“Azadlıq hekayələri”ndən
Azər Qaraçənli
Müharibənin, aclığın, anarxiyanın hökm sürdüyü ölkədə hakimiyyət dəyişir. Hakimiyyətə dəmir nizam-intizam tərəfdarı olan general gəlir.
Universitetdə psixologiya fakültəsində təhsil alan, ədəbiyyat, şeir həvəskarı olan, ədəbi nəşrdə bədii tərcümələrlə – görkəmli şairlərin, yazıçıların əsərlərindən, müsahibələrindən, onlar haqqında yazılmış məqalələrdən elədiyi tərcümələrlə çıxış eləyən, bəzi psixoloqların kütləvi oxucu auditoriyası üçün nəzərdə tutduğu kitabların tərcüməsiylə məşğul olan, etnopsixologiya üzrə ixtisaslaşmağa hazırlaşan və bu istiqamətdə gələcək elmi tədqiqatları üçün maraqlı materiallar toplayan, “Folklor psixologiyası” adlı bir qovluq yaradıb öz müşahidələrini ora yığan, bunu bir növ həm özünütəhlilə, duyğularının təhlilinə, həm də gördüklərinin, eşitdiklərinin, oxuduqlarının təhlil olunduğu bir yerə çevirən cavan oğlan general hakimiyyətə gələndən sonra köləliyin psixologiyası mövzusunda daha çox düşünməyə başlayır.
O bu mövzuda əvvəllər də çox düşünüb, psixoloji gündəliyində qeydlər aparıb, belə məsələlərə aid çox söhbətin şahidi, iştirakçısı olub, bu mövzuda dəfələrlə mübahisə eləyib. Əslində köləlik mövzusu ona ən tanış mövzudu, çünki şair və alim olan atası evlərində həmişə bu mövzuda danışıb, özünün və nəslinin köləliyə qarşı mübarizəsindən, bu yolda çəkdiyi əzab-əziyyətdən, babalarının güllələnməsindən, sürgün olunmasından söz açıb, ailəsini köləliyin əleyhinə tərbiyə eləyib. Onun bu ruhda tərbiyə olunan böyük qardaşları da köləliyin alovlu əleyhdarlarıdı, tez-tez evdə atalarıyla bir yerdə oturub uzun ədəbi müzakirələr aparan vaxt ədəbiyyatın köləliyə qarşı mübarizədəki rolundan, şairin, yazıçının azadlıq missiyasından da danışırlar, atası köləliyin əleyhinə yazdığı şeirləri oxuyur, qardaşları da oxuyur, başqa şairlərin də köləliyə qarşı şeirlərini oxuyurlar, bu şeirlərin bədii cəhətdən nə qədər uğurlu olması məsələsi ətrafında mübahisə eləyirlər…
Ancaq onu, eynilə atası və qardaşları kimi, ədəbiyyatın estetikası, fəlsəfəsi, folklor, qədim tarix daha çox cəlb eləyir. Atası və qardaşları kimi, onu da siyasətin yalnız mənəviyyata aidiyyəti olan hissəsi maraqlandırır. Bir insan tipi kimi o, siyasətdən uzaq adamdı, hətta siyasətdən iyrənir də. Ancaq siyasi prosesin mənəvi tərəfi, başqa sözlə desək, mənəvi prosesin ictimai-siyasi təzahürləri ona yad deyil və o, bu cür məsələlərlə həmişə maraqlanıb.
General hakimiyyətə gələndən sonra o, köləliyin psixologiyası mövzusunda dərindən düşünməyə başlayır. O, ölkənin uzun bir diktaturaya doğru getdiyini hiss eləyir. Bir dəfə qardaşıyla metroda getdiyi vaxt bu fikirlərini ona açır və həmişə olduğu kimi, qardaşı bildirir ki, bunları yazmaq lazımdı. O, diqqətlə tuneldə şütüyən metro qatarının qaranlıq şüşəsində öz əksinə baxır və bu an əbədi olaraq onun yaddaşına köçür.
O, iki qovluq yaradır. Birinə diktatura haqqında yazacağı yazının tezislərini, mövzuya uyğun müşahidələrini, düşüncələrini, o birinə başqalarından sitatlar, oxuduğu və oxumalı olduğu ədəbiyyatın siyahısını yazır. Qısa müddətdə o, azadlıq və köləlik mövzusunda xeyli kitab, məqalə, ictimai, siyasi, tarixi, fəlsəfi, psixoloji, bədii, publisistik əsər oxuyur. Çoxlu qeyd, fakt, sitat, məlumat toplayır, müşahidələrini artırır, tezislərini konkretləşdirir, düşüncələrini genişləndirir. Gecə-gündüz, demək olar, ancaq bu barədə fikirləşir, gələcək yazısına hazırlıq görür, hər şeyə bu prizmadan baxır, yalnız buna dəxli olan yazıları oxuyur, söhbətlərə qulaq asır, evdə, universitetdə, çöldə-bayırda, dost-tanış arasında qəsdən ortaya söz salıb onu yazı üçün maraqlandıran suallara cavab axtarır, adamların fikrini, reaksiyasını, hisslərini, həyəcanını öyrənir, öz tezislərinin, arqumentlərinin nə dərəcədə doğru olub-olmadığını yoxlayır, bir növ insanlar üzərində gizli psixoloji eksperimentlər keçirir, süni situasiyalar yaradıb adamları məxfi laborator şəraitə salır, bundan başqa, təbii situasiyaları müşahidə altına almaqla ətrafındakı cəmiyyəti yekə bir laboratoriyaya çevirir, sonra da nəticələri qeyd və təhlil eləyir.
Onun yanaşması belə bir inama əsaslanır ki, xalq hər şeyi gözəl bilir, ona görə xalqı anlamaq, xalqı duymaq lazımdı. O inanır ki, ictimai həyatda xalqsız heç nə baş vermir, ona görə xalqın nə düşündüyünü, nə qərara gəldiyini bilmək lazımdı. O, taleyüklü ictimai-siyasi məsələlərdə son sözü həmişə xalqın dediyinə və xalqın öz hökmünü həmişə ən dərin təhlilə söykənib verdiyinə inanır.
O öz araşdırmasıyla xalqın hökmlərini axtarır. Bu zaman həm xarici, həm də daxili müşahidəyə əsaslanır. Bəzənsə o elə bir müşahidə forması seçir ki, bunun xarici, yoxsa daxili müşahidə olduğunu müəyyənləşdirmək çətin olur. Onun ən çox xoşuna gələn də məhz bu üçüncü – qarışıq, iç-içə olan, bir-birinin içində əriyən müşahidə formasıdı. O hesab eləyir ki, insanda xalqa aid ayrıca bir bölmə, kollektiv ruha, kollektiv şüura ayrıca bir çıxış var və hər kəs bunun sayəsində xalq həqiqətlərini bilə bilər. Ona görə də o həm adamları dindirməklə, görməklə, həm öz hisslərini izləməklə, həm də mənəvi, psixoloji, fiziki cəhətdən bütün varlığıyla xalqa qaynayıb-qarışmaqla xalqı dərk eləməyə çalışır. Bu üçüncüsü – gəlib adamların gur yerində dayanmaq, onlarla qoşa addımlamaq, özünü xalqda, xalqı özündə hiss eləmək, xalqla vahid bir orqanizmə çevrilmək ona xüsusi zövq verir. Belə anlarda o, həqiqəti daha dərindən, üstəlik, daha asan duyur, o biri yandan da axtarışın və tapıntının bu forması ona daha böyük sevinc gətirir.
Budu, o, qıraqda durub adamlara baxır və ya üzbəüz oturduğu adamı dinləyir və bu yolla “Xalq diktatura istəyirmi” sualına cavab axtarır.
İndisə o, əlini çənəsinə dayayıb fikrə gedib və ya bir özbaşınalıqla üzləşib və özündən soruşur: “Mən diktatura istəyirəmmi?”
Bu da onun üçüncü vəziyyətidi: özünü adamların arasına vurub, gur küçədə, insan selinin içində əksəriyyət kimi yavaş-yavaş addımlayır və hamıyla birlikdə cavab verməyə çalışır: biz diktatura istəyirikmi?
Nəhayət, onun qovluqları dolur və günün birində o, hiss eləyir ki, nə kitab oxuya, nə də qeyd apara bilir. O, kağızı qabağına qoyub “Diktatura” adlı məqalə yazmağa başlayır. İndiyəcən onun mətbuatda yalnız tərcümələri çap olunub, yəni onun hələ öz məqaləsi işıq üzü görməyib. Həm də indiyə kimi yalnız bir dəfə mətbuat üçün məqalə yazıb – şeirin yaranması, yaradıcılıq prosesinin mərhələləri haqqında – o da bəyənilməyib, geri qaytarılıb. Başqa vaxtsa yalnız özü üçün, gələcəkdə məqalədəmi, essedəmi, hekayədə, povestdə, elmi işdəmi istifadə eləmək üçün qeydlər aparıb.
“Diktatura” onun mətbuata təqdim eləmək üçün nəzərdə tutduğu ikinci, ictimai-siyasi mövzudasa qələmə aldığı ilk məqaləsidi. Çap olunsa, bu onun mətbuatda çıxmış ilk məqaləsi olacaq.
O, qardaşının vasitəsilə ədəbi nəşrdə tanış olduğu, ictimai-siyasi qəzetdə çalışan şair-jurnalistin yanına gəlib məqalənin əsas hissəsini ona verir. Bəyənilsə, qalan hissəsini də yazacaq.
Məqalə ölkənin ən nüfuzlu qəzetində çap olunur. Dörd hissədən ibarət “Diktatura” silsiləsi böyük maraqla qarşılanır. O, adamların ona savadlı və istedadlı qələm sahibi kimi baxdığını, məqalənin ona hörmət gətirdiyini hiss eləyir. Tələbə olmasına baxmayaraq qəzet onu dərhal işə götürür. Beləliklə, mətbuatda yazmaq onun həm də vəzifə borcuna çevrilir.
Bütün bunlar baş verəndə onun cəmi 20 yaşı vardı və hakimiyyət hələ üç-dörd ay idi dəyişmişdi…
II
“Diktatura” silsiləsinin əsas qayəsi xəbərdarlıqdı: ölkə diktaturaya gedir! Bu xəbərdarlıq siqnalı hakimiyyətin yox, cəmiyyətin davranışını təhlil eləməklə verilir. “Diktatura” hakimiyyət yox, cəmiyyət haqqındadı, bu, siyasi yox, psixoloji təhlildi. “Psixoloji diaqnoz” – yazı belə bir rubrika altında çap olunur.
Müəllif bildirir ki, müharibə, aclıq, anarxiya insanların üstünə ağır məsuliyyət qoyub, insanlarsa bu yükü daşıya bilmirlər. Bu da onları gərgin, narahat vəziyyətə salıb.
Biz məsuliyyət daşıyanda narahat, məsuliyyətdən uzaq olanda rahat oluruq. Məsuliyyətsizlik rahatlıqdı.
Adamlar bu yükün ağırlığına tab gətirməyib, bir güclü adam, güclü sərkərdə, dövlət başçısı, daha doğrusu, ölkənin bütün problemlərini, çətinliklərini təkbaşına həll eləyə bilən elə bir diktator arzulayırlar ki, bu məsuliyyətdən onların canını qurtarsın.
Məsuliyyətdən yaxa qurtarmaqda insanların çox zəngin təcrübəsi var.
Şəxsiyyət – məsuliyyətdi.
Tarix məsuliyyət daşımağı bacaranların qarşısında baş əyir. Hər adamın qatlaşa bilmədiyi ağır bir məsuliyyəti kürəyində gəzdirənlərin zəhmi insanları basır.
Tarixin müharibəylə, aclıqla, anarxiyayla sınağa çəkdiyi bir xalq özünü diktatorun əlində alətə çevirməklə düşüncələrdən, nə eləmək, necə eləmək narahatlığından canını qurtarır. Alət düşünmür, neyləyəcəyini özü seçmir. Alət heç bir məsuliyyət daşımır, bütün məsuliyyət onu tutan əlin üstünə düşür.
İnsan özünü diktatorun əlində alətə çevirməklə diktatorun bütün cinayətlərinə şərik çıxır. Məsuliyyətsizliyin gətirdiyi rahatlıq beləcə qəddarlığa, ədalətsizliyə çevrilir.
Ta qədim zamandan məsuliyyətsizliyin rahatlığına meyllənməyimiz başqasını gətirib bizim başımıza çıxarıb, bizi onun qarşısında əyilməyə məcbur eləyib.
Bizi diktatorların əlində alətə çevirən alət məsuliyyətsizliyinə olan həvəsimizdi.
Biz həmişə belə hesab eləyirik ki, diktatura bizim köləliyimizdən yox, diktatorun gücündən yaranır. Düşünürük ki, kölə idik, ona görə ki, diktatura vardı, ancaq düşünmürük ki, diktatura vardı, ona görə ki, kölə idik. Diktaturanı öz köləliyimiz kimi tanımadığımızdan bizi diktaturaya aparan və diktaturanı yaşadan məsuliyyətsizliyi rahatlıq, azadlıq hesab eləyirik. Amma biz heç vaxt budağından alma asılmış bir ağaca nar ağacı demədiyimiz kimi, bəhrəsi diktatura olan məsuliyyətsizliyə də azadlıq deyə bilmərik. Məsuliyyətsizlik köləlikdi.
Müharibə, aclıq, anarxiya dövründə adamlar diktatoru gətirib taxta oturtmaqla elə bil bir-birilərini cəzalandırmaq istəyirlər. Əski oğuzlarda belə bir məsəl var: “Şərə uğramaq istəmirsənsə, xeyirdən qaç”. Belə dövrdəsə xalqa şərdən qorxmayan adam lazımdı. Xalq bilir ki, demokrat şərdən qorxa bilər, diktatorsa yox.
Özünün çətin anlarını yaşayan xalqın dövlət başçısı haqqında təsəvvürünü Salvador Dalinin bu fikriylə ifadə eləmək olar: “Əlindən qəddarlıq gəlirsə, deməli, işləməyi bacarırsan”.
Biz necə təsəvvür eləyiriksə, elə də görürük, təsəvvür eləyə bilmiriksə, onda görmürük. Ona görə də dövlətin başında demokrat durubsa, biz onu görməyəcəyik, çünki biz demokratı dövlət başçısı kimi təsəvvür eləyə bilmirik.
Ölkədəki demokratiyanısa anarxiya kimi qəbul eləyəcəyik, çünki bizim şüurumuzdakı dövlət başçısı demokratiyanı anarxiya hesab eləyir. Özlərini başçısız, anarxiyanın hökm sürdüyü bir ölkənin vətəndaşları kimi hiss eləyən adamların bu özünütəlqini ona gətirib çıxarır ki, ölkədə doğrudan da anarxiya yaranır. Ölkənin başında duran demokrat xalqın şüuruyla toqquşduğuna görə uduzur və ölkə xalqın şüurundakı dövlət başçısının əlinə keçir.
Tarixin çətin sınaqlarına dözməyib taqətdən düşən, yorucu mübarizələrdən bezən səbri tükənmiş xalq həmişə hadisələrin daha çox təbii gedişatına söykənən demokratlardansa problemləri qəfil, sərt, qeyri-təbii, həm də qeyri-insani yollarla həll eləyərək hadisələrin təbii gedişatını dəyişməyi bacaran diktatorlara üstünlük verməklə ya birdəfəlik məhv olmaq, ya da birdəfəlik qurtulmaq istəyir.
Əsəblərin həddindən artıq gərildiyi vaxtda özünüqoruma instinktiylə özünüməhvetmə instinkti biri-birinə qovuşur. İndi aydın deyil, ən çətin anda özünü qəddar bir diktatorun əlinə verən xalq neyləmək istəyir: bu diktatorun əlində ölmək, yoxsa bu əlin köməyilə qurtulmaq?
Biz qorxduğumuz adama tabe olmaq istəyirik. Biz diktatordan qorxmaqla onun gücünü duymaq istəyirik. Nifrət elədiyimiz adamların da bu qorxunu duyması bizə ləzzət eləyir. Biz düşmənlərimizdən qisas almaq naminə özümüz də bu qorxunu keçirməyə razı oluruq. Diktator qorxunc, qəddar və təcavüzkar olduğuna görə biz ona minnətdarıq. “Bizim qisasımızı al”.
Xalq heç vaxt diktatura arzulamır, xalqın arzuladığı həmişə diktator olub. Bizə güclü rejim yox, güclü adam lazımdı. Belə bir adam olsa, biz onu itirməmək üçün hər cür rejimə boyun əyməyə razı olarıq. Biz onun bütün cinayətlərinə haqq qazandırarıq.
Biz öz zəifliyimizi toplayıb güc yaradırıq. Zəifliyin gücü. Osa yalnız bir şeyi yaradır – əfsanəvi diktator obrazını. Vəssalam. Divin canı şüşədə olduğu kimi, diktatorun da canı bu obrazdadı.
Diktatura – bir adamın arzusu, milyonlarla adamın əməlidi. Diktator – milyonlarla adamın arzusu, bir adamın əməlidi.
Biz elə bir mühiti, elə bir şəraiti sevirik ki, bizə öz duyğularımızı xərcləmək üçün imkan yaratsın. Köləlik duyğusuyla yaşayan insanın demokratiyada xərcləməyə duyğusu yoxdu. O, azadlıq duyğusunu qazanmayıbsa, onda qayıdacaq. Mütləq qayıdacaq. Hara lazımdısa, ora da qayıdacaq.
Düşünən və düşündürən nə varsa hər şeyi – kitabları, adamları və sair – məhv eləmək, xalqı hipnoz vəziyyətində saxlamaq, onu diqqəti, şüuru ayılda biləcək hər şeydən təcrid eləmək diktatorun həqiqət qorxusuyla bağlıdı. Bütün diktaturalar bu qorxu üzərində qurulub. O, həqiqətdən qorxur, çünki həqiqət onun tərəfində deyil.
Diktator onu tanıyanların düşmənidi. Bədbəxtlikdən də onu tanıyanların hamısı ya ağıllı adamlardı, ya da ağıllı kitablar…
Bütün bunlar 20 yaşlı tələbənin “Diktatura” silsiləsində yazdıqlarındandı.
“Diktatura”nın məzmunu, yazılış tərzi, üslubu, yazıdakı müşahidə, təhlil səviyyəsi bəyənilsə də, onu oxuyan hər kəs özünü orda görsə də, gənc müəllifin xəbərdarlığı elə də ciddi qəbul olunmur. Qəzetin siyasi şərhçiləri, jurnalistlər, siyasətlə məşğul olan, siyasi proseslərin içində olan, qəzetin redaksiyasına tez-tez gəlib-gedən adamlar ona elə bu cür də deyirlər: yazı yaxşıdı, əladı, amma ölkədə diktatura qurulası deyil, bu hakimiyyət də beş günlükdü, gələn ay gedir, iki aya gedir, üç aya, beş aya, on aya gedir, uzağı bir il çəkər, amma heç bir il də çəkməz…
O görürdü ki, siyasətin içində olan adamlar siyasi arqumentlərə çox aludə olublar, xalqdan uzaq düşüblər, xalq hissinin, xalq ruhunun həlledici olduğunu unudublar, hadisələri xalqın yox, siyasətin məntiqiylə proqnozlaşdırırlar, hər şeyi hakimiyyətin gücü, hakimiyyətdaxili qruplaşmaların çəkişməsi, müxalifətin birliyi, siyasi partiyalar, siyasi liderlər arasında danışıqların nəticəsi, xarici dövlətlərin marağı kimi məsələlərlə ölçürlər və yalnız arada bilmək istəyirlər ki, xalq nə düşünür. Ən pisi də odu ki, onlar xalqın nə düşündüyü haqda illüziyaya qapılıblar və həqiqəti, xalqın həqiqi rəyini duymurlar.
Bütün bunları siyasət dəhlizlərində görəndən sonra o başa düşdü ki, yazısının ən böyük uğuru xalqdan gəlməyindədi. O bu qəzetə başqa bir qəzetdən, siyasi arqumentlərin korladığı başqa bir mühitdən yox, xalqın içindən çıxıb gəlmişdi. Onun xalq damarı hələ işləyirdi, xalqı duymaq və ictimai-siyasi həyatda ən əsas məsələnin xalqın nə düşünməsi, hansı hisslərlə yaşaması olduğunu bilmək qabiliyyətini hələ itirməmişdi.
O, siyasət dəhlizinə xalq arqumentiylə, siyasi proqnozların arasına xalq proqnozuyla çıxmışdı. Bu, maraqlıydı, təsirliydi, hörmət, rəğbət doğururdu, amma “ağıllı” deyildi, çünki politoloji, geopolitik, mürəkkəb deyildi. Hansısa kəndli, fəhlə, müəllim, həkim, sürücü sözarası deyir ki, dəmir əl olmasa, ölkə düzəlməyəcək – bununla diktatura qurulası deyil ki…Bazarda göyərti satan bir qadın alma-armud satan bir kişiyə deyir ki, filankəsə nə yaxşı oldu işgəncə verdilər, lap əcəb oldu, camaatın canını boğazına yığmışdı, elələrinə bu da azdı – bununla diktatura gələsi deyil ki…
Ancaq o başa düşürdü ki, diktatura elə bu cür qurulur, belə şeylərin üstündə gəlir və sonra çox çətinliklə gedir. O, ayrı-ayrı kiçik hadisələrdə xalqın ümumi rəyini tapırdı, sürücünün replikasında, göyərti satan qadının yanıqlı şadyanalığında cəmiyyətin yönəlişini görürdü. O bu replikalara, şadyanalığa qəlbinin dərinliyində özünün də şərik çıxdığını duyur və bundan dəhşətə gəlirdi. O, diktaturanın əleyhinə olan adamların hamısında bu zəif və gizli, etiraf olunmaqdan qaçan şərikliyi sezir, bütün bunların ölkənin hələ uzun müddət diktaturada qalacağına sübut olduğunu anlayırdı.
III
“Diktatura” çap olunandan bir neçə ay sonra onun əsas arzusu “Diktaturanın sonu” adlı məqalə yazmaq oldu. O bu məqaləni də silsilə şəklində, dörd hissədən ibarət yazmaq istəyirdi. Yəni qərara gəlmişdi ki, “Diktaturanın sonu”nu yazanda bu cür yazsın.
Ancaq “Diktaturanın sonu” yalnız bir halda yazıla bilərdi: o, diktaturanın sona çatdığını hiss eləsin. Diktaturasa aydan-aya, ildən-ilə keçirdi və bu illər ərzində nə qədər ictimai-siyasi çaxnaşma, gərgin hadisə olsa da, bəzən hakimiyyətin taleyi bir tükdən asılı qalsa da, o, diktaturanın sona çatdığını hiss eləmirdi. Çünki hər dəfə bu cür situasiyada o, diqqətlə xalqına baxırdı: xalq öz qəlbində diktator istəyinə son qoyubmu, xalq doğrudanmı diktaturayla üzülüşmək qərarına gəlib? Hər dəfə də bu suallara xalqdan yox cavabı gəlirdi – o öz qəlbinin dərinliyində, öz xalqının arasında, paytaxtın gur küçəsinin ortasında “Diktatura sona çatırmı” sualına həmişə yox cavabı alırdı.
Dəfələrlə olmuşdu ki, o, diktaturanın sona yaxınlaşdığını düşünmüşdü. Çünki qəzetdə işləməyi, xalqı duymaq qabiliyyəti korşalmış mühitin içində olmağı, siyasi arqumentləri öyrənməyi, yəni “ağıllanmağı” onun da xalq damarını zəiflətmişdi. Ancaq hər dəfə belə vəziyyətdə o özünü həqiqəti, yəni xalqı görməyə çağırırdı, özündən soruşurdu: xalqı yaxşı dinşəmisənmi?
Ayıq-sayıqlığını itirməmək üçün o, diqqətlə öz hisslərini izləyirdi, adamların danışığına, davranışına fikir verirdi, gedib küçənin bir qırağında dayanırdı. Bu, diktaturayla üzülüşməyə hazırlaşan xalqdımı? O, diktaturayla üzülüşmək istəyən adamın yerişidimi? Bu öz qəlbində diktaturayla sağollaşmış və ya sağollaşmaqda olan adamın baxışıdımı, duruşudumu? Diktatorsuz yaşamağa hazır olan adam uşağın əlindən bu cürmü tutur, tanışıyla o cürmü görüşür, suyu o cür içirmi, dondurmanı o cür yeyirmi, dükanın qapısından o cür çıxırmı, dostunu küçədə o cür səsləyirmi?
O, kafedə oturmuş adamlara şüşənin dalından baxıb düşünür: doğrudanmı bu adamlar daha diktator arzulamırlar? O, sürətlə özünü insan selinin içinə atıb ürəyində var qüvvəsiylə çığırır: doğrudanmı diktatura sona çatır?!
Yox!
Hər dəfə onun aldığı cavab bu olur.
Beləliklə, onun “Diktaturanın sonu” üçün toplamağa başladığı bir neçə qeyd və sitat yenə ayrı yazıda, bəzən həm də ayrı bir kontekstdə əriyib gedirdi.
O, bir neçə dəfə “Diktaturanın sonu”na girişi qaralamışdı, ancaq hər dəfə də bunu xalqda – öz ətrafında və öz ürəyində hiss eləmədiyinə görə irəliləyə bilməmişdi, yazı, qeyd yarımçıq qalmışdı, sonra da ya heç nəyə yaramayıb atılası olmuşdu, ya da başqa yazıya çevrilib şəklini dəyişmişdi.
Düzdü, ara-sıra o, hansısa yazısında ümid verən cümlələr də qələmə almışdı. Ancaq bunu ya səthi təhlilinə və gümanına, ya da oxucuda ümid, inam oyatmağın vacibliyini düşündüyünə görə eləmişdi. Sonra da hər ikisinin yanlış olduğunu ürəyində etiraf eləmiş, yaradıcılıqda, yazıda başlıca meyarın həqiqət olduğunu özünə xatırlatmış, həqiqətə lazımınca sadiqlik göstərmədiyinə görə özünü qınamış və bir daha belə səhvlərə yol verməməyi özünə tapşırmışdı.
Ancaq “Diktaturanın sonu”na münasibətdə heç vaxt yanılmamışdı. O yazanda həddindən artıq səmimi olurdu. Ondan ötrü yalan yazmaq yalan danışmaqdan qat-qat çətin bir iş idi, yazanda həm yalan yaza bilmirdi, həm də bir səhv düşüncəsi, gümanı, inamı vardısa istər-istəməz onu dərk eləyirdi, yazana qədər doğru saydığı bir fikrin səhv olduğunu yazanda üzə çıxarırdı, avtomatik doğru fikrə, həqiqətə tərəf yönəlirdi. Bununla belə bəzi yanlışlıqlar, o cümlədən insanların daha diktator istəmədiyi kimi bir yanlışlıq onun bir neçə yazısına yol tapa bilmişdi, sözsüz, ona görə ki, həmin yazıları qələmə alanda özüylə tam səmimi olmamışdı, özünüaldatmaya qalib gəlməmişdi.
“Diktaturanın sonu” məsələsindəsə belə deyildi. O bu yazıya oturanda özünü aldatmırdı, səmimiyyətinə xələl gətirmirdi, həqiqətə tam sadiq qalmağı bacarırdı. Ona görə də “Diktaturanın sonu” qaralamadan, həm də yarımçıq qaralamadan o yana keçmirdi. Bu yazı yazılmırdı, çünki onun yazılması üçün müəllif diktaturanın sona çatdığını hiss eləməliydi.
O inanırdı ki, heç bir diktatura təsadüfən sona çatmır, ona görə hər bir diktaturanın çökməkdə olduğunu göstərən hisslər, hərəkətlər, sözlər olmalıdı. Yəni o inanırdı ki, diktatura gələndə də zərurətlə gəlir, gedəndə də zərurətlə gedir, doğru proqnozu bu zərurəti bilən, duyan adam verə bilər.
“Diktatura” kimi “Diktaturanın sonu” da təkcə təhlil yox, həm də bir proqnoz yazısı olmalıydı. Əslində onun bu yazını yaza bilməməsinin özü də bir proqnoz idi, yəni bu o demək idi ki, diktatura sona çatmır. Sadəcə, “Diktaturanın sonu”nun “Diktatura”dan fərqi ondaydı ki, onun yazılmamasının proqnoz olduğu onu yazmaq istəyəndən savayı heç kimə bəlli deyildi.
İllər keçir, o, müxtəlif ictimai-siyasi qəzetlərdə işləyir, heç gözləmədiyi, arzulamadığı, hətta cəhd eləmədiyi halda jurnalistə çevrilir. Saysız-hesabsız məqalə, reportaj, informasiya yazır, müsahibə götürür, müxbir olur, redaktor olur, baş redaktor olur, saçı-saqqalı ağarır, “Diktaturanın sonu” yazılmır ki, yazılmır. Bu yazını yazmaqdan ötrü vaxtaşırı xalqı o qədər dinşəyir ki, onda diktaturanın çökəcəyi vaxtı hamıdan qabaq, hamıdan dəqiq hiss eləyəcəyinə qəti inam yaranır. Kimsə deyəndə ki, diktatura çökür, o özünü çox sakit, arxayın aparır, inanır ki, diktatura çöksəydi, bunu hiss eləyərdi. Artıq o, vəziyyəti bu cür qiymətləndirir: əgər o, “Diktaturanın sonu” adında məqalə yazmayıbsa, deməli, diktaturanın sonu deyil.
Arabir o, diktaturanın sonunun yaxınlaşıb-yaxınlaşmadığını yoxlamaq üçün oturub “Diktaturanın sonu” adlı məqalə yazmaq istəyir. Görəndə ki, yaza bilmir, başa düşür ki, hələ son yaxınlaşmayıb.
IV
Günün birində onun ağlına yeni ideya gəlir: “Diktaturanın sonu” adında hekayə yazmaq. Hekayədə “Diktatura” adlı məqaləylə mətbuata çıxmış bir adam təsvir eləmək. Bu adam “Diktatura” məqaləsiylə ölkəyə diktaturanın gəldiyini xəbər eləyib, indi diktaturanın getdiyini də xəbər eləmək istəyir, bundan ötrü “Diktaturanın sonu” adlı məqalə yazmağı planlaşdırır. Bu yazını yazmaq üçün o, yəni hekayənin qəhrəmanı xalqın diktaturayla üzülüşmək qərarına gəldiyini görməlidi. “Diktatura”nı o (hekayənin qəhrəmanı), xalqa əsaslanıb yazmışdı, “Diktaturanın sonu”nu da yalnız xalqa əsaslanıb yaza bilər. Ancaq diktaturanın sona çatdığını demək üçün əsas yoxdu. İllər ötür, hekayənin qəhrəmanı hələ də xalqının diktaturayla üzülüşmək qərarında olmadığını duyur və beləliklə, “Diktaturanın sonu”nu yaza bilmir. Günün birində qəhrəman “Diktaturanın sonu” adlı hekayə yazmaq qərarına gəlir. Hekayədəki qəhrəmanın yazmaq qərarına gəldiyi bu hekayədə diktaturanın gəldiyini məqaləsiylə xəbər verən müəllifin diktaturanın getdiyini də məqaləsiylə xəbər vermək üçün illər uzunu xalqının qəlbini dinşədiyi, öz hisslərini analiz elədiyi, ancaq məqaləni yazmaq üçün əsas tapmadığı, günün birindəsə bütün bu hadisələri bir hekayədə toplamaq fikrinə düşdüyü və oturub “Diktaturanın sonu” adında hekayə yazdığı təsvir olunmalıdı.
Bu ideya ağlına gələndə baxır ki, metro qatarındadı. Üzbəüz oturmuş adam mane olmasın deyə başını bir az sağa çəkib tuneldə şütüyən qatarın qaranlıq şüşəsində özünə baxır.
“Diktaturanın sonu” hekayəsi müəllifin qaranlıq şüşədəki əksinin diqqətlə özünə baxmasıyla bitir.
O inanır ki, nə cür olursa olsun, axır-əvvəl qatar tuneldən çıxacaq və onun qaranlıq şüşədəki əksi işıqda əriyib itəcək.
Amma nə vaxt? Bax, bunu anlaya bilmir.
Onu bir məsələ düşündürür: “Diktaturanın sonu” məqaləsini yazması diktaturanın sonu demək idi, yəni “Diktaturanın sonu” adında məqalə yazsaydı, bu o demək olacaqdı ki, diktatura sona çatır, bəs “Diktaturanın sonu” adında hekayə yazması nə deməkdi? Bunu diktaturanın sona çatması, yoxsa onun hələ uzun müddət yaşayacağı kimi qəbul eləmək lazımdı? Əgər diktatura sona çatırsa, onda niyə o, nəzərində tutduğu məqaləni yaza bilmədi? Diktatura sona çatmırsa, onda niyə bu hekayəni yazdı? “Diktaturanın sonu” adlı yazıdan azad olmaq üçünmü? Bəs bu azadlıq hansı mərhələnin başlanğıcıdı: diktaturasız yeni mərhələnin, yoxsa diktaturada yeni mərhələnin? Bilmir. O, metro qatarının qaranlıq şüşəsində qalan tutqun surətinin budəfəki mənasını bilmir.
Bircə onu bilir ki, öz xalqının həqiqətini axtarır və bütün bu müddətdə bu həqiqətlə bir yerdə olduğu hər bir ana görə özünü xoşbəxt sayır.
Əgər onun qəlbindəki bu naməlumluq da xalqdan gəlirsə, xalqının qəlbindəki naməlumluqdusa, onda bu gün ondan ötrü bu naməlumluqdan əziz, bu naməlumluqdan ciddi və bu naməlumluqdan gerçək heç nə yoxdu.
Yanvar, 2010-cu il