Avtobioqrafik roman
Əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
Müəllif: BİRCƏ
Gözümü açanda şər qarışırdı. Bibimin qayıtmadığını görüb kiçik əmim Cahangiri onun dalınca göndərmişdilər. Bibim çıxılmaz haldaydı – nə qala bilirdi, nə gedə bilirdi. Qaynanamla məsləhətləşəndən sonra qərara gəldilər ki, Telli mama əmimə qoşulub getsin. Qaynanam əminliklə bildirdi ki, sabaha kimi onsuz da hər şey qaydasına düşəcək, bibimə tapşırdı ki, sabah bizimkilər üçgünlüyə gəlsinlər.
Bibim məni qoyub gedə bilmirdi, heç mən də onun getməsini istəmirdim, elə bilirdim getsə, mən tanımadığım bu qərib yerdə lap köməksiz, lap çarəsiz qalaram. Özümü atılmış, ortalıqda qalmış kimsəsiz kimi hiss eləyirdim. Pəncərədən gizli-gizli əmimə baxdım, ancaq çıxıb onunla görüşməyə utandım. Bibim də razı olmadı çıxmağıma. Ona çox yalvardım ki, getməsin, bir bəhanə tapıb yanımda qalsın. O da “darıxma, sabah gələcəm” deyib məni sakitləşdirməyə çalışdı, sonra yenə məni bağrına basıb, qapını arxasınca örtüb getdi.
Çarpayının üstündə dizlərimi qucaqlayıb uşaq kimi hönkür-hönkür ağlayırdım. Gözüm pəncərəni deşib, göyə dən kimi səpilmiş saysız- hesabsız ulduzları sanayırdı. Xəyalımda ulduzları gəzdikcə lap kövrəlirdim, elə bilirdim mənim Ağ Atlı Oğlanım o ulduzların hansındasa divlərin, pərilərin əsiridi, ona görə gəlib məni alıb apara bilmir.
Qaynanam ayaqlarını döşəməyə çırpa-çırpa sinidə mənə yemək gətirdi. Çox utandım – xəstə yatdığım vaxtları saymasaq, heç vaxt belə nəvaziş görməmişdim. Düzü, mən yeməkdən çox su istəyirdim, ancaq qaynanama bunu deməyə üzüm gəlmədi, bu, lap ağını çıxarmaq olardı. Arvad içəridən çıxandan sonra durub siniyə lap yaxınlaşdım ki, bəlkə yeməyin iyi məni vura, iştaham açıla. Di gəl, boşqab dolusu kələm dolmasının iyi burnuma dəyən kimi yenə ürəyim bulandı.
Nə qədər belə qaldım, bilmirəm. Qapı yenə cırıldadı (otağımızın qapısı zəhlətökən cırıltıyla açılırdı), bildim gələn Emindi. Üzümü divara çevirib gözlərimi bərk-bərk yummuşdum ki, elə bilsin yatmışam. Qapı bir də cırıldayanda başımı ehmalca qaldırıb oğrun-oğrun o yana baxdım: Emin yemək dolu sinini götürüb apardı. Tezcə yerimdən atılıb çarpayıdan yerə düşdüm, xonçaların birindən bir şəkərbura götürüb bircə dişlək almışdım, qapı yenə cırıldadı. Əlimdəki şəkərburanı qucağıma atıb əllərimlə ağzımı qapadım, elə bildim oğurluq üstündə tutdular məni. Emin yaxınlaşıb əllərimi üzümdən götürdü, əvvəlcə ovurdlarımı sıxıb ağzıma baxdı, sonra ətəyimdəki dişlənmiş şəkərburanı götürüb bayıra çıxdı. Qapının o üzündə onun nə dediyini aydın eşitdim:
– Özünü öldürürsən ki, gəlin heç nə yemir. Bax, bu da yediyi şəkərbura…
Yer yarılsaydı, yerə gırərdim. Qulaqlarım uğuldadı: bu, mənə necə ər olacaqdı, aman Allahım! Emin otağa qayıdanda mən çeynəyib udmağa macal tapmadığım dişləyimi ağzımdan çıxarıb masanın üstünə qoydum. O, çeynənməmiş tikəni süzüb əyri-əyri mənə baxdı:
– Rədd ol o tərəfə, yatıram!
Sevincək yatağın üstündən sıçrayıb çarpayının örtüyünü götürdüm, qatlayıb kürsünün üstünə atdım. Onun yatacağını rahatlayıb bir qırağa çəkildim. Emin mənə sarı gözünün ucuyla da baxmadan soyunub yerinə girdi. Mən dərindən nəfəs alıb özümü kürsünün üstünə yıxdım – bu axşam ondan canımı belə rahatlıqla qurtardığıma inana bilmirdim. Düzü, indi mən özüm də bu işin bitməyini istəyirdim – o boyda kişini el içində başıaşağı eləməyim çox da ürəyimcə deyildi, vicdanım məni incitməyə başlamışdı.
Emin yatağa girən kimi Gülsərən hoppanıb çarpayıya çıxdı, mənim yastığımın üstünə qonub Eminlə burun-buruna dayandı. Emin mənim qusmağımdan iyrənəndə üzündə hansı ifadə vardısa, həmin ifadəylə də pişiyə baxırdı.
– Dur bunu burdan rədd elə, – deyib yazıq heyvana elə bir təpik vurdu ki, pişik düz qapının ağzında bənd aldı. Bu yad evdə mənim tək pasibanım çaş-baş qalıb özünü qucağıma atdı. Eminin bu hərəkəti bayaqdan içimi oyan peşmançılıq duyğusunun üstündən qalın bir xətt çəkdi. Onsuz da dünəndən bəri bu evdə bir kimsə Gülsərənə xoş üz göstərməmişdi, bu da lap gül vurdu. Yorğanı başına çəkəndən az sonra Eminin xorultusu otağı götürdü. Mən nazlı pişiyimi qucağıma alıb kürsüdə otura qaldım.
***
O gecə özüm özümə uzun bir hesabat verdim. Uşaqlığımdan, yeniyetməliyimdən bəri yaşadıqlarım kino lenti kimi gözlərimin qarşısından keçdi. Bu müddətdə insana xas hər duyğu dolub-boşaldı içimə – təkcə şəhvətdən, ehtirasdan başqa. Yazın soyuq gecəsi canımı üşütməyə başlayanda Gülsərəni oturduğum kürsünün üstünə qoydum, özüm də elə paltarlıca çarpayının boş qalan tayına – üzüm Eminin kürəyinə doğru yatağa uzandım. Ona baxa-baxa düşündüm: atam mənə “səni mahalın ən gözəl oğlanına verirəm” deyirdi; o gözəl, o yaxşı oğlan bu idimi, görəsən?..
Uzaqda itlər hürüşür, qurbağalar quruldaşır, bir at kişnəyirdi. Gözümə yuxu getmirdi. Bir istədim mahalın ən gözəl oğlanını arxadan bərk-bərk qucaqlayım, üzümü onun kürəyinə söykəyim, döşlərimi onun belinə sürtüm. Ancaq şəkərbura məsələsi yadıma düşən kimi ürəyimdən keçənləri başımdan qovub, çarpayının ortasında bir az da büzüşdüm. Çox ehtiyatla, qorxa-qorxa tərpənirdim, elə bilirdim ona toxunsam, yenə durub məni əzik-əzik eləyəcək.
Gözlərim tavanda, fikrim çox-çox uzaqlardaydı. İstəyirdim Kimsə o tavanı deşib qadir əlləriylə məni bu yataqdan alıb götürsün, o Kimsənin ovcunun içində göylərə çəkilim. Səni istəyirdim, Dostum, Səni. Sənsə gəlmirdin, gəlmək bilmirdin, ey qəlbimin Kimsənəsi, gəlmirdin…
Mən göyün üzündə bir qanadlı at axtarmaqdaykən birdən Emin yuxulu-yuxulu mənə sarı çevrildi, ayağının birini üstümdən o biri tərəfə aşırdı. Sonra mənim arıq, cansız bədənimi qollarının, ayaqlarımı da ayaqlarının arasına aldı. Mən nəfəsimi içimə çəkib qımıldanmadım. Emin ağzını kürəyimə söykəyib elə o dəqiqəcə xoruldamağa başladı. Onun nəfəsi qulaqlarımı yalayıb keçirdi, mənsə meyit kimi tərpənməz qalmışdım, qorxurdum oyaq olduğumdan duyuq düşüb yenə mənə hücum çəkər. Onun bədəninin, nəfəsinin istisi məni bişirirdi, boğulurdum, ancaq yenə tərpənmirdim.
O, yuxuda yorulub özxoşuna məni buraxana qədər beləcə qaldıq. Sonra qəfil çevrilib məni necə qucaqlamışdısa, elə o sayaq da buraxıb o biri böyrü üstə çöndü. Elə bildim üstümdən ağır bir yük götürüldü. Dərindən nəfəs alıb yerimi rahatlayanda artıq dan yeri sökülürdü.
Hava işıqlananda məni yuxu apardı. Nə qədər yatmışdım, bilmirəm, bir də sinəmə çökmüş qəribə ağırlıqdan gözümü açdım. Baxışlarımı yan-yörəyə hərlədim – enli çarpayının üstündə tək uzanmışdım. Gülsərən atılıb sinəmə çıxmışdı. Eminin durub getdiyindən xəbərim olmamışdı. Qalxıb oturdum. Acından ölürdüm, bir yandan da ayaqyoluna getmək istəyirdim, ancaq bayıra çıxa bilmirdim. Gözüm qapıdaydı, gözləyirdim kimsə gəlib məni yeməyə dəvət eləsin, ya bir adla bayıra çağırsın. Heç kim gəlmirdi. Həyətdəki səs-küyü eşitməsəydim, elə bilərdim bu evdə məndən başqa bir inni-cinni yoxdu.
Mən qarışıq duyğuların arasında vurnuxmaqdaykən birdən böyük qaynımın az qala hamısı bir boyda olan dörd uşağından biri içəri girdi. Uşağın əlində yaxşı bir dürmək vardı. Üz-gözü kirin-pasağın içində olan bu toppuş oğlan dürməyini masanın üstünə qoyub otaqdakı alabəzək xonçaları dartışdırmağa başladı. Mən sinidən bir ovuc konfet götürüb uşağın əllərini, ciblərini şirniylə doldurdum. Oğlanın başı konfetə qarışanda dürməkdən yekə bir dişlək aldım. Arası pendirlə dolu yuxa mənə o qədər dadlı gəldi, bir göz qırpımında dürməyi aşırdım. Uşaq bir-iki konfet yeyəndən sonra başladı dürməyini axtarmağa. Ora-bura baxıb dürməyi tapmayanda bir qara-qışqırıq saldı, gəl görəsən. Xəcalətdən pörtüb qızardım, evdəkilər duyuq düşməmiş balaca yaramazı kiritməyə çalışdım, ona nə qədər bəzəkli şeylər verdimsə, sakitləşmədi. Bağıra-bağıra eşiyə qaçdı ki, bəs gəlin dürməyimi yedi.
Məni yenə oğurluq üstündə tutdular. Eltim, baldızım içəri girəndə üz-gözüm alışıb yanırdı. Daha olan olmuşdu, dürməyin yeyildiyini danmağın yeri yoxuydu. Vəziyyətdən çıxmaq üçün bircə bunu tapıb deyə bildim ki, dürməyi pişik yeyib. Uşaq qucağında qapıdan boylanan Emin bircə kəlmə “yazıq pişik” deyib qapını örtəndə mən lap yerə keçdim, bilmədim başımı hara soxum məni görən olmasın.
Bu arada qaynatam da səsə içəri girmişdi – kişi çox sanballı, adlı-sanlı kişiydi, özünün də, əvvəl dediyim kimi, uzaqdan-uzağa atama qohumluğu çatırdı. Başıma yığılmış qanmaz arvadların əlindən də məni o kişi aldı – irəli yeriyib qucaqladı məni, alnımdan öpdü, biləyimə qədimi bir saat bağladı, sonra da qolumdan tutub məni bayıra çıxardı:
– Get sən də qoşul o qız-gəlinə, – dedi, – bəsdi bu qaranlıqda qaldığın.
Üstümdən dağ götürüldü. Həyətdəki arvadlar məni görcək qucaqlayıb öpməyə başladılar, hərəsi mənə bir bəxşiş verdi – kimisi bir kəsik parça, kimisi ətir, kimisi yaylıq… Bəxşişə-filana baxası halda deyildim, tez özümü tualetə atdım. Sonra üz-gözümü yuyub arındım, arvadlara qoşulub bir xeyli iş gördüm. Qaynanam həyətdə çox görünməyimə razı olmadı, məni yenidən otağıma yolladı:
– Hərədə bir ağırlıq var, – dedi, – təzə gəlinsən, kimsə üstünə həmzat tökər.
“Həmzat” deyilən şeyin də mənası budu: guya uşağı olmayan hansısa qadın təzə gəlinin yanına gəlsə, ağırlığını onun üstünə tökər; sonra da həmən qısır qadın doğar, ağırlıq qalar təzə gəlinin canında.
***
Yenə Gülsərənlə baş-başa qaldım. Günortaya yaxın bizimkilər də gəldilər – bibim, əmim arvadları, xalam, anamın əmisi qızları, qonşular, gəlinlərimiz… Hamıdan qabaq bibim özünü atdı üstümə, iki daşın arasında qulağıma həyəcanla pıçıldayıb, bir dəyişiklik olub-olmadığını soruşdu. Mən olanı deyəndə Telli mamanın gülüşü üzündə qurudu.
Gələnlər məni öpüb bir-birinə ötürdükcə gözüm qapıda qalmışdı: anamı gözləyirdim. Özümə söz vermişdim ki, o, içəri girəndə üstünə atılacam, qucaqlayıb üz-gözündən öpəcəm. Gəlinlər dedilər anam gətirdiyi hədiyyələri, yeməkləri qaynanama təhvil verdiyinə görə ləngiyir.
Adətə görə, təzə gəlinin anası duvaqqapma günü qızı köçdüyü ocağa cürbəcür yeməklər, şirniyyatlar, üstəlik, oğlan evinin adamlarına hədiyyələr gətirməliydi. Bu adətə layiqincə əməl olunmasaydı, getdiyi ailədə o qızın gününü qara eləyərdilər, qaynanası, baldızı illər uzunu bunu gəlinin başına vurardılar.
Anam mənim otağıma çox gec gəlib çıxdı. Mən bacılarımı aralayıb qollarımı açdım, gülə-gülə ona sarı yeridim. Anama çatmağa bir addım qalmış gözlərimdən od parladı. Əvvəl-əvvəl mənə nə olduğunu anışdıra bilmədim, sifətimi tutan ikinci şillədən sonra nə baş verdiyini anladım. Yanağıma köz basdılar elə bil. Başımı qaldırıb onun gözlərinə baxanda anam qəzəblə bağırdı:
– Nə konsert verirsən burda!
Dizlərim qatlandı, belim qırıldı. Kiçik bacım qaçıb anamı qucaqladı, qollarından tutub sakitləşdirməyə çalışdı. Mən bir az da anamın sinəsinə yeridim, dedim qoy vursun, hikkəsi tökülsün. Başımı bir də qaldıranda gözüm mərdimazar xalamın gözləriylə toqquşdu. Bu da məni lap pərt elədi, dinməzcə kürsüyə çökdüm.
Bundan sonra nə cür davranmalı olduğumu kəsdirə bilmirdim. 23 yaşımın tamam olmasından az qala iki ay keçmişdi, ancaq anamın gözündə 23 qəpiklik dəyərim yoxuydu. Bu hikkə torbası burda da məni rahat buraxmadı, yaxınlı-yadlı bir belə adamın içində alçaltdı məni. Axı mən nə böyük günah eləmişdim?! Niyə bir nəslin adı-sanı, namusu-qeyrəti mənim paçamın arasında girov qalmışdı?! Onsuz da iş-işdən keçmişdi, bu iş onsuz da olasıydı – bir gün tez, bir gün gec. Bundan ötrü nəsillər, tayfalar ayaq üstəmi qalmalı, cəngəmi çıxmalıydı?..
…Elə o gündən bizim ana-bala münasibətimizə son qoyuldu, Dostum. O-bu, münasibətimiz düzəlmədi…
Arvadlar, gəlinlər, qızlar həyətdəki toy mağarına yığışdılar. Kiçik bacımla mən otaqda üz-üzə qaldıq – o mənə baxıb ağladı, mən ona. Mağardakılar atam evindən gətirilənləri yeyib içdilər. Adətə görə, sonda mən yenidən gəlinlik paltarımı geyinib mağara getməliydim. Di gəl, ağlamaqdan özümü toplaya bilmirdim ki, həyətə düşüb mərasimi başa çatdırım. Gəlinlərimizin, bibimin yalvarışları handan-hana mənə əsər elədi. Bəlli ki, o mağara anama görə girmək istəmirdim. Mənim hələ də qadın olmadığımı qaynanam hamıdan, hətta bacılarından da gizləmişdi.
Məni geyindirdilər, örpəyimi başıma salıb cavanlı-qocalı arvadlarla dolu mağara apardılar. Hamı “üzün ağ olsun, səni xoşbəxt olasan, yarıyanlardan olasan” kimi sözlərlə mənə xeyir-dua verirdi. Dürməyini yediyim burnu fırtıqlı qaynım oğlu örpəyimi qaçırdı, anam onun nəmərini verib örpəyi mənə qaytardı – adət beləydi.
Sonra anam mənə bir qızıl bəxşiş verməliydi. Bilirdim ki, qalxıb özü verməyəcək hədiyyəsini, ona görə də örpəyi alan kimi çevrilib mağardan çıxdım. Tezcə otağıma qayıdıb gəlinlik kəfənimdən azad olmaq istəyirdim – anam məni şillələyəndən sonra o dona da, örpəyə də ikrahla baxırdım.
Məclis başa catdı. Qohumlarımız gətirdikləri hədiyyələri bir-bir mənə bağışlayandan sonra üzümdən-gözümdən öpüb çıxdılar. Anamsa mənə yaxın da gəlmədi. Axırda kiçik bacımla bibim çıxdı içəridən, ikisi də ağlaya-ağlaya.
Sonuncu maşın darvazanı geridə qoyanda mən onun dalınca baxa-baxa hönkürürdüm – anamın əmriylə bacım məndən xəlvət bu yad ocaqda tək həyanım Gülsərəni də aparmışdı.
(Ardı var)
Mənbə: Kulis.az