Bizim çay: mədəni irsimiz
- 01 Oktyabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Azərbaycan xalqının çay ənənəsi milli mədəniyyətin vacib səciyyəsidir. Keçən il bu mövzuda elmi tədqiqat, monoqrafiya çapdan çıxıb: “Azərbaycanda çay mədəniyyəti”. Müəllifi tarix elmləri doktoru İlhamə Gülbala qızı Məmmədovadır. Bu mövzu davamlı diqqətdə olmalıdır.
Nə üçün bəzi xalqlarda şərab, araq, qəhvə, pivə ünsiyyət vasitəsi sayılır, bizdə bu missiya çaya həvalə olunub? Şübhəsiz ki, bu seçim xalqın mental fitrəti ilə bağlıdır. Azərbaycanlılar ünsiyyəti qarşılıqlı hörmət və izzət, yüksək amallar əsasında qurmağa üstünlük verir. Alkoqol “dostluğu” isə mənəvi meyarları laxladır, lüzumsuz ifadələr (bəzən hətta söyüş) dilə gətirir…
Ümumiyyətlə, üç-dörd nəfər ünsiyyət üçün masa arxasına əyləşəndə simvolik bir izhara, “göstərgəyə” ehtiyac duyulur. Məsələn, diplomatlar müvafiq bayraqlar ortaya qoyur… Azərbaycanda dostluq mühiti çay mərasimi ilə əyani nümayiş olunur. Çay isti içkidir, bu, münasibətlərin soyuq və etinasız deyil, səmimiliyinə işarədir. İsti çayı armudu stəkanda götürdükdə o, barmaqları yandırmır. Onun həcmi elə ölçülüb ki, çox böyük olmasın; saat yarım, iki saat ərzində üç-dörd dəfə yeniləmək mümkün olsun. Həm də çay armududa gec soyuyur. Çay sanki ailə ocağının istisini ortaya çıxarır, samovar çayında isə közün, kömürün qoxusu hiss olunur və bu, adama daha da xoş gəlir. Çay qaynar olmayanda istehza ilə “hamam suyudur” deyirlər.
Elektriklə, ya közlə işləyən samovar az qala hər evdə var. Özü də qayğı və hörmət obyektidir, sanki ailənin doğma bir üzvüdür. Evə qonaq təşrif buyursa, samovar xoş dostluq mühitinin yaradılması işinə cəlb olunur.
Azərbaycanlılar (mütləq əksəriyyət) qara çay içir. Yaxşı çay “xoruzpipiyi”, yəni al rəngdə olmalıdır. Dəm çaynikindən çayı xüsusi süzgəcdən tökürlər ki, stəkana çay dənələri düşməsin. Sonra samovardan qaynar su əlavə edilir. Suyun yumşaq və şəffaf olması keyfiyyətə daha yaxşı təsir göstərir. Bu səbəbdən imkan daxilində çay üçün cod, ya artezian suyundan yox, daşdan süzülmüş sudan, yaxud bulaq suyundan istifadə edilir.
Yerli adətlər də var. Məsələn, Şəkidə çay üçün xüsusi qənd bişirirlər, bu qəndi göy, sarı, yaşıl, çəhrayı rəngə boyayırlar və qənd qayçısı ilə xırdalayıb ortaya qoyur, süfrəyə rövnəq verirlər. Qonağın xahişi ilə çaya kəklikotu, sarı çiçək, mixək və s. qatıla bilər. Çay süfrəsində adətən müxtəlif mürəbbələr, şirniyyatlar, limon təqdim edilir. Bunun üçün xüsusi şüşə və bəzəkli büllur kasa və nəlbəkilər, “rozetkalar”, xırda çay qaşıqları istifadə olunur.
Azərbaycanda çay mərasiminə uyğun zəngin mürəbbə çeşidləri hazırlanır: zoğal mürəbbəsi, gilənar mürəbbəsi, gilas mürəbbəsi, qoz mürəbbəsi, gül mürəbbəsi… Bütün bunlar ünsiyyəti şirin ovqata kökləndirmək üçündür.
Çay mövzusu bizim mədəni mühitimizdə – musiqidə, şeirlərdə, rəsm əsərlərində və s. geniş miqyasda öz əksini tapır. Məsələn, “Küçələrə su səpmişəm” xalq mahnısında “…Samovara od salmışam, istəkana qənd salmışam, yarım gedib, tək qalmışam…” sirdaşını intizarla gözləyən dostun hisslərini izhar edir. Yaxud: “Kimin ağrıyır canı, qoy çay içsin mərcanı…”.
“Nəlbəki rəqsi”ni də misal göstərmək olar.
Azərbaycan uşağına körpə yaşında belə (xüsusən ağlayanda) azacıq da olsa çay qatılmış, cüzi şirinləşmiş ilıq su verilir. Səhərlər uşaqlar məktəbə, böyüklər işə yollananda mütləq çay içib evdən çıxırlar. Kiminsə evində dünyasını dəyişən olanda mərhumun yaxınları ilk növbədə molla və çayçı çağırırlar. Hüzr günlərində çay çox vacib sosial vəzifəyə xidmət edir. İnsanları yaxınlaşdırır, söhbətlərlə sakitləşdirir, mərasim standartları və etik normalar vasitəsilə kədəri cilovlamağa kömək edir. Hüzrə gələnlər məhz çay və qənd ianə edirlər mərhumun ailəsinə. Çay xoş gündə də bizim yanımızdadır: qız evinə gələn oğlanın elçilərinə çayın dili ilə qərar verilir. Razılıq varsa, qonaqlara şirin çay verirlər…
Ötən əsrin 70-80-ci illərində Gəncədə çini qablar zavodu fəaliyyət göstərirdi. Burada eyni zamanda çay mədəniyyətimizlə bağlı gözəl işlər görülürdü. Nəfis zövqlə, milli naxışlarla bəzədilmiş çayniklər, çay saxlama qabları, güləbdanlar və s. istehsal edilirdi. Əfsanələrdə, nağıllarda, poeziya əsərlərində vəsf edilən obrazlar çini qab-qaçaq üzərinə solmaz boyalarla həkk olunurdu. Bizə məxsus ornamentlər, təbiətimizə xas olan bitkilər, gül-çiçəklər, miniatür rəsm nümunələri, butalar və s. bəzəyirdi bu əşyaları. Əslində bu, yeni bir bədii məktəbin təşəkkül tapması idi. Heyf ki, bütün bunlar sonrakı dövrlərdə sıradan çıxdı. Bunun bərpasına indi böyük zərurət var.
Bir məsələni də vurğulamaq lazımdır. Hamı çinlilərin və yaponların çay mərasimlərinin dəyərindən böyük maraqla danışır və bu doğrudan da həmin xalqların yaratdığı gözəl mədəniyyət nümunəsidir. Biz azərbaycanlılar da öz sözümüzü deyə bilərik. Yetər ki, müvafiq dövlət təsisatları və təəssübkeş milli ziyalılarımız məsələni UNESCO səviyyəsində qeyri-maddi mədəni irs statusuna təqdim etsin və bununla bağlı bir sıra işlərə rəvac versinlər.
İsmayıl Vəliyev