
Rövşən Ağayev
Sonuncu yazım sərvət qeyri-bərabərliyi haqda idi – amma gəlirlərin deyil, əmlak və aktivlərin ən üst səviyyədə olan əhali qruplarının əlində təmərküzəşməsinin doğurduğu bərabərsizliyə həsr edilmişdi.
Həmin yazıda əlimiz çatan məlumatlardan aydın görünürdü ki, daşınmaz və daşınar əmlak fondunun, maliyyə akitvlərinin əhəmiyyətli hissəsinin (ən azından yarıdan çoxu) əhalinin üst səviyyədə yer tutan 5%-lik kəsiminin əlində cəmlənməsi çox realdır. Bahalı avtomobil parkının, bank depozitlərinin və kreditlərin azı 75-80%-nin bütün iqtisadi subyektlərin ən yaxşı halda zəngin onda birinə məxsus olması hələlik əmlak qeyri-bərabərliyinin səviyyəsini kobud da olsa qiymətləndirmək, bu istiqamətdə hətta ibtidai səviyyədə təsəvvür formalaşdırmaq üçün bizə yardım edə biləcək nadir məlumatlar sayıla bilər.
Kaş Azərbaycanda da ev təsərrüfatları inkişaf etmiş ölkələrdəki kimi elektron formada gəlir və əmlak bəyannaməsi təqdim edəydi. O zaman əhalinin ən üst sıradakı kəsimində (yəni əhalinin 10-da bir hissəsində) hər 1000 nəfərə neçə mənzil və qeyri-yaşayış obyektinin düşdüyü bilinərdi və bunu əhalinin orta təbəqədən aşağı səviyyədə yaşayan 50%-lik kəsiminin payına düşən mənzil və qeyri-yaşayış obyektləri ilə müqayisə etmək imkanı olardı.
Əslində normal və şəffaf hökumət özü bu məlumat bazasını yaratmağa, onun əsasında təhlillər aparmağa, belə informasiyaları ictimailəşdirməyə maraqlı olmalıdır. Ən azı ona görə ki, ölkədə ədalətli sosial mühitin, effektiv iqtisadi siyasətin formalaşdırılması, uzunmüddətli siyasi, iqtisadi və sosial sabitliyə zəmanət sayılan orta sinfin mövcudluğu məhz gəlir və əmlak bölgüsündən, bu bölgüdə ədalətin təmin edilməsindən asılıdır.
Hökumət gəlir və əmlak təmərküzləşməsi ilə bağlı son dərəcə hərtərəfli məlumat bazasına malik olmaqla bu problemlərin həllinə nail ola bilər:
— yoxsulluqla gerçək mübarizə üçün siyasi mexanizmlər və alətlər;
— yoxsullara səmərəli yardım sisteminin qurulması;
— zənginlərin gəlir və əmlakının vergiyə cəlb edilməsi yolu ilə gəlirlərin bölgüsü və yenidən bölgüsündə daha ədalətli mexanizmlərin yaradılması;
— bütün bu məqsədlər üçün hökumətin zəruri maliyyə bazasının formalaşdırılması;
— orta sinfin ayaqda qala bilməsi üçün bu sinfə yönəlik dəstəkləyici vergi və sərmayə sisteminin formalaşdırılması.
Hökumət hətta müstəqil təhlil institutlarının bu məlumatlara çıxış imkanının yaradılmasında maraqlı olmalıdır. Amma bu, seçicinin səsi ilə formalaşan, hesabatlı, şəffaf və demokratik (iştirakçı) hökumətlər üçün keçərlidir. Bir halda ki, məmurlar kresloya xalqa xidmət etmək deyil, daha çox zənginləşmək vasitəsi kimi baxır və ən üstdəki 10%-lik zəngin kəsimi istinasız olaraq özləri təmsil edirlər, mümkün qədər belə məlumatların nəinki ictimailəşməsinə, hətta tarixdə izi qalmasın deyə belə məlumat bazasının yaradılmamasına çalışırlar. Bircə sübut: mövcud qanunvericiliyə görə, əmlaka mülkiyyət sənədi verərkən səlahiyyətli orqan (reyestr xidməti) əmlakın dəyərini də müəyyən edib göstərməlidir. Son 2-3 ildə mülkiyyət sənədi alan ən azı 3-4 nəfər dost-tanışdan soruşdum, onlardan heç biri mülkiyyəti təsdiqləyən sənəddə dəyəri müəyyən edən rəqəm olduğunu təsdiqləmədi.
Əslində onsuz da sənəd verilərkən əmlaka baxış keçilir və qiymətləndirici şirkətlərlə müqavilə əsasında bütün əmlakın bazar dəyərini müəyyən edib məlumat bazasında əmlakı təyinatına və dəyərinə görə qruplaşdırmaq, fərdi məlumat azadlığını pozmadan (mülkiyyət sahiblərinin adı çəkilmədən) yalnız rəqəmlərin əks olunduğu bu bazanı onlayn formada saxlamaq olar.
Aydın məsələdir ki, indiki idarəetmə mühitində bu, xəyal olaraq qalacaq. Əgər kommersiya obyektlərinin təsisçilərinin ismini açıqlamaq qanunla qadağan edilirsə, hökumətdən mülkiyyətin dəyərini açıqlaya biləcəyini gözləmək sadəlövhlükdür.
Milli gəlir ölkə daxilində mal və xidmətlərin yaradılması nəticəsində proses iştirakçılarına çatan gəlirlərin məcmusudur. Milli gəlir əmək gəlirləri formasında işçilərə, mülkiyyətdən gəlirlər formasında sahibkarlara, vergi gəlirləri formasında hökumətə çatan gəlirlərin cəmidir. Milli gəlirlə ümumi daxili məhsul arasında fərq ölkənin dünyanın qalan hissəsi ilə iqtisadi əlaqələrinin saldosu qədərdir. 2015-ci ildə Azərbaycanın ÜDM-i 54,5 milyard olub. Amma Azərbaycanın dünya ölkələrinə ödədiyi əməkhaqqı, pul transfertləri, mülkiyyət və investisiya gəlirləri həmin ölkələrdən eyni mənbələr üzrə aldığı gəlirlərdən 1,9 milyard manat az olub: yəni mənfi 1,9 milyard manatlıq saldo. Saldo müsbət olduqda ÜDM məbləğini bu həcmdə artırmaq, mənfi olduqda həmin həcmdə azaltmaq lazımdır. Deməli, indiki halda Azərbaycanın milli gəliri 52,6 milyard manat təşkil edir.
Milli gəlirin əmək və mülkiyyət sahibləri arasında bölgüsü nə qədər proporsional olursa, cəmiyyətdə sərvət və gəlir bölgüsü də bir o qədər ədalətli olur. Azərbaycanda rəsmi statistikanın məlumatlarının inkişaf etmiş ölkələrlə müqayisəsi göstərir ki, bizdə mülkiyyət sahibləri milli gəlirdən daha böyük pay götürür. Əmək sahibləri və hökumətin milli gəlirindən aldığı pay həddən artıq kiçikdir.
Rəqəmlərə diqqət edək. Azərbaycanın təxminən 53 milyard manatlıq milli gəlirinin 10,5 milyard manatı və ya 19,8%-i əmək gəlirləri kimi işləyənlərə, 4,5 milyard manatı (8,4%) istehsal və idxala vergilər formasında (mənfəət vergisi istisna olmaqla) hökumətə, 38 milyard manatı (71,8%) ümumi mənfəət (qarışıq gəlirlər) formasında sahibkarlara və mülkiyyət sahiblərinə çatır. Ümumi mənfəətə (qarışıq gəlirlər) mülkiyyətin icarəsindən renta gəlirləri, qiymətli kağızlardan və depozitlərdən faiz gəlirləri və sahibkarların istehsal (xidmət) fəaliyyətindən əldə edilmiş bölüşdürülməmiş mənfəət daxildir.
Eyni rəqəmləri dünyada sosial dövlət kimi tanınan bir sıra ölkələrin timsalında nəzərdən keçirək: İsveç, İsveçrə və Almaniyada milli gəlirin orta hesabla 50-55%-i əmək gəlirləri formasında işçilərə, 15-20%-i vergilər formasında hökumətə çatır. Göründüyü kimi, bu ölkələrdə muzdla çalışanlara və hökumətə çatan pay 65-75%, sahibkarlara və mülkiyyət sahiblərinə çatan hissə 25-35% intervalındadır. Bu, bizdəkinin tam əksi olan bir mənzərədir.
Şübhəsiz ki, Azərbaycanda gizli iqtisadiyyatın real miqyasının yüksək olması milli gəlirin məbləğinin də daha böyük olması deməkdir. Amma gizli iqtisadiyyatda da gəlirlərin əsas hissəsi yenə sahibkar və mülk gəlirlərinə çatır. Sahibkar hökumətdən vergini yayındırırsa, deməli, bu qazanc onun özünə qalır. Onlar vergidən yayındırdıqları gəlirin bir hissəsini qeyri-rəsmi maaşların verilməsinə yönəldir, yerdə qalanını isə öz ciblərinə qoyurlar.
Ola bilər, gizli iqtisadiyyat hesabına milli gəlirin real həcmi rəsmi bəyan ediləndən xeyli böyükdür (bəzi məlumatlara görə, gizli iqtisadiyyat 40-50% intervalındadır). Amma şübhəsiz ki, hətta gizli gəlirlər nəzərə alınsa belə, bölgü elə rəsmən elan edilən səviyyədədir: milli gəlirin hər 4 manatından 3-ü mülkiyyət sahiblərinə, yalnız 1 manatı əməyi ilə pul qazananlara və hökumətin büdcəsinə çatır. Sosial ədalətin ən yüksək səviyyədə olduğu, milli gəlirin təxminən 25%-nə mülkiyyətçilərin sahib çıxdığı sosial dövlətlərdə (məsələn, İsveç) sərvətin ən yaxşı halda 35-40%-i əhalinin ən zəngin 10%-nə aiddir. Bizim vəziyyətimizə gələndə, rəsmi statistika özü etiraf edir ki, milli gəlirin 75%-i mülkiyyət sahiblərinə məxsusdur.
Müəllifin başqa yazıları: