7 iyul axşamı. Sadiqdən zəng gəlir.
51 ilin dostuyuq. Şuşanın 4 nömrəli məktəbində, bir sinifdə oxumuşuq.
***
…Bizim uşaqların son yolçuluğu çoxdan başlayıb.
Əcəl Mehmanı alıb aparanda 1986-cı ilin yayı sovulurdu. Onda hələ nə itkilər adiləşmiş, nə illər başımıza uçmuşdu.
Sonra hər il itkiyə calandı, yaddaşa güvənməyib əlifba düzümünə keçdik: Cavid, Fazil, Gülmira, İlyas, Kamal, Malik, Nizami, Ramazan, Rauf, Reyhan, Rövşən, Şaiq, Şamama, Sevil…
Sinif yoldaşı, paralel oxuyan demirik, eləcə bizim uşaqlar deyirik.
İndi bu nisgilli cərgədə Sadiq də yer alır. Hər danışanda “Uşaqları yığ, ömür gedir” deyərdi.
…23-cü ilin mayındakı görüşümüzə diri gəlmişdi. Amma məclis boyu heç dilindən düşmürdü: “Az ömrümüz qalıb, tez-tez görüşək”.
Sentyabr savaşında oğlu Ayxan yaralananda hər gün hal-əhval tuturduq. Hər yol da kövrəlirdi: “Uşaq sağalsın, cəmləşək”.
Noyabra qismət oldu, zabitimizin başına toplaşdıq.
İl döndü, 24-ün yanvarında qızlarla bir araya gəldik. 40 il yarımda belə xoşbəxtlik olmamışdı. Sadiq də sevincdən uçurdu. Heç bilməzdik qəfil xəstəlik başının üstünü alar.
***
Yazdır. Xızıda toplaşmaq fikri ortaya çıxır. Sadiq 28 il Xızı polisində xidmət keçib. Ona güvənirəm. Zəng vuranda görürəm tərəddüd eləyir. “Sənsiz bizi Xızıya buraxmazlar” deyirəm. Bilmirəm canı necə ağrıyır.
Mayın 28-i. Xızı yolu ərəfəsi. Tanımadığım nömrədən zəng gəlir. Titrək bir səsdir:
– Hikmət qardaş, Sadiqin yoldaşıdır, bilməsin zəng vurmuşam. Nigaranam, qoymayın soyuq bir şey içsin…
…O məclisdən yazıda belə bir qeydim var: “Sadiq bir az ağrıyır. Keçəcək. Ən böyük ağrını geridə qoymuşuq”.
Görürdüm çox ağrıyır. Bir neçə ayın içində üzülmüşdü. Amma doğrudan inanırdım keçəcək.
Hər danışanda səsi sozalsa da, çox inanırdım…
Ona görə 7 iyul axşamı gələn zəngə diksinmədim.
Telefonun ekranında “Sadiq” yazılmışdı:
– Hay can, qaqa!
Sadiqin nömrəsi idi. Amma səs Sadiqin səsi deyildi. Maydakı həmin titrək səs idi:
– Hikmət qardaş, Sadiq…
***
…Gözəl ailəsi var Sadiqin. Böyük oğlu Valeh də zabitdir. Qeyrətli uşaqlardır.
Valehin toyunda olmuşuq. İnşallah, Ayxanın da toyunu görəcəyik, təki dostlar sağ olsun.
Hikmət Sabiroğlu
Yeni ayrılıq
Nə vaxt yığışırıq?