın ən böyük problemlərindəndi. İsveç xalqı özünün “böyük köç” dövrünü yaşamış xalqdı. O ağır həyatı daha dərindən duymaq üçün 1971-ci ildə çəkilmiş “Miqrantlar” (“Utvandrarna”) adlı İsveç filminə baxmanızı tövsiyyə edərdim.
Heç bir normal insan vətəni sevinərək tərk etməz. Qəriblik daim nostalji ovqata köklənmiş ömür deməkdi. Onda dərin bir kədər var. Kimsə özünə kədərli həyat arzulamaz. Amma bəzən insan köçməyə məcbur olur. 150 il əvvəl Amerikaya köçən bir milyon isveçli kimi, bu gün müharibələrdən qaçıb İsveçə sığınanlar kimi.
İsveç uzaq şimalda yerləşir. Xəritədə baxsanız, görərsiniz ki, o yuxarıdadı, elə bil dağın zirvəsindədi. Uzaqdan, zirvədən ətraf aydın görünür. Mən İsveçdən öz ölkəmi də, onun adamlarını da, elə dünyanı da daha yaxşı görə, duya bilirəm.
***
Uzaqdan adam özünü də görə bilər. Hərdən özümü görürəm…
Xüsusən də, yad rus meşəsində doğma anasının məktublarını oxuyan oğlanı…
İyun 2017
Trossö, İsveç