Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Həmişə olduğu kimi işdən sonra səhhətimlə əlaqədar gəzməyə vərdiş etmişəm. Gəzərkən də müxtəlif mövzular ətrafında düşünməyə, götür-qoy etməyə bolluca vaxtım olur. Bu gəzməyin başqa maraqlı tərəfi də var. Müxtəlif insanlarla qarşılaşırsan. Bunların içərisində bir parça çörək üçün özünü fəda edənlər, bütün günü piştaxta arxasında malını tərifləməklə məşğul olanlar, avtobus dayanacağında avtobusun hansı istiqamətə getdiyini bağıra-bağıra sadalayanlar, insanların arasından ilan kimi sıyrılıb sifariş verilən ünvana hazır yemək daşıyan cavan-cavan uşaqlar və s.
Bakının Nizami rayonu şəhərdən səkkiz kilometr aralıdır. Bura bizim üçün doğma ocağa çevrilib. Gəzərkən qonşularla görüşüb hal-əhval tutmaq, bəzən də oturub bir stəkan çay içmək adət halını alıb. Rayonumuzda çoxlu çayxana, istirahət köşələri var. Boş vaxt tapdıqda çayxanada qonşularla oturub domino oynamağın da öz ləzzəti var. Domino oyununa olan həvəs gün-gündən artır. Çox cəzbedici idman növüdür.
Vaxtilə çörək mağazasında işləyən bir ailə ilə tanış olmuşdum. Çörək almağa gedəndə qoymazdılar növbədə dayanım. “Sizə çörək saxlamışıq” deyərdilər. Çox vaxt növbədə dayananlar səs-küy salmasınlar deyə, mən də növbəyə dururdum. Vaxtdan istifadə edib, Vaqiflə söhbət edərdik. Onun məzəli söhbətləri mənə ləzzət verirdi. Həyat yoldaşı Kifayət xanım qarmonçalan, Vaqif isə nağara sahəsində çox təcrübəli sənətkar idi. Ən çox da, özünün dediyinə görə, gəlinköçdüyə tez-tez çağırırdılar. Həyatından razı ailə idi. Ailəni halal zəhməti ilə saxlayan insanlardı. Çörək dükanında işləmək çox çətin idi. Bəzən elə olurdu ki, gecə yarıya qədər çörək maşınını gözləməli olurdular. Sonra təhvil-təslim və başqa yorucu işlər. Onu yorğun görəndə əlimdən yalnız təsəlli vermək gəlirdi. O da həmişə olduğu kimi gülümsünür: “Qardaş, buna da şükür, – deyirdi. – İndi iş tapmaq bir o qədər asan deyil. Allahımızdan çox razıyıq, sənətimiz bizim köməyimizə çatır, naşükür deyilik”. Mən də onun dediklərini başımla təsdiqləyirdim. Vaqiflə belə söhbətlərimiz tez-tez olurdu.
Bir gün yenə gəzməkdən qayıdarkən Vaqifgilin qapısında azacıq ərsəyə gəlmiş balaca beçələr olan bir sandıqvarı qəfəs gördüm, içərisində 20-25 beçə olardı.
– Vaqif, – dedim. – Dostum, bu nədir, deyəsən toyuq biznesinə başlamısan?
Onu gülmək tutdu:
– Düz deyirsən, qardaş, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.
Kifayət xanım bizim şirin-şirin söhbətimizi görüb, Vaqifə tərəf dönərək:
– Ayıb deyilmi? Rüfət qardaşı içəri dəvət et, gəlin oturun, sizə pürrəngi çay dəmləyim.
Mən Kifayət xanıma təşəkkürümü bildirdim:
– Çox sağ olun, – dedim.
Vaqifin nəvələri, Allah saxlasın, çox dəcəl idilər. Ələlxüsus də balaca nəvəsi çox maraqlı uşaq idi. Hamının diqqətini çəkirdi. Vaqifin dediyindən belə çıxırdı ki, heç kəs ona irad tuta bilməz, yoxsa atası bizdən inciyər, uşağı çox istəyir. O anda gördüklərimə inanmadım, elə bil yuxu görürdüm. Vaqif mənim uşağa tərəf həyəcanlı baxışımı görüb soruşdu:
– Rüfət, qardaş, sizə nə oldu? Niyə birdən-birə həyəcanlandınız?
– Görmürsənmi, Vaqif, qardaşım, nəvən cücəni boğur.
O, nəvəsi tərəfə baxıb gülümsündü:
– Əşi, canın sağ olsun, uşaqdır, fikir vermə, bir cücə ilə nə olasıdır?
Doğrusu, Vaqifin belə hərəkət etməsi məni çox təəccübləndirdi.
– Qardaş, bəs o cücə canlı deyilmi? O acı çəkmirmi?
Uşaq hələ də cücənin qanadlarını qatlayır, arabir boğazından sıxırdı. Kifayət xanımdan xahiş etdim ki, uşağı götürsünlər, Allahın yazıq heyvanına işgəncə verir. Yenə də Kifayət xanım sağ olsun, cücəni uşağın əlindən aldı, buraxdı. Bir dəri, bir sümük olan o cansız cücə dəmbəziyə-dəmbəziyə qəfəsdə olan beçələr tərəfə gedirdi.
Vaqifə dedim, gedək bir az gəzək. Məqsədim ona Ömər Seyfəddinin “İlk cinayət” hekayəsini danışmaq idi.
– Hə, dostum, istəyirəm sənə bir hekayə haqqında məlumat verim.
– Buyur, qardaş, – dedi. – Sən pis şey danışmazsan. Eşidirəm.
Türk ədəbiyyatında çox sevilən, tanınan simalardan biri Ömər Seyfəddindir. O, “İlk cinayət” hekayəsində söz açıb deyir ki, Tolstoy doqquz aylığında hamama girdiyini xatırlasa da, mən 4 yaşımdan əvvəl heç bir şey xatırlamıram. Tolstoyun barəsində deyilənlər insana xoş ovqat bağışlayır, mən isə öz hərəkətlərimə görə cəhənnəm içərisində qıvrılıram.
Ömər Seyfəddin daha sonra qeyd edir ki, ilk dəfə şirkət gəmisinə necə mindiyini xatırlayır. Deyir anamın qucağında oturmuşdum. Anam yanında oturan sarışın bir qadınla söhbət edir, deyib gülürdülər. Anamdan siqaret çəkdiyi müştüyü istədim, verdi. “Al, amma ağzına alma, haaa!”
Anamın qucağından düşmək istəyirəm, o məni yanına otuzdurur. Anamın dediklərinə məhəl qoymuram, barmağımı müştüyün siqaret taxılan hissəsinə soxuram, arada bir müştüyü ağzıma alıb, dişlərimin arasında dişləyib qıcırdadıram. Birdən gözümə bir quş dəyir. O quşu istəyirəm. Anam məni inandırmağa çalışır: “Oğlum, onu tutmaq olmaz”. Yenə təkid edirəm, anam çətirin ucu ilə quş oturan yerə toxunur, quş tərpənmir. Anam çiynindəki şalı bir tərəfə qoyub məni yuxarı qaldırır: “Oğlum, əlini uzat, birdən tut”. Quşu tuturam, anam quşu alıb ağ tüklərini, pənbə ayaqlarını sığallayır, sonra yanında oturan sarı saçlı qadın da quşu alıb sığallayıb öpür. Mən də öpürəm.
– Ay yazıq, hələ körpədir.
– Deyəsən uça bilmir.
– Qağayı cücəsidir.
Yanımızda oturan qadınlar quşu görüb, “Çox yaşamaz” deyirlər. Anam da “Bu zavallı yaşamaz” deyib, onu mənim qucağıma qoyur. Ancaq anam deyir ki, evə aparaq, bəlkə yaşadı. O, quşu mənim qucağıma qoyub, bərk-bərk tapşırır: “Bərk sıxma, oğlum”. Quşun tükü çox ağdır, əlimlə sığallayıram. Qanadlarının sümüyü görünür. Uzun qırmızı ayaqları var, heç qaçmaq belə istəmir. Gördüm ki, anamın başı yanındakı qadınlarla söhbətə qarışıb, vaxtdan istifadə edib quşun uzun zəif boynunu ovcumun içinə alıb var gücümlə sıxmağa başladım. Quş qanadlarını açmaq istəyir, mən isə o biri əlimlə tuturam. Sıxmağa davam edirəm. Hiss edirəm ki, onun zəif dırnaqları dizimə batır. Yenə də bərk-bərk sıxmağa davam edirəm, o, səsini çıxara bilmir. Birdən onun sarı dimdiyi açılıb yumulmağa başlayır, incə, şiş dili çölə çıxır. Yumru gözləri əvvəl böyüyür, sonra kiçilir. Anidən əlimi açıram, quşun cəsədi partıltı ilə yerə düşür.
Anam əyilib quşun cəsədini yerdən götürür, “Ölüb!” deyib, əsəbi halda mənə baxır:
– İnsafsız. Niyə belə etdin?
Anamın suallarına cavab verə bilmədiyim üçün qışqıra-qışqıra ağlayıram. Anamın yanında oturan qadınlardan biri məni günahkar, başqa biri xain adlandırır. Anam isə məni ən böyük cinayətkar adlandırdı.
Bu hadisədən otuz il keçməsinə baxmayaraq, şirkət gəmilərinə minərkən anamın dediyi sözlər gözümün qabağına gəlir.
Mən qonşum Vaqifə Ömər Seyfəddinin uşaqlıq xatirəsini danışıb qurtardıqdan sonra baxdım ki, Vaqif özündə deyil. Bu açıq etiraf ona çox təsir göstərmişdi.
Birdən bir sağa baxdı, bir sola baxdı, elə bil ki, nəsə axtarır. Anidən yüksək səslə Kifayət xanımı çağırmağa başladı. Sözün doğrusu, mən bir az özümü itirdim. Fikirləşdim ki, mən harada səhv etmişəm. Elə bu dəmdə Kifayət xanım bizə yaxınlaşdı.
– Başıma xeyir, görəsən, bu kişiyə nə oldu? – dedi. – Nə var, a kişi, niyə qışqırırsan?
– Mən qışqırmıram, səni çağırıram.
Kifayət xanım mən tərəfə dönüb:
– Rüfət qardaş, bizi bağışlayın, elə bildim nəsə bir hadisə baş verib, – dedi.
Vaqif xanımına dönərək:
– Rüfət qardaş məni məcbur etdi ki, baş verəcək çox təhlükəli bir hadisənin qarşısını alım. Nəvəmiz az qalmışdı cücəni boğub öldürsün. Əlindən aldım, qəfəsdəki cücələrin yanına qoydum.
Kifayət xanım qəfəsdə qanadları düşmüş cücəni görüb acıdı. Bir kəlmə:
– Çox sağ ol, Rüfət qardaş.
– Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
Sağollaşıb ev tərəfə gedərkən Vaqifin səsini eşitdim: “Çox sağ ol, Rüfət qardaş, sən mənim gözümü açdın. Yaşamaq üçün yaşatmaq lazımdır”.
Müəllifin başqa yazıları: • Zarafat (Hekayə) • Ruhlar da danışır