
Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin işi məhkəməyə göndərilib
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Bunu Trend-ə V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev deyib.
Vəkil bildirib ki, artıq iş Naxçıvan Hərbi Məhkəməsinə göndərilib və iş üzrə məhkəmənin vaxtı müəyyənləşib: “Məhkəmə iyunun 8-nə təyin edilib. Hələlik Vəli Ələsgərovla görüşə bilməmişik. Yəqin ki, məhkəmədə görüşəcəyik”.
V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
V.Ələsgərov Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri postunu 2015-ci ilin dekabrında itirib. Belə ki, Naxçıvanda MTN-in bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Martın 29-da həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov barəsində yenidən həbs qətimkan tədbiri seçilib. O, hazırda Penitensiar Xidmətin Naxçıvan İstintaq Təcridxanasında saxlanılır.