
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının 60 yaşı münasibətilə nasirin “Yolüstü söhbət” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçının “Zədə” romanı, povestləri, doxsanıncı, ikimininci illərdə yazdığı hekayələri toplanıb.
Qeyd edək ki, Saday Budaqlının povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına Ümumittifaq mükafatına layiq görülüb. Moskvanın “Nedelya” həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, Litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
“Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.