Azər Qaraçənli
“Kitabi-Dədə Qorqud”un[1] “Duxa qoca oğlu Dəli Domrul boyu”nda[2] deyilir Oğuz ərlərindən olan Dəli Domrul bir quru çayın üstündə körpü saldırmışdı. Körpüdən keçəndən otuz üç axça, keçməyəndən döyə-döyə qırx axça alırdı. Bunu niyə belə eləyirdi? Ona görə ki “Məndən dəli, məndən güclü ər varmı çıxa mənimlə savaşa?” deyirdi. “Mənim ərliyimin, pəhləvanlığımın, igidliyimin sorağı gedib Ruma, Şama çatıb” deyirdi.
Bir gün körpünün yanına bir bölük oba qondu. O obada bir yaxşı igid xəstə düşmüşdü. Allahın əmriylə o igid öldü. Kimi “oğul” deyib, kimi “qardaş” deyib ağladı. O igidin üstündə bərk qara şivən qopdu. Birdən Dəli Domrul çaparaq yetdi, dedi: “Ay əbləhlər, nə ağlayırsız? Mənim körpümün yanında bu qovğa nədi, niyə şivən salmısız?” “Xan, bir yaxşı igidimiz öldü, ona ağlayırıq” dedilər. Dəli Domrul dedi: “Aya, igidinizi kim öldürdü?” Dedilər: “Vallah, bəy igid, Allah-taaladan buyruq oldu. Al qanadlı Əzrayıl o igidin canını aldı”. Dəli Domrul dedi: “Eh, Əzrayıl dediyiniz nə kişidi ki, adamın canını alır? Ya qadir Allah, birliyin, varlığın xatirinə, Əzrayılı mənim gözümə göstər, savaşım, çəkişim, dirəşim – yaxşı igidin canını qurtarım. Bir daha yaxşı igidin canını almasın”. Qayıtdı-döndü Dəli Domrul, evinə gəldi.
Haqq-taalaya Domrulun sözü xoş gəlmədi: “Bax, bax, dəli sarsaq mənim birliyimi tanımır, köməyimə-kərəmimə şükür eləmir. Mənim ulu dərgahımda gəzir, hələ bir mənəm-mənəmlik də eləyir?” dedi. Əzrayıla buyurdu, ey Əzrayıl, get o dəli sarsağın da gözünə görün, bənizini saralt, xırıldadıb canını al!
Bundan sonra dastanda Əzrayılın qırx igidlə yeyib-içən yerdə Dəli Domrulun gözünə görünməyindən, onu görəndə dünya-aləmin Dəli Domrulun gözündə qaralmağından, amma biləndə ki, bu Əzrayıldı, sevinib “Mən səni gen yerdə axtarırdım, dar yerdə əlimə keçmisən! Səni öldürüm, yaxşı igidin canını qurtarım!” deməyindən, qılıncını siyirib hücum çəkməyindən, Əzrayılın göyərçinə dönüb pəncərədən uçub-getməyindən danışılır. Dəli Domrul qah-qah çəkib gülür, elə bilir Əzrayıl ondan qorxub qaçdı. Qızılquşu əlinə alıb Əzrayılın ardınca düşür, bir-iki göyərçini qızılquşuna aldırıb öldürür. Evinə dönəndə Əzrayıl onun atının gözünə görünür, at ürküb Dəli Domrulu yerə vurur. Əzrayıl Dəli Domrulun sinəsinə çöküb onu boğmağa başlayır. Dəli Domrul aman istəyir. “Ay Əzrayıl, aman” deyir, “Tanrının birliyinə şübhə yoxdu” deyir, “Şərab içmişdim, duymadım, nə söylədiyimi bilmədim” deyir, “Bəylikdən usanmadım, igidlikdən doymadım. Canımı alma, Əzrayıl, aman ver” deyir. Əzrayıl deyir: “Ay dəli axmaq, mənə niyə yalvarırsan, Allah-taalaya yalvar. Mənim əlimdə nə var? Mən buyruq quluyam”. Dəli Domrul deyir: “Bəs can verən, can alan Allah-taaladımı?” “Bəli, odu!” Əzrayıl deyir.
Dəli Domrul üzünü Tanrıya tutur:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən.
Gözəl Tanrı,
Neçə cahillər səni
Göydə arar, yerdə istər.
Sən möminlər könlündəsən.
Daim qüdrətli Tanrı,
Sirri əbədi Tanrı,
Mənim canımı alsan, sən al,
Qoyma Əzrayıl alsın!
Dəli Domrulun sözü burda Allah-taalaya xoş gəlir. Əzrayıla nida eləyir ki, bu dəli mənim birliyimi bildi, birliyimə şükür elədi, ona görə də, ey Əzrayıl, Dəli Domrulun canının yerinə can tap, qoy onun canı azad olsun! Əzrayıl Dəli Domrula deyir Allah-taalanın əmri belə oldu ki, sən öz canının yerinə bir can tapasan, sənin canın azad olsun.
“Duxa qoca oğlu Dəli Domrul boyu” onunla bitir ki, Dəli Domrul qoca ata-anasının yanına gedir, heç biri canına qıymır. Əzrayıl deyir daha sənə kim can verəcək, gərək öz canını alım. Dəli Domrul deyir arvadım var, yad qızıdı, ondan iki balaca oğlum var, gedim tapşıracağımı tapşırım, canımı alarsan. Gedib vəsiyyətini eləyəndə arvadı məsələdən xəbər tutur. Deyir can nədi sənə qıymayım, mənim canım sənə qurban olsun. Əzrayıl arvadın canını almağa razılaşsa da, igid Domrul ömür-gün yoldaşına qıymır. Üzünü Tanrıya tutub yalvarır, Tanrının ucalığını, gözəlliyini, gücünü-qüdrətini tərifləyir, acların qarnını doyuracağına, yalınların əyin-başını geyindirəcəyinə söz verir, deyir alırsan ikimizin də canını al, sağ qoyursan ikimizi də sağ qoy. Dəli Domrulun sözü Tanrıya xoş gəlir, Əzrayıla onun ata-anasının canını almağı tapşırıb, Dəli Domrulla arvadına yüz qırx il ömür verir.
Söz yox, “Duxa qoca oğlu Dəli Domrul boyu” təkcə Tanrını tanımayanlar, özünü öyənlər, naşükür olanlar üçün görk deyil. Bu boyda çox məna, çox ibrət, çox hikmət var. Dədə Qorqud boylarının hər birində olduğu kimi bu boyda da çox dərin mətləblər yatır, onu fəlsəfi, psixoloji, ictimai, tarixi, kulturoloji, mifoloji, filoloji cəhətdən yozmaq olar. Ən müxtəlif mövzulara ondan misallar tapıb çıxartmaq olar. Mən də bu işlərdən birini gördüm. Boya insanın şükürü-naşükürlüyü mövzusundan baxdım. Boydan danışanda onun bu mövzuya uyğun yerini saxlayıb, uyğun gəlməyən yerini ya yığcamlaşdırdım, ya da tamam üstündən keçdim. Yəqin ki, insanın şükürü-naşükürlüyü bu boyun əsas mövzusu deyil, bəlkə ikinci, bəlkə üçüncü, bəlkə bundan da sonrakı mətləblərindəndi. Ayrı gözlə baxanda ayrı mətləblər tapmaq olar. Bəlkə də Dədə Qorqud boylarında şükürə-naşükürlüyə aid daha yaxşı örnəklər var, mən görməmişəm. Mənim gördüyüm bir budu, bir də bir neçə başqa boyda olan epizodik şükür eləmələrdi.
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nda Bamsı Beyrək otuz doqquz igidiylə birgə kafirlərin əlinə keçir, Parasarın Bayburd hasarında 16 il dustaq olur. Bayburd hasarının bəyinin qızı Beyrəyə aşiq olur, onu örkənlə hasardan sallayıb dustaqlıqdan qurtarır. “Kitabi-Dədə Qorqud”da deyilir: “Qız örkən gətirib, Beyrəyi hasardan aşağı saldı. Beyrək aşağı baxdı. Özünü yer üzündə gördü. Allaha şükür elədi. Yola düşdü”.
Beyrək qurtulub öz elinə – Oğuz elinə gəlir. Dastanda deyilir: “Ata-anası güldü-sevindi. Beyrəyin ayağına düşdülər. Atası:
Oğul! Qızıl tağlı evimin dayağı oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Görən gözümün işığı oğul!
Belimin tutarı, qüvvəti oğul!
Qalın Oğuzun sevimlisi, canım oğul!
– deyib çox ağladı, Allahına şükürlər elədi”.
Sonra Beyrək Oğuz elinin başqa ərləriylə birgə qalan igidləri də dustaqlıqdan qurtarmaq üçün Bayburd hasarına yürüş eləyir. Dastanda deyilir: “Beyrək otuz doqquz igidin yanına gəldi. Onları sağ-salamat görüb, Allaha şükür elədi. Kafirlərin kilsəsini yıxdılar, yerində məscid tikdilər. Keşişi öldürdülər. Əziz Tanrı adına xütbə oxutdurub, azan verdirdilər”.
“Salur Qazanın dustaq olduğu, oğlu Uruzun onu qurtardığı boy”da Salur Qazan onu dustaqlıqdan qurtarmağa gəlmiş Oğuz qoşununun önündə ağ-boz atlı, ağ bayraqlı, dəmir donlu bir igid görür. Biləndə ki, bu igid onun oğlu Uruzdu, Salur Qazan Allaha şükür eləyir, “Əlhəmdülillah, mənim oğlancığım böyük igid olub” deyir.
“Qanlı qoca oğlu Qanturalı boyu”unda, “Qazılıq qoca oğlu Yeynək boyu”nda adamlar uğurlu sonluğa görə Allaha şükür eləyirlər.
“Qanlı qoca oğlu Qanturalı boyu”nda Trabzondan Selcanı almağa gedən Qanturalı ağır sınaqlardan çıxır, qızı da götürüb sağ-salamat yurduna qayıdır. Dastanda deyilir: “Atası oğlunu gördü, Allaha şükürlər elədi. Qanlı qoca oğluyla, gəliniylə Oğuz yurduna girdi. Böyük, gözəl çəmənlikdə çadır qurdurdu. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi. Toy elədi. Qalın oğuz bəylərini çağırıb əzizlədi”.
“Qazılıq qoca oğlu Yeynək boyu”nda Qazılıq qoca 16 il Düzmürd qalasında kafirlərin dustağı olur. Yeynək böyüyüb atasını dustaqlıqdan qurtarır. Dastanda deyilir: “Yeynəklə atası xeyli qucaqlaşıb öpüşdülər. İki həsrətli bir-birinə qovuşdu. Yiyəsiz yerin qurdu kimi ulaşdılar. Tanrıya şükürlər elədilər. Qalanın kilsəsini yıxıb yerində məscid tikdilər. Əziz Tanrı adına xütbə oxutdular”.
____________
[1] “Kitabi-Dədə Qorqud” – Oğuz türklərinin ən qədim yazılı abidəsi. XVI əsrdə abidənin üzü köçürülüb. Dədə Qorqud dastanlarının bu günə gəlib çatan nüsxələri də həmin köçürmə əlyazmalarıdı.
[2] Burda mən “Kitabi-Dədə Qorqud”un 1988-ci il nəşrindən yararlanmışam (Bax: “Kitabi-Dədə Qorqud”. Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə Fərhad Zeynalov və Samət Əlizadənindi. Bakı, “Yazıçı” nəşriyyatı, 1988-ci il). Bu nəşrdə Dədə Qorqud boylarının həm orijinalı (mətnin əsli), həm də dilimizin indiki formasına uyğunlaşdırılmış variantı (mətnin müasir şəkli) verilib. Mən hər iki variantı tutuşdurub, iqtibasları mətnin müasir şəklində bəzi redaktələr aparmaqla gətirmişəm – A.Q.
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür