İbrahimxəlil
Xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini mənə Kürüstündən şair Osman Əhmədoğlu xəbər verdi. O, telefonda elə ağlayırdı ki, sanki əsrlərin o üzündə Osmanlının süqutu xəbərini alan Sultan Səlim ağlayır… Amma bunu göz yaşları heç olmasa bircə yol göllənməyənlər bilməsə də olar…
Bir neçə gün sonra Bakıdan qayıdan Osman Əhmədoğlu mənə dedi: – Şairin dəfninə gedə bilməməyin səni bir bu qədər üzməsin: çünki baxmayaraq ki, ölümlə adətən insanın qiyaməti başlayır deyirlər, amma ölümü ilə Zəlimxanın axirəti başladı; onu sevənlər o qədər çox imiş!
…bu yerdə icazənizlə bir az arazbarı uzaqlardan başlayım.
Necə ki, ulduzlar da Allahdan aşağıdı, yavuz-yalqızlar da, sözlər də, bax, eynən həmin oxşar minvalla, aşağıdakı sözləri bütün ədəbi yaradıcılığı boyu Allahın gildən düzəltdiyi adamları gülə doğru yönəltməyə cəhd edən Vaqif Bayatlıdan eşitmişəm… Bakının Sahil bağında Vaqif bəydi, Xanəmirdi, bir də mən. Vaqif bəy birdən-birə torpağa “qardaşım” dedi. O vaxtlar mənim, misilləmə misal üçün, fransız, ya da ispan ədəbiyyatında okeana, məşhur dağ keçidinə, hətta ölümə belə “qardaşım” deyən yazıçılardan, şairlərdən arazbarı az xəbərim var idi.
İndi – Zəlimxan Yaqubun dəfn gününün səhərisi mənim aləmimdə bizim vaqiflərdən torpağa ilk dəfə “qardaşım” deyən Vaqif Bayatlının “Sevsən, sevənə dəyməzsən, qara torpaq!” adlı şeirini oxuyuram. İndi Zəlimxan müəllimin timsalında torpaq o boyda azman-əzəmətli torpaqsevəri, yurdsevəri, o boyda xalq şairini də qoynuna aldı. Çünki “kimsənin ömrünün uzadılması da, qısaldılması da ancaq Kitabda yazılmışdır” (“Quran”). Yeri gəlmişkən, Zəlimxan Yaqub da, Vaqif Bayatlı da bütün üslub üsullarının filhəqiqət fərqinə rəğmən, həmişə digər söz sənətkarlarının varlığına ancaq sevinə bilən sənətkarlar sırasında qalacaqlar!
Yağ içində böyrəklər kimi böyüməyən bütün başqa vaqif yazarlar kimi Zəlimxan Yaqub da hər an “gözəl Allahım, səndən nə gələcəksə gəlsin” hüznlü havasına köklənmişdi. Bu qədər ağrı verən böyrək çatışmazlığında “Almaniya dəftəri”nə yazırdı:
Ölən canımız olsun, təki cahan ölməsin,
Bətnində can gəzdirən Azərbaycan ölməsin…
Axı o, böyrəkləri ilə deyil, ürəyi ilə yazırdı və böyrəklərinin halına bu qədər arazbarı qala-qala hər dəfə “yaşasın ürək!” deyirdi. Böyrəkləri onu bağışlamadı…
Ölüm gözəl olmasa ölərdimi Peyğəmbər! –
Bu misra Nəcib Fazil Qısakürəyindi və bu misra Zəlimxan müəllimə də çox yaraşır, çünki hələ düz üç il bundan əvvəl ata-baba yurdu adı bəlli Kəpənəkçidə yəqin ona Göyçəyə, hələlik çilik-çilik şüşələr üstündə yeriyən Şuşaya baxantək baxdığımı görüb, özünü həyətdə vacib iş görəntək göstərən, amma iztirab dolu diqqəti dünyalarca məşhur oğlunda olan anasına tərəf sehirli işarəylə, ancaq mənim eşidə biləcəyim həzin üsulla usdufca pıçıldamışdı: – Məndən bu qədər nigaran qalma, İbrahimxəlil! – və az qala qeybdən gələn qərib gözəl səslə əlavə eləmişdi:
Bir mənim kimi oğul bulunmazmı olur?
(bax: “525-ci qəzet”, 20.01.2012.)
Mən bunu hələ Zəlimxan müəllimin sağlığında yazdığım yazılarda da demişəm, indi də ucqar sözümün toz-tozanaq təkrarına qayıdıram: Zəlimxan müəllimin onun haqqında nələrisə deməyə cəhd elədiyim və hər dəfə də məmnun məğlubiyyətə uğradığım üç yazımı – “Kitab pasajında paralellər”i, “Qızılgül yağı”nı və “Zəlimxan Yaqub daşı”nı oxuduğunu öz kökü saralmaqda olan gözlərimlə görüb reyhanəli rahatlıq tapmışdım.
Yaylaqçıların da dediyinə görə, kasıblar üçün olan yay günlərinin birində Zəlimxan müəllimin görüşünə şair dostum Allahverdi Təhləli ilə birlikdə gəlmişdik və söhbət bu dəfə də “cəmi dağların başı” olan bizim dağlardan düşdü. Əlbəttə, Zəlimxan Yaqub bizim dağların yaxşı, sadiq və düzilqarlı qardaşı idi. Sanki qəlbimizdən keçənləri oxuyaraq: – Mənim dağlarımı məndən sonra yalqız buraxmayın, – dedi, – xahiş edirəm.
Allahverdi tez kövrələndi; dərhal gözlərini divardan asılan və indi Zəlimxan Yaqubsuz öz-özünə çalınan tavar saza dikdi…
Biz tərəflərdə – Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın Zəlimxan müəllimin “Başkeçid silsiləsi” çox sevilir. Bu silsilədə bir “Əyriqar” adlı üçbəndlik qoşma da var və həmin üçbəndlik qoşma belə bitir:
…məni aparanda qoca dünyadan
özün ol kəfənim, bezim, Əyriqar!
Düzü-dünyanın işi ta əyyami-qədimlərdən belə gətirib ki, dağlarla şairləri bir ana doğmur. Bu heç mümkün də deyil. Amma hesaba alanda ki, Zəlimxan Yaqubun dağlarsız bir ili də, nəinki ili, bircə ayı da, nəinki ayı, heç bir günü də, bircə saatı, bircə dəqiqəsi də olmadı, onda Zəlimxan Yaqubun timsalında dağlarla şairlərin – bir ana doğmasa da – necə doğma qardaş-sirdaş olduqları gün kimi aydın olmurmu? Axı Vahid Vəhdət Dünyasında nələr, hansı neçə möcüzələr olmur?..
Can Azərbaycanın xalq yazıçısı, xalq şairi vəfat edəndə adətən nekroloqda belə yazırlar: “Azərbaycanın xalq yazıçısı… vəfat edib”. Amma Zəlimxan müəllimin nekroloqunda sadəcə olaraq “Xalq şairi Zəlimxan Yaqub…” yazılmışdı. Düz də yazmışdılar. Çünki “Azərbaycan” sözündəki “can”da bir İstanbul da, bir Təbriz də, bir Borçalı da döyünməkdədir. Axı Zəlimxan Yaqub Azərbaycan hüdudlarına, Azərbaycan coğrafiyasına doğrudan da sığmırdı! Axı doğrudan da: “Ayrılarmı könül candan”!
P.S. Mən Əyriqara çox yaxın yaşayıram və yanvar ayının düz iyirmi birində, Zəlimxan müəllimin ad günündə sanki Əyriqardan düzilqarlı bir səda gəldi:
– Ondan yaxşı qardaş yox idi…
…və bunu sıxıntılarla dolu Sınıq körpünün bəri üzündən sizinlə də bölüşməyi qərara aldım.
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)