İbrahimxəlil
Orda ayla, illə, burda müxtəsər dillə…
Emin müəllim haqqında olan bu yazımı “Ədəbiyyatı çox sevən adam” adlandırmaq istəyirdim. Sonra Emin müəllim mənə tərcüməçisi olduğu “Gürcü hekayələri” kitabını bağışladı. Kitabda Quram Doçanaşvilinin “Ədəbiyyatı çox sevən adam” adlı hekayəsi də yer alıb. Ona görə də bir keyfiyyətdən başqa bir keyfiyyətə… keçid alıb, “Emin Elsevərin baş keçidi”ni yazdım. Emin müəllimin Əyriqarın ətəklərindən – Başkeçiddən olduğu, yəni bizim dağlar oğlu olduğu bir ayrı. Mən onun yaradıcılığındakı o ədəbi-bədii keçidlərə işıqlı işarələr vurmağa çalışdım ki, arada-sırada dağ keçidlərinə də bənzəyir, vadidən-vadiyə, dağlardan-dağlara keçidə də bənzəyir. Hələ çay keçidi, uçurum-yarğan keçidləri… Bütün hallarda Emin Elsevər hansı keçiddə olursa-olsun, haralardan-haralara keçid alırsa-alsın, o keçidin ana xətti ədəbiyyatdan keçir…
Və hesaba alanda ki, Emin müəllim misilli yazıçı-tərcüməçi bu çoxsaylı keçidlərdə hərdən körpüsalandır, hərdən körpüdür, onda ədəbiyyatı öz həyat tərzinə çevirən adamın içindən bir səs ucalır: bu, Mənadır, qardaş, mənna (mane olan) deyil! Necə ki, ədəbiyyat da (varlıq) heç bir zaman ədəmiyyət (yoxluq) olmayıb.
Burasını da deyim ki, bu yazıda Emin müəllimin tərcüməyə “qanköçürmə sənəti” kimi baxan unudulmazlar – Cahanbaxş, Cabbar Məcnunbəyov, Ənvər Məmmədxanlı, Zeydulla Ağayev, Tehran Vəliyev, Natiq Səfərov – misallı, tərcüməçi tərəfindən çox, “yaxınların ən yaxını” olan dost tərəfindən danışmaq istəyirəm.
Belə bir atalar sözümüz də var: “Keçid başından bəlli olar”.
Birinci keçid.
…Emin müəllimlə birlikdə qədim-qayım Tiflisin “Ustari” nəşriyyatında gözləyirik. Gözləyirik ki, Emin müəllimin dostu, mənim də ədəbiyyat müəllimim Təhməz Abbasovun yenicə işıq üzü görmüş “Ömür hədər getməyib” adlı kitabını (kitabın adını Emin müəllim verib) nəşriyyatın mətbəəsindən gətirsinlər. Biz də sevinc yağışına bələnə-bələnə götürüb gedək.
Yağış demiş, paytaxta elə yağır, elə yağır – yağışdan tut göyə çıx. Emin müəllim bu yağışda özünün yox, mənim dərdimi çəkir; axı mənim yolum uzaqdır – indən belə gedib Əyriqarın ətəklərinə yetişməliyəm.
Nəşriyyatın müdiri Tamar xanım Gelovaninin dediyinə görə, nəşriyyatın dilimizdə “namə”, “məktub” anlamını verən adını tanınmış və indi mərhum gürcü nasiri Otia İoseliani qoyub. Tamar xanım bunu da əlavə edir ki, unudulmaz Otia tərbiyəli istedadlardan (axı şeyx Sədi demiş, tərbiyəsiz istedadlar da var) olub.
Emin müəllimlə söhbətimiz “namə” üstündə gedir. Eynən məşhur Koelyonun “Kimyagər” romanındakı misallı, Emin Elsevər kimi sənət adamlarının taleyində həmişə şifrli, vaqifanə-əsrarlı namələr olub. Bəlkə bu namə elə həm də alın yazısının məzmunundan ibarətdir! Kim bilir?
Gərək bu namələrdəki işıqlı işarələri tutub gedəsən ki, qələmindən ruhunun qanı dama, barmaqların ürəyini qabar eləyə! Emin müəllimin yazıları da, tərcümələri də göz qabağındadır. Burasını da deyim ki, bu il məni üç ədəbi hadisə sevindirib: Təhməz müəllimin kitabının çıxmağı, Emin müəllimin tərcümələrinin “Azadlıq radiosu”nda yer almağı və bu ilki Qonkur mükafatının Matias Enarda verilməyi.
Amma mən Təhməz müəllimin kitabına dostu, “müxtəlif bədəndə bir ruh” olan dostu Emin Elsevər qədər sevinən görmədim.
İkinci keçid.
“Varlıq” qəzetinin 31 yanvar 2014 tarixli sayında çıxmış “Data Tutaşxia ilə birlikdə Tiflis turu” adlı yazımdan: “Keçən ilin yağışlı bir payız günü – söz vaxtına çəkər: gərək ki oktyabrda – Emin müəllimlə “Rustavi -2” telekanalının binası yaxınlığında görüşdük və Emin müəllim mənə tərcüməçisi olduğu “Data Tutaşxia”nın iki nüsxəsini bağışladı: biri mənə, biri də Emin müəllimin dostu, mənim də müəllimim və ustadım Təhməz Alı oğlu Abbasov üçün. Payızın elə bir günü idi ki, məhz belə məhzun havalarda adamın şeir yazmaq xəstəliyi baş qaldırır”.
…Tərcümə sənətinə tərcüməçinin avtoportreti kimi baxanlar da olub. Bu baxış bucağında Emin müəllimin gürcü ədəbiyyatının necə böyük dostu olduğu çox aydın görünür.
Burası da var ki, tərcümənin ölkələr və xalqlar arasında körpü olduğunu illərlə təbliğ edənlərin bəzilərinin dayaz fikirli milliyyətçi və əyalətçi olaraq qaldığını da görürük. Emin müəllimdə tam əksinədir: həmişə yeraltı axınlara, dərinliklərə baş vurur, dayazlardan uzaqdır. Bu yerdə onun Təhməz müəllimlə dad-duz dostluğunu ona görə fona çevirib önə çəkməyə çalışdım ki, onların hər ikisi bəşər övladının eyni qayğılarla yükləndiyini gözəl anlayırlar.
Emin müəlliminn tərcüməsində İ.Çavçavadzenin “Otaröyünün dul qadını”nı, V.Pşavelanın “Körpə cüyürün hekayəti”ni, G.Leonidzenin “Faytonçu Yaqor”unu oxuduqca Falesdən və Pifaqordan tutmuş, ucqar ürəyin dərin guşələrinə qədər nüfuz edən tərcümələrə görə, tək-vahid tərcüməçilərin babalarına rəhmət oxuyuruq.
Mənə gəlincə, misilləmə misal üçün, Robert Frostun (Robert Lee Frost) “Od və buz” şeirinin ruscaya tərcüməsini azı on nəfər tərcüməçinin çevirməsində oxumuşam və peşəkar tərcüməçi olmasam da poeziyanın tərcüməçi qələminin ucunda necə can verdiyini də görmüşəm, yenidən necə canlandığını da… Arada-sırada hətta az qalıram Emin müəllimdən xahiş edəm ki, unudulmaz Besikinin (Besarion Qabaşvili) müxəmməslərini (gürcücə: muxambazi) də dilimizə çevirə bilərmi? Baxmayaraq ki, o, nəsr tərcüməçisidir. Çünki Emin müəllimdə o qədər Başkeçid lirizmi görürəm!
Üçüncü keçid.
Emin müəllimin ədəbi qəhrəmanlarından biri deyir: “Mən gərək dərs deyən zaman öləydim”. Elə bircə bu bir cümləlik deyim tərzi, bu ürbənd üslub məni vadar elədi ki, onunla söhbətləşmək üçün Tiflisə gedim. Və o söhbət “Məni xatirələrə qaytardınız” adı altında əməkdaşı olduğum “Region press” qəzetinin 30.IX.2010 tarixli sayında çıxdı. Söhbətdən sitat: “…Tiflisdən arazbarı uzaqlarda, aran Dəllərində, indi dünyanın ucqar yeri kimi tanıtdığım yerində, kol ətəyində – peyğəmbər ətəyində Azərbaycan dilində verilişlər redaksiyasının redaktoru Emin Elsevərin (onda Mahmudov) səsini həsrətlə gözləyən bir ana və dörd də övladı var idi. Qədim-qayım Tiflisdə qalınqabıq qərarlaşan və oralardan yayımlanan, cəmi yarım saatlıq verilişdəki (onun da 15 dəqiqəsi “mahnı qanadları”nda olurdu) qeybdən gələn səs kimi gözəl səsi yağışlı bir axşamda:
Yağma, yağma, atam çöldədir,
yapıncısı evdədir. –
havasına köklənib, dinlədiyimiz yadımdadır. Atam çoban idi – Allah köçənlərinizə rəhmət eləsin! – radiodan gələn o gözəl səs bizə həm də onda Başkeçiddən elə, Əyriqarın ətəklərindəki atamın çaldığı tədbili-hissiyyat tütəyin səsini xatırladırdı”.
Elə indinin özündə də Emin müəllimin kökdən düşməyən və baba yurdu bürc-qala Başkeçiddən elə – Sənəkuçan, Şamdüyə, Yastıqar boyu zirvədən-zirvəyə keçid alan səsini dinləmək üçün onunla görüşməyə dəyər!
P.S. …Bayırda yağış hələ də kəsmək bilmir. Amma “Ustari” nəşriyyatına birdən-birə sanki günəş doğur: çünki Təhməz müəllimin kitabını gətiriblər. Bağlamanın birini tələsik açıram. Emin müəllim dostunun kitabını doğma balası kimi bağrına basır…
Vağzalda dostluqla bağlı metaforalar, metonimiyalar fikirləşirəm.
…Emin müəllim tərifi sevmir, amma hesab edirəm ki, bu yazımı qəbul edəcək; çünki onun baş keçidində (həm ayrı yazılıb ümumi isim bildirən, həm də bitişik yazılıb xüsusi isim bildirən Başkeçidində) mən də varam…
İbrahimxəlilin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)