İbrahimxəlil
Unudulmaz Nodar Dumbadzenin eyniadlı hekayəsinin qəhrəmanı ilə ad eyniliyi taskabab təsadüf olan Didroya yüz də de. Çünki Didroya dedin – divara dedin. Gör adaşı olan məşhur yunan mütəfəkkirinin-müdrikinin adını necə yaman günlərə qoyub! Mən deyirəm, o deyir. O deyir, Mirzə Qələm deyir… Aşıq Şəfitək deyişirik.
Didro iddialı-iddialı bizə belə qızır: “Sizdə sofistlər olmayıb, sizdə sufilər olub. Sofistlər bizdə – yəni qədim Elladada-Yunanıstanda olub.
Didro bəlli tarixi səbəblər üzündən Tiflis tərəfləri yurd yeri seçib, amma ruhu Elladadadır.
Onda mən Mirzə Qələmin köməyi ilə orda ayla, illə, burda müxtəsər dillə arazbarı uzaqlardan başlamalı oluram…
…natiqlik sənətinin vətəni olan qədim Elladada-Yunanıstanda (eramızdan əvvəl V əsrdə) məhkəmə zamanı prokuror yox idi; istənilən şəxs ittihamçı rolunda çıxış edə bilərdi. Müttəhim-təqsirkar da bundan yararlanaraq arada-sırada özü öz müdafiəçisi olurdu. Natiqlik istedadı ona imkan verirdi ki, təmizə çıxa bilsin. Əsas – bəlağətli, parlaq çıxışla xalq yığıncağını (məhkəmə açıq havada olurdu; müqəssir azad nəfəs ala bilərdi) inandırmaq lazım idi. Qarşısındakıları inandırmaq, sonra da biryolluq susdurmaq üçün həqiqətə oxşayan yalanlarla (Hüseyn Cavid demiş, yıldızlı yalanlarla), hiyləgər uydurmalarla danışırdı. Dediklərini aydın və gözəl deyirdi, o vaxtın məntiqi qaydalarına uyğun deyirdi. Onun doğrusu-düzü ancaq zahiri doğru, zahiri həqiqət olsa da… son olaraq qalib gəlirdi. Əsas – sözün doğru olmağı deyil, gözəl deyim tərzi idi! Müxtəsəri, o zamanlar sevgiliyə də sofizmlərlə könül açılırdı. Bəs necə bilmişdin?..
O dövr üçün elm-təlim hesab edilən sofistika (bizdə səfsətə), bu təlimin ilk pullu müəllimləri sayılan sofistlər ta Sokrat onları əsilsiz (saxta) müdriklər adlandırana qədər, hətta xeyli sonralar da aşqın-daşqın atlarını oynatdılar.
Bugünkü Yunanıstanın iqtisadı iflasının, ağlamalı günlərə qalmağının səbəbini qədim sofistikada, sofistlərdə görənlər indinin özündə də az deyil (Didronun qulaqlarından iraq).
Amma sözüm bunda olsaydı, dəbdəbə dərd yarıdı…
…sözə pərəstiş, sözün üstə az qala rəqs eləmək, nitqə zahiri bər-bəzək vermək, doğrunu-həqiqəti hər vasitə ilə pərdələmək, əvəzində saxtalara doğruluq donu geydirmək yavaş-yavaş qədim Yunanıstandan yaxın qonşulara, sonralar da uzaqlara gedib çıxmışdı. Amma qələm sahibi hər nə qədər “özününkü”nü pisləməkdən qaçsa da, səfsətənin (səfehləyən səfsətənin) Süsən-Sünbüldə bugünün özündə də kök saldığını… “deməsəm ölləm”…
Belə də işmi olar? Bunun şairi sofist, jurnalisti sofist, hərdən-birdən sofistlər kimi danışmaq anlamına gələn parlamentdəki təmsilçisi sofist, pafosu sofist, xoruzu, keçisi sofist, yenicə təyin edilmiş mollası – az qala yadımdan çıxmışdı – sofist…
Amma xoşbəxtlik (bəlkə də bədbəxtlik) burasındadır ki, Süsən-Sünbülün elə bircə şairi, bircə jurnalisti, bircə də… mollası var. Yoxsa o boyda püstədodaq pafosu, o boyda radioaktiv ritorikanı bu boyda Süsən-Sünbülə sığışdırmaqmı olardı?..
P.S. Allahın Peyğəmbəri (s) deyib: “Adam səhəri açanda bütün bədən üzvləri dilin qarşısında baş əyərək xahişlə, yalvarışla deyərlər ki, bizim haqqımızda ilahi təqvaya riayət et. Çünki biz səndən asılıyıq, sən düz olsan biz də düzük, əyri olsan biz də əyri olarıq”.
…zarafat bir yana, amma Mirzə Qələmin də, elə Didronun da burunlarının əyriliyi dillərinin əyriliyindən deyil. Sizi inandırıram.
Qaldı ki, sufini, sufiliyi (təsəvvüf – mənəvi həyat və əxlaqi dəyərlər) sofistlə, sofistika ilə qarışdırmamağa, bu gün dünyanın belə qatqarışıq qarışmağının yanında bu… bapbalaca səfsətə, söz oyunu deyilmi?..
…Argumentum ad hominem!
Və… Argumentum ad populum!
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) •Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) •Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv)