İbrahimxəlil
Elə çox gümansız da hər poeziya-lirika sakininin, Kitabıstan adamının bir Bağdad, bir Bəsrə, bir Ryazan (London, Paris, Afina və s.) tərəfi də var. Misilləmə misal üçün Füzulidə belədir: “…əsiri-möhnəti-Bağdad gördüyün könlüm”.
Yesenin:
Məni aparmadı Bağdada karvan –
yazırdı və şairlərin arada-sırada şifrlərlə, affirmasiyalarla, şifraçanlarla, venzel-monoqramlarla, “gizlin yazı”lı namələrlə, mətnlərin canındakı ruhlarla qələmdən boylanmalarına, qərib səslərinə heyrətlənməyə bilmirsən.
Burası da var ki, şair ömürbillah Şirazda (Ryazanda, Librevildə, Londonda və s.) olmaya da bilər, amma hətta o şairə hərdən-birdən ayağında yer göstərsə də, həmin şəhərin adı şair sözünün başında gələ bilər. İranda olmaya-olmaya şeirini Hafizin adı ilə, Şirazla bağlamağının səbəbi Hafizi “şairlər və rənglər içində müstəsna bir yerdə” (K.Yıldız) görən Yəhya Kamal Beyatlıda belədir:
Hafizin kabri olan bahçede bir gül var;
yeniden her gün açarmış kanayan rengiyle…
Yeseninə qayıdıram: Yesenin deyirdi ki, əgər şairsənsə:
Öz damarlarından qanı çəkərək,
vurub isidəsən özgə qanını…
Burada şairliyin Allaha xoş gələn tərəfi, mənası da elə budur: adəmilik, insanilik…
Amma yenə də Yesenin demiş “nə qədər füsünkar olsa da Şiraz” şairin vətəni daha çox şairdir, şairlərdir (İsmi Pünhan da bir artıq): məsələn, elə “güllər və şairlər şəhəri olan (hələ Şiraz üzümü, Şiraz xalçası qalsın bir yana) Şirazı dünyaya tanıdan Sədi və Hafiz misallı…
Dünyanın şifrli-şifraçanlı ucqar adamı olaraq sözümün bir arazbarı canı da var və bu arazbarı canda Sınıq körpüdən və Əyriqardan dolayı, bir də bir Şiraz (Hafiz, Sədi) yaşayır. Və Şiraz tərəfimin həmişə Şirazı xatırladan Yəhya Kamal, Sergey Yesenin kimi şairləri sırasında şair Çingiz Əlioğlu da var.
…1983-cü ildə II kursda oxuyurdum. Çingiz Əlioğlunun “Alnından Ay doğan adam” adlı kitabı unudulmaz Rəsul Rzanın ön sözü ilə yenicə çapdan çıxmışdı. Tələbə yoldaşlarımdan ikisi müəllifdən avtoqraf almışdılar.
Alnından Ay doğur adamın bu vaxt –
şeirin birində belə deyilirdi. Müxtəsəri, alnımızdan Ay doğan vaxtlarımız idi. Yesenin də bu məzmunda deyib:
Elə bil böyükdü… onda Ay bir az…
…İndi aradan aylı (və ulduzlu) illər keçib. Çingiz Əlioğlunun “Qapı” adlı kitabını oxuyuram. 2014-cü ildə nəşr edilməsinə rəğmən (Bakının yolları su yolu olsa da biz tərəflərə kitablar gec çatır), elə bilirəm kitab yenicə işıq üzü görüb və kitabın nairə nəşriyyat ətri də hələ getməyib.
Kitabın ilk bölümü “Şiraz şeirləri” adlanır. Məsələ də elə burasındadır. Çünki Çingiz müəllim həm də mənim (Əyriqarın ətəklərinə yaxın həm də Mirzə Qələmin) Şiraz tərəfimi işıqlandırır:
Şirazda soruşdum mən bir aqildən:
Şiraz hikmətinin sirri de nədir?
Əslində bu hikmətin nə olduğunu, bu “Morze əlifbası”na oxşarlığı, bu vaqifanəliyi Çingiz Əlioğlu bilməmiş deyil, yoxsa bu növbəti əsrarlı bəndi yazardımı:
Mən hara getsəm də dönmüşəm eyzən,
Dünyanı dolaşıb çox kam almışam.
Nahaq axtarmasın qoy məni gəzən,
Haçandı Şirazda ölüb qalmışam.
Çingiz müəllimin bir arazbarı etirafı da təsirli və aqildir:
Şiraza mən elə qədəm qoydum ki,
elə bil əlimi Qurana basdım…
Məsələ burasındadır ki, şair Çingiz Əlioğlu – olsun Yəhya Kamal, olsun Verlen, olsun Axmatova və s. – qədəmlərini Şiraza qoyarkən sanki həm də Sınıq körpüyə, Əyriqara, Dərbəndə, Səmərqəndə, Zəncana, Ərzincana, İsveçə, Norveçə qədəm basır. Çünki bir yeganəmiz Yer üzü, bir Vahid Vəhdət Dünyamız var! Çingiz müəllim özü demiş:
Mən ki, həm Şuşalı, həm Şirazlıyam.
P.S. Borçalının işığı (arada-sırada kölgəsi də) zərrə-zərrə Təbrizdə də var, Parisdə də, Qahirədə də… Doğrudur, bu, əslən Borçalıdan olan şair Mirzə Mikrobda yoxdur, amma bunda nə Yəhya Kamal, nə Sergey Yesenin, nə Yesenini dilimizə çevirən Əliağa Kürçaylı, nə də Çingiz Əlioğlu günahkar deyillər. İçi olmayanın çölündən niyə inciyəsən ki?..
Mirzə Mikrobun sözünün təkrarı budur ki, güya biz Şirazı “tərifləməklə” indi də Fars… körfəzini öyürük.
…Amma bunu mən demirəm; bunu da Çingiz Əlioğlu deyir:
Lap Şəki inciyib, Şirvan da küssə,
Onlarda Şirazın kölgəsi vardır…
Üstəgəl, Yesenin: “Əgər sən bircə dəfə mahnı oxumayıbsansa, deməli, Şuşadan xəbərin yoxdu, əgər yazmırsansa, deməli, Şirazdan deyilsən”.
…son olaraq bunu da davudnəfəs demək istəyirəm: elə ki, gördüm Mirzə Mikrob öz “fars motivləri”ndən əl çəkmir, onda Sədi Şirazinin sözləri ilə cavab verdim:
Sübh vaxtı başında qızıl tacı olan kəsin
Axşam namazında başı altda kərpic gördüm…
Vəssalam!
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) •Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) •Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj)