İbrahimxəlil
Unudulmaz Məmməd Araz yazırdı ki, ölə-ölə yazmıram, yaza-yaza ölürəm. Bu öz arazbarı və yazağzı yasəmənli yerində. Amma unudulmaz Məmməd müəllimin bir “Vətən mükafatı”, bir də bir “Nobel mükafatı” adlı şeirləri də var. “Vətən mükafatı”nda belədir:
Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ ol”un da bəsimdi, Vətən.
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!
Bu lirizm, bu hüzn və həzinlik bütün vaqiflərə gün kimi aydındır. Amma Mirzə Qələmin iradı Məmməd Arazın “Vətən mükafatı” şeirinə deyil, 1960-cı ildə qələmə aldığı “Nobel mükafatı” şeirinədir. Şeirin misilləmə məzmunu belədir ki, can Azərbaycanın qara qızılının hesabına qazanılan o mükafat əslində “sorulub Bakının qan damarları” mənasını qaçılmaz filhəqiqət fakt kimi qabartmalı idi.
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından? –
Məmməd Arazın 1960-cı ildə (həmin ildə Nobel üzrə ədəbiyyat mükafatını Sen-Jon Pers almışdı; nümunəvi şeirlərinə görə) verdiyi bədii sual belə idi.
İndi – düz 55 il sonra Mirzə Qələm yazır ki, bəs deməzsənmi, yaxşı tutaq ki o vaxtlar müstəqil deyildik, pullar da İsveçə axırdı. Bəs indiki müstəqillik dövründə qara qızılımızın mənfəəti, sərvəti özümüzdə qala-qala biz Nobel mükafatından heç olmasa qat-qat az olan bir ədəbi mükafat təsis edib, fərqlənən yazarlarımızı təltif edə bilməzdikmi?
Mirzə Oqtay Eloğlu da (Cəfər Cabbarlının məşhur ədəbi qəhrəmanı ilə ad eyniliyi təbərrük təsadüfdür) eyləmə tənbəllik, cığallama cavab yazdı ki, sənin Sınıq körpünün o üzündə nə idbar işin var axı? Sən kimsən ki, həftə səkkiz, mən doqquz can Azərbaycanın daxili işlərinə qarışırsan? Məgər oralarda az qala hər qəzetin, hər saytın, hər jurnalın ayrılıqda öz mükafatı yoxdurmu? Biri fərqlənənə planşet verir, biri “qızıl” qələm verir, biri “gümüş” qələmdan… Qədir bilməyənin qədir ağacı qurusun görüm! Məgər yazar adam elə pul üçünmü işləyir? Axı onun kasıb həyatı nəyə desən dəyər! Bir də ki, bu qədər “Qızıl qələm” mükafatı olan məmləkətdə kasıblıqdan sözmü açıla bilər?
Deyilənə görə, Mirzə Oqtay Eloğlunun lurkofobiya xəstəliyi var: yəni tarixə düşməkdən qorxur! Borçalı ədəbi mühiti üçün bu, bir qədər suri-İsrafil səslənmirmi?
Aradan çıxan iylənmiş olur deyə, mən aradan çıxmıram. Neyləyim? Zanq şkalam da yoxdur ki, Mirzə Oqtay Eloğlunun (elə Mirzə Qələmin də) qorxu hisslərini, hüzni-yetimanə həyəcanlarını ölçəm!
Bilirəm ki, lurkofobiyadan dolayı, Sınıq körpünün bəri üzündə indiyəcən bircə ədəbi mükafatın olmamasının üç (ustadlar da ustadnaməni üç demədimi?) üz-astar səbəbindən biri, bəlkə də birincisi, həmin ədəbi mükafatı kimin adına təsis etməkdədir. Baxmayaraq ki, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Məhəmməd ağa Şahtaxtlı, Mirzə Cəlil Məmmədquluzadə kimi görkəmlilər, Nərimanov, Abdulla Şaiq kimi unudulmazlar bir müddət Sınıq körpünün bəri üzündə yaşayıb-yaratmışlar. Hələ həmin “bir müddət”in dünya illəri ilə yox, Axirət illəri ilə hesablanmalı olduğunun hansı arazbarı anlama gəldiyini də bəsirət gözünüzün üstünə alın… Onu da unutmayın ki, bu sərhesab siyahıda beşqat borçalılardan olan İsa İsmayılzadə, Eyvaz Borçalı, Zəlimxan Yaqub – siyahını Başkeçiddən Qaraçöpə uzatmıram – da var…
Mirzə Qələm Etimad Başkeçidin son gəlişində ona yarızarafatla dedi ki, bəlkə bir “Əyriqar” ədəbi mükafatı təsis edək. Etimad da qayıtdı ki, sənətkar (“sənətkar” Etimadın leylək qələm sahiblərinə səmimi müraciət formasıdır), Əyriqar düzilqarlı olsa da bu sözün tərkibində bir “əyri” ənbərbu yatır; Mirzə Halaypozan Xanəxərab bu adda, bu bazburudda mükafatın təsisinə razılıq verməz.
P.S. Bu qədər nominant çoxluğunda Fransanın “Qonkur” (fr.Prix Goncourt) mükafatının da, İngiltərənin “Buker” (ing. Booker Prize) mükafatının da, Anti-Bukerin də, Nobelin də, Şnobelin (шуточная Нобел) də, İspaniyanın Servantes ədəbi mükafatının da (isp. Premio Miguel de Servantes) laureatları təzə ilin gəlişinə qədər bəlli olub…
Dünyada müşk-ənbər mükafat marafonunun başa çatmağına baxmayın. Buralarda hələlik mükafatın adının olmadığı səbəbindən mükafat marafonu da başlamayıb. Çünki buralarda bəziləri marafonu – eynən qədim Yunanıstanda olduğutək – Marafon kəndindən Afinaya qədər qaçmaq mənasında qanır; guya 42 kilometr, 195 metrlik (26 mil, 385 yard) məsafəni qaçmaq elə addımbaşı asan imiş… Amma elə ki, mükafata Mirzə Halaypozan Xanəxərabın xalası oğlunun, ya da özünün adını verdin, bir də görəcəksən kəndinin adını da dəyişdirib qoydu “Marafon”… Heç gürcü əlifbasında “F” hərfinin olmadığına da baxmaz…
…Allah Mirzə Cəlilə bir də rəhmət eləsin; özü də qəni-qəni…
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə)