İbrahimxəlil
Ömür – doğrudan da aldığımız nəfəslərin sayı olduğuna görə sizin bu dünyadan köçənlərinizə də Allahın rəhmətini diləyirəm.
Rəhmətlik atamın adı Məhəmmədəlidi. O, çoban idi; ağ qarda, göy dumanda bir quru çomaqla əlimizi çörəyə çatdırdı. Mənim Əyriqara bu cür misilsiz bağlanmağımın səbəbkarı da atam olub.
…Bir avqust günü sinif yoldaşım və yaxın dostum Yaqub bizə gəldi. Dedim yəqin atamın yaylaqdan gəldiyini eşidib görüşmək üçün bizdədir. Təzə qoyun pendirinə kefsiz-kefsiz əl uzadan dostum arada mənə pəjmürdə-pəjmürdə pıçıldadı:
– Bilirsən, Məhəmməd Əlini tutublar.
Kəndimizdə üç-dörd nəfər Məhəmmədəli vardı, amma Yaqub dünya boksunun əfsanəsini deyirmiş: Kassius Marsellus Kleyi – sonralar islam dinini qəbul etməklə adını da dəyişdirən unudulmaz Məhəmməd Əlini…
Yaqub boksu çox sevirdi; hətta əksər Kuba və ABŞ boksçularının adlarını da əzbər bilirdi. O, mənə bunu da demişdi ki, Məhəmməd Əli dünyada yeganə idmançıdır ki, tarixin ən dahi 100 şəxsiyyəti sırasında yer alıb. Sonralar Yaqub yaxşı tarixçi oldu. Həm də indi bizim məhlənin uşaqları daha çox “Fənərbağça”, “Barselona”, “Beşikdaş” kimi futbol klublarına azarkeşlik edirlər. Amma bu yerdə ucqar və arazbarı sözüm bunda deyil.
…Məhəmməd Əlini vətənində çox incidirdilər; özü də təkcə dərisinin rənginə və Vyetnam müharibəsinə getməkdən imtina etdiyinə görə yox. Ona görə ki, o, həm də yoxsulların və arxasızların yumruğu idi. Təkcə öz haqqını tələb etmirdi…
Dünən onun dəfninə baxa-baxa yadıma düşdü ki, bir vaxtlar Yaqub da, mən də “yastı-yastı təpələr yumruğudur çobanın” nəğməsində də Məhəmməd Əlinin ədalət yumruğunu görürdük.
Məhlədə yaşıdlarımız arasında davamız düşəndə də atamın adının Məhəmmədəli olmağı ilə öyünürdüm. Doğrudur, uşaqlardan irad tutanlar olurdu ki, axı atamın adı bitişik (məhlənin orfoqrafiyası mükəmməl idi), bütün zamanların ən böyük boksçusunun adı isə ayrı yazılir. Üstəlik, atam yumruq davasını xoşlamırdı, onunku arada-sırada dəyənək davası idi…
…Sonralar tarixi ayrı-seçkiliyə görə hətta ABŞ hökumətinin üzr də istədiyi Məhəmməd Əli ağır xəstəliyə – Parkinson xəstəliyinə tutuldu.
Mən yazılarımda Ərəstundan (Aristotel), Don Kixotdan tutmuş, bəzi məşhurları-görkəmliləri Əyriqara gətirmişəm (yaşasın ucqar qələmin xəyal gücü). Ya buralarda “Günəş şəhəri” yaradıblar, bağlanmaqda olan məktəblərimizdə qalıb işləyən də olub, ya da sadəcə olaraq saf bulaq suyuna, təmiz dağ havasına qonaq olaraq ürəkləri istədiyi qədər qalıb istirahət ediblər.
Bunu bilən Yaqub günlərin bir günü mənə yarıciddi, yarızarafat dedi ki, bəlkə Məhəmməd Əlini də dəvət edəsən, bilmək olmaz bəlkə Əyriqar Parkinsonu da sağaltdı. Demədim ki, ay dost, axı Məhəmməd Əlinin yurdu Luisvil hara, Əyriqar hara?..
Onda mənə birdən-birə belə gəlmişdi ki, eynən Parkinson xəstəliyinin əlamətləri misallı, hətta dağların da duruşu-qaməti pozula bilər və onların da hərəkəti-tarazlığı itə bilər. Doğrudur, dağların mərkəzi sinir sistemi yoxdur (amma kim bilir…) və onların əsəb hüceyrələrinin-neyronlarının dağılıb məhv olması gözlənilə bilməz. Amma – dəqiq yadımdadır millətçilik dalğalarının alovlandığı 1989-cu ildən sonra – Başkeçiddən Sınıq körpüyə tərəf köç başlayanda elə bildim düzilqarlı Əyriqar da Parkinson xəstəliyinə tutulub; sanki ləngərini itirmişdi. Qarşıyatan qarlı dağlar da əvvəlkitək dalğalanmırdılar…
Şükürlər olsun, hər şey rinqsiz, nokautsuz qurtardı.
P.S. Bəlkə Məhəmməd Əli Əyriqara gəlsəydi, buralarda dincəlsəydi, doğrudan da yaxşı müalicə götürə bilərdi. Axı bizim dağların, xüsusən də Əyriqarın əsəbləri dəmirdəndi. Baxın: buralar adamları dəmirəsəb olmaqda dağlara çəkməyiblərmi? Biri elə Yaqubla mən! Arada-sırada anaxronizmlərlə və affirmasiyalarla yaşayan Yaqubla mən. Hələ unudulmaz Mirzə Qələmi də demirəm.
…amma dünən Məhəmməd Əlinin Türkiyə televiziyası ilə canlı yayınlanan cənazə mərasimində insan çoxluğunu görüb kövrəldim; belə görünür ki, elə də dəmirəsəb deyiləmmiş…
…Yaqub bunu da deyirdi ki, bir zamanlar Məhəmməd Əliyə qadın azarkeşlərindən çoxlu sayda eşq məktubları gəlirmiş. Onun dəfnində kənarda ağlayan, həm də şahanə gözəlliklərinin izi hələ də qalmaqda olan qadınlar da var idi.
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)