Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Bir həftəni də beləcə küsülü kimi başa vurduq. Evdə məni qaynatamdan başqa heç kəs danışdırmırdı. Baldızım Bəsti də hər gün atası evinə gəlir, anasıyla elə hey nəsə pıçıldaşır, yeyir, içir, əri evə dönən saatlarda çıxıb gedirdi.
Bədənimin qançırları solmuşdu, daha belimi də düzəldə bilirdim. Canım yavaş-yavaş sözümə baxırdı. Bütün gün işim-gücüm qaynanamın göstərişlərini yerinə yetirmək idi: yuyurdum, ütüləyirdim, yığışdırırdım, təmizləyirdim, bişirib-düşürürdüm. Boş vaxt tapanda qaynatamın otağından götürdüyüm kitabları oxuyurdum. Ən zəruri məişət söhbətlərini çıxmaq şərtilə Emin mənlə, demək olar, kəlmə kəsmirdi.
Bir səhər qaynanam işə gedəndə mənə günortaya ətsiz xörək bişirməyi tapşırdı. Bu evdə hamı ətyeyən idi deyə qaldım fikirləşə-fikirləşə: ətsiz nə bişirim ki, bunların ürəyincə olsun? Əvvəlcə bir az şüyüdlü aş dəmlədim. Yazın oğlan çağıydı, həyət-baca göy-göyərtiylə doluydu. Üzüm çardağına baxdım – tənəklərdən qəşəng tər yarpaqlar asılmışdı. Bir ətək yarpaq dərdim. Nənəm həmişə təzə yarpaq çıxan vaxtlarda yalan dolması bişirərdi, bizlərdə buna dən dolması da deyərdilər. Bu dolmaya ət vurulmazdı, yarpağa göy-göyərti, soğan, düyü, bir də xırdaca doğranmış kartof bükülərdi. Həvəslənib bir az da yalan dolması bişirdim. Adətən mən qab-qaşığı süfrəyə düzəndən sonra qazanı ortaya gətirərdim, yeməyi qablara qaynanam çəkərdi.
Hamı masa arxasında dinməzcə oturub yemək gözləyirdi. Qaynanam qazanın ağzını açıb dolmanı görəndə havalandı:
– Mən sənə demədim ət bişirmə? Hə, dedim, demədim?!
Mən dinmədim. O deyinə-deyinə başladı yeməyi çəkməyə, çəkə-çəkə üzünü Eminə tutub:
– Görürsən, – dedi, – məni saymır, nə deyirəm tərsinə gedir.
Mən kinayəli təbəssümlə qaynanamın üzünə baxdım:
– Bəyəm bu ətdi?
Hikkəli qadın yenə geri durmadı. Emin stuldan qalxıb üstümə yeridi. Qaynım dolmaları qatıqlayıb bir-bir içəri ötürürdü, düşündüm indicə yediyi dolmanın tərkibini məclis əhlinə açıqlayacaq; ancaq o heç başını da qaldırmadı ki, bilək görək nə yediyindən xəbəri var, ya yox.
Emin qollarımdan tutub kürəyimi divara vurdu, başım necə silkələndisə burnumdan yenə qan açıldı. O, gözlərini bərəldə-bərəldə bağırdı:
– Sən niyə anam deyəni eləmirsən?!
Mən çənəmə axan qanı əlimlə silə-silə:
– Axı bi yalan dolmasıdı, – deyib çölə çıxdım.
Elə bil qurbağa gölünə daş atdın. Evin sol cəhəngindən su arxı keçirdi, arxın sərin suyuyla burnumun qanını yudum. Soyuq su üz-gözümə dəydikcə beynim aydınlanırdı, bu insanların necə miskin, necə rəzil olduqlarını düşünürdüm, bu evdə gün-dirrik qura bilməyəcəyimi təmiz şüurla, ayıq başla qanırdım.
Axar su həm qanımı kəsdi, həm də gərilmiş sinirlərimi boşaltdı. Elə bilirdim indicə evdəkilərdən kimsə gəlib məndən üzr istəyəcək, məni süfrə başına dəvət eləyəcək; həvəslə bişirdiyim yeməklərdən çəkib mənim də qarşıma qoyacaqlar. Yox, yanılırdım.
Onlar yeyib dağılışandan sonra evə qalxdım: üstündə ağız-burnumun qanı axıdılmış dolmadan əsər-əlamət qalmamışdı, hamısını həzmi-rabedən keçirib getmişdilər. Qaynanam hələ üstəlik bir boşqab dolma da götürüb qaynatama saxlamışdı.
Axşam qaynatam:
– Dovşan, yalan dolman gerçək dolmadan da dadlıydı. Yarpaqlar qartımamış ondan bir də bişirərsən, – deyəndə hamı üzünü məndən gizlədi.
***
Üzüqara dolmanı bişirdiyim günün gecəsi Emin yenə mənə qəfil hücum çəkdi. Mən yenə onun hücumuna hazır deyildim (düzü, belə hücumlara hazırlanmağın nə demək olduğunu da bilmirdim – eşitməmişdim, oxumamışdım, görməmişdim), di gəl, müqavimət göstərməyə gücüm yoxuydu, üstəlik, çarpışmağın, güləşməyin, süpürləşməyin bir anlamı da qalmamışdı. Ya bu gecə hücumlarından xoşlanmağın bir yolunu-çəmini tapmalıydım, ya da bir ömür boyu sürəcək təcavüzün zülmünə-zillətinə, ağrısına-əzabına boyun əyməliydim…
Yenə ərşim-kürşüm yandı, içimə sanki bir ovuc acı bibər doldurdular. Elə bil quru oduna yekə bir paz çaldılar. Dar ayaqqabının sıxıb əzib döydüyü ayaq kimi içim döyənək oldu, göyüm-göyüm göynədi. İkinci təcavüzə uğradığım o gecə kişiyə də, kişiliyə də bir daha nifrət elədim.
Aktiv müqavimətə gücüm çatmasa da, passiv müqavimət taktikası seçdim – mənə heyvani iztirab yaşadan bir prosesdən onun insani zövq almasına imkan vermədim. Qadının xoş əzabından kişinin aldığı zövqü ona dadızdırmadım – nə o gecə, nə də ondan sonrakı gecələr. Əslində, mən o xoş əzabın nə olduğunu bilmirdim də (deyəsən, elə o da xoş əzabdan zövq almağın nə olduğunu bilmirdi), eləcə qadın təbiətinin diktəsiylə, bir dişi fəhmiylə davranırdım. Şüursuz da olsa anlayırdım ki, yataq qadının təkcə ən zəif olduğu yer deyil, həm də ən güclü olduğu yerdi. Qadın – cismani işgəncələr hesabına olsa belə – istəməsə, kişi – lap Misirdə sultan olsa belə – o yataqdan kam ala bilməz.
Eminin ikinci həmləsindən sonra qadın-kişi münasibəti bir az da gözümdən düşdü, rahat yatağım, bəzəkli otağım məndən ötrü əsir düşərgəsinə çevrildi. Gözümün altına aldım ki, bütün ömrüm bu düşərgədə keçəcək – tərs kimi də bunların nəsli uzunömürlüydü.
Qırx arşın quyunun dibində olsam da, heç kimdən, heç nədən ötrü darıxmırdım. Mənə əziz olan hamını, hər kəsi unutmuşdum, heç kimi arzulamırdım, heç nə istəmirdim. Son günlər-həftələr bircə kərə də olsun göyə baxmamışdım. Səni də unutmuşdum, Dostum.
Qızlığımın kilidi sökülmüş, süngüylə qırılmış qapısı ikinci dəfə təpiklə açılandan sonra yenicə düzəlməyə başlayan qəddim yenə əyildi, yerişim-duruşum yenə pozuldu. Canımdan çıxan ağrılar qayıdıb canıma doldu. Bir neçə gün qapıda-bacada axsaya-axsaya gəzdim…
***
İnsanın üzü bərkdi, həyat bizi hər şəraitə uyğunlaşdırır. Günlər, həftələr keçdikcə mən də bu evə, bu ailəyə, bu adamlara alışırdım.
Qaynanam Eminlə normal ər-arvad ünsiyyətinə girə bilməməyimin səbəbini-günahını məndə görürdü. Beynimə yeridirdi ki, qadın gərək ərinə dözümlü, qılıqlı olsun, onun başına dolansın, üzünə gülsün. Əlli-altmış ilin arvadı olan bu qadının dedikləri neçə gün qulağımda səslənəndən sonra ağlıma batdı. Bir gecə düşündüm ki, gərək sabahdan xasiyyətimə də, davranışıma da düzəliş eləyəm, yəqin bundan sonra ərimlə asan yola gedərəm.
Sabahı günün axşamı Emin işdən gələndə qaynanamın təlimatına uyğun olaraq üzümə gülümsər şəkil verib onun qabağına yeridim. Ancaq mənim onun pişvazına bu görkəmlə çıxmağım ərimə nəinki xoş gəlmədi, əksinə, onu quşqulandırdı. Təəccüblə, zənlə üzümə baxıb dedi:
– Nədi, qulağına xoş söz deyilmiş qəhbə kimi dişlərini nə ağardırsan?
Özümü alçaldılmış, ifşa olunmuş, yerdən-yerə vurulmuş ən sonuncu yaltaq sandım, rəng verib rəng aldım, başımı gizləməyə bir siçan deşiyi axtardım. O dəmdə ən ləyaqətsiz fahişə də mənim yanımda abırlı görünərdi. Beləcə, qaynanamın layihəsi elə ilk sınaqdaca iflasa uğradı.
Ertəsi gün işdən qayıdan Emini qaşqabaqlı qarşıladım. İndi də valın o biri üzünü çevirdi:
– Noolub, əzizlərin hamısı bir gündə qırılıb?
Bilmirdim bu adama hansı yöndən yaxınlaşım ki, ortalığa söz-danışıq düşməsin. Aldığım tərbiyəni kənar gözlə bir də nəzərdən keçirirdim, oxuduğum kitabları beynimdə təkrarlayırdım ki, buna bənzər situasiyalar axtarım tapım, baxım görüm: bəlkə qəbahət məndədi? Bəlkə mən vəhşi kimi böyümüşəm, adamlarla düzgün ünsiyyət qura bilmirəm?
Bir günün içində qəfil gəlib düşdüyüm mühitdə, dilini bilmədiyim adamların arasında yaşamaq çox çətin gəlirdi mənə. Elə bil ayrı planetə atılmışdım, burda nəyin yaxşı, nəyin pis olduğunu ayırd eləyə bilmirdim. Bu adamları incitmədən, onların əl-ayağına dolaşmadan, bu yad ailənin qaydalarına zidd getmədən yaşamağın yollarını, bir sözlə, bu evin açarını axtarırdım. Tapmasaydım, bu uzun yolu bunlarla çiyin-çiyinə, baş-başa necə gedəcəkdim? Hər gün döyülmək, söyülmək, danlanmaq olmazdı ki!
Bütün gün əlim ev işlərindən çəkilməsə də, ailənin hər üzvünü diqqətlə müşahidə eləyirdim, onların xuyunu-xasiyyətini öyrənməyə çalışırdım: kim hansı yeməyi xoşlayır, kim nə vaxt yatıb nə vaxt durur, kimin hansı sözdən-hərəkətdən xoşu gəlmir…
Elə də təmizkar deyildilər. Kənd məktəbində müəllim işləyən cavan qaynıma (məndən bir yaş kiçik idi) gərək hamı deyəydi ki, dırnağını tut, saçını qırxdır; itələyib hamama salan olmasaydı, həftələrlə çimməzdi. Emin də eləydi. Cüt yaşadığımız müddətdə onun əl-ayaq dırnaqlarını mən tutdum, qoltuğunu mən təmizlədim, hərdən saçlarını belə mən qırxardım. Bütün bunları canla-başla, yorulmadan, usanmadan eləyərdim, çünki məndən ötrü çirkli yerdə oturmaq, natəmiz adamlarla – hələ demirəm bir çarpayıda yatmaq – bir süfrə arxasında əyləşmək cəhənnəmdən betərdi.
Ona görə də evdə hər işi həvəslə görürdüm, özündən demək olmasın, səliqə-sahmanıma iki göz istəyirdi tamaşa eləsin. Gecələr yatağa sürüklənmək qorxusu olmasaydı, hələlik elə bir dərdim-azarım yoxuydu ər evində. Canım Eminin canına heç cür uyğun gəlmirdi, bədənlərimiz ayrı-ayrı dillərdə danışırdı; əslində danışmırdı da, onun bədəni istədiyini diktə eləyir, mənim canım müticəsinə susurdu. Mənim bədənimlə ortaq dil tapmaq onun ağlının ucundan da keçmirdi. Eminin nəzərində ərinə işvə satan qadınla fahişənin bir fərqi yoxuydu, ona görə də halalca arvadının onun çağırışlarına cavab verib-vermədiyi bu adamı əsla maraqlandırmırdı.
Aprel ayı boyunca o, dörd dəfə mənə yatağımda işgəncə vermişdi. Hər belə eybəcər münasibətdən sonra biz isinişmək əvəzinə daha da uzaqlaşırdıq bir-birimizdən. Yatmaq vaxtı çatanda mən onun gözündən yayınmağa, gizlənməyə çalışırdım. Böyük evin dalda-bucağında, neçə otağın arasında qaçdı-tutdu, siçan-pişik oynayırdıq.
Axşam süfrəsi yığışdırılandan sonra hərə öz otağına çəkilirdi. Mən yuyub yığışdırıb düşürdüm həyətə. May böcəklərinin cırıltısı, qurbağaların qurultusu, kəndin sümsük itlərinin ulartısı mənə sakitlik gətirirdi. Həyətin ortasındakı iri gövdəli qovaq ağacı mənim bütün sarsıntılarıma şahidlik eləyirdi. Bu ağacın gur yarpaqlarının xışıltısı, titrəyişi gecələr mənə klassik musiqini xatırladardı. Mən qovağın çətiri altında o baş-bu başa gəzə-gəzə yaşadıqlarımı dönə-dönə yaddaşımdan keçirirdim. Pəncələrim üstə dikəlib uzaqlara boylana-boylana qalırdım, hündür barıların üstündən doğulduğum kəndin işıqlarını görmək istəyirdim. Gecənin vahiməsi məni basanda pilləkənlə tezcənə yuxarı qalxırdım. Bax elə bu məqamda tələyə düşürdüm – qapının arxasında pusqu quran Emin bir göz qırpımında məni qamarlayıb otağa sürüyürdü.
Bilirsənmi həmin anda nə keçirdi ürəyimdən? Çox istəyirdim Emin mənlə mehriban davransın, məni öpüb əzizləsin, mənlə nədənsə söhbət eləsin. Nədən danışsaydı, onu dinləməyə canla-başla hazırıydım, təki mənlə danışaydı. Axı atam demişdi ki, məni mahalın ən gözəl oğlanına verir.
Hə, düzdü, o, gözəl demişdi, ağıllı deməmişdi…
***
Artıq mayın yarısı geridə qalmışdı. Böyük qardaşım Səməndər bu müddətdə iki dəfə məni görməyə gəlmişdi. Gəlişlərinin birində mən xəlvətə salıb ona evdəkilərdən qeybət elədim, bunların xasiyyətinin dözülməz olduğunu dedim. O məni səbirlə dinləyəndən sonra ah çəkdi:
– Neyləmək olar, bacı, sən özünü dəyişməyə çalış. Bir ev adamı dəyişə bilməzsən…
Səməndərin dediyinə əməl eləməyə çalışırdım. Elə gün olurdu evdə heç kim mənlə kəlmə kəsmirdi. Mən işlərimi qurtaran kimi ya kitab oxuyurdum, ya da qaynımın dörd yaramaz uşağıyla evcik-evcik oynayırdım. Atam evi, daha doğrusu, o evin adamları heç yadıma da düşmürdü, hərçənd kəndimizdən, həyətimizdən ötrü arabir darıxırdım.
Çox keçmədi, qaynanam evcik-evcik oynadığımdan xəbər tutdu. Hikkəsi yerə-göyə sığmayan bu qadın tumanını başına atıb and-aman elədi ki, gəlinin beyni pozulub. Qaynanam bu məsələni partlayana qədər şişirtdi, qardaşım Kamil məni görməyə gələndə ifşaedici məxfi sənəd kimi onun da qarşısına qoydu:
– Gəlin bütün gün uşaqlarla evcik oynayır.
Kamil pərt-pərt üzünü mənə tutdu:
– Bu nə məsələdi, sən uşaqsan bəyəm?
– İşlərimi görüb qurtarandan sonra darıxıram deyə uşaqlarla əylənirəm, – dedim.
Kamil qaynanamın içəridən çıxmağından istifadə eləyib ürəkdən güldü:
– Əcəb eləyirsən, ancaq elə oyna, qaynanan görməsin.
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23
İkinci bölüm: 24