İBRAHİMXƏLİL
Həmid Herisçinin yazılarını görmüşəm, özünü görməmişəm. Amma bəlkə də fikirlərin açılmaqdan daha artıq gizlədildiyi konspirologiya, daxili miqrasiyalarla dolu ekzistensializm, ya da mübahisəli kosmoenergetika baxımından daha artıq Həmid elə öz yazılarından şehli-şehli boylanmağındadır ki, boylanmağındadır! Çünki onun rəmzlərlə dolu gizlin namə-məktubları, şifrləri-şifroqramları üslubunun canında və ruhundadır.
Yadımdadır: Vaqif Bayatlı “Ulduz” jurnalında poeziya şöbəsinə bələdçilik edəndə ilk dəfə Həmidin üç şeirini verdi. Müxənnət mübaliğə olmasın: o, bu üç şeirin üstündə ana öz körpəsinin üstündə əsəntək əsirdi; sanki ədəbiyyatımıza “Şairlər şahzadəsi” mükafatçısı… milli Verlen gəlir! Bir kimsə məni şahidliyə çağırmasa da “şahidliyin ruhu” olan ədalətlə şahidlik edirəm. Bax, Həmid Herisçinin yazılarını Vaqif bəyin əsrinin kitablarla və yəqinlik dolu yazılarla keçdiyi “Ulduz”lu dövrlərdən tanıyıram.
Etiraf edim ki, ötən ilin noyabrına təsadüf edən Allaha təvəkkül Təbriz səfərimdə, Rəsədxana yüksəkliyi deyilən yerdən canım-gözüm Təbrizi salam və səcdə dolu seyr edərkən Həmid Herisçini və onların Təbrizdəki evini də xatırladım. O, bir xatirəsində yazır: “Kimsəsizdir bizim Təbrizdəki evimiz… şüşələri də qırılıb”…
Hətta birdən-birə fikrimdən bu da keçdi ki, Təbriz universitetində tanış olduğum, sanki uzun əsrlərdir dostluq etdiyimiz urmiyəli Yaşar Fəthiyə deyəm: bəlkə gedib Həmid Herisçinin ata yurdunu sahmana salaq? Gələndə görüb sevinsin…
…ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır;
sonra yağışlar, bulaqlar…
…sonra bütün yerdə qalanlar.
sonra, ancaq sonra
bütün yağışlar
ldırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…
Bu peymaneyi-qəm paralanmış parça Həmidin çox sevdiyim şeirindəndir. Əjdər Olun salxımçiçək sözü olmasın: elə xoşum gəlir!..
…sonra “ildırım xətkeşi” demiş, bildiyim qədər, Həmidi uşaq vaxtı ildırım vurubmuş: kürəvi-kürəşəkilli ildırım. Əlbəttə, həm də dolayısı ilə, əgər leylək qələm sahibinin yolu ildırımlı deyilsə, daha bunun harası ədəbi-bədii yol olur ki?..
…İndi Həmid Herisçinin timsalında “İran casusları”nı “tədqiq” edən Mirzə Mikrob (və Mirzə Virus) eşidib ki, bəs deməzsənmi, bu qədər ildırım növü çoxluğunda məhz kürəvi ildırımlar özlərində pünhan informativ, sirli məlumatlar da gəzdirir, hətta kürəvi ildırımın vurduğu adam xüsusi istedad sahibi də olurmuş. Misilləmə misal üçün, amerikalı Sallivanı 35 il ərzində ildırım düz yeddi dəfə vursa da sağ qalıb. Onun triumf talantı barədə xəbər tutan prezident Tramp soydaşını Ağ Evə dəvət etmək niyyətinə də düşübmüş… Hətta bəzi anaxronizmlərə də ayazımayan Mirzə Mikrob da, eyləmə tənbəllik, gedib durur may şimşəklərinin altında, kürəvi ildırım da vurub təkərvarı təpəsini dağıdır. Süsən-Sünbül də qalır Mirzə Mikrobsuz. Bu, zəxarif zarafat-filan deyil. Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın, bəlkə də sehrafərin Süsən-Sünbül səngi-sitəmidir.
Arazdan bu qədər uzaqlarda mənə bizim dağlar qədər arazbarı yaxın olan, zərif zövq aldığım Həmid Herisçinin şeirlərindəki fədailik və ədəbi təfəkkürdür! Məhz Həmidin şeirləri “Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı” misralarının da hopduğu bu misallı nərmənazik bayatılarımızın məniyi-əsrar müəmmasını-şifrovkasını açıb mənimçün.
…Fəxri Uğurlunun “Şeyx Sənan” hekayəsini dünən yenidən oxudum. Mən Fəxri bəyin bu hekayəsini həvəslə filmə də çevirərdim. Nə isə…
…Az-az yerinə düşdüyü üçün deyirəm: təəssüf ki, Sovetlər dağılandan sonra Bakıdan Tiflisə təşrif buyuran yazar soydaşlarımızın bəziləri Gürcüstan paytaxtına sanki… məhz donuz otarmaq istəyi (əstəğfürullah!) ilə gəlirlər; guya buralarda təfəkkür daha azadmış, guya hər donuz otaran da Şeyx Sənan olacaqmış. Bu bir. İkincisi, az qala “donuzlar”ı örüşə ötürdükdən sonra, kimə “İran casusu”, kimə “Türkiyə tülküsü”, kimə də “Rusiya riyakarı” damğası vurub, bir-iki yerli yanıb-yaxılan yazarı da “göysatan” adlandırdıqdan sonra bir də gəlmək ümidi ilə çəkilib gedirlər. Və Vahid Vəhdət dünyasının bu yelçəkər yerində unudulmaz Xaqani necə də həzin-füzun deyib:
Biz ədl sarayıykən zülm ilə xarab olduq…
Bilmirəm Həmid Herisçinin heç biz tərəflərə yolu düşürmü? Dedim bir soruşardım: konspirologiyada bu bəzı “məzhəkəyə meylli” internet əcinnələrinin, hərəyə bir şərqi yox, Süsən-Sünbül sövdəgəri demiş, “şınqıroy” qoşan ədəbiyyat-ədəmiyyət marginallarının mərəzlərini sağaltmağı göstərən diləzbəri düstur tapılarmı?.. Yoxsa, bu nədir? Sən “ey mənə bənzər insan, mən daim səni axtarıram” oxuya-oxuya varıb ona doğru gedirsən, amma yolun gedib… kaftarküsdüyə çıxır…
P.S. Uzaqlarda göy guruldayır. Sanki harayasa kürəvi ildırım düşür. Dərhal “Quran”dan “Rəd” surəsini pıçıldayıram…
…görəsən Həmid Herisçinin Təbrizinə də yağırmı?
…bir zamanlar Həmid yazırdı ki, hər yazarın bir Təbriz mövzusu olmalıdı.
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)