Avtobioqrafik roman
Əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12
Müəllif: BİRCƏ
Sənin dizinə baş qoyub ömür dastanımı danışmağa başlayanda özümlə əhd bağlamışdım ki, hər şeyi doğru-düzgün söyləyəcəm, Dostum. Əhdimə sadiq qalıb, indi də xarakterimin peşə məktəbində özünü tam gücüylə büruzə verən zalım, eybəcər tərəflərindən bəhs eləmək istəyirəm.
O iki ildə mən zəif, savadsız, ev-eşiyindən aralı düşmüş əyalət qızlarını çox incitdim. Evdə, ailədə son dərəcə qorxaq, müti olan mən məktəbin darvazasından içəri girən kimi dəyişirdim, zəiflərin başı üstündə tirana çevrilirdim, indiyə qədər doğmalarımdan, qohumlarımdan çəkdiklərimin qisasını onlardan alırdım.
Bundan əvvəl dediyim kimi, məktəbin gözü, müəllimlərin sevimlisiydim. Komsomol komitəsinin sədri kimi mənə geniş səlahiyyət verilmişdi, bütün komsomolçulardan üzvlük haqlarını, tədbirlərin keçirilməsi üçün lazımi maddi vəsaiti həmişə mən alıb toplayır, xərclənəni xərcləyir, xərclənməyəni özümdə saxlayırdım. Qızlar arasında bir xoşagəlməz hadisə baş verən kimi müdiriyyət mənim yaxamdan yapışırdı. Mənsə öz üstünlüyümdən, səlahiyyətlərimdən təkcə istifadə eləmirdim, həm də sui-istifadə eləyirdim.
Xuraman müəllimənin mənə xüsusi diqqəti də burda rol oynayırdı, o mənim qalan tələbələrdən seçildiyimi büruzə verdikcə ayağım bir az da yer alırdı. Heç yadımdan çıxmaz, bir gün o, bütün qrupun qarşısında:
– Bircə, sabah qəşəng paltarlarını geyin gəl, səni teatra aparacam, – dedi.
Kaş o məqamda mənim üzümün ifadəsini, bir sinif qıza yuxarıdan-aşağı baxışımı görəydin. Ayaqlarım yerə dəymirdi, sanki məni kosmosa aparacaqdılar. Qızlar mənə sonsuz həsədlə baxırdılar, mənimsə içimdən qara qanlar axırdı; onlar bilsəydilər ki, gedəcəyim o teatrdan sonra məni evimizdə hansı teatr gözləyir, bəlkə də ələ salardılar məni…
Mənim teatrla ilk tanışlığım “İblis” tamaşasına baxmaqla başlanıb. Şəlalə adlı müəlliməmiz vardı, pedaqoji institutda oxuyan qızı Hüseyn Caviddən kurs işi yazmalıydı; yazmalıydı deyəndə ki, özü yaza bilmirdi, kiməsə yazdırmalıydılar. Bunu da Xuraman müəllimə qəsdən mənim boynuma qoymuşdu – o, belə-belə işləri çiynimə yükləməklə məni öz gücümə inandırmaq istəyirdi.
Burasını da deyim ki, tamaşanın quruluşçu rejissoru, böyük sənətkar Mehdi Məmmədov Xuraman müəllimənin həm tələbə yoldaşı, həm də dostuydu. Həmin axşam o vaxtacan üzünü yalnız televiziya ekranında gördüyüm aktyorları canlı-canlı seyr eləmək, onlara iki addımlıqdan baxmaq ayaqlarımı yerdən üzmüşdü, səhnədə baş verənlərin içində əriyib itmişdim. Aldığım zövqlə yanaşı içimə bir xudpəsəndlik də dolurdu. O tamaşaya getdiyimizin səhəri günü mənim bir yığın kənd qızının qarşısında verdiyim tamaşanı kaş görəydin…
“İblis”ə baxandan sonra yazdığım kurs işi üzünü görmədiyim tələbənin oxuduğu institutda bəyənilmişdi. Şəlalə müəllimənin hamının gözü qarşısında mənə verdiyi hədiyyə, üstündə də bir dəstə qərənfil buna şübhə yeri qoymurdu. Di gəl, bu kimi uğurlar məni sevindirməklə, müəllimlərin, tələbələrin gözündə ucaltmaqla yanaşı, yeni-yeni qəddarlıqlara, kobudluqlara da təhrik eləyirdi məni.
***
Qrupumuzda Gülər adlı köntöy, pırpızbaş bir qız da vardı. Yataqxanada qalan qızlar onun oğurluğundan cana gəlmişdilər. Oğurladığı da nə olardı – qızların sancağı, muncuğu, lifçiyi… O qədər avam idi, oğurladığını öz çantasında gizlədirdi, qızlar da tezcə onu tutub ifşa eləyirdilər.
Bir dəfə onun fərasətsizliyinə necə əsəbiləşdimsə, Gülərə çox eybəcər bir təklif verdim:
– Ay qoyun, heç olmasa oğurladıqlarını apar Mehrinin çantasına qoy!
Məqsədim bu idi ki, qızlar oğurlanmış əşyalarını onsuz da hamını bezdirmiş Mehrinin çantasında tutub onu daha ciddi cəzalandıralar, mənim də ürəyimdən tikan çıxa.
Güləri nə qədər incidirdimsə, səhəri ondan da artığını eləyirdi. Axırı onu komsomoldan çıxarıb, komsomol biletini bütün qrupun gözü qarşısında cırdım – o dövr üçün bu, ağır cəzaydı. Səhəri Gülərin əlləri qabarlı, üst-başı tökünük, sifəti qarağac qabığı kimi yanmış atasını məktəbdə görəndə varımdan yox oldum. Kişi məni qucaqlayıb:
– Nolar, qızımı biyabır eləmə, – dedi. – Kənddə bilsələr ki, onu şəhərdə komsomoldan qovublar, bədbəxt olacaq, ailə də qura bilməyəcək…
Mən təcrübəli pedaqoq olan Kamil qardaşımdan kömək istədim, Gülərin əməllərini, işləklərini ona bircə-bircə danışdım. Kamil məni diqqətlə dinləyəndən sonra dedi:
– Ayıb açan olma, ayıb örtən ol. Sən o qıza güvəndiyini göstər.
Özümü əldən-ayaqdan salsam da, xeyri yoxuydu, Gülərə, Mehriyə görə qrupumuz hörmətdən düşmüşdü. Müəllimlər mənə az qala fenomen kimi baxırdılar, mənsə bu iki qızın əlində aciz qalmışdım.
Bir gün Güləri təklikdə yanlayıb dedim:
– Sənə neyləsəm oğurluq eləməzsən?
Gülər bir yerə baxdı, bir göyə baxdı:
– Mənlə dost olsan, məni komsomola qaytarsan, bir də oğurluq eləmərəm, – dedi.
O gündən xırda-para bazarlığa Güləri göndərirdim. O, dönənə qədər qızların tənələrini uda-uda içimi yeyirdim. Ancaq hər dəfəsində Gülər üzümü ağardıb qayıdırdı. Az keçmiş o, qrupda mənim sağ əlim oldu. Əvəzində mən də hərflərin hamısını tanımayan Gülərə əlifbanı tam öyrətdim. Şəkilli uşaq jurnalları alırdım, Gülər ordakı nağılları höccələyə-höccələyə oxuyurdu. Sonra böyüklər üçün kitablara keçdi; yaxşı yadımdadı, Salam Qədirzadənin “46 bənövşə” əsərini iki aya oxumuşdu. Di gəl, yataqxanada onunla bir otaqda qalan qızları zinhara gətirmişdi, çünki nə oxuyurdusa, uca səslə, bərkdən-bərkdən oxuyurdu.
***
Bir yandan da Mehri. Onun dərdini qanana qədər bu qıza çox zülm eləmişdim. Mehri qızların yaxasından asıldıqca mən də onun yaxasını əlimdən buraxmırdım. Onun məzlumluğu, acizliyi nədənsə məndə mərhəmət oyatmır, əksinə, məni bir az da zalımlaşdırır, daha da qəddarlaşdırırdı. Halbuki öz evimizdə mən də onun kimi aciz, məzlum bir bəndəydim, o hesabla Mehrinin dərdini hamıdan yaxşı duymalıydım.
Qara qədəh parçadan yöndəmsiz xalatlar tikirdik. Ustamız keyfiyyətinə elə də məhəl qoymurdu, deyirdi bunlar həbsxanadakı qadınlara göndəriləcək. Bu vaxt mənim ağlıma bir ideya gəldi, qızları başıma yığıb dedim:
– Gəlin tikdiyimiz xalatın cibinə ad-familiyamızı da yazaq. Bir də hər kəs tikdiyi xalatı geyinəcək qadına bir məktub yazıb qoysun o xalatın cibinə.
Hamı təşəbbüsü bəyəndi. Yaza bilməyən qızları ələ sala-sala onların da əvəzindən dustaq qadınlara məktublar yazdım. Mehri bunu görəndə bir az ürəkləndi:
– Olar mənim də adımdan bir məktub yazasan?
Rişxəndlə qızın üzünə baxdım:
– Get işinlə məşğul ol, indi yazaram.
Mehri sevincək yerinə qayıtdı, mən kağız-qələm götürüb onun adından biabırçı bir məktub yazdım, bununla sakitləşməyib hamının qabağında məktubu ucadan oxumağa başladım:
– “Hörmətli xalat sahibi, mən – Cırsandıqova (soyadı Mirsadıqova idi) Mehri çox sırtıq bir qızam. İstənilən adamın dalına düşüb, istənilən evin istənilməyən yatağında yata bilərəm. Yerini bilmirəm, bilsəydim hökmən bir gecə də sənin mehmanın olardım…”
Məktub başa çatmamış qəhqəhələr otağın pəncərələrini cingildətdi, Mehri əlindəki xalatı yerə çırpıb ağlaya-ağlaya içəridən çıxdı. Mənim heç tüküm də tərpənmədi, əksinə, qızın düz yarasına basdığım üçün özümü daha güclü sandım.
Ancaq bundan da betəri olmuşdu: Mehrini qızların gözü qabağında döyməyim həyatımın ən iyrənc, ən dözülməz xatirələrindən biridi.
Bacısının iş növbəsində olduğu gecələrin birində Mehri Zöhrə adlı bir qrup yoldaşımızın arxasınca düşüb gedər. Zöhrə də əmisigildə qalırdı, əmisi arvadının qorxusundan qarnı dolusu yemək də yeyə bilmirdi. Çox vaxt evdən ac gəlib, yataqxanada qalan qızlara pulsuz verilən yeməklərdən yeyərdi. Zöhrə yolda Mehriyə nə qədər pis üz göstərsə də, faydası olmaz. Qızlar qapıdan içəri girər-girməz əmi arvadı:
– Paho! Tısbağa özü yeridi, qaldı xalasını dalına almağı, – deyib onları pis üzlə qarşılayar, qızlara itin sözünü deyəndən sonra onları ağır minnətlə içəri buraxar. Kor-peşman bir-birinin üzünə baxan qızlar gecəni orda qalmağın onlara baha oturacağını anlayıb, himləşib bir bəhanəylə evdən çıxarlar, birlikdə gələrlər yataqxanada qalan qızların yanına. Onların xəlvətcə yataqxanaya soxulduğundan duyuq düşən komendantı güc-bəla yola gətirib gecəni orda keçirərlər.
Səhər dərsin şirin yerində sinfə ucaboy bir kişi girdi, otaq dolusu qıza, müəlliməyə məhəl qoymadan birbaşa Zöhrənin üstünə yeriyib, qızı saldı şillənin altına. Heç demə, Zöhrənin gecə evə qayıtmadığını görən əmisi rayona teleqram vurar ki, bəs durma gəl, qızın bir ayrı qıza qoşulub yoxa çıxıb. Ata da durmaz, cin atını minib başılovlu sürər şəhərə…
Kişini çox çətinliklə inandırdıq, vəziyyəti anladıb kəndə yola saldıq. Amma Mehrinin əlindən zəncir çeynəyirdim. Ara sakitləşən kimi onun o gözəl saçlarını doladım biləyimə, qızın gözəl, nurlu sifətində salamat yer qoymadım. Ən pisi buydu ki, o mənə müqavimət göstərməyə, qışqırıb hay salmağa da çalışmadı; görünür, nə vaxtsa mənə işi düşəcəyini bilirdi deyə xahişinin haqqını bəri başdan canıyla ödəyirdi…
Dostum, bir az əvvəl demişdim ki, Mehri bizdə gecələməyi məndən xahiş elədi, mən də guya bir az tərəddüdlə razılaşdım. Yox, elə olmamışdı, mən utandığımdan o əhvalatı Sənə xeyli yumşaldıb söyləmişəm. Mehrinin məndən elə bir xahişdə bulunmağa cəsarəti çatmazdı, çünki o məndən oddan qorxan kimi qorxurdu. İndi düzünü danışım, eşit:
Həmin gün Mehri metroya düşəndə mənlə eyni vaqona mindi. Həmişə metroda oxumaq üçün özümlə kitab götürürdüm. Yerimi rahatlayan kimi kitabımı çıxardım, gözucu Mehriyə baxa-baxa:
– Sırtıq, hara belə? – soruşdum.
Mehri utancaq-utancaq gözlərini yerə dikib:
– Sizə, – dedi.
Qulaqlarım guppuldadı, içimdəki bütün kini gözlərimə yığıb:
– Bizdə nə var, – dedim, – hamını yola saldın, bir mən qalmışam?!
Sonra ona əhəmiyyət vermədən kitabımı oxumağa başladım. Hərdən gözümü hərləyib adamların arasından Mehrinin ayaqlarına baxırdım, görüm düşüb, yoxsa yox.
Mən həmişə düşdüyüm dayanacağa çatanda qəfil qalxıb güllə kimi vaqondan çıxdım. Gözucu baxmaqla gördüm ki, Mehri də qatardan düşüb. Sərt dönüşlə çevrilib:
– Deyəsən, sən gerçəkləmisən. Nə düşmüsən dalımca?! – deyəndən sonra hikkəylə yoluma davam elədim.
Metrodan evimizəcən xeyli piyada yolum vardı. Bir az gedəndən sonra qəfil geri çevrildim, gördüm Mehri ayaqlarını sürüyə-sürüyə dalımca gəlməyindədi. Mən dayanan kimi o da məndən arxada mıxlanırdı yerə, addımlarımı yeyinlədib qızı azdırmaq istəyəndə o da tələsib məni gözdən qoymurdu. Evimizə əlli-altmış addım qala geri dönüb Mehrinin üstünə şığıdım:
– Ay sürtük, hara gəlirsən, mən səni aparan deyiləm, – deyib düz qızın çənəsinin altına yeridim.
Mehri başını o qədər aşağı əydi ki, elə bildim indicə yerə girəcək, ipək kimi saçları axıb üzünü, gözünü gizlətdi, başını qaldırmadan:
– Bircə, qurbanın olum, bax istəyirsən burdaca öldür məni, istəyirsən bu asfaltın üstündə sürü məni, amma qoy bu gecə sizdə qalım. Bilirəm məndən zəhlən gedir, heç yemək də vermə mənə, amma məni bu yolun ortasında qoyma!
Hikkəylə qaldırdığım qolum yanıma düşdü. Yolun ortasında Mehriylə göz-gözə qaldım.
Dostum, bilirsənmi Mehrini ən çox nəyə görə evimizə aparmaq istəmirdim? Dayı-filan bəhanəydi; istəmirdim Mehri mənim evdəki acizliyimi, qorxaqlığımı, mütiliyimi görsün, qorxurdum ki, bununla da məktəbdəki səltənətim dağılar, hökmranlığım heçə-puça çıxar, taxt-tacım devrilər. Hakim onun yanında bircə dəfə məni ağlatsaydı, dayım Mehri baxa-baxa mənlə haqq-hesab çəksəydi, mənim fironluğumun sonu gələcəkdi. Ən çox da bu səbəbdən Mehrinin yalvarışları məni yumşaltmırdı. Arabir dönüb ona çəmkirə-çəmkirə evimizə doğru gedirdim.
Darvazamızın qabağında yenə geri çevrildim: Mehri məndən dörd-beş addım aralıda yerə mıxlandı. Yenə onun üstünə şığıdım, qızın yaxasını əlimə yığıb:
– Sırtıq, mən daha çatmışam ey, rədd ol qayıt geriyə! – deyə Mehrini var gücümlə silkələdim, sinəsinə bir yumruq da vurub, güllə kimi darvazadan içəri girdim. Mehri də mənlə dabanqırma özünü soxdu həyətə, yəqin qorxurdu ki, qapını bağlayaram, qalar eşikdə. Özünü içəri atar-atmaz elə bil qızın üstündən dağ götürüldü. Pilləkənin ayağında Mehrinin üstünə bir də şığıdım:
– Sabah məktəbdə gecəni bizdə qaldığını desən, məndən nəsə danışsan, dünyanı başına uçuraram!
Qız ipək saçlarını əliylə gözünün üstündən geri atıb, əlacsız-əlacsız üzümə baxdı:
– Vallah demərəm, heç nə demərəm…
Belə. Sonrasını bilirsən, Dostum. İndi gör ki, içimdə nə boyda cəhənnəm gəzdirmişəm. O cəhənnəmdən Sənin sevginə, mərhəmətinə sığınıram, ey qəlbimin yiyəsi!..
…Sonralar Mehri nişanlanıb qayıdanda qızlar hamısı onu qucaqlayıb ağlaşırdılar. Hətta onun üstündə atasının hamının gözü qabağında döydüyü Zöhrə də Mehrini incitdiyinə görə özünə dönə-dönə ölüm arzulayırdı. Mehrisə həmişəki səssiz baxışlarıyla, məsum təbəssümüylə hamımızdan üzr istəyirdi…
Axırı xeyirlə qurtaran bu əhvalatlar mənə böyük dərs oldu, içimi insan sevgisiylə siləbəsilə doldurdu. Düzdü, sonralar yenə arada-bərədə “şəxsiyyətə pərəstiş” tutmalarım olurdu, amma bir o qədər yox.
(Ardı var)
Mənbə: Kulis.az