Oqtay Qorçu
Qaradərili Amerika
1942-ci ildə ABŞ-da, Kentukki əyalətində doğulub. Yanvarın 17-də 70 yaşı qeyd edildi. Dünya boksunun canlı əfsanəsinin yubileyi. Əlləri əsir, görmə, eşitmə qabiliyyəti zəifləyib, hərdən söylədiyinin də fərqinə varmır, amma hamı yenə onu həmin məğlubedilməz əfsanə hesab edir. Gücünü, gəncliyini itirən bu qoca bir gün əcələ qovuşsa belə, yenə yaddaşlarda qüvvətli, çempion Əli kimi qalacaq. Onun adı Məhəmməd Əlidi.
Bu adın arxasınca illərin uğurları ayaqlanıb. Bütün dünya bu adı tanıyır. Onun bütün rəqibləri amansız, o isə həmişə inadcıl olub. Onu qalib edən xarakteri, peşəkar döyüş texnikasına stimul verən güclü iradəsi olub. O, boksun azmanı və canlı tarixidi. Əlinin rekordunu üstələyənlər, ondan güclülər də var və olacaq da, amma Əlinin bənzəri olmayacaq. Çünki Məhəmməd Əli dünyanın ən məşhur boksçusudu. O dərəcədə bənzərsiz ki, hətta rinqdən məğlub kimi ayrılanda da onu qalib kimi alqışlayıb yola salıblar. Alqışlayanlar həmişə inanıb ki, Əli az keçmədən qələbə üçün geri dönəcək. Belə qazanıb kral tacını.
Hamı yenə canlı tarixdən danışır. Məhəmməd Əlinin (o, 1964-cü ildə islamı qəbul edib) 70 illik yubileyidi. Canlı əfsanənin, dəmir əlin və sülh yolçusunun.
Velosiped oğrusunun “yaxşılığı”
XXI əsrdə, hər şeyin rəngli göründüyü bir zamanda Əlinin ömür yolunda sanki ağ-qara rəngdən savayı heç nə yoxdu. Əlini əfsanə edən onun yoludu. Onun istədikləri çox olub, bütün arzuları reallaşmasa da, həmvətənlərinə verdiyi vədə əməl edib. Əli məşhur boksçu olub. Daha ona ağdərili adamlarla bir süfrədə oturmağı qadağan da etməyiblər. Çünki Əli onlara qəhrəman verib və Əli bu gün də Amerikanın qaradərili simasıdı. Bu, Məhəmməd Əlinin ədalətsiz dünyanın döyüş meydanında qazandığı ən böyük qələbədi.
İllər boyu döyüb-döyülüb, aldığı zərbələrdən qorunmağa çalışıb, amma həmişə təkləndiyindən yumruq yeyən də o olub. Əli üçün indi də ağırdı. Həmin zərbələrin ağrısı hələ də keçməyib. Uzun illərdi məşhur boksçu ağır xəstədi. O, parkinson xəstəliyindən əziyyət çəkir. Bəlkə də bunun səbəbi hər sevincin aldığı əzab adlı ağır zərbəyə görədi. Axı həm Kasius, həm də Əli qeyri-adi adam olmayıb. O, sadə həyat tərzi sürüb. Dini və irqi mübahisələri də həmişə görüb, eşidib. İncidildiyi vaxtlar da çox olub. Mənasız qarşıdurmalar, axırda da savaş. Döyürdü də, döyülürdü də. Amma dinc durmurdu, yenə rəqibi çağırırdı, söyüb qaçsa belə, yenə çağırırdı. Həyatında baş verən bəzi hadisələr yaddaşına sancılıb, xatirələrinə elə ağrılı-acılı iz qoymuşdu ki…
Uşaqlığından, yeniyetmə çağlarından zərbələr alırdı. Bir yandan da ağdərili oğlanlardan hərdən eşitdiyi əcaib atmacalar. Qaradərili insanlara belə münasibət onda müəyyən komplekslər yaradırdı. Beləcə böyüyürdü Kley ailəsinin qaradərili oğlu, adi uşaqlardan biri.
Tez-tez dava salırdı, amma hələ boks barədə düşünmürdü, velosiped sürmək idi yeganə əyləncəsi. Və tanımadığı küçə oğrusu bir gün onun velosipedini qaçırdanda hər şey dəyişdi. 12 yaşlı Kasius yollanır polisə ki, hər şeyi söyləsin…
Boksçu polis
Polis idarəsində balaca şikayətçini zabit və boks müəllimi Coy Martin qarşılayır. Qəzəblənən Kley zabitdən xuliqanın tapılıb əzişdirilməsini istəyir. Kley sonra xəbərdar edir ki, polis bunu etməsə, axtarışa özü çıxacaq və onu tapıb əzişdirəcək. Zabit Martin bu qəribə xarizmaya malik, emosional oğlanı xeyli danışdırır. Öncə onu sorğu-sual edir, rəqibini döymək üçün hazırlıqlı olub-olmadığını öyrənir. Beləliklə, Kleylə boks məşqçisi, zabit Martin dil tapırlar.
Ertəsi gün 12 yaşlı Kasius Kley məşq etmək üçün Coy Martinin boks zalına yollanır. Öncə bu məşq həvəskar məşğuliyyət olsa da, sonra Kley boksa daha ciddi yanaşır, səyini peşəkarlığa yönəldir. Günlər ayları əvəz edir. Kley velosipedini də unutmuşdu. Bu barədə düşünmədən yorulmadan hey məşq edirdi. Nəhayət, arzuladığı gün gəlib yetişdi. Müəllimi Martin öz qarşısında gələcəyin məşhur bir boksçusunu gördüyünü söyləmişdi.
Döyürdü…
Uğur təqvimiydi sanki. 1960-cı ildə Məhəmməd Əli Roma Olimpiya oyunlarının qızıl medallarını qazanmışdı. 1961-ci ildə “Nokautçu” ləqəbiylə tanınan məşhur boksçu Lamar Klarkı ikinci raundda nokauta salmışdı. 1962-ci ildə Sonni Benksə də nokautla qalib gəlmişdi. Daha gərgin və qəzəbli bir döyüşü 1964-cü ildə Sonni Listonla keçirdi, sonda rəqibi məğlub edib, xeyli döydü. Adətiydi. Öncə çıxırdı rinqə, hey döyülürdü, rəqibi yorurdu. Sonra da onun növbəsi yetişirdi. Aman vermirdi polad kimi möhkəm boksçulara. Döyürdü, onun ağır, qüvvətli zərbələrinə tab gətirmirdilər. Onu canlı əfsanə hesab edən amerikalılarla yanaşı bəzi müsəlmanların da Məhəmməd Əli barəsində qəribə bir yozumu yaranmışdı. Onlar deyərdilər: “Məhəmməd Əlinin gücü tək hazırlığın, peşəkarlığın nəticəsi deyil, bu həm də Allah vergisidi. Onda islam xəlifəsi Həzrət Əlinin qüvvəsi, zərbəsi var”.
1960-1963-cü illərdə 19 görüş keçirmişdi və bütün bu döyüşlərdən qələbəylə çıxmışdı. Keçirdiyi döyüşlər zamanı 15 nokaut qeydə alınmışdı. Belə bir uğur gənc boksçunun karyerasında fantastik göstərici hesab olunurdu. Hamının diqqəti onda idi. Məhəmməd Əli rinqi fəth etmişdi, həm də cəmiyyətin diqqətini cəlb etməyi bacarmışdı. İndi bütün diqqət ona yönəlmişdi. Amerika gündəmi, demək olar ki, artıq Əlinin davranışı, keçirdiyi döyüşlər və müsahibələr demək idi. Ardı-arası kəsilməyən qələbələr Məhəmməd Əli şəxsiyyətində qalib obrazı yaratmaqla dünya idmanında yeni bir tarixin əsasını qoyurdu.
Mənə Əli de!
Barəsində xoşagəlməz söz-söhbətlər gəzirdi. Hamısı da islam dinini qəbul etdiyinə görə. Qaradərili müsəlmanların təşkilatına onu ilk dəfə gətirən elə rəhbər Aliya Məhəmməd olmuşdu. Kasius Kleyə Məhəmməd adını verən və bunu radiodan elan edən, müsəlmanları müjdələyən də Aliya idi. Boksçunun yeni adını öncə ictimaiyyət həzm etmək istəməsə də, bəzi jurnalistlər onun hüquqlarına hörmətlə yanaşırdı. Ancaq söz-söhbət, şayiə səngimirdi. Bəzi mənbələr Məhəmmədin guya separatçı təşkilatın üzvü olduğunu iddia edir, hətta onun şübhəli əlaqələrinin araşdırılmasını istəyirdilər. Buna səbəb Əlinin verdiyi bir müsahibədə insanların inteqrasiyasıyla bağlı söylədiyi kəskin ifadələr olmuşdu. Məşhur boksçu onu qınayacaqlarını bilə-bilə heç vaxt ağlarla birlikdə yaşamaq arzusunda olmadığını söyləmişdi.
Bu müsahibə böyük qalmaqalla qarşılandı, amma onu müdafiə edənlər də tapıldı. Hətta öz fikrindən dönməyəcəyini bəyan edən Məhəmməd Əliyə ağdərili amerikalılardan da dəstək gəldi. Və belə bir gərgin dövrdə döyüşə hazırlaşan boksçu daha bir mənəvi zərbə aldı. Rəqibi Floyd Patterson ona müsəlman olduğuna görə lağ edir və qarşısındakını Əli deyil, “Kasius” çağıracağını söyləyirdi.
Döyüş 1965-ci ilin noyabrında baş tutur. Bu onların rinqdə ikinci görüşü idi. Qəzəblə rinqə çıxan Məhəmməd Əli var qüvvəsiylə, həm də qarşısındakını söylədiklərinə görə cəzalandırmaq üçün döyüşə başlayır. Bu döyüş Pattersona endirilən ildırım zərbələriylə yadda qalır. Əli ikinci dəfə rəqibinə qalib gəlir.
Döyülürdü…
Onun ağrısı-acısı hələ də canından çıxmayıb. Fiziki ağrıları, mənəvi ağrıları sovrulmur, hamısını da illərlə daşıyır, amma heç biri köhnəlmir. Üstəlik də tibb Əlinin çəkdiyi bu ağır yükə ad tapıb – parkinson xəstəliyi. Və əsas səbəblərdən biri də onun döydüyü adamların onu döyməkləridi.
Zaman-zaman başından, müxtəlif orqanlarından ağır zərbələr alıb. Nələrsə keçmişdə qalıb, döydüyü, qələbə çaldığı məşhur boksçuların hamısı indi keçmişdi. Tale indi 70 yaşlı qocanı hər gün döyür. Dünya çempionu Məhəmməd Əlini. Rinqdə rəqibləri onu döyəndə heç belə ağrımırdı. Başı əsir, əlləri əsir, gözləri də zəifləyib. Amma hələ sağdı. Bu qocanı indi də tanıyırlar. O, dünyanın ən məşhur adamlarından biri, boksun canlı əfsanəsidi. Məhəmməd Əli adlı tarix. Döyən-döyülən adamların ən tanınmışı.
Məhəmməd Əli karyerasının tarixinə böyük qələbələriylə yanaşı böyük məğlubiyyətlərini də yazıb. Və Əli onu döyən neçə məşhurları bir daha dünyaya tanıdıb. Həmişə güclü sandığı rəqibləri məğlub etmək iddiasıyla yaşayırdı. Rinqə çıxırdı və gözlənilmədən hər şey dəyişirdi. Yenə ağır zərbələr alırdı, nokauta düşürdü. Co Frezerlə, Kenon Nortonla, Leon Spinkslə, Trevor Berbiklə, Çak Vernerlə neçə dəfə üz-üzə gəlmişdi. Elə hey döyülürdü…
Döyən-döyülən və atəş açmayan
Döyə-döyə, döyülə-döyülə də bir gün beləcə rinqdən getdi. 1981-ci ildə son döyüşdə Məhəmməd Əlini döyüb, məğlub yola salmışdı Trevor Berbik. Öncə mütəxəssislər Trevorun rəqibiylə müqayisədə çox zəif olduğunu söyləmişdilər. Ancaq hər şey əksinə oldu. İnsan əgər potensialını, enerjisini bir məqsədə yönəldirsə, deməli, bizim təsəvvür etdiyimiz ”güclü”, yaxud “gücsüz” adam anlayışı nisbidir. Bu sadəcə bizim leksikona daxil olan və reallığın fonunda əks edilən kimyəvi formula bənzəyir. Məhəmməd Əli ağır xəstəlikdən əziyyət çəkir. Ancaq sözsüz ki, Əli ruhən sakit və rahatdı. Hərdən qızı Leyladan şikayətlənsə də. Axı o heç zaman xanımların savaşmağını qəbul edə bilməyib. Leyla isə rinqdədi. Övladından narazı qalsa da, yenə sakitdi. Güc onu vicdanından ala bilməyib. Əli təkəbbürdən uzaq qaçıb.
Məhəmməd Əli böyük adamdı. Boks karyerası ərzində dəfələrlə döyüb döyülsə də, heç vaxt potensialını şərə təslim etməyib. Kimsədən qisas almağı heç zaman düşünməyən Əli müsahibələrinin birində “düşmən tək şeytandı” söyləmişdi. İctimai həyatını müharibə, irqi və dini ayrı-seçkilik əleyhinə təbliğata həsr edən Əli zaman-zaman bu yöndə hay-küyə səbəb olan bəyanatlar yayıb. Amerikada qalmaqal yaşadan ən böyük hadisələrdən birisə Əlinin 1967-ci ildə Vyetnamda hərbi xidmətdən imtina etməsi olmuşdu. Özünü “könüllü imtinaçı” adlandıran boksçu yad torpaqda bir əsgər kimi günahsız sakinlərə atəş açmayacağını bəyan etmişdi.
Məhəmməd Əli müqəddəs “Quran”ın buyruqlarına əməl edəcəyini bildirib belə söyləmişdi: “Biz Allahın və onun peyğəmbərinin bildirmədiyi heç bir müharibədə iştirak etməməliyik… Bu, ədalətsiz bir müharibədi”.
Məşhur boksçu cəzalandırılsa da, sözünün üstündə durdu. ABŞ Boks Federasiyası onun titullarını alıb Əliyə 3 il rinqə çıxmağı qadağan etdi. Ölkənin Ali Məhkəməsi boksçu barəsində cinayət işini araşdırdığı zamanda Vyetnam müharibəsi əleyhinə çıxıb Əlini dəstəkləyənlər mitinqlər keçirirdilər. Hərbi xidmətdən boyun qaçıran Əli həbs olunmur. Beləcə atəş açmaqdan imtina edən boksçu hərbi cani, insan qatili olmaqdan qurtulur.
İnanılmazdı, amma bu, bir boksçunun ideyasıdı. İdmançı döyüşçünün XX əsr təfəkkürü. Bu, Məhəmməd Əlinin qoruduğu və yaşatdığı dəyərlərdi. Onun fəaliyyəti çox idmançıya örnək ola bilər. Əlini hamı sevir, tanıyır. Vətənində indi də onunla fəxr edirlər. Boks tarixisə Əlinin heyranıdı. O, bütün mükafatlara, təltiflərə layiqdi. Və bütün yüksək adlardan öncə onun adı durur. Çünki onun adı Məhəmməd Əlidi. Əlavə şərhə ehtiyac yoxdu.
Yaşadığı illər ərzində bir adam öldürməyən, əsgər çəkməsi geyinib özgə torpağına ayaq basmayan və ən gözəl sözləri ancaq döyüşdüyü rəqib boksçular barəsində söyləyən Məhəmməd Əliyə 1991-ci ildə “Amerikanın ruhu” mükafatı təqdim edilib. 200 ildən çox yaşı olan Amerika Birləşmiş Ştatlarının 70 yaşlı ruhu, həm də bu günədək yaşatdığı canlı əfsanə. O, döyən-döyülən və atəş açmayan, hər zaman heyrətləndirən Məhəmməd Əlidi.
19 yanvar 2012-ci il