Azər Qaraçənli
Məhəmməd Füzuli[1] qazandığı uğurlara görə həmişə Tanrıya şükür eləyib. Şair farsca “Divan”ına nəsrlə yazdığı giriş sözündə – “Dibaçə”də təxəllüsündən də danışır[2], bu təxəllüsün ona düşərli olduğunu şükürlə qeyd eləyir. Deyir şeir yazmağa başlayanda gündə özünə bir təxəllüs götürürmüş. Hansı təxəllüsü götürürmüşsə, sonra aydın olurmuş bu təxəllüsdə başqa bir şair var. Deyir axırda özümə Füzuli təxəllüsünü götürdüm, bildim ki, bu ləqəbə ortaq çıxan olmayacaq. Çünki “füzuli” uzunçu deməkdi, danışığını bilməyən, ədəb-ərkan gözləməyən adama belə deyərlər, bu söz ərəb dilindən gəlir. Füzuli yazır bu ləqəb məni şeirlərimin başqalarının şeirləriylə dəyişik düşəcəyi qorxusundan qurtardı. Sonra şair şeirlə deyir (sətri tərcümə):
Bədnamlığım məni xalqın içində qarışıq düşməyə qoymadı,
Təkliyim mənə hünər göstərməyə imkan yaratdı,
Pis sandığım şey, şükür, yaxşı nəticə verdi,
Daşım ləl, torpağım qızıl oldu, tikanlığımda gül bitdi[3].
Şair yazır: “Həqiqətən, bu təxəllüs bir çоx cəhətdən tamam mənim istədiyim kimi оldu, mənim arzuma çоx uyğun gələn ləqəb оldu. …Allaha şükür ki, ömrümün bu bərəkətli adı daşıyaraq şeir uğrunda çalışmaqla keçən zamanı həmişə mənim üçün xeyirli оlub və bu övliya tоrpağının (şair yaşadığı İraq torpağını nəzərdə tutur – A.Q.) xeyir-bərəkətindən qələmə aldığım hər əsəri asanlıqla tamamlamışam”[4].
Füzuli üç dildə yazıb: türkcə, farsca, ərəbcə. Şair “Qəsidələr divanı”nın (burda Füzuli hər üç dildə yazdığı qəsidələri toplayıb) “Dibaçə”sində deyir: “Allaha şükür, müxtəlif dillərin açarlarıyla nəzm fənninin qapılarını açmağa başlayanda hansı qapıya çatdımsa, onu nəzər sahiblərinin üzünə açdım”[5].
Füzuli müəmmalar da yazıb. O, “Müəmmiyati-farsi”nin girişində müəmma janrına niyə üz tutduğunu anladanda şeirlə belə deyir (sətri tərcümə):
Allaha şükür, şeir fənninin hansı növündə
Yüksəlmək istədimsə Həqqin köməyilə məqsədə çatdım.
Camelik binası rəxnə tapmasın deyə,
Müəmmada da adımın çəkilməyini istədim[6].
Füzuli deyir hədsiz şükür Tanrıya düşür. O, nəsrlə yazdığı, öz dövrünün tibbi görüşlərini əks elətdirən “Səhhət və Mərəz” əsərini şükürlə başlayır. Deyir: “Hədsiz şükür – bədən bağçasını can suyuyla bəsləyib, hüsnü eşq məhvəri, eşqi də hüsnün zinəti eləyən tək Allaha layiqdi. Saysız salam elmi əqlə bəzək, əqlə sərmayə olan bir inanılmışa yaraşır”[7].
Füzuli “Mətlə ül-etiqad” fəlsəfi əsərini də şükürlə başlayır. Yazır: “Mümkünatı yaratmaq feyziylə şərəfləndirən, onları öz varlığının vacibliyinə sübut göstərən kimsəyə həmd eləyirəm ki, o, insanı dinin ehkam və qaydalarını anlamasıyla mümkünat içərisindən seçib ayırıb və insanlar içərisindən peyğəmbərləri öz bəxşiş xəzinələrinin açarları olan dəlillərlə insanlara elçi göndərib, sonra peyğəmbərlərdən bizim peyğəmbəri seçərək, onun gəlməsiylə aləmlərə göndərdiyi vəhyə son qoyub, bizi isə həmin peyğəmbərə itaət eləmək şərəfiylə başqa ümmətlərdən seçib və bizimlə mələkləri onun şahidləri eləyib.
Uşaqlıqların (ana bətninin) səhifələrində bədən üzvlərinin şəklini və hissələrinin surətini çəkən kimsəyə şükür eləyirəm ki, o, həmin bədən üzvlərini nəfslər, ağıllar, duyğular və qüvvələr mərkəzinə çevirib, Adəmə adları öyrətdiyi kimi, həmin üzvlərin iliyinə qədər ruh aşılayıb; həmçinin göylərdəki mələkləri Adəmə tabe elədiyi kimi, üzvləri də ruha tabe eləyib”[8].
Füzuli Mosul mirləvası Əhməd bəyə şeirlə yazdığı cavab məktubunu da şükürlə başlayır:
Şükr kim, rəyimcə dövran etdi çərxi-çənbəri
Tale oldu feyzi bürcündən səadət əxtəri[9].
Sufi şair, Tanrıya qovuşmağın, nəfsdən, cismani həyatdan, fani dünyadan azad olub əbədiyyət qazanmağın yolunu eşqdə, sevgidə görən Füzulinin türkcə “Divan”ındakı şükranlıqlara baxaq[10]. Şair türk “Divan”ındakı bir qəzəlində deyir ürəyimdən sel kimi axan qanlar məni hər küdurətdən təmizlədi, Allah, sənə şükür, eşqinin odu məni pak olduğum vaxt yandırdı:
Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,
Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak[11].
Başqa bir qəzəlində deyir məni qınayan ikiüzlülər məni tanımadılar, ey eşq, şükür ki, halımı alt-üst eləmisən:
Tanımaz oldu məni tənə edən əhli-riya,
Şükr kim, halimi, ey eşq, digərgun etdin[12].
Deyir mən sənə heyranam, başqalarısa səndən xəbərsizdi, şükür ona (Allaha) ki, məni öz sevgisinə layiq bilib:
Mən sənə heyranü məndən ğeyri səndən bixəbər,
Şükr ona kim, eşqinə qılmış haman qabil məni[13].
Deyir, şükür Allaha, rəğbətin (sevgin) Füzulini qorxu dairəsindən çıxarıb feyzə (həzzə) salıb, feyz alan adamlardan eləyib:
Şükr-lillah ki, Füzulini edib daxili-feyz,
Rəğbətin daireyi-xovfdən etmiş ixrac[14].
Deyir həkim eşq dərdimi aradan qaldırmağa çalışır, şükür, çətini ona, asanı mənə qismət olub:
Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,
Şükr kim, olmuş ona zəhmət, mana rahət nəsib[15].
Deyir:
Canlar verib, sənin kimi cananə yetmişəm.
Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Şükraneyi-vüsalinə can verdiyim bu kim,
Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm[16].
Deyir:
Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim,
Bağladım bir dilbərə, qurtardım ondan canimi[17].
Deyir canımın cisminə yapışan heç bir dadı-ləzzəti (zövqü) qalmadı; ah, sənsiz dirilmək ehtimalı qalmadı. Şükür Allaha, bəxt yar oldu, yetirdim özümü qılıncına, başımın boynumda bir tük qədər günahı qalmadı:
Canımın cismilə zövqi-ittisali qalmadı,
Ah kim, sənsiz dirilmək ehtimali qalmadı.
Şükrlillah, bəxt yar oldu, yetirdim tiğinə,
Başımın bir qılca boynumda vəbali qalmadı[18].
Deyir eşq yolunda mənim məqsədim ancaq məhv olmaq idi, şükür, hədəfimə çatdım, daha heç nə gözləmirəm, heç bir gözləməm qalmadı:
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı[19].
Füzuli deyir bu yoxsulluq mülkündən, aləmin aldadıcı bərbəzəyindən əl üzüb onu tərk eləmək mənə hər şeydən üstündü. Deyir, şükür Allaha, mənə əbədi dövlət (axirət) müyəssər olub. Yəni şair demək istəyir bu dünya yoxsuldu, bu dünyanın bərbəzəyi aldadıcıdı, puçdu, əsl var-dövlət əbədiyyətdə – axirət dünyasındadı, şükür, mənə belə bir əbədi var-dövlət qismət olub:
Fəqr mülki təxtü aləm tərki-əfsərdir mana,
Şükr lillah, dövləti-baqi müyəssərdir mana[20].
Şair bir qəzəlində deyir, ey ürək, ayrılığa dözməyib sevgilini istəyərsən, ancaq bu hala şükür elə, yoxsa sənə bir bəla gələr:
Ey dil ki, hicrə dözməyib istərsən ol məhi,
Şükr et bu halə, yoxsa gəlir bir bəla sana[21].
Deyir, Füzuli, yar zülm eləsə də fəryad qoparma, şükür elə, çünki onun yaxşılığı eşq əhlinə zülmdü:
Şükr et, Füzuli, etmə fəğan yar qılsa cövr,
Kim, əhli-eşqə cövrdür onun inayəti[22].
“Quran”da deyilir şükür neməti artırır. Füzuli deyir dərdim-qəmim çoxaldıqca eşq içində halım xoş olur, şad olub şükür eləməyimmi, nemətim artsın:
Çox olduqca ğəmü dərdim rəhi-eşq içrə xoşhaləm,
Füzuli, şad olub şükr etməyimmi, nemətim artar[23].
Deyir zaman-zaman qanımdan damla-damla tökülən – sənin vurduğun oxun şükranlıq səsidi ki, çıxır:
Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar,
Zaman-zaman tökülən qətrə-qətrə qanimdən[24].
Deyir ağlar halımdan səni fəryadım agah elədi. Allaha şükür, fəryadım fəryadıma çatdı:
Hali-zarimdən səni əfğanım agah eylədi,
Şükrlillah, oldu fəryadım mənə fəryadrəs[25].
Deyir:
Hiç kim yoxdur ki, naləmdən şikayət eyləməz,
Şükr kim, ərz eyləyən çoxdur sənə əhvalimi[26].
Deyir xəyalım göz bəbəyimdən köçüb könlümə yurd salıb, şükür, bu qəm viranəsi (könlüm) mənim evim olub:
Könlümü qılmış xəyali-mərdümi-çeşmin vətən,
Şükr kim, mərdümnişin olmuş bu ğəm viranəsi[27].
Şair bir rübaisində deyir (sətri çevirmə):
Mənim qəlbimi işıqlandırana və doğru yol göstərənə həmd olsun.
Şükür olsun ona ki, onunla şövq başlanır.
Ondan başqa bir kimsəni mədh eləmərəm.
Öz duamda Allahıma heç kəsi şərik eləmirəm[28].
Füzulinin farsca “Divan”ındakı şükranlıqlara baxaq[29]:
Görüşün nur verir dideyi-xunbarımıza,
Vəslətin mərhəm оlur sineyi-qəmxarımıza.
Dərd-sərsiz çatırıq vəslinə, bundan başqa
Şükri-nemət nə gərəkdir, gözəlim, karımıza?
…Qalmadı dövri-fələkdən daha bir vahiməmiz,
Bir də yetməz əli çərxin bizim azarımıza.
Ey Füzuli, daha şükr eylə ki, zülmət gecəsi
Görsənir nuri-səhər dövləti-bidarımıza[30].
***
Sanırdım öldürəcək nazlı bir nigar məni,
Vəfalı оlmadı, öldürdü intizar məni.
Vəfa da eyləməsə verdiyi şirin vədə,
О öldürüb, yenə min şükr, ümidvar məni[31].
***
Füzuli, yetdi bu gün zülfünə nigarın əlim,
Şükr ki, çərxi-fələkdən yetişdi kam mənə[32].
***
Ey Füzuli, şükrlər оlsun ki, Allah eşqinə,
Lütfi-həqq yar оldu, qəlbim bilmədi hicran, aman![33]
***
Şükr Allaha, vəfa gördüm оnun eşqindən,
Qədrimi çünki mənim yari-vəfadar bilir[34].
***
Səcdeyi-şükr eyləyərdim tоrpaq üstündə müdam,
Mən öləndən sоnra оlsa kuyi-canan mədfənim[35].
***
Füzuli, şükr elə, çərxin əcəb qоnaqlığı var:
Şərabı göz qanıdır, qəlbdən kəbab verir[36].
***
Şikvə eylərdi Füzuli, niyə bəs
İndi şükr eyləyir оl ahuyə[37].
***
Çоx şükr, ölmədim mən, bildim bu iki sirri:
Bal şəhdidir vüsalın, hicrinsə zəhri-qatil[38].
***
Məqsədim eşq yоlundaydı fəna, şükr edirəm,
Ki, məni məqsədə çatdırdı məhəbbət səfərim[39].
***
Dünən bütxanəyə düşdü güzarım, hər yana baxdım,
Səni gördüm, yıxıldım səcdəyə, şükri-xuda etdim[40].
***
Qəmi-eşqinlə öldüm, şükr оla Allaha kim, hərgiz
О nazik təbinə, cana, əziyyət vermədim bir an[41].
***
Cəhd ilə bağladım axırda qara zülfünə dil,
Şükrülillah, оnun itmək qəmi оldu batil[42].
Şair farsca “Divan”ındakı bir qitəsində deyir:
Afərin nemət verən ustada kim, şükr etməyə
Bizlərə söz lütfünün feyzin müyəssər eyləmiş.
Nəzmü nəsrin həddən aşmış bütün əmlakını
Bizlərin tiği-zəbanilə müsəxxər eyləmiş.
Sözlərin təkrarı ilə bizlərə yetməz məlal,
Hər birin bir başqa nemətlə mükərrər eyləmiş[43].
Şair bir qəzəlində deyir (sətri tərcümə):
Bizim işimiz bütün ömür bоyu aşiqlik оlub,
Allaha şükür, əbəs iş görməmişik[44].
Bir başqa qəzəlində deyir (sətri tərcümə):
İşim ağlamaq оlanda оndan vəfa gördüm, Allaha şükür,
Elə adama işim düşüb ki, işin qədrini bilir[45].
“Qəsidələr divanı”ndakı bir qəsidəsində deyir Yaradan qeybdən nemət verib xalqı sevindirəndə Haqqa şükür eləmək gərəkdi ki, nemət artsın. Deyir, şükür Allaha, din günəşi işıq salıb, göz bəbəkdən nur aldığı kimi həyat din günəşinin işığından nur alır:
Xəlqə xaliq qeybdən nemət verib qıldıqda şad,
Həqqə şükr etmək gərək ta kim оla nemət ziyad.
Şükr оla Allaha kim, salmış ziya xurşidi-din,
Göz bəbəkdən nur alan tək, nur alır оndan həyat[46].
Bir başqa qəsidəsində deyir (sətri tərcümə):
Günahın qоrхusu mənə sarı yоl tapanda
Sənin şəfaətinin səsi gəlib: “Qоrхma!” dedi.
Allaha şükür ki, əzəldən mənim həyatım
Sənin yоlunda sərf оlundu, mənasız tələf оlmadı.
Başqaları kimi deyiləm ki, qiyamət günü
Keçmiş günahlara faydasız təəssüf eləyim.
Hamının təəssüf fəryadı qоparacağı gün
Kimsə məndən şükürdən başqa bir şey eşitməyəcək[47].
Şair “Ənis ül-qəlb” (“Ürək dostu”) qəsidəsində yazır, Allah, sənə şükür, dinclikdən ötrü bir bina tikdim ki, bünövrəsi səbir, elm, təvazökarlıq mayasından oldu:
Xudaya, şükr, asayişdən ötrü bir bina tikdim,
Ki, səbrü elmü hilmin mayəsindən oldu bünyani[48].
Məhəmməd Füzuli yaz səhnələrini böyük bir sevinclə, fərəhlə qələmə alır. Onun yazın gəlişinə həsr elədiyi şeirləri şükranlıqla doludu. Şairin türkcə “Divan”ından bir tərcibəndə baxaq[49]:
Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu,
Əcəb fəsli-xucəstə, mövsimi-xoşruzigar oldu.
(Saqi, qədəhləri gətir, bağçalar da, səhralar da lalə gülüylə doldu,
Qəribə bir mübarək fəsil başlandı, xoş günlərin mövsümü gəlib çatdı.)
Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim,
Əsasi-eyş-xəlq ol xiştlərdən üstüvar oldu.
(Çiçək yarpağı torpaq üstündə gümüşü palçıqlardı,
O palçıqlar ki, eyş-işrətin təməli ondan yoğrulub möhkəmləndi.)
Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli,
Yenə daği-dili-əhli-vəfa tək aşikar oldu.
(Tər çiçəyin şəkli ciyər qanı kimi gözdən çəkilib getmişdi,
Yenə vəfa əhlinin ürəyindəki od kimi üzə çıxdı, aşkar oldu.)
Çıxardı səbzəvü gül xakdən çox ləlü füruzə,
Vəli yüz şükr kim, can xaki-payinə nisar oldu.
(Gül-çiçəklər, çəmənliklər torpaqdan çox ləl, firuzə çıxardı,
Ancaq yüz şükür ki, can (həyat) sənin ayağının torpağına qurban oldu.)
Füzuli, gər xəzan fəslində oldun müttəqi hala,
Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bahar oldu.
(Füzuli, xəzan fəslində (ömrünün payız çağında) Allahdan qorxan, mömin olsan da,
Yenə mey (şərab) iç, çünki gül-çiçək mövsümü gəldi, yaz günləri oldu.)
Açıldı ğönçə tumarı və məlum oldu məzmunu,
Budur kim: fövt qılman mövsimi-gül cami-gülgunu[50].
(Qönçənin büküyü açıldı, məzmunu-mənası, içi üzə çıxdı,
Odu ki, gül mövsümünü və al qırmızı piyaləni (şərab qədəhini) əldən buraxma, onun qədrini bil).
Türkcə “Divan”dakı bir qəsidədən parça[51]:
Kəsmə bəhari-lütfü kərəmdən ümidini,
Təcdidi-rəxti-tazəyə оlgil ümidvar.
(Lütf-kərəm baharından ümidini kəsmə,
Təzə geyimin təzələnəcəyinə ümidvar ol. Yəni təbiətdə hər şeyin yenidən başlanacağına ümidli ol.)
Cüzi xəsarət ilə məlul оlma, şükr qıl,
Yey xaki-dərgəhinə fəda böylə səd həzar[52].
(Xırda zərər-ziyana, itkiyə görə kədərlənmə, şükür elə,
Ey, sənin dərgahının torpağına belə yüz min qurban olsun.
Yəni sənin dərgahının torpağına mənim kimi yüz min adam qurban olsun.)
“Qəsidələr divanı”ndan bir qəsidə:
Novbahar oldu, cahanın yenə xoş dəmləri var,
Bağın al hüsnü gözəl, lalə kimi dilbəri var.
Göy çəmənlərdə çiçəklər verir insana fərəh,
Belə nemətlər ilə fəxr eləsən, çox yeri var.
Gülün eşqilə budaqlar ucalır əflakə,
Öyünür, qürrələnir, çünki belə ziyvəri var.
Gül gülür, tənə vurur, bax, ona sübhün küləyi
Ki, nədən aləmə tən etməyə gül kim, zəri var.
Bu təbiətlə nə xoş saziş edir gül ağacı,
Ona xələt verilib, başda yaşıl məcməri var.
Nərgis istər ola baş güllərə gülşəndə bu gün,
Bu məram ilə onun başda qızıl əfsəri var.
Yenə cansız ota can verdi təbiət təzədən,
Səfheyi-səhni-çəmən aləminin məhşəri var.
Səbəb ol səbzəyə gülşəndə bu olmuşdur kim,
Çərxin ayineyi-bağ içrə yaşıl peykəri var.
Yenə şəbnəmlə yaşıl ot bəzəmiş yer üzünü.
Sanki yerdə fələyin əncümü əxtərləri var.
Quru çör-çöplər içində təzə gül zahir olur,
Xilqətin sirrinə bax, gör nə əcəb məzhəri var.
Hələ bəh-bəh, nə ətirlər saçır ətrafa hava,
Lütf bağında onun şərilə barü bəri var.
Yaşarıq valiyi-şərin belə xoş dövründə
Ki, onun pak zəmirində nəbi gövhəri var[53].
Başqa qəsidədən bir parça:
Lütfə bax, gör nə gözəl mənzəreyi-xəzradır?!
Yenə sübhün küləyi gör necə ruhəfzadır!
Bu bahar fəsli, lətafətlə əsən badi-səba,
Hər yerə feyz aparan qasidi-xоşsimadır.
İldırım bərqi tökür dürr çiçək yarpağına,
Küləyin titrəyişi gülşənə ənbərsadır.
Qəlbinin varsa gözü, gəl çəməni seyr eylə,
Hоqei-qönçəni al gör nə dоlu səhbadır.
Çölləri seyr eləmək dövlətidir dünyanın,
Buludun kölgəsi nə sayei-istiğnadır.
Qönçənin nitqi əgər yоxsa, dəhanı vardır,
О da bu nemət üçün şükr eləyən rənadır.
Bu yaşıl оt da əgər sakit isə bir dili var,
Оnun hər nüktəsi bir nəğmeyi-müstəsnadır[54].
Məlumdu ki, Füzuli şiə məzhəbinin, imamətin tərəfdarlarından, təbliğatçılarından olub. Farsca “Divan”ının “Dibaçə”sində yazdığı “Allaha şükür ki, …bu övliya tоrpağının xeyir-bərəkətindən qələmə aldığım hər əsəri asanlıqla tamamlamışam” sözlərindən göründüyü kimi, Füzuli şiəliyin mərkəzi olan İraqda doğulub yaşamağına, bu torpaqda yazıb-yaratmağına şükranlıqla yanaşıb. Yəni şairin bir şükürü də belə bir torpaqda yaşayıb-yaratmağına olub. Füzuli bir qəsidəsində bu şükürünü geniş ifadə eləyir, Bağdadı şiə imamlarının şahlıq taxtı adlandırır, imamların Bağdada arxa-dayaq durduğunu deyir, axırda da yazır (sətri tərcümə):
Allaha şükür, Füzulinin üzünə açılmış
Bu tоrpaqdan hər bir qapı ki, fələk о qapının tоrpağıdı[55].
Füzulinin şükranlığını ayrıca İmam Əliyə həsr elədiyi şeirlərində də duymaq olar. Şair farsca “Divan”ındakı bir qəzəlində deyir:
Əzbər оlmuşdur dilimdə şanlı namın, ya Əli!
Mən kiməm, – aləmdə bir kəmtər qulamın, ya Əli!
Şükr оla Allahə kim, sayə salıbdır başıma,
Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli![56]
Şair “Qəsidələr divanı”ndakı bir qəsidəsində İmam Əlini mədh eləyəndə deyir:
Sən günəş tək cahana nur səpərkən, bir bax,
Düşmənin ləşkəri ulduz kimi pünhan оldu.
Kim ki, istərdi səni zaru pərişan оldu.
Şükr kim, axır özü zaru pərişan оldu.
Bu ərəb ölkəsinə dəydi mübarək qədəmin,
Gül açıb gör necə bir güllü gülüstan оldu[57].
Qəsidə belə bitir:
Nəcəfin təxtinə sultan о Əlidir, çünki
Qapısında nökəri huriyü qılman оldu.
Kim itaət edib оl feyzi-imamə bişək,
Həqq önündə günəhi qabili-ğüfran оldu.
Ey Füzuli, sevinib şükr elə kim, eşqi-Əli
Dini-islam ilə bu könlünə taban оldu[58].
Füzuli daha bir qəsidəsində deyir (sətri tərcümə):
Ey könül, Əlinin vəfası yоlunda başdan keç,
Çünki bu yоlda ölmək əbədi yaşamaq deməkdi.
Min şükür ki, yazıq Füzuli canıyla, könlüylə
Həmişə Əlinin aciz mədhiyyəçisidi[59].
Bütün klassik şairlərimiz kimi, Füzuli də poemalarını Tanrıya tərif deməklə, şükür eləməklə, Tanrıdan yardım diləməklə başlayır. Özünün şah əsərində – “Leyli və Məcnun” poemasında şair “Dibaçə”dən sonra “Rübailər”ə keçir, bu bölmədə yazdığı üç rübaisində Tanrıdan kömək istəyir, sözünün Leyli kimi könülaçan, şeirinin Məcnun kimi ciyəryandıran olmasını Tanrıdan diləyir. Poemanın üçüncü bölməsi belə adlanır: “Əziz Allahdan dua ilə mətləb istəmə və şükr ilə eybörtməyi diləmə”. Bu bölmədə şair yazır (Füzuli “Leyli və Məcnun”u türkcə qələmə alsa da, mən daha anlaşıqlı olsun deyə iqtibasları poemanın indiki türkcəmizdə sadələşdirilmiş variantından, özü də nəsrlə sadələşdirilmiş variantından gətirirəm): “Kəramətli Allaha həmdlər olsun! Mərhəmətli Allaha şükürlər olsun! O, başlanğıcdan əzəlidi! O, axıracan əbədidi! O, sənətiylə tanınıb! Necə böyük, necə yüksəkdi! Oxşarı, ortağı, tayı, əvəzi olmayan Allah pakdı, alicənabdı!”[60]
Poemanın dördüncü – “Tövhid gülzarının gülü və təzim bostanının növbarı” bölməsində şair deyir Tanrının gördüyü işlər o qədər yüksəkdi ki, heç şükürün də bunu layiqincə qiymətləndirməyə gücü çatmır: “Ey dünyanı bəzəyən Allah! Gördüyün işlər yalnız təhsinə (bəyənilməyə, alqışa) layiqdi! Əhsən sənə, ey kamil həkim (həkim – yəni filosof, bilici)! İşinə layiq nə şükür ola bilər?”[61]
Beşinci bölmədə (“Minacat dəryasından bir cövhər və yalvarış mədənindən bir gövhər”) şair yazır: “Ey Allah, kömək elə, ağlar və zəlil olmuşam. Dərgahına çox ümidim var. Mən bir torpaq idim, məni insan elədin, ağıl sahibi elədin, can verdin. Bu can – dərgahının torpağıdı, bu əql – yolunun yolçusudu. Mən can gülşəni içində bir tikanam, ağıl aynasının üzündə bir tozam. Nəyim var ki, özümdən nə danışam. Məni öz gözümdə məhv elə! Qüdrətim olmayan vaxtda mənə qaibanə rəğbət göstərdin, can verdin, ürək sahibi elədin, dünya işlərini dərk eləmək üçün qabiliyyət verdin. Əgər qəza misalımı surət lövhəsinə çəkməsəydi, halım necə olardı? Hələlik ki, mənə səxavət göstərilib, səadət nəsib olub. Yüz şükür ki, səninlə ixtilafım yoxdu, bunu ədalətlə etiraf eləyirəm”[62].
Poemanın “Cahilliyin etirafı və günahların təsdiqi” adlı yeddinci bölməsində şair deyir: “Ey hikmətə baxmayan kor! Zəmanənin əhvalından xəbəri olmayan nadan! Tənə eləmə ki, çərx bivəfadı, daim işi cövr ilə cəfadı. De görüm, çərx nə eləyib, ondan nə cəfa görünüb? Nəyin vardı ki, çərx əlindən alıb? O səni hansı mərtəbədən aşağı salıb? Çərx dövrana Ayı, Günəşi gətirdi; ağla qaranı (yəni işıqla qaranlığı, gündüzlə gecəni) axıtdı; gah suyu oda maneə yaratdı; gah torpağın qəmini yelə verdi (od, su, torpaq, yel kimi dörd ünsürə işarədi); arzu şamını yandırdı, hər nə dilədin, müyəssər elədi; səni heçdən bir adam elədi; yaşayış alətləri verdi. Bax, çərxin səninlə işi belədi; de görək, sən ona nə elədin? Hər an onu vəfasız sanırsan, “alçaqsan” deyə bəd dua oxuyursan. O ki sənə mehribanlıq eləyib, sən də yaxşılığa yamanlıq eləmə. Ey ruh, cəhl camını nuş eləyib, vətən məhəbbətini unutdun; bu dar yola səni kim saldı, bu tələyə haradan düşdün? Sən yoxluq diyarını tərk eləyib varlığa çevriləndə, Allahın hikməti hisslə ağılı sənə yoldaş eləmişdi ki, dünyaya gələndə dünyanın gəl-get bazarında onların sərmayəsindən xeyir görəsən. O xeyir nədi? – Allah rizası! İndi ki, zərərə düşdün, sərmayələrin tamam zay oldu, heyran, mükəddər, əliboş qaldın, əhvalın xarab, rütbən alçaq oldu, yenə gəldiyin yerə dönsən ehtirama layiq olarsanmı? Əlbəttə, zəlil və xar olarsan, bu işinlə xəcil olarsan. Ey nəfsinə uyan, bədəninə qulluq eləyən! Acgözlük azarına tutulma, çalış gor əzabı yığma, bacar, qarışqaya yem toplama! Saf mey qədəhini əlinə alma, bu burulğan səni qərq eləyər. Bəng (anaşa, həşiş) düşgünü olma, bunlar dininin aynasına pas salar. Dəf kimi köksünü əyləncə meydanına çevirmə, ney kimi nəfs havasına uyma! Şəriət yolunun ətəyini tut, şəriətə zidd nə varsa, hamısını unut! Allaha qovuşmağın yolunu axtar! Peyğəmbərin şəriətini izlə!”[63]
Şair poemada Leyli-Məcnunun eşq dastanını danışmağa keçəndə, seyrdə Leyliyə rast gələn Məcnunun dilindən belə bir qəzəl söyləyir: “Eşq meydanını görəli kamil ağıldan uzağam, ey öyüdçü, məni rüsvay görüb eybli sanma, çünki üzrlüyəm. Əgər yaxamı yırtsam, mane olmayın, çünki mən abır mətahından məhrum, ar paltarından çılpağam. Bir mənəm, bir də vəhşət (təklik, tənhalıq) səhrasıdı, sağlamlıq küncünü mənzil eləmərəm, qaranlığın toruna əsir olmaram, çünki işıq istəyənəm. Dostlar, ağıl fərmanına baş əyməsəm, bunu mənim öz rəyim sanmayın, vallah, eşq sultanının xidmətçisiyəm. Mənə dünya adamlarından kimi məzəmmət eləyir, kimi nəsihət verir, xoşhalam ki, eşq etibarilə hər dildə anılıram. Zahid, eşq bəlasını, yar dərdini tərk eləmərəm, sənin kimi nə behişt müştağıyam, nə də huri həvəskarı. Yarın qıvrım saçlarının, tağ qaşlarının xəyalıyla zövqümə bax, sanki əzəmətdə kəsriyəm (Kəsri – qədim İran şahlarının titulu), hörmətdə fəğfur (Fəğfur – qədim Çin imperatorlarının titulu). Dünyada məqsəd bir ad imiş, mən də bir ad qazanmışam, Allaha şükür, Füzuli, rind və rüsvaylıqda məşhuram”[64].
Eşq əlindən çöllərə düşən Məcnun bir dağa yetişir, bu elə bir dağdı ki, Tanrı onu “Quran”da “şiş dağlar” deyə təzimlə yad eləyib. Məcnun dağa tamaşa eləyib bir yanıqlı mahnı söyləyir. Dağdan əks-səda eşidir, dağın onunla bir nəfəs aldığını sanır. Məcnun deyir: “Mənə bir yoldaş bəsdi. Yüz şükür ki, mağara yoldaşı tapdım (“Mağara yoldaşı” – Məkkədən Mədinəyə köçəndə Məhəmməd peyğəmbərlə bir mağarada gizlənmiş sədaqətli Əbu Bəkrə verilən addı), bu dünyanı gəzdim, dost tapdım”[65].
Leyli eşq sirrini buluda açanda deyir: “Ağıl, səbir, ürək, din getdi, behəmdillah (Allaha şükür) ki, dərya sahilinə səfərdə (“səfəri-sahili-dərya” – vəhdətə hazırlıq, Allaha qovuşmaq üçün maddənin tərk olunması) yüküm yüngülləşdi”[66].
Məcnun Leylinin onun halına yandığını, onu düşündüyünü, ona şeir göndərib ondan şeir gözlədiyini Zeyddən eşidəndə sevinir, könlü açılır, deyir: “Allaha şükür ki, yarsanmış, mənim istədiyimcə varsanmış!”[67]
Leyli köç vaxtı karvandan ayrı düşüb azır, yolda rast gəldiyi adamın Məcnun olduğunu biləndə ağlaya-ağlaya şükür eləyir: “Sənsiz könlüm sınıq idi, yüz şükür ki, axır sənə yetişdim”[68]. Burda Leylinin söylədiyi qəzəldə də şükür var: “Şükür ki, fələk kamımı verdi, məni naümid qoyub, mehr-məhəbbət yolunda peşman eləmədi”[69].
Ancaq Məcnun Leylini tanımır, o elə sərməstdi ki, dərk eləmir – dünya nədi, özü kimdi, saqi olan kimdi, mey-badə nədi… Leyli özünün kim olduğunu anlatmağa çalışır, həm də deyir ki, fürsəti buraxma, mənə qovuşmaq istəyirdin, məqamdı, gəl əmanətini al. Yəni Leyli Məcnuna cismani yaxınlıq təklif eləyir. Məcnun bu təklifi rədd eləyəndə Leyli onun eşqinin saf olduğuna şükür eləyir, deyir: “Ey kamil vücud! Allahın yanına ismətlə qabil olan! Kamalının meracını sınayırdım, əhvalının keyfiyyətini sınayırdım. Əhsən ki, pak zatsanmış, pakizə varlıqsanmış! Afərin, qənaət belə olar! Ehtirası saxlamaq belə olar! Eşqində riya güman eləyirdim, xasiyyətini imtahan eləyirdim. Şükür Allaha, məlum oldu ki, təbiətində vüsal rədd olunub. Qəmli idim, məni şad elədin, bu qayğı əsarətindən azad elədin”[70].
Füzulinin mükalimə tərzində nəsrlə yazdığı, arada bir neçə misralıq kiçik şeirlər də verdiyi “Rindü Zahid” hekayəsində ata (Zahid) oğula (Rind) deyir elm öyrənməyə dərrakən çatmırsa, heç olmasa təqlidlə yaşa: “Ey Rind! Əgər idrakının nöqsanı elm öyrənməyə mane olursa, itaəti təqlid eləməyə nə var? Onda nə üçün mənim arxamca gəlmirsən? Mən ibadət yolunda zəhmət çəkirəm, nə üçün məni rəhbər tutub getdiyim yolla getmirsən? Əgər elm öyrənməkdə süstlüyün zahiri səadət qapılarını sənin üzünə bağlayırsa, gözəl əməlin nöqsanını tamamlasın. Özünü həqiqətçilər dərəcəsinə çatdıra bilməsən də, Allahın köməyilə heç olmasa təqlid eləyənlərdən geri qalmazsan”[71]. Bunu deyəndən sonra ata fikrini nəzmlə bitirir (sətri tərcümə):
Ey bu müxtəsər dairədə (dünyada)
Hünər və elm öyrənmək istəməyən!
Madam ki, asanlıqla yaşayırsan,
Şükür eləməkdə bir xoruzdan əskik olma!
Bax ki, o necə vaxtı bilir,
Təşəkkür eləmək üçün saatı başa düşür!
Onun dənini, suyunu Allah verdiyi üçün
Üzünü göyə tutub başını yerə qoyur[72].
Ata həqiqətə qovuşmağın yolunu zahidlikdə, tərki-dünyalıqda, bu dünyanın ləzzətlərindən uzaq durmaqda görür. Oğulsa hesab eləyir ki, həqiqətə qovuşmağın yolu həmin ləzzəti görüb, onu içindən araşdırıb, bilib, sonra ondan üz döndərməkdə, tövbə eləməkdədi. Ata da, oğul da düz saydığı yolla getməyi bacardığına görə Allaha şükür eləyir. Zahid deyir: “Allaha şükür ki, mən ora (meyxanaya, şərab içilən yerə) ayaq basmamışam, o cəmiyyətin tələsinə düşməmişəm”[73]. Rind deyir: “Allaha şükür ki, pis əməllərin həqiqətinə çatdım, ayağımı onun üstünə qoydum, həvavü həvəs (şəhvət, ehtiras) gözəlini aldım və boşadım”[74].
“Yeddi cam” məsnəvisində ney (qamışdan qayrılmış tütək) deyir bir vaxt qamışlıqda torpaqdan, sudan zövq ala-ala göyərib qol-budaq atırdım, qəm-qüssəsiz, xoşbəxt yaşayırdım, sonra taleyin gərdişi dəyişdi, saraldım-soldum… Ney deyir:
Ancaq ki, dünən sübh çağı bostanda gəzirkən,
Olduqca əcaib bir halı seyr elədim mən.
Bir kəndli gəlib oradaca bir meynəni tutdu,
Ondan şərab aldı, əvəzində verərək su.
Meynə verilən bu suyu aldı və içən tək
Açdı sinəsin, söylədi: gəl qənd, şəkər çək!
Qurtarmadı heç kəs dəyişən hadisələrdən,
Bu çərxi-fələk hər kəsə bir oldu əzəldən.
Hər kəs nə verib, itməyəcəkdir, qalacaqdır,
Öz verdiyinin bəhrəsini tez alacaqdır.
Bu dəhrdə almaq ilə vermək sözü, ey dil,
Bir rəsmi-zaman oldu əzəldən, bunu sən bil.
Ol fikridəyəm ərz-niyaz günləri ruzgar
Versin o şeyi ki, yenə təkrar alacaqlar.
Ahənglərim də bu işə yetmək üçündür,
Bu fikrə, bu sevdaya şükür etmək üçündür.
Zənn etdiyimin gərçi xilafı ola, ey can!
Bihudə və boşdur o qədər qorxuram ondan.
Oddan, quru torpaq ilə həm ab-həvadən,
Tapdım iki-üç gün göyərib nəşv-nüma mən.
Verdiklərini sonra hamı qapdı apardı,
Ancaq mənə o qaldı ki, əslimdə nə vardı.
Neyçin saralım mən bu işin dərdü ğəmindən?!
Dünyaya gəlirkən nə gətirmişdim özüm mən?![75]
Füzuli “Mətlə ül-etiqad” fəlsəfi əsərində yazır: “Sufilər deyir şeytan da insan təbiətlidi, ona görə şəhvətə meyl göstərir. Nəfs оna tabe оlsa, bütün yоllardan azar, оnu özünə tabe eləsə, bütün təhlükələrdən qurtarar. İnsan mahiyyətini (insan təbiətini) deməkdə məqsəd belə bir məsələni qeyd eləməkdi ki, insan törənmiş (yaranmış) varlıqdı. İnsan canişinlik (yer üzündə Tanrının canişini оlması) rəmzinə uyğun оlaraq, yer üzündəki varlıqların bəzisi оnun iхtiyarına keçərsə, yaхud adların ona öyrədilməsinə müvafiq оlaraq, elmlərin bəzisini mənimsəyərsə, özündən aşağı səviyyədə оlan yaranmışlara lоvğalıq eləməz və Firоn, yaхud Haman kimi qürrələnməz; ancaq özünün törənmə səbəbinə (Tanrıya) baхar, оnun nemətləri qarşısında şükür eləyər və оnun qüdrətini хatırlayar”[76].
________
[1] Məhəmməd Füzuli (1494-1556) – şair, filosof
[2] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. III cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 18. “Dibaçə”nin nəsr hissəsini Həmid Araslı, “Dibaçə”dəki şeirləri Məmməd Mübariz Əlizadə farscadan çevirib
[3] Orda, səh. 18
[4] Səh. 18-19
[5] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. IV cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 18. “Dibaçə”nin nəsr hissəsini Həmid Araslı, “Dibaçə”dəki şeirləri Məmməd Mübariz Əlizadə farscadan çevirib
[6] Həmid Araslı “Böyük Azərbaycan şairi Füzuli”. Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1958-ci il. Səh. 255
[7] Məhəmməd Füzuli “Əsərləri”. 5 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Elm” nəşriyyatı, 1985-ci il. Səh. 69. “Səhhət və Mərəz”i farscadan Mirzə Əsgərli çevirib
[8] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. “Mətlə ül-etiqad”ı ərəbcədən Həsən Zərinəzadə çevirib
[9] Həmid Araslı “Böyük Azərbaycan şairi Füzuli”. Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1958-ci il. Səh. 235
[10] Məhəmməd Füzulinin bəzi beytlərini sadələşdirib nəsr variantında da vermişəm. Beytləri nəsrlə sadələşdirməkdə mənə şair, tərcüməçi Atilla Maralanlı kömək eləyib – A.Q.
[11] Füzuli “Türkcə Divanı”. Mükəmməl tənqidi mətn. Tərtib eləyəni: Əmin Sədiqi. Tehran, 1996-cı il. Səh. 124
[12] Orda, səh. 179
[13] Səh. 225
[14] Səh. 43
[15] Səh. 32
[16] Səh. 144
[17] Səh. 219
[18] Səh. 219-220
[19] Səh. 218
[20] Səh. 18
[21] Səh. 17
[22] Səh. 234
[23] Səh. 86
[24] Səh. 163
[25] Səh. 99
[26] Səh. 211
[27] Səh. 230
[28] Ərəbcə yazılmış bu rübai şairin türk “Divan”ındandı. Rübainin çevirməsi bu kitabdan götürülüb: Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. I cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 365
[29] Bu sırada təqdim olunan qəzəllərin hamısını farscadan Əliağa Vahid çevirib
[30] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. III cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 68
[31] Orda, səh. 122
[32] Səh. 86
[33] Səh. 121
[34] Səh. 166
[35] Səh. 169
[36] Səh. 192
[37] Səh. 200
[38] Səh. 244
[39] Səh. 259
[40] Səh. 266
[41] Səh. 312
[42] Səh. 327
[43] Səh. 412. Qitəni farscadan Əliağa Vahid çevirib
[44] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 160. Qəzəli farscadan Həmid Məmmədzadə çevirib
[45] Orda, səh. 162. Qəzəli farscadan Həmid Məmmədzadə çevirib
[46] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. IV cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 228-229. Qəsidəni farscadan Məmməd Mübariz Əlizadə çevirib
[47] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 174-175. Qəsidəni farscadan Həmid Məmmədzadə çevirib
[48] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. IV cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 271. Qəsidəni farscadan Məmməd Mübariz Əlizadə çevirib
[49] Bu tərcibənin nəsrlə sadələşdirilmiş variantını şair, tərcüməçi Atilla Maralanlı mənim xahişimlə hazırlayıb – A.Q.
[50] Füzuli “Türkcə Divanı”. Mükəmməl tənqidi mətn. Tərtib eləyəni: Əmin Sədiqi. Tehran, 1996-cı il. Səh. 251
[51] Bu qəsidə parçasının nəsrlə sadələşdirilmiş variantını şair, tərcüməçi Atilla Maralanlı mənim xahişimlə hazırlayıb – A.Q.
[52] Orda, səh. 469
[53] Məhəmməd Füzuli “Seçilmiş əsərləri”. Tərtib eləyəni: Əliyar Səfərli. Bakı, “Maarif”, 1983-cü il. Səh. 141. Qəsidəni farscadan Məmmədağa Sultanov çevirib
[54] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. IV cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 245. Qəsidəni farscadan Məmmədağa Sultanov çevirib
[55] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 202. Qəsidəni farscadan Həmid Məmmədzadə çevirib
[56] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. III cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 385. Qəzəli farscadan Əliağa Vahid çevirib
[57] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. IV cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 205. Qəsidəni farscadan Məmməd Mübariz Əlizadə çevirib
[58] Orda, səh. 206
[59] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 202. Qəsidəni farscadan Həmid Məmmədzadə çevirib
[60] Məhəmməd Füzuli “Leyli və Məcnun”. Poemanın nəsr variantı. Nəsrə çevirəni: Sabir Əliyev. Bakı, “Maarif” nəşriyyatı, 1991-ci il. Səh. 14
[61] Orda, səh. 15
[62] Səh. 17
[63] Səh. 21
[64] Səh. 55-56
[65] Səh. 69
[66] Səh. 81
[67] Səh. 125
[68] Səh. 136
[69] Səh. 136
[70] Səh. 145
[71] Məhəmməd Füzuli “Əsərləri”. 5 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Elm” nəşriyyatı, 1985-ci il. Səh. 31. “Rindü Zahid”i farscadan Q.İlhami çevirib
[72] Orda, səh. 31
[73] Səh. 54
[74] Səh. 67
[75] Məhəmməd Füzuli “Seçilmiş əsərləri”. Tərtib eləyəni: Əlyar Səfərli. Bakı, “Maarif” nəşriyyatı, 1983-cü il. Səh. 227. “Yeddi cam”ı farscadan Böyükağa Qasımzadə çevirib
[76] Məhəmməd Füzuli “Əsərləri”. 6 cilddə. V cild. Tərtib eləyəni: Həmid Araslı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 99-100. “Mətlə ül-etiqad”ı ərəbcədən Həsən Zərinəzadə çevirib
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür