İsti suda soyuq günəş (Hekayə)
- 08 İyul 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Zümrüd Yağmur
Kiçik, yayda tozlu, qışda palçıqlı yolları olan kənddə yaşayırdım mən.
O kənddə Cəmilə xala da yaşayırdı və əri Əfqan ildə bir dəfə Rusiyadan kəndə dönür, bir neçə ay kənddə qalıb yenə də Rusiyaya qayıdırdı. O geri döndükdən sonra aylar keçirdi və Cəmilə xalanın yenə balaca uşağı olurdu. Bizim evin sağ tərəfində, yolun o biri yanında Cəmilənin palçıqdan kəsdiyi kərpiclərdən tikdiyi evin həyətində uşaqların sayı artdıqca mən Əfqana daha çox nifrət edirdim, həm də qorxurdum. Əfqan uca boyu, arıq üzü, qara dərisi ilə hamıdan seçilirdi. İri, çəhrayı dodaqları, donqarlı burnu vardı. Çox qaraqabaq adamdı və bu yanı ilə kəndin bütün kişilərinə bənzəyirdi. Amma Cəmilə xala kəndin digər qadınlarına heç bənzəmirdi.
Cəmilə balaca, arıq, qarayanız qadın idı. Adətən, kənddə ərə gedən qadınların hamısı bir-birinə bənzəyirdi. Hamısı saçını iri, adına “zajim” deyilən sancaqla boynunun arxasında toplayırdı, geyindiyi yubkaların forması, uzunluğu, o yubkanın altından yayda geyindikləri rezin ayaqqabı, qışda eyni şəkildə qara, parlaq rezindən olan qaloş hamını bir-birinə bənzədirdi. Əslində, Cəmilə xala da qara, qalın saçlarını eyni şəkildə toplayırdı. Ancaq Cəmilə xalanın hamıdan fərqli yanı vardı. O kənddə gülməyən, hətta biri gülməli söz deyəndə əlini ağzına aparıb həya edən qadınlardan fərqli olaraq həmişə qəhqəhə çəkib bərkdən gülürdü və bu, mənim çox xoşuma gəlirdi.
Cəmilə xalanın anası o balaca olanda ölmüşdü. Atası sərxoşluq edib Cəmilə xalanı və bacılarını tez-tez döydüyünə görə kənddə hamının onlara yazığı gəlirdi. Cəmilə xalanın atasını – Cəbini görəndə nədənsə mənim də canıma qorxu düşürdü, amma Əfqandan daha çox qorxurdum.
Cəmilənin böyük qızı Zərifə ilə biz eyni sinifdə oxuyurduq. Zərifənin əynində anamın “daha köhnəlib” deyib otağımdan çıxardığı paltarlarımı tez-tez görürdüm. Kimsəyə bundan bəhs etməzdim, anam bunu mənə bərk-bərk tapşırmışdı. Amma məncə, hamı Zərifənin əynindəki paltonun, ayağındakı botun mənimki olduğunu bilirdi. Çünki onun geyindiyi ildən əvvəlki il həmin paltarları mən geyinirdim. Zərifə arıq, bənizi solğun bir qızdı və həmişə də arxa partada oturub səssizcə müəllimləri dinləyirdi. Kimsəyə qarışmazdı və mənə elə gəlirdi ki, o da atasından – Əfqandan qorxur. Çünki ildə bir dəfə atası gələndə Zərifə heç sevinənə bənzəmirdi, əksinə, atası gedəndən sonra solğun üzünə sanki gözə görünməz, amma mənim sezdiyim xəfif bir təbəssüm qonardı. Cəmilə xalanın uşağı olandan sonra Zərifə bir həftə məktəbə gəlməzdi və anam “başı batmış yenə saldı Cəmiləni dərdə, birini də doğdu” deyib arıq, cavan olmasına baxmayaraq, ağzında dişlərinin qara kötükləri görünən, bizə gələndə gözünə görünmək istəmədiyim qonşu Laləyə gileylənərdi.
Sonra məktəb bitir, yay tətili başlayanda Zərifə özündən kiçik, sayını itirdiyim bacı-qardaşlarının qayğısına qalardı, Cəmilə xalasa bütün günü evinin qarşısındakı dərin kanaldan su daşıyıb bostanı sulayardı.
Biz kəndin ən zəngin ailəsi idik. Atam da kəndin başqa kişilərinə bənzəmirdi, onlar kimi geyinmirdi. Amma anam eynən başqa qadınlar kimi idi və hər dəfə atam evə kənddəki qadınların geyindiyi uzun yubka, bədənə yapışan dar köynəklərdən fərqli bir paltar alıb gətirəndə anamın da fərqli olacağına ümidlənirdim. Amma hər dəfə də ümidim boşa çıxırdı və atamın aldığı o fərqli paltarlar eləcə orda qalırdı. Hansısa məşhur müğənniyə bənzəmək üçün həmin paltarları geyinib, anamın toya gedəndə atamın təkidi ilə geyindiyi hündür daban ayaqqabıları ayağıma taxıb, əlimə aldığım taxta qaşığı ağzıma tutub gözlərimi yumanda özümü dünyanın xoşbəxti zənn edirdim.
***
Bu yay deyəsən heç maraqlı keçməyəcəkdi. Çünki hər il Gəncədən gələn, yay tətilini bizdə keçirən əmimin uşaqları (əslində, “əmi” dediyimiz atamın əsgərlik yoldaşı olmuş Famil idi) bu yay gəlməyəcəkdi. Hər il onlar yayda bizə gəlir, bütün günü oynayıb bir də axşam anamın deyinməsi ilə evə yığışardıq. Bu il mən gələcək üç yaşıdımla birlikdə tamaşa oynayacağımızı planlamışdım. Ən çox qardaşım Ceyhundan bir yaş böyük olan, bizə gələndə kənddə qızların diqqətini çəkdiyini keçən yay hiss etdiyim Əli ilə eyni tamaşada oynamaq mənə həyəcanlı gəlirdi və mən son ayı bunun xəyalını qurmaqla keçirmişdim. Lakin bu xəyalları quranda onu da bilirdim ki, Əli ilə tamaşada oynamaq mümkün olmayacaq, çünki onlar, Əli, Ceyhun, anamın dediyi kimi, artıq “yekə kişi” idi.
Anam onların bu yay gəlməyəcəyini, Goranboya gedəcəyini söyləyəndə bütün həvəsim qaçmışdı və yay tətilinin sıxıcı keçəcəyinə əmin olub özümü kitablara vermişdim. Evdə əlimə keçən ilk kitab “İndiana” olmuşdu və mən kitabı oxuduqca İndiananın Ralfı sevmədiyinə necə əsəbləşmişdimsə, bir gün ağlamaqdan özümü saxlaya bilmədikdə, məktəbdə də gözünü üstümdən çəkməyən, buna görə də zəhləmi tökən, hətta qardaşım olduğuna lənətlər yağdırdığım Ceyhun məni ələ salıb gülmüşdü.
– Qız oldun belədi. Nədi, kitaba görə ağlayırsan, sulugöz, – deyəndə qüruruma toxunmuşdu və mən ona qışqırıb əncir ağacının altında qurulmış küləfərəngiyə gedəndə də ağlamışdım. Bu dəfə tək İndianaya acıqlı deyildim, Ceyhuna hətta nifrət edirdim.
Anam axşama doğru məni səsləyənə qədər tərpənmədim. Anam Əlinin digərləri kimi Goranboya getmək istəməyib bizə gələcəyini deyəndə həyəcanlandığımı Ceyhun hiss etməsin deyə əlimdəki qaşığı sıxıb gözlərimi qarşımdakı boşqabdan ayırmadım.
– Niyə o gəlir, qalsaydı ailəsi ilə Goranboyda. Nə edəcək burda tək?
– Tək niyə olur, sən, Günəş var.
– Günəş oğlan deyil, onunla vaxt keçirə bilməz.
Anam gülümsünüb başını buladı.
– Günəş Əlinin bacısıdır, sənin bacın olduğu kimi. Dəlilik eləmə, Əlinin yanında da belə danışsan ayıb olar, – anam Ceyhunun üzünə baxıb ondan razılıq almayana qədər də nəzərlərini çəkmədi.
“Mən hardan Əlinin bacısı oluram?” fikrimdən keçəni deyib etiraz etmək istədim, amma susdum. Özümü Əlinin bacısı hesab etmirdim və məncə, Əli də məni bacısı saymırdı.
Bu gün Əli gələcəkdi. Mən erkən oyansam da yataqdan qalxmadım. Ceyhun bu iki gündə məni lap boğaza yığmışdı və diqqət çəkməmək, Əlinin gəlməsinə laqeyd olduğumu nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırdım.
Əli günortadan sonra gəldi. Mən pəncərədən onun maşından necə düşdüyünü, anamla görüşdüyünü, Ceyhunla qucaqlaşdığını gördüm. Yerimdən tərpənə bilmirdim, amma gözümü ondan çəkə də bilmirdim. Əli keçən yaydan bəri xeyli böyümüşdü, uzanmışdı. Üzü əvvəlki kimi solğun, amma yaraşıqlı idi.
– Günəşş, Əli gəldi, – anam məni səsləyənə qədər də otaqdan çıxmadım. Əliyə çatanda necə hərəkət edəcəyimi bilmədim, yaxşı ki, Əli məni görən kimi sakitcə yaxınlaşdı, məni Ceyhunu qucaqladığı kimi deyil, xəfifcə qucaqladı.
Ondan şam ağacının qoxusu gəlirdi.
***
Səhər tezdən anamın səsinə oyandım. Cəmilə xalanın adını çəkib bərkdən nəsə deyirdi. Yay evi dediyimiz, əsas evdən kənarda, üçmərtəbəli evin ən yuxarı qatında qardaşım, Əli və mən yatmışdım və anamın səsinə oyansaq da Əlidən başqa kimsə reaksiya vermədi.
– Heç nə, anam belə bərk həyəcanlanıbsa, demək, Cəmilə xalanın yenə də uşağı olacaq, – qardaşım laqeydcə deyinib başını yastığın altına soxdu. Əli onun dediyindən heç nə anlamamışdı.
– Qonşudu, Cəmilə xala, qorxulu əri var, həm də çox pis adamdı. Rusiyada yaşayır, ildə bir dəfə gəlir, o gəlib gedəndən sonra Cəmilə xalanın da balaca uşağı olur. İndi yenə də.
Əlinin gözləri genişləndi, amma heç nə deməyib başını astaca yastığa qoydu.
Biz qalxıb endikdə anam artıq evə dönüb quymaq bişirmişdi. Cəmilə xalanın uşağının olmasında tək sevindiyim şey quymaq bişməsi idi. Anam həmişə çox bişirirdi və mən bol yağlı, şirin quymağı yeyəndə Əfqandan qorxduğumu unudurdum.
Yay tətili Əli gələndən sonra dəyişmişdi. Hər gün qalxıb saçlarımı darayıb ən sevdiyim paltarımı geyinəndə Ceyhunun necə fısıldayıb narazı qaldığını hiss edirdim. Amma Əlinin burda olması məni elə xoşbəxt edirdi ki, Ceyhundan qorxmaq yadımdan çıxmışdı. Səhər qalxıb yeməyimi yedikdən sonra anam məni çağıranda dilxor oldum. Yəqin yenə iş tapşıracaqdı. Halbuki bu günə mənim başqa planlarım vardı.
– Ceyhungil bu gün balığa getmək istəyir. Sən…
– Mən nə? Mən də balığa gedə bilərəm, – dediyimə özüm belə inanmırdım.
– Qzlar balığa getmir, sənin işin evdədir.
– Gedə bilərəm, – anamın mənə bir qapaz ilişdirəcəyini gözə alıb dirəşdim.
– Gedə bilməzsən, artıq on beş yaşın var, – anamın səsi ciddiləşəndə məğlub olduğumu anladım.
Keçən yay mən kəndin kənarından keçən, ancaq oğlanların üzdüyü, qızların getməsi qadağan olunmuş kanala çimməyə gedən oğlanlara qoşulanda olanları, anamın məni döyməsini, atamın üstümə yeriməsini xatırlayıb susdum.
Amma asan da təslim olmaq istəmirdim.
– Sən heç balığa gedibsən, yəni balıq tutmağa?
Anam əlindəki xəmiri saxlayıb başını qaldırdı.
– Bu fikirlər hardan gəlir sənin ağlına? Nə balıq, qadınlar balıq tutmağa getmir, kişilər tutur, biz də onu bişiririk. Hərənin öz işi var. Sən də get Cəmilə xalagilə, o bağlamanı götürəcəksən, – anam başı ilə bir az kənardakı torbanı göstərdi.
– Yaxşı, götürərəm. Sən tarix kitabında ibtidai icma quruluşu haqqında oxumusan? – anam başını qaldırıb key-key üzümə baxdı.
– Hə… Yenə nə boş danışırsan?
– Heç nə, kişilər mamont ovlayırdı, qadınlar bişirirdi. Mamontların nəsli kəsilib yaxşı ki… Yoxsa bu gün evdə balıq yox, mamont bişəcəkdi.
Anam başını aşağı salıb xəmiri yoğurmağa davam etdi. Onun nə hiss edib nə düşündüyünü anlaya bilmədim. Həmişəki kimi acıqlanıb əlinin altındakı nəyisə mənə qolazlamadığına da təəccüblənib bir az kənardakı torbaya yaxınlaşdım.
Bunlar mənim köhnə paltarlarım idi.
Darvazadan çıxıb Zərifəgil tərəfə boylandım. Hər dəfə paltarlarımı yığıb elə mənimlə də Zərifəyə göndərmək pis idi, çünki Zərifə də, mən də utanırdıq. Amma bunu anama desəydim, bəhanə etdiyimi söyləyib danlayacaqdı. Yolu keçib Zərifəgilin bizim dəmir, böyük darvazamızdan fərqli olan balaca, taxta həyət qapısını itələdim. Həyətdə kimsə gözə dəymirdi, Zərifəni də səsləmək istəmirdim, amma torbanı bir şəkildə onlara çatdırmalı idim. Həyətdə qoyub gedə bilməzdim, hərcənd ki, ağlımda olan fikir bu idi.
Zərifəgilin həyəti bizim həyətə də bənzəmirdi. Həyətdə çoxlu toyuq vardı. Ev kanala yaxındı, qarşı tərəfdə qapalı su hovuzu vardı. Evin divarları kələ-kötürdü, bizim evin divarlarından fərqli olaraq boyanmamışdı. Amma Cəmilə xalagilin həyətindəki güllər, məncə, kənddə hamının həyətindəki güllərdən gözəldi. Sarı, qərənfilə bənzər güllər qırmızı, kənddə hamının “saat gülü” dediyi qırmızı güllərin ortasında çox gözəl görünürdü.
Torbanı yerə qoyub bir xeyli gözlədim. Bir neçə dəfə Zərifəni çağırmaq istəsəm də səsim çıxmadı elə bil.
– Anam deyir içəri gələ bilər.
Bilirdim ki, Cəmilə xala məni görməyib, amma Zərifə heç vaxt özü qərar verib kimsəyə də nəsə deməzdi və mən onun bu xüsusiyyətinə əsəbləşirdim. İndi də onun “anam deyir içəri keçə bilər” cümləsinə qəzəbləndim, hətta “yalan danışma, sən istəyirsən, qorxaq” deyib onu yumruqlamaq istədim. Amma anamın qəzəbli üzünü xatırlayıb dayandım. Çünki “oğlana oxşayırsan, böyüdükcə bizi biabır edəcəksən” deyib hər dəfə mənim üstümə yeriyəndə bağrım yarılırdı.
– Balaca qardaşımı görmək istəyirsən?
Mən balacanı görmək istəmirdim, amma o anda nə deyəcəyimi bilmədim və Zərifənin arxasınca evə girdim.
Beşikdə balaca, çəhrayı rəngdə uşaq yatırdı. Əslində, mənə heç sevimli gəlmədi, hətta Əfqanın üzünü xatırlayıb o çəhrayı uşağın də ona bənzəyəcəyini düşünüb geri çəkildim. Zərifənin qardaşına sevgi ilə baxması da mənə o anda iyrənc göründü və o anda “Anamın çoxlu uşaqları olsa mən onları belə sevə bilmərəm. Niyə sevir? Onların bütün əziyyətini o çəkmir sanki?” düşünüb qeyri-ixtiyari Zərifənin əllərinə baxdım. Kobud və dərisi çat-çat idi və bunu gördükdən sonra qəzəbim soyudu. Hətta zorla gülümsünüb körpənin adını da soruşdum. Zərifə adını söyləyib anasının üzünə baxdı.
– Qorxma, istəsən əlinlə toxuna bilərsən.
İndicə biri zorla əlimi tutub Əfqana toxunduracaqmış kimi hiss etdim.
Axşam anama uşağın Əfqan kimi çirkin olduğunu dedim, o üstümə çığırıb məni otaqdan qovanda bütün bunların Əlinin yanında olmasından başqa heç nə canımı incitmədi.
Səhəri gün günortaya doğru əncir ağacının altında oturub boş-boş qurdalanırdım, Əli mənə yaxınlaşdıqda özümü daha məşğul göstərmək istədim. Axşamkı hadisədən sonra onun burda olması məni əvvəlki kimi həyəcanlandırmırdı. Onunla evlənsəydim Cəmilə xalanın olduğu kimi çəhrayı, çirkin uşağım ola biləcəyi ehtimalı məni ondan soyutmuşdu.
– Sən Əfqanı niyə sevmirsən?
– Niyə sevim? Hər dəfə gəlir, Cəmilə xalanın uşağı olur, onları da Zərifə kürəyində daşıyır, Cəmilə xalasa bütün günü işləyir. Uşaqların sayı o qədər çoxdur ki… Gəlməsin, orda ölsün. Keçən il Nazim orda, Rusiyada öldü, yaxşı da oldu. Yazıq Solmaz xalanı hər gələndə döyürdü, hətta bir dəfə qolunu sındırmışdı. Düzdü, Solmaz xala guya yıxılıb sındığını deyirdi, amma elə deyildi. Bax o evdəki kişi, – əlimlə irəlidəki evi göstərdim, – o da ölsün, çünki gələndə Almaz xalanı döyür. Hətta bir dəfə atam işə qarışdı.
Əli dizlərini qucaqlayıb oturdu.
– Sən onlar kimi olmaq istəmirsən? Yəni…
– Yox, – mən elə qətiyyətlə dedim ki, o anda özüm belə olmayacağıma inandım, – Cəmilə xala dünyanın ən yaxşı qadınıdı. Gözəl gülür, – bunu deyib qeyri-ixtiyarı güldüm.
– Sən də gözəl gülürsən.
Mən bədənimin istiləşdiyini, ayaqlarımın arasının gizildədiyini hiss etdim. Sinəmdə hələ tam çıxmamış, bərk, ağrıyan məmələrim daha bərk ağrıdı sanki.
– Mən gözəl gülürəm?.. Bilmirəm. Amma Cəmilə xalanın gülüşü daha gözəldi. Anam da onun kimi gülmür. Kənddə qadınlar gülmür onsuz da. Anam deyir qadın bərkdən gülməz. Amma Cəmilə xala gülür. Anam deyir ki, onun anası balaca olanda ölüb və kimsə də ona belə bərkdən gülməyin yaxşı olmadığını öyrətməyib. Qızlar belə gülməz yəni. Mən gülmək istəyirəm. Zərifə də gülmür. Əfqan gələndə Cəmilə xala da gülmür.
– Sən gül. Sənə yaraşır. Kimsəni dinləmə… – Əlinin gözləri gülürdü.
Mən eyni hərarəti hiss etdim və ayaqlarımı bir-birinə sıxdım.
– Sən Əfqan kimi olmaq istəmirsən?
Əli israrla başını yırğalayıb böyük, işıltılı gözlərini mənə dikmişdi.
İndi yenə mənə yaraşıqlı və çəkici gəlirdi.
Yayın bitməsinə az qalırdı. Əli və məni, Ceyhunu alıb ailəlikcə gəzməyə getmək planı qurulurdu evimizdə. Mən dənizə getmək istəyirdim. Keçən il Lənkəranda dəniz sahilinə getdiyimiz günləri xatırlayıb həyəcanlanırdım. Əli də bizimlə idi və mən anamın təkidinə baxmayaraq, bütün günü sahildə eşələnib dururdum. Çünki Ceyhunla Əli də eyni şeyi edirdi. Ceyhun hər addımbaşı onlara qoşulmamı istəmədiyini desə də, mənə acıqlanıb bir az aralıda qaldığımız otelə getməyi tənbehləsə də, anam uzaqdan əlini yelləyib məni geri çağırsa da kimsəyə fikir vermirdim. Mənim üçün önəmli olan Əlinin baxışlarındakı “qal” idi və bu mənə cəsarət verirdi. Bu yay da oraya getmək istəyirdim, amma atam bildirdi ki, bu yay başqa bir yerə gedəcəyik və orda dəniz yoxdur.
Evdə hamı tətilə hazırlaşırdı. Mən yenə ən bəyəndiyim paltarlarımı yığmağı düşünürdüm, ancaq anam buna da qarışıb daha az gözə çarpan paltarlarımı yığmamı istədi. Atamın bir gün əvvəl aldığı çit, ağ rəngdə, üzərində xırda gülləri olan paltarı götürməmə izn verməyəndə əməllicə pərt olmuşdum, çünki paltarın mənə yaraşdığından əmin idim. Anamın zövqünü bəyənmirdim, atam daha gözəl şeylər alırdı və bunun üstündə həmişə mübahisə düşürdü. Anam mənim qolları, sinəsi bu qədər çılpaq paltarları geyinməyimin qəti əleyhinə idi, atamsa məni hələ də balaca uşaq kimi görürdü, bu üzdən anamın dediklərinə “hələ uşadı, bir azdan elə geyinməyəcək” deyib mübahisəyə son qoyurdu. Anam da hər dəfə deyinib “bunun harası uşaqdır axı?” desə də atamın dediyinə uyurdu. Mən də az qala hər gün atamın məni həmişə balaca qız görməsi üçün dua edirdim.
Atam bizə qarşı mülayim davranırdı, ta ki, o il baş verən hadisəyə qədər. Ceyhun da, mən də ondan ciddi şəkildə çəkinirdik. Anam bizdən ona şikayət edəndə hər dəfə bizi çağırıb “anan şikayət edib, get bir də olmasın” deyəndə günlərlə özümüzə gələ bilmirdik, iki kəlimə bizə ən ağır söz gəlirdi, bunu eşitməmək üçün anamın bütün narazılıqlarına qarşı susurduq. Atama kənddə hamı hörmət edirdi. Ceyhun da, mən də bunun fərqində idik. Biri dara düşəndə də bizim həyətə gəlib atamdan yardım istəyirdi. “Fazil, bizim uşaq bir şeydi edib” sözünü o qədər eşitmişdik ki, hər dəfə biri bizə gələndı bunu deyil, başqa bir söz eşidəndə təəccüblənərdik. Ən çox da ”uşaq” dedikləri yekə kişilərin hardasa polisə düşməsini, atamın da hər dəfə hansısa qonşunun “uşağını” polisdən qurtarmasını görəndə atamla daha çox qürur duyurduq. O səssiz, lakin qaraqabaq adam deyildi və mən əmindim ki, anam da Cəmilə xala kimi gülsəydi, atam bu qədər səssiz də olmazdı. Evdə kimsə atamın son qərarı olmadan harasa gedə və ya nəsə edə bilməzdi, bu deyilməmiş qayda idi. Anam da bu qaydanı heç vaxt pozmurdu. Onun bir neçə dəfə ağladığını görmüşdüm, amma anamın ağlama səbəbinin atamın hansı əməli olduğunu anlaya bilmirdim. O yaşda ancaq bu qədərini hiss edə bilirdim. Atamla anamın arasında səssiz və bizim anlaya bilmədiyimiz nəsə vardı və inanırdım ki, hər ikisi də buna görə kədərli idi.
Bəlkə anam məhz bu üzdən gülmürdü?
***
Paltarlarımı yığarkən anamın sözündən çıxdım. Yeni, güllü paltarı çantada ən alta qoyub gizlətdim və qərara gəldim ki, tətilin ilk günü məhz onu geyinim. Anamın o andakı üzünü düşünməməyə çalışırdım, Əlinin gözləri daha canlı və gözəl idi çünki.
Avqust ayı idi. Daha əvvəlki kimi bütün günü çöldə dolaşıb oynaya bilmirdik. İsti adamı boğurdu və mən istini heç sevmədiyimdən gündə iki-üç dəfə duşa girirdim. Anam mənim bu qədər yuyunmağıma deyinib bir gün duz kimi əriyəcəyimi deyirdi. Mən duz kimi əriyə biləcəyimi düşünmürdüm və anamın, əslində, niyə yuyunmağıma etiraz etdiyinin gerçək səbəbini bilirdim. Hər ay menstruasiya olurdum. Anam bunu bilirdi. Halbuki mən ilk dəfə bununla qarşılaşanda, səhər qalxıb tumanımda qan ləkəsi görəndə xeyli qorxmuşdum və öləcəyimi düşünüb ağlamışdım. Anam mənə nəsə söyləməmişdi. Məktəbdəsə bizə bunları öyrədəcək məşğələnin olub-olmadığını tam olaraq bilmirdim. Oğlanlarla qızların ayrıldığı dərsdəsə Gülnaz müəllim bizə nəsə demirdi, eləcə əyləşib yundan rəngarəng nəsə toxuyub bizə də ancaq sakit qalmağı tapşırırdı. Bir dəfə mən təsadüfən Gülnaz müəllimin başqa bir sinifdə eyni dərsi aparan Zülfiyyə müəllimlə söhbətindən belə anlamışdım ki, biz o dərsdə sakit oturmamalıyıq, nələrisə öyrənməliyik. “Bizim vaxtımızda belə şeyləri kim dilinə gətirirdi, abır-həya da qalmaz, mən şagirdə necə deyim ki, sən aybaşı olacaqsan, bunu deyəcəm, sabah üzünün suyu töküləcək, çıxıb oturacaq başımıza” dediyini eşidəndə mən Gülnaz müəllimin başına çıxmaq istəmədiyimdən qəti əmindim. Başına “çıxmayım” deyə nə anam, nə Gülnaz müəllim mənə o səhər yaşadığım qorxunun əbəs olduğunu anladacaq heç nə söyləməmişdi və mən uzun müddət nə edəcəyimi bilməmişdim. Hətta uzun müddət bədənimdən iyrənmişdim. Sinifdə qızların hamısı bu əzablı yoldan keçmişdi və biz məktəbin yaxınında kiçik dükan işlədən Zeynəb xalanın görünməz yerə qoyub satdığı bezlərdən almağın vacibliyini öyrənənə qədər xeyli əziyyət çəkmişdik.
Avqust ayının 28-d Əli evlərinə döndü. O hamı ilə möhkəm qucaqlaşıb bir mənimlə başının işarəsi ilə xudahafizləşəndə bu hərəkəti qəlbimə toxunmuşdu. “Sağ ol” deyib maşına minəndə içim sıxılmışdı. O getdikdən sonra iştaham da yox idi. Anam hər gün bir bəhanə tapıb məni danlayanda da daha əvvəlki kimi ürəyim sıxılmırdı.
Dərslər başlayandasa sıxıntılar daha da artdı. Məktəbdə rəqəmlər, təbaşir və müəllimlərin acıqlı üzündən başqa heç nə görmürdük və bir ay sonra məktəbə getmək işgəncəyə çevrildi. Ceyhunla səhər tezdən evdən çıxırdıq. Amma məktəbdən qayıdanda eyni saatda dönmürdük, çünki o məndən yuxarı sinifdə idi. Amma Ceyhun məktəbdə məni qorumalı idi və hər dəfə biri mənə nəsə deyəndə Ceyhunun burnumun dibində bitməsi qürurumu zədələyirdi. Üzləşdiyim hansısa problemi həll etməyə ixtiyarımın olmaması məni əzirdi, amma anam və ya Ceyhuna bu haqda demirdim. Onsuz da “sən qızsan, olmaz” kəlməsini eşitməkdən bezmişdim.
Sıxıcı günlər nə yaxşı ki, sürətlə gəlib keçirdi. Noyabr tətilinə az qalırdı. Riyaziyyat dərsində yenə lövhəyə bir sürü rəqəm yazıb əlinin təbaşirini gözümüzə soxa-soxa bərkdən dərs izah edən Zeynal müəllimin dişlərini tez-tez sıxmasını izləyəndə niyə belə etdiyini anlaya bilmirdim. Amma bir müddət sonra qərara gəldim ki, elə o da bu mənasız məktəbdən, sıxıcı dərslərdən bezib.
Bu il tək dəyişən şey sinifdəki qızların qəribə şəkildə sakitləşməsi idi. Elə bil bu yay bütün qızların içindəki balaca qız ölüb yerində eynən kənddəki qadınların balaca formasında başqa bir qadın dirilmişdi. Bu dəyişimi anlamaq hər gün gözümün qabağında oynayan rəqəmlərdən çıxan teoremləri başa düşməkdən daha çətin idi.
Tənəffüsdə Arzuya yaxınlaşıb çölə çıxmağı təklif etdim. Noyabr ayı olmasına rəğmən hava yumşaq idi və sinfin tozlu otağında qalmaq istəmirdim.
– Qapının ağzına oğlanlar yığışıb.
Mən dönüb qapıya sarı boylandım. Oğlanlar ora toplaşıb dəhlizdən gəlib keçən qızların arxasınca nəsə danışıb hırıldaşırdı. Amma mən onların yanından keçməyin Arzu üçün hansı təhlükəni yarada biləcəyini anlaya bilmədiyimdən gözlərimi bərəldib döndüm.
– Nə olsun ki?
– Yox, oğlanların arasından keçmək olmaz. Anam dedi.
Məni vahimə bürüdü, “Arzunun anası deyibsə, mənim anamın necə yadından çıxıb?” düşünüb qorxu ilə mənə də qadağan olunacağı günü gözləməyə başladım.
Tətilin başlamasına bir gün qalmışdı. Adətən, bu günlərdə sinifdə uşaq az olurdu. Bu gün də eyni idi. Amma qəribədir ki, Zərifə dərsə gəlmişdi. O, tətil günlərinə az qalmış, adətən, dərsə gəlmirdi və mən dəfələrlə onun arxasına sarınan kiçik qardaşını gəzdirib həm də həyətdə işlədiyini görmüşdüm. Zərifə dinməz, sakit və qapalı qız idi. Üzü anasına bənzəyirdi, qaraşın və biçimli burnu, dodaqları vardı. Zərifənin gözlərinin rəngi bizimkinə heç bənzəmirdi. Bal rəngində idi və iri gözlərinə baxanda adam orda ilişib qalırdı. Ən gözəl saçlar da Zərifəninki idi, amma onları heç vaxt səliqəli şəkildə darayıb açıq tökməzdi. Ümumən, məktəbdə qızların saçlarını açıq tökməsinə icazə yox idi. Bu deyilməmiş qayda idi və hər dəfə saçlarımı açıb tökəndə Minayə müəllimin əlindəki qələmlə başıma toxunub “yığ bu andırları” deməsindən sonra narazı, amma səssizcə saçlarımı yığardım. Məktəbdə qızların geyimlərinə də ciddi nəzarət olunurdu. Keçən il Zərifə ondan əvvəlki ildə geyindiyi yubkası ilə məktəbə gələndə qapıda durub uşaqların giriş-çıxışına nəzarət edən Sevil müəllim onu içəri buraxmamışdı. İki gün sonra Cəmilə xala məktəbə gələndə mən onların söhbətini eşidəndə də acıqla öz yubkamı bir az yuxarı qaldırmışdım. Sevil müəllim “sən başını itiribsən, qızın böyüyüb, sinifdə oğlanlar var, yubkası bir qarış, mən deməliyəm?” deyib Cəmilə xalaya “ağılsız” deyəndə bütün günü dəhlizə qışqırıb deyinən Sevil müəllimdən lap zəhləm getmişdi. Zərifə də bir həftə məktəbə gəlməmişdi. Ona yeni, uzun yubka almaq üçün Cəmilə xalanın pulunun olmadığını anlamışdım. Anama söyləsəm də, “daha səninkiləri verirəm, yenisini də alıb verəsi deyiləm” deyəndən sonra tam ümidimi itirmişdim.
Biz oğlanlar böyüyür deyə yubkamızı uzatmalı idik. Bu fikir bir neçə gün beynimi məşğul etdi və mən acıqla hər gün məktəbdə yubkamın belini qatlayıb Sevil müəllimin önündən keçib gedirdim. Mənim ailəm zəngindi deyə o anamı çağırıb “ağılsızsan” deyə bilmirdi və mən Sevil müəllimi belə əzməkdən zövq alırdım. Həm də Cəmilə xalanın, Zərifənin qisasını alırdım.
Zərifəyə baxdım. Üzü həmişəki kimi sakit, durğun idi. Hər zaman olduğu kimi, yenə əllərini partanın altına gizlətmişdi. Dırnaqlarının arası qapqara idi, bunu görmüşdüm və hər dəfə buna görə təkcə Əfqana nifrət etmirdim, həm də Cəmilə xalaya acıqlanırdım.
– Sən də evə gedirsən? – əslində, gedəcək başqa yerimiz yoxdu.
Heç kimlə ünsiyyətə girməyən Zərifə mənə baxıb döyükdü.
– Bərabər gedək, – deyəndə o, başı ilə işarə edib azca gülümsündü. Bu anda gözlərinin daha gözəl olduğunu gördüm.
Biz məktəbin həyətindən çıxanda Ceyhun məni səslədi.
Üçümüz yol aldıq. Çox xoşbəxt idim. Çünki Ceyhunun da Zərifəyə Əlinin mənə baxdığı kimi baxmasını istəyirdim. Bəlkə onda Zərifə belə səssiz, kədərli olmazdı.
– Sən tətildə nə edəcəksən? – əslində, axmaq bir sual verdiyimin fərqində idim. Zərifənin nə edəcəyini hamımız bilirdik.
– Hə, bildim, bilirəm yəni. Amma gəl bir gün bərabər oynayaq, mən tamaşa qurmaq istəyirəm. Kozettanı. Mənə qoşula bilərsən. Hətta Ceyhun da bizimlə oynayar, ondan yaxşı Jan Valjan çıxar, – mən ümidlə Ceyhuna döndüm. Dediklərimi axmaqlıq saydığı Ceyhunun da üzündən bəlli idi. Amma Zərifənin yanında mənə acıqlanmadı. Buna görə ona minnətdarlıq duyub gülümsədim.
– Olar, edərik.
Ceyhunun qoşulmayacağını bilirdim. O son sinifdə idi və daha özünü böyük hesab edirdi.
– Hə, Kozettanı tamaşa qurarıq, ya da bir başqa şey. Sən heç kitab oxumusan? Gəl birlikdə “Al yelkənlər”i oxuyaq, çox maraqlıdır.
Zərifənin bizə gəlib əylənməsini istəyirdim və bunun üçün hətta ağılsız görünən hər şeyi etməyə hazırdım. Əslində, məsələ Zərifənin əylənməsi də deyildi, mən anama, Əfqana, gülməyini sevdiyim Cəmilə xalaya inad edirdim bunları.
Zərifə başını azca yelləyib gülümsündü, mən onun razılıq verib-vermədiyini anlamasam da daha heç nə soruşmadım.
Ceyhunun günləri yaxşı keçirdi. Yeni velosipedini istədiyi yerdə rahat sürə bilirdi. Mən velosiped sürməyi bilirdim, amma daha həyətdən çıxıb sürməyə ixtiyarım yox idi, çünki daha böyümüşdüm və qızlara bu yaşda həyətdən kənarda velosiped sürmək olmazdı. Ceyhun az qala səhər çıxıb axşam qayıdırdı və mən qız olduğuma, gah da Ceyhunun oğlan olduğuna nifrət edə-edə bütün günü ya kitab oxuyur, ya da televizorda göstərilən, əslində, heç marağımı çəkməyən, anamın bütün günü baxıb qonşu qadınlarla müzakirə etdiyi verilişlərə baxmalı olurdum.
O tətil mən qəribə, təzadlı bir şeyi öyrəndim. Anam və qonşularımız baxdıqları serialda hansısa qadının başına gələnə yanıb kövrəlirdi, onun nə vaxt zalım ərindən boşanacağının vacibliyindən danışıb həyəcanla yaxşı sonluq gözləyirdilər. Ancaq kənddə, realda tanıdıqları hansısa qadın eyni hadisəyə bənzər bir şeyi yaşayanda onun arxasınca danışıb əxlaqsızlıqda günahlandırırdılar. Ya da baxdıqları sevgi filmində hansısa qızın sevgilisinə qovuşmasına sevinir, ya da hansısa qadın obrazının tək tətilə çıxmasından həsədlə danışıb gülüşürdülər, ancaq bizim kənddə hamıdan fərqli yaşayan, böyük şəhərlərə tək gedib gələn, maşın sürən Gülşən xala haqqında nifrətlə danışırdılar. Anam və qonşu qadınlar yenə də hansısa serialdakı qadının gözəl geyimindən danışırdılar. Səhər məcbur olub baxdığım serialdakı qadının geyimini mən də bəyənmişdim. Qıza şortikləri ilə geyindiyi uzun pencəklərinin ətəkləri havada uçuşduqca mən də gələcəkdə onun kimi geyinəcəyimi xəyal edirdim.
– Görəsən Əmiri inandıra biləcək ki, uşaq ondandır?
Əmir serialdakı oğlanın adı idi. Əlif, sevgilisi, hələ evli olmadıqları halda ondan hamilə idi.
– Bizim kənddə Əlif kimi bir qadın hamilə olsa onu da eləcə sevərsiz?
Anamın gözləri böyüyüb az qala hədəqədən çıxacaqdı. Qonşu Fəridə, hamıdan gənc olan gəlin əlini ağzına sıxıb güldü.
– Sən hansı cəhənnəmdən çıxdın, bu nə sualdı, sən uşaqsan, rədd ol burdan.
Anam əlinin altındakı nəyisə mənə tərəf qolazladı.
Qaçıb mətbəxdən çıxdım. Pərt olmuşdum, amma peşman deyildim. Yubkamı bir az da yuxarı qaldırıb güzgüdə özümə tamaşa edəndə böyüyəndə istədiyim kimi geyinib velosiped də sürəcəyimə söz verdim.
Qadınlar getdikdən sonra gözlədiyim kimi, anam yenə də böyük, dovğa buladığı taxta çömçə ilə məni vurub olanları atam deməklə hədələyəndə də eyni fikirdə idim.
***
Tətil başa çatdı.
Məktəbin ilk günü Zərifə yenə yox idi. Qəti qərara gəlmişdim, Zərifə ilə dost olub anamın dediyi kimi “onu da özümə bənzədəcəkdim.” Bir gün anam məni daha bərk döyərsə evdən qaçacaqdım. O gün üçün mənə lazım olacaq pulu məktəb xərcliyindən ayırıb qırmızı rəngli daxılımda toplayırdım. Evdən qaçanda Zərifənin də mənimlə gəlməsini istəyirdim.
Yağışlar daha tez-tez yağmağa başlamışdı. Kəndin tozlu yolu indi də palçıqlı idi. Ancaq bir səhər qalxanda pəncərədən baxanda donub qaldım. Qar yağmışdı. Bizim tərəflərdə qar nadir hadisə idi və mən yəqin ki, bu yaşıma qədər bir-iki dəfə qar görmüşdüm. Məktəbə gedəndə də bunun sevincini yaşayırdım. Amma uzun sürmədi. Qar az yağdı və kəndin palçıqlı yollarında qarın bəyazlığından əsər qalmadı. Ətraf iki günün içində yenə palçığa döndü.
Mən dilxor idim. Şaxta baba qurmaq xəyallarım puç olmuşdu, qar yağmağa başlayanda mətbəxtdən yerkökü götürüb saxlamışdım, şaxta babanın burnu da olsun deyə.
– Az yağdı, biz heç şaxta baba da düzəldə bilmədik.
– Bəlkə yenə də yağar. Amma çətin. Nadir hadisə idi, – Ceyhun son vaxtlar atama bənzəmək üçün elə bil onun kimi danışıb hərəkət edirdi. Ondakı bu çevrilməni qorxu ilə izləyirdim, çünki anama bənzəmək istəmirdim. Anamın hər gün nəyisə bəhanə edib mənə qışqırması, “qızını döyməyən dizini döyər” deyib hər dəfə atama şikayətlənməsi məni ondan soyutmuşdu. O, dizini döyməsin deyə, döyülən dizləri ağrımasın deyə iki də bir mənim döyülməm ədalətsizlik idi. Ancaq dözürdüm, çünki böyüyüb burdan getdikdən sonra bunların hamısı bitəcəkdi.
Evə çatıb ayaqqabılarımı soyunanda Cəmilə xalanın səsinə duruxduq.
– Lap yaxşı da, qoy getsin. Demirsən varlıdır, burda nə olacaq, oxuyub professormu olacaq? Gedib ağzı bir tikə isti yemək görsün.
– Yox, orasına bir söz demirəm. Amma bu Rusiyada olanları bilirsən, orda rus qadınları ilə çoxunun ailəsi, uşağı olur. Sarayı gördün necə bədbəxt oldu, kəndin ən gözəl qızı idi. Nə oldu, bir ildən sonra qayıdıb gəldi kəndə. Yazıq heç nədən dul qaldı. Nazilə də var. Kənddə neçə qadın tək qalıb. Naziləyə bax, rus qadından olan uşağı gətirib atıblar bura ki, qız uşağıdır, Rusiyada böyüməsin. O bədbəxt ərinin başqa qadından olan uşağına baxır. Zərifə də…
– Bəs demirsən Əfqan tanıyır, birlikdə işləyirlər?
– Nə olsun, guya Əfqan fərlidiir ki… Başıma açdığı oyunu görmürsən? Nə ərlik edib mənə? Kişilər belə şeyi ar bilmir, desəm orda ailəsi, uşağı var, deyəcək nə olsun, kişidir. Zərifə çox fağırdı, orda baş çıxara bilməz. Yekə kişidir, üzü üzlər görüb, nə anlar Zərifə…
– Sənə nə ərlik edəcək? Ac deyilsən, açıqda deyilsən. Kişidir, elə bu qədəri də bəsdi. Aylıq pul göndərir bu adam?
Cəmilə xalanın gileyli səsi eşidildi.
– Göndərir, Allah var, ac qalmırıq.
– Bəsdir də… Sən elə bilirsən bizim ərimiz yanımızdadırsa, hər gün nazımızı çəkir. Yaxşı, bu adamın neçə yaşı var? Zərifənin heç hələ 16 yaşı tamam olmayıb, bizim qızdan ay kiçiyidir o, yadımda elə qalıb.
– Hə hələ olmayıb, 7 aya tamam olacaq.
– Bəs bu oğlanın necə yaşı var?
– Dediyinə görə 32 yaşı var. Nə oğlan, yaşlı-başlı kişidir.
– Hə, bir az çoxdu, amma kişi elə böyük olsa yaxşıdır da, neynirsən uşaq-muşağı? Bir də lap deyək ki, sən etiraz etdin, yumruqdan başqa qazancın da olmayacaq. Əfqan baxacaq sənin sözünə? Boş yerdən isti aşına soyuq su qatma, beyninə qoyubsa, edəcək. Zərifəyə demisən?
– Yox, o yazıq heç bilir ki, dünya nədir, ər nədir. Başını qaldıra bilib ki, işdən? Əfqanı qanına bələnsin.
– Qaldırar. Mən də bilmirdim, nə oldu, arvad olmadımmı? – anamın asta gülüşü eşidildi.
Cəmilə xala bizim yanımızdan keçəndə ikimiz də – Ceyhun və mən eşitdiklərimizin həqiqət olub olmadığını anlamaq üçün bir-birimizə baxdıq. Mən o anda Ceyhunun, əslində, Zərifəyə Əlinin mənə baxdığını kimi baxdığını anladım.
Cəmilə xala yanımızdan ötüb keçəndən sonra da xeyli səssiz qaldıq. Ceyhunun dodaqları bir-birinə sıxılmışdı, ona nəsə deməyə çəkindim, mənə qışqıracaqdı, ya da bəlkə ağlayacaqdı, o anda bunu anlaya da bilmədim. Ceyhun içəri girib anama qışqırmayana qədər də beləcə qaldım.
– Zərifəni ərə verirlər, sən də deyirsən versinlər?!
Anam çaşqın halda Ceyhunun üzünə baxdı, gözləri böyümüşdü, eynən atam ona irad bildirəndə böyüdüyü kimi.
– Sənə nə bundan, bir sən əskikdin, Günəş az idi hər şeyə burnunu soxmağa, sən də oxşa oxşamışına, – anam üzünü çevirdi. Ceyhun bir müddət donub qaldı, sonra acıqla kürəyinə keçirdiyi çantanı çıxarıb qəzəblə yerə çırpıb otaqdan çıxdı. Çıxarkən gözlərinə yaş dolduğunu gördüm.
O çıxan kimi anam mənə döndü.
– Buna nə olub, öz qızlarıdır özləri bilər, bu niyə bağırır, – anam birdən gülüb mənim üzümə baxdı.
– Zərifəyə aşiq olub bu? – anam gülməyə davam etdikcə mən ondan iyrənirmiş kimi ətim ürpəşdi. O anda özüm, Zərifə üçün nə qədər qorxurdumsa, Ceyhuna da o qədər yazığım gəldi.
O gecə Ceyhunun yatmadığını, çarpayısında o tərəf-bu tərəfə vurnuxduğunu hiss edəndə cəsarətlənib qalxdım. Səssizcə sivişib onun yataq otağına keçdim. Amma xeyli qapının yanındaca durdum, çarpayısına yaxınlaşmağa cəsarət etmirdim.
– Gəl. Bilirəm ordasan.
Ceyhun qalxıb oturdu. Pəncərədən düşən zəif həyət işığında gözlərinin qızarıb şişdiyini gördüm.
– Zərifəyə dedilərmi görəsən, bilirmi, nə deyib?
– Nə deyəcək, Zərifə danışmır ki… Sən onun səsinin necə olduğunu bilirsən? Susur həmişə.
– Hə, bilirəm səsi necədir, – Ceyhunun üzü qızardı, – danışır, səsi də gözəldi.
– Elə özü də gözəldi. Sinifdən hamıdan gözəldi, hətta məndən də, – bunu deyəndə içimdə məndən gözəl olduğunun kədərini də ani hiss etdim.
– Hə… Gözəldi, – Ceyhunun səsində kədər vardı.
– Bəlkə siz ikiniz gedəsiz, onda Zərifəni də başqasına verməzlər.
– Hara gedək? – Ceyhunun gözləri böyüdü, – hara gedə bilərik ki? Balacasan sən, bilmirsən. O iş elə deyil, – Ceyhun bir anda yenə böyük adama çevrildi, səsi də dəyişdi.
– Bəs onda necə olacaq? Onu başqasına ərə verəcəklər. Sən danış Zərifə ilə. Qoy getməsin.
– O it oğlu Əfqan dinləyəcək onu?! Cəmilə xala da onun dediyini deyəcək. Narazı olsa da deyəcək. Anamı eşitdin. Zərifə etiraz etsə o dombagöz onu döyəcək, – biz öz aramızda Əfqana dombagöz deyirdik. Anam bunu eşidəndə Ceyhuna süpürgə ilə bərk vurub bir də belə deməmizi qadağan etmişdi.
– Mən də qorxuram ondan, dombagözdən yəni.
– Mən qorxmuram.
– Onda nəsə deyəcəksən ona?
– Deyəcəm…
Şənbə günləri adətən, otağımdan tez çıxmırdım. Çarpayımda uzanıb Əli ilə bağlı xəyallar qurmaq xoşuma gəlirdi. Amma o səhər Əli ilə bağlı xəyal qura bilmirdim, Ceyhun və Zərifənin xəyalları mənimkilərin qarşısına keçirdi. Mən həm də Ceyhuna acıqlı idim, yayda Əli ilə tək qalmağımıza imkan verməyən, hər dəfə bunun baş verməməsi üçün əlindən gələni edən qardaşımın Zərifəyə aşiq olmasını anlayırdım, hətta onların birlikdə kənddən getməsini də istəyirdim. Amma Ceyhun mənə fərqli münasibət göstərmişdi və bu məni yaralamışdı. Bunu indi ona deməyəcəkdim, lakin qəti qərara gəlmişdim, bir gün bunu ona söyləyib üzünə vuracaqdım.
Ceyhunun səsinə çarpayıdan dik atıldım. Nə isə yerə düşüb bərk cingildədi, mən yataqdan tullanıb otaqdan çıxıb qonaq otağına çatanda yanımdan sürətlə qaçıb çıxan Ceyhunun dodağından axan qanı ani gördüm.
Atam otağın ortasında durub Ceyhunun geri dönməsini tələb edib qışqırırdı, anamsa yerə düşüb kənara diyirlənmiş mis vazanın yanında dayanmışdı.
– Ona de geri dönsün, mən sözümü bitirmədim. Əfqan qızını ərə verirsə, buna nə düşüb, bu nədir, sən uşaqlara belə tərbiyə verirsən, bütün günü işinin- gücünün adı nədir, nə iş görürsən evdə, – anam atamın dedikləri qarşısında büzüşüb kiçilirdi və keçən gün anamdan zəhləm getdiyi üçün indi özümdən utandım.
– Bunun qudurmağına bax, Əfqanı öldürəcək, niyə? Öldürsün, arxasınca getsəm köpəkoğluyam, qoy gedib öldürsün. Ona de gəlməsin evə, gözümə görünməsin. Buna bax, böyüyüb üzümə dirənir. Sənin kimi ananı yerə batsın elə. Min dəfə demişəm ki, uşaqlarına adam kimi tərbiyə ver.
Atam mənə də qəzəblə baxıb masanın üstündəki maşının açarlarını qapıb otaqdan çıxanda mən hələ də büzüşüb olduğu yerdən tərpənməyən anama baxırdım. O səhər anladım ki, anam da atamdan, hətta bəlkə elə Əfqandan da qorxur.
Dekabr ayının 4-ü idi. Mən məktəbə getməmişdim, gecəni qızdırmadan yata bilməmişdim. Ceyhun da xəstə idi, amma onun durumu mənimkindən də pis idi. Atamla dalaşdıqdan sonra xeyli evə gəlməyən, anamın ağlayıb yalvarmalarına məhəl qoymayıb həyətin arxasındakı tövlədə otluqda yatan Ceyhunun ağ ciyərləri soyuq almışdı və həkimin dediyinə görə sətəlcəm olmuşdu. Kənddəki feldşer Qurban hər gün gəlib ona iynə vururdu, amma Ceyhun anamın ona bişirdiyi yeməkləri yeməkdən imtina edirdi. Çox az yeyirdi və həkim də sağalması üçün bunun əngəl olduğunu dediyində bir gün atam onun otağına daxil olub əvvəl sakit danışdı. Səsi eşidilmirdi, amma mən yenə də qorxurdum. Öz otağımdan atamın ona sakitcə, ancaq yenə də hədə gəldiyini eşidirdim çünki. Ceyhunun səsi eşidilmirdi, yəqin ki, yenə susurdu. Ceyhun həmişə belə idi, anam atama şikayət edəndə, danlananda susurdu və bu atamı bəzən daha da təbdən çıxarırdı. Bu dəfə də qorxduğum oldu, atanım səsi yenə evi başına götürdü. Anamın əlindəki yeməyi alıb qapıdan çıxdı və yeməyi qabla birgə həyətə fırlatdı.
– Yemirsən yemə, öl, aparıb basdıracam, bunun hikkəsinə bax.
Axşama doğru Ceyhunun otağına gedəndə əlimdəki almanı ona uzatdım. Ceyhun gülümsünüb almanı aldı.
– Ye, dadlıdı. Bax, dişləyəndə adamın ağzına südü axır, – güldüm.
Ceyhun almanı yeməyə başlayanda çox xoşbəxt oldum.
İkimiz bir-birimizə baxanda anladım ki, iki həftə bundan əvvəl olmuşları nə mən, nə də Ceyhun unudub.
Atamın Ceyhunu döydüyü gündən iki gün sonra Zərifəgilin evindən adamların çıxdığını görəndə elçilərin gəldiyini anladıq. Əfqan gələn qonaqları qarşılayanda da, yola salanda da üzü gülürdü. Amma Cəmilə xala arxada dayanıb əlini əlinin üstünə qoymuşdu, üzü qəmgin və gərgindi. Gələnlər getdikdən sonra Əfqan dərhal içəri girdi. Cəmilə xalasa taxta giriş qapısına söykənib hərəkətsiz qaldı.
Bizim evin eyvanından Cəmilə xalagilin birmərtəbəli evi ovuc içi kimi görünürdü. Cəmilə xalanın tikdiyi evin həyətində ilin bu mövsümündə gözəl güllər açardı. Sarı, toppuş çiçəkləri hamısından çox sevirdim. Bu güllərə kənddə “çalpapaq” deyirdilər. Ancaq botanika dərsindən öyrənmişdim ki, onların adı xrizantemadır. Hətta qar yağanda belə güllər tam solmamışdı, əvvəlki kimi təravətli deyildi, amma yenə də Cəmilə xalagilin həyətində gözəl görünürdü.
O gün eyvandan Cəmilə xalaya baxanda mənə elə gəldi ki, qapıya söykənib duran Cəmilə xalanın üzü elə xrizantemalar kimi sarıdır.
Bir həftə sonra anam sandığından çıxardığı ipək parçanın üstünə elə sandıqda saxladığı gözəl ətirli bir sabunu da büküb əlinə alanda bildim ki, Zərifənin nişanıdır. Atam Ceyhunu döydükdən, qardaşım otluqda yatıb xəstələndikdən sonra anam daha sakit olmuşdu, daha mənə də ikidə bir əsəbləşmirdi, ancaq yenə də ondan uzaq gəzməyə çalışırdım. Ceyhunun qızdırması qalxanda da, atamın acıqla, ”canı çıxaydı yatmayaydı orda” deməsindən sonra da səsi çıxmadı. Elə bil atamın ona bağırdığı gün büzüşüb balacalaşdığı kimi qalmışdı, səssiz və kədərli gəzirdi.
Anam gec geri döndü. Üzü solğun və kədərli idi. Mənim üzümə xeyli baxdı. Sonra səssizcə Ceyhunun otağının qapısından içəri boylanıb geri döndüyündə məni yanına çağırdı.
Mən key kimi onun yanında oturdum.
– Ceyhun Zərifəyə aşiq olub, hə?
Mən qeyri-müəyyən şəkildə başımı yırğaladım.
– Bu gün nişanı oldu. Amma sən Ceyhuna demə, belə daha yaxşıdır. Sağalsın. Sonra.
– Yaxşı…
Mən Zərifəni soruşmaq istədim, amma onun mənimlə belə mehriban söhbət etməsinə çox güvənib daha artıq nəsə soruşmağa cəsarət etmədim. Anam əlini çiynimə qoyandasa az qala nəfəsim kəsiləcəkdi.
– Zərifəni də gördüm.
– Aha…
– Ağladı… Cəmilə xalan da…
– Bəs niyə Əfqana demirlər?
– Əfqan yox, Əfqan əmi, – anam iki daşın arasında yenə eyni qadına çevrilib ani də geri döndü elə bil.
– Dinləməyəcək, əksinə…
“Əksinə döyəcək” anamın tamamlamadığı cümləni fikrimdə bitirib altdan yuxarı onun üzünə baxdım. İlk dəfə anamın bu qədər gözəl olduğunu gördüm. Burnu, dodaqları elə gözəldi ki, bizim kitablarımızda həmişə mətbəxdə işləyən qadınların çəkilən şəkillərinə bənzəyirdi. İpək yaylığının altından bir az pırtlaşıb tökülən saçları da qapqara və parlaqdı və istər istəməz ona oxşamağı arzuladım. Amma bu arzunu tam diləməyə qorxdum. Onun kimi olmaq istəyərəmsə eynən onun kimi yaşayacağımı da düşünüb nəfəs almağa belə cəsarət etməyib bir söz demədən başımı aşağı saldım.
– Ceyhuna demə, – anam yenə təkrar etdi.
– Yaxşı, demərəm. Bir də… məni bir gün belə, yəni istəmədən ərə verəcəksiz? Anam key-key üzümə baxdı, elə bil dediklərimi eşitməmişdi. Ancaq dərindən köks ötürüb başını aşağı salıb nəzərlərini ayaqlarının ucuna dikdi. Xeyli gözlədim, anamdan cavab ala bilməyəcəyimə əmin olduqdan sonra qalxıb otaqdan çıxdım.
O gün anladım ki, mən də Zərifə kimi təkəm.
Günlər öz axarına düşmüşdü. Ceyhun daha az öskürürdü, anamın üzü açılmışdı. Ceyhuna paxıllığım tuturdu, xəstə olduğu üçün məktəbə getmirdi. Məktəb sıxıcı və bezdirici günləri ilə məni boğaza yığmışdı və az qala hər gün biri ilə dalaşıb evə gəldiyimdə də anam daha əvvəlki kimi məni danlayıb əlindəki nəyisə arxamca atmırdı. Əslində, cəsarətim olsaydı məktəbə getməzdim. Məktəbdə gözümüzə soxduqları rəqəmləri, mənasız mətnləri evdə də oxuyub öyrənə bilərdiksə bu məktəbə getməyin mənasi nə idi, onu da anlaya bilmirdim. Sinifdə on səkkiz uşaq vardı və bu uşaqların bəziləri ən yaxşı oxuyanlardı. Bu yaxşı oxuyan uşaqların heç nəyə qarışmaması, verilən tapşırıqları oxuyub olduğu kimi danışıb əla qiymətlər alması da sinirimə toxunurdu. Ən əlaçı, bütün dərsləri kitabdan oxuyurmuş kimi əzbərdən danışan Nüsrətə isə əməllicə nifrət edirdim. Dərsi danışa bilməyəndə müəllim onu misal gətirib məni əzirdi və o dəqiqlərdə bu əzbərçi, lovğa oğlanı döymək istəyirdim.
Amma o məktəbin ən yaxşı şagirdi idi və ona deyiləcək hansısa söz atamın danlağı, anamın yumruğu kimi üzərimə qayıdacaqdı. Amma Nüsrətin bomboş üzünü cırmaqlamaq arzumu bu danlamalar, yumruqlar söndürə bilmirdi.
Zərifə dərsə gəlmirdi. Sinif rəhbərimiz Minayə müəllimin buna bir söz deməməsi, Zərifənin dərsə gəlməməsinə dair heç bir narazılıq etməməsi də o günlər beynimi çox məşğul edirdi. Birimiz xəstələnsək belə dərsə gəlməyimizi tələb edən Minayə müəllimin o sərtliyi Zərifənin dərsə gəlməməyində sönüb getmişdi.
Növbəti biologiya dərsində zəhlətökən rəqəmlərdən yorulmuş gözlərimi bir-birinə sıxıb dərindən nəfəs alanda tənəffüsün başladığını bildirən zəng eşidildi. Rahat nəfəs aldım. Dərsin bitməsinə sevindim.
Dərs bitən kimi hamı sürətlə otaqdan çıxdı. Minayə müəllim masanın üzərindəki dəftərləri yığıb çantasına qoydu. Az axsayan sağ ayağını ilk atdı həmişə kimi.
– Zərifə dərsə gəlmir, siz bir şey deməyəcəksiz anasına?
Ağlıma gələni bərkdən söyləyə bildiyimə o anda özüm də dondum. İndi Minayə müəllimin səsi aləmi götürəcəkdi və mən onun nazik, amma adamın beyninə işləyən səsini duyacaqmış kimi bütün beynimi buna hazırlamağa fürsət tapmamış müəllimin sakit səsini eşidib buna da heyrətləndim.
– O gəlməyə bilər.
– Niyə, ərə verirlər ona görə? O istəmir. Atası yalan deyir, istəmir Zərifə. Cəmilə xala da istəmir.
Minayə müəllim ayaq saxlayıb üzümə baxdı. Başa düşdüm ki, məni onun nazik çığırtısından qoruyan donub qalmam və ya səsimdəki qüssə deyil, atamın bu kəndin ən zəngin adamı olmasıdı.
– Onun atası bir adam deyil, qızından da bir şey çıxmayacaq. Ərə getməyib nə edəcək, onsuz da dərsləri zəif idi… Sən dərslərini oxu.
Deyib çıxdı. Yanağıma axan göz yaşımı qəzəblə silib hıçqırmaqdan başqa heç nə edə bilmədim. O anda Nüsrətə ikiqat nifrət etdim.
Qış tətili başlayacaqdı. Hər dəfə tətil gələndə sevinirdim, bu dəfə elə deyildi. Ceyhun tam sağalmamışdı və bizim evdə qəribə, səbəbini tam anlaya bilmədiyim bir səssizlik vardı. Elə bil anamı harasa başqa yerə aparıb yerinə bənzərini gətirmişdilər və bunu düşünəndə onun doğrudan da anam olduğuna inanmaq üçün üzündəki işarətləri axtarırdım. Anam idi, üzündəki xal da eyni idi və bunu Ceyhuna dedikdə güldü.
– Vallah, anamdı, üzündəki xal var ha, ordan bildim.
– Sən dəlisən? Xal ordadır deyə inanıbsan ki, anamızdı? Elə şeylər filmlərdə olur, həyatda elə olmur, – Ceyhun hələ də zəif idi.
İki gün öncə atamın Ceyhun üçün narahat olub anamdan soruşduğunu deyəndə onun üzü ciddiləşdi. Dediyimə peşman oldum.
– Mən onun kimi olmayacam, – Ceyhunun ciddi tonu məni qorxutdu, ancaq davam etməyə cəsarət etmədim. Ceyhunun böyüyüb atam kimi olacağından onsuz da qorxurdum. Əli ilə bir yerdə tək qalmağıma imkan verməyən Ceyhun elə əslində, bir az atam kimi idi mənə görə. Amma “mən onun kimi olmayacam” deyəndə düşündüklərimi ona söyləmədim. Hətta “bəlkə illər öncə, atam eynən Ceyhun yaşında olanda atası kimi olmayacağına söz verib, amma bu gün oxşamaq istəmədiyi atasının eynisidi?!” düşünüb kədərlə qardaşıma baxdım.
Qorxaq və cəsarətsiz olduğumu düşündükcə Zərifəni daha çox fikirləşirdim. Çünki Əfqan atamdan da qorxulu idi, ən azından atamın boğazında onunku kimi iri hülqum yox idi. Elə bil kimsə nəyisə parçalayıb Əfqanın boğazına soxmuşdu, o da tam uda bilməmişdi, boğazında qalanları udmaq üçün hər dəfə udqunurdu. Bunu düşünəndə onun daha çox əziyyət çəkməsini, hətta boğulub ölməsini istəyirdim.
İki gün idi tətil başlamışdı. Öz otağımdan çıxmaq istəmirdim. Günortadan sonra telefonumun ekranında Əlinin adını görəndə həyəcanlandım. Əlinin səsini eşidəndə bədənimdə yayda hiss etdiyim giziltidən daha artığını hiss etdim və onun səsi qulağımdan keçib qanıma qarışdıqca bədənimdəki qan elə bil dərimi yandırmağa başladı. Səsi yavaş gəlirdi, elə bil nəyisə kimdənsə gizlətməyə çalışırdı.
– Əli, Zərifəni atası, adam vardı ha, Əfqan, o ərə verir, – mən kövrəldim.
Əlinin güclə eşidilən səsi kəsildi. Mən dəstəyi qulağıma daha möhkəm sıxdım. Əlinin bir kəlimə sözü ilə ağlayacaqdım bəlkə…
– Zərifəni? – Səsi indi daha aydın eşidildi. – O balacadır axı.
– Hə, mənimlə eyni sinifdədir. Dərsə də gəlmir.
Yenə sükut çökdü.
– Günəş, səni kimsə ərə verə bilməz, – Əli dayandı, ağır-ağır nəfəs aldığını eşidirdim. Onun davam etməsini istəyirdim.
– Mən qoymaram.
Əlinin zəng etməsini kimsəyə demədim. Axşam yeməyinin dadını belə hiss etmədim. Yatağıma girib uzananda Zərifə nişanlanandan bəri ilk dəfə idi ki, qorxmadım, yatağımda görünməz olacaqmış kimi büzüşüb yatmadım.
Səhər oyanan kimi “bəs Ceyhun Zərifənin evləndirilməsinə niyə imkan verir?” fikri beynimə hücum çəkdi. Heç nəyi götür-qoy etmədən Ceyhunun otağına cumdum.
– Dinlə, bilirəm yaxşısan. Onu soruşmuram. Sən niyə Zərifənin evləndirilməsinə imkan verirsən?
Qaşlarımı çatıb kinli-kinli ona baxdım. O Əli kimi deyildi və necə gündür məni də evləndirəcəklərmiş kimi qorxumdan yataqda belə qıvrılıb yatmağımın səbəbi həm də Ceyhunmuş kimi bu andan ona belə nifrət etdiyimi hiss etdim.
– Nə edə bilərəm məsələn?
Ceyhunun üzündə çarəsizlik dolaşdı, səsi kədərli idi. Bir az əvvəl hiss etdiyim nifrət onun səsindəki kədərə dəyib çilik-çilik oldu elə bil.
– Nə edək? Evdən qaçaq…
– Bu işlər elə olmur.
– Əlidən soruşaq.
– Əlidən niyə? – Ceyhunun üzü daha da ciddiləşdi.
Mən Əlinin zəng etdiyini demədim.
– Bilmirəm, o bizdən böyükdü, bəlkə o necə etməyi bilir. Deyər bizə.
– Əli bizdən uzaqdadır, nə edə bilər? – Ceyhun duruxdu, – Zərifəni görmüsən? Evdən çıxır?
Mən məktəbə gəlmədiyini, iki gündür eyvandan onların həyətlərini izlədiyimi, Zərifəni görmədiyimi dedim.
– Amma Cəmilə xala da istəmir bunu… O adamlar gələndə də üzü kədərli idi, qapıya söykənib eləcə qalmışdı, heç gülmürdü.
– Bəlkə sən onlara gedəsən, nəyi bəhanə edə bilərik?
– Bilmirəm, anam dedi ki, daha paltarlarımı da ona verməyəcək, o kişi yeni paltarlar alacaq. Yəni o adam, – boynumu qısıb səsimi alçaltdım. Ceyhunun yanaqlarında qırmızı ləkələr əmələ gəldi və mən onun sağ əlinin yorğanı sıxdığını gördüm.
Axşamüstü Zərifəgilə getmək üçün heç bir bəhanə tapa bilmədim. Həyətdən çıxıb harasa getmək qadağan idi, anam mənim belə şeylərə görə böyüdüyümü deyirdi. Amma nəyəsə etiraz etdikdə, “uşaqsan, otur uşaq yerində” deyirdi və mən böyük, ya da uşaq olduğuma bir şəkildə qərar verə bilmirdim. Amma o axşam bir yolunu tapmalı idim. Saat irəliləyirdi, ağlıma hələ də bir fikir gəlməmişdi. Darvazaya yaxın idim, bir azdan atam gələcəkdi, ondan sonra çıxmaq heç mümkün olmayacaqdı.
O axşam mən Zərifəni görə bilmək üçün heç bir bəhanə tapa bilmədim.
Səhəri gün beynim bəhanə uydurmaqdan yorğun düşəndə birdən-birə qərar verdim ki, heç bir bəhanə də lazım deyil, mən qalxıb Zərifəni görməyə gedə bilərəm. Anam həyətdə gözə dəymirdi. Darvazanın kiçik qapısını itələyib çıxdım, yolu keçdim və Cəmilə xalagilin həyət qapısını itələyənə qədər hər şey yaxşı idi. Onların qapısına çatanda dayandım, Əfqanın evdə olub-olmadığını düşünməmişdim. Duruxub qalmışdım və geri dönüb-dönməyəcəyimə belə qərar verə bilmirdim.
-Günəşşş, – Cəmilə xalanın səsində daha gülüş yoxdu, – orda niyə durubsan, gəlsənə…
– Gəldim ki… Zərifəni görmək istəyirəm. Dərsə gəlmir.
Evə addımımı atar-atmaz zəif kif qoxusu vurdu məni. Dəhlizdə döşəməyə atılmış, rəngi çoxdan solmuş palazın kənarları diddik-didikdi. Evin divarları palçıqla suvandığından əhənglə rənglənmişdi və az qala hər il bu suvağın qopan yerlərini Cəmilə xala qazıyıb tökür, yenidən palçıqla suvayırdı. Biz dar dəhlizdən keçib daha geniş bir otağa adladıq. Kənddə, adətən, hamının evi bir-birinə bənzəyirdi, iri zaldan bir neçə otağa qapı açılırdı. Mən hətta kənddə hamının bir-birinə bənzədiyini, eyni şəkildə danışıb, eyni geyindiyini düşünəndə bu qərara gəlmişdim ki, eyni evlərdə yaşayan insanlar bəlkə buna görə bu qədər oxşardı.
Cəmilə xala sağ tərəfdəki qapını itələyib açdı. Zərifə ən başqa qoyulmuş dəmir çarpayının üstündə oturmuşdu. Üzü oturduğu çarpayının üzərinə atılmış örtüyün solmuş rəngi kimi idi. Otağa iki çarpayı ancaq sığışmışdı, əlavə də bir az qapıya yaxın yerdən yer salınmış və onun üzəri örtüklə belə örtülməmişdi.
Zərifə anasının üzünə baxıb onun nə deyəcəyini gözlədi.
– Atan yoxdu.
Cəmilə xalanın iki kəlimə sözü elə bil Zərifənin üzünə işıq kimi düşdü, bir az canlanılb irəli gəldi.
– Dərsə gəlmirsən, – hardan başlayıb nə deyəcəyimi bilmirdim. Əslində, iki gündür vurnuxduğum halda bura niyə gəldiyimi tam bilmirdim.
– Hə, gəlmirəm, – Zərifənin üzü əyildi və o başını yaxındakı yastığa sıxıb hönkürdü. Mən donub qalmışdım, həmişə səssiz Zərifə ağlayırdı və mən onun səsinin ilk dəfə idi ki, belə bərkdən çıxdığını eşidirdim.
Əyilib çarpayının altından nəyisə axtardı. Dikələndə əlindəki şəkli mənə göstərdi.
Saçları tökülmüş, başı çəkic kimi dördkünc olan bir kişi baxırdı mənə.
– Bu kimdi? – əslində, cavabı bilirdim.
Nəfəsim daraldı. Zərifə şəkli yenə də ayaqlarının altına atdı. Kişinin üzü xalçaya tərəf düşüb qapananda bir az sakitləşdim.
– Sən evdən qaç, qoy səni o çəkicbaş kişiylə evləndirməsinlər. Mənim pulum var. Yığmışam, Ceyhunun da var. Sənə verə bilərik. İstəyirsən mən də səninlə gəlim? – Son sözləri deyəndə cəsarətimin qırıldığını, xıncım-xıncım olub töküldüyünü hiss etdim. Eyni anda əlimdə sıxıb saxladığım pulları Zərifənin ovcuna dürtdüm.
***
Axşam anam kimsəyə demədən Zərifəni görməyə getdiyimi bilsə də atama şikayət etmədi. Üzümə şübhə ilə baxıb dərindən köks ötürdü.
Otağıma çəkilib təlaşla hamının yatmasını gözləyirdim. Evə səssizlik çökəndə əməllicə vahimələndim. İndiyə qədər bu vaxtlarda yuxuda olduğuma görə evin bu qədər səssiz halını ilk dəfə idi duyurdum. Əməllicə qorxmağa başlamışdım. Amma əsl məsələ başqa idi. Saata baxdım. Nazik əqrəbin hərəkəti ürəyimin atışlarını da sürətləndirirdi və mən yatağımın altında gizlətdiyim kiçik çantamı çıxaranda həyəcandan boğulacaqmış kimi eləcə oturdum. Yenə saata baxdım.
Getməli idim. Ancaq yerimdən qalxa bilmirdim. Saatın əqrəbləri elə bil beynimə döyəcləyirdi. İndi evdən qaçmağın qorxusundan da ayrı bir qorxu içimə oturmuşdu. Mən evdən getsəydim, Əli məni hardan, necə tapa biləcəkdi? Ani olaraq özümü qurbanlıq kimi hiss etdim və Əlidən ayrı düşsəydim bunun günahkarı Zərifə olacaqdı düşüncəsi içimdə ona qarşı kin yaratdı. O an Zərifənin səssiziliyinə, acizliyinə nifrət edirdim.
Nəhayət, qalxıb qapıya yaxınlaşdım. Çantanı almadım. Sakitçə Ceyhunun otağına yaxınlaşdım.
Ceyhunun yastığını dartıb astaca səsləndim.
– Nə var? – Ceyhun geri qanrılıb gileyləndi. Bəlli ki, o da yatmamışdı.
– Mən getməliyəm, yəni getməli idim, amma qorxuram. Zərifə də gözləyir.
– Hara getməlisən? Zərifə harda gözləyir? – Ceyhun yerindən dik atıldı.
Olanları, günorta Ceyhunun daxılını gizlincə alıb içini boşaltdığımı, pulları Zərifəyə verdiyimi deyəndə Ceyhun yorğanı üstündən atıb qalxdı.
– Zərifə harda gözləyəcək səni, tez de.
– Yolun kənarında, kanalın başında gözləyəcək. Mən də gedəcəkdim. Onu ərə verdikləri adamı gördüm, çəkicə oxşayır, belə, – mən əllərimi kvadrat kimi tutub Ceyhuna göstərdim və birdən titrəyə-titrəyə ağlamağa başladım. O adamı xatırlayıb yenə Zərifəyə yazığım gəlməyə başlamışdı.
– Burda qal, ya da yox, otağına get. Əsas odur kimsə oyanmasın, mən Zərifənin arxasınca gedəcəm. Ağlama, qalx, keç otağına…
Qaranlıq pəncərədən yavaş-yavaş çəkilirdi. Ceyhun gəlib çıxmaq bilmirdi və mən dayanmadan ağlayırdım, dizlərimi qucaqlayıb yerdən oturmuşdum. Zərifəyə “qaçaq” deyib getməməyim qürurumu zədələmişdi. Ən başlıcası Əlidən ayrı düşməyim deyə Zərifəyə bəslədiyim nifrət məni öz gözümdən salmışdı, indi özümü pis adam hesab edirdim. Getdikcə beynim donmağa başladı, davamlı heç nə düşünə bilmirdim, fikirlər cumub bir-birini yeyirdi elə bil.
Qapı açıldı. Ceyhun içəri girdi. Mən dik atıb onunla burun-buruna dayandım. Ceyhundan soyuq qoxusu gəlirdi.
– Yoxdu heç yerdə, baxdım, bayaqdan axtarıram.
– Necə yoxdu? – Üzümə istilik yayıldı.
– Yəqin o da gəlməyib, sənin kimi, – Ceyhunun səsindəki kinayə o zaman heç təsir etmədi. Zərifənin də gəlməməsi, son anda vaz keçməsi içimi sakitləşdirdi. Bayaqdan qorxaq zənn edib özümə etdiyim tənələrin yükü birdən qalxdı.
– Həəə, gəlməmiş, – ancaq bunu deyə bildim.
Səhər bir azdan açılacaqdı. Mən yuxusuz və halsızdım. Yatağıma girib dərin yuxuya getdim.
***
– Fazilll, – anam atamın adını uzadıb çağırdığından nəsə olduğunu bildim, – tez ol həkimə zəng vur, uşaq əldən gedir, – anamın səsi evi başına götürmışdü.
Yataqdan atılıb Ceyhunun otağına girmək istəyəndə atam eləcə alt paltarında mənim yanımdan keçib Ceyhuna çatdı. Qəzəbli, Ceyhuna qışqıran adamdan əsər yox idi. Ceyhunu qollarına alıb otaqdan çıxdı, anam onun nə etdiyini anında anlayıb bir anda görünməz oldu. Atamın şalvarı ilə qayıtdı. Atam huşsuz olan Ceyhunu divana qoyub şalvarını geyindi və təkrar Ceyhunu alıb qapıda görünməz oldu. Anam da onun arxasınca gözdən itdi. Bütün bunlar elə sürətlə baş verdi ki, mən nə olduğunu anlaya bilmədim.
Atamın köynəyi bir az kənarda düşüb qalmışdı.
Zərifənin də gəlmədiyini öyrənəndə içimdə yaranmış sakitlik yenə pozuldu və mən atamın köynəyinin yanındaca oturub ağlamağa başladım.
Anamın səsinə oyandım.
– Günəş, burda niyə yatıbsan, qalx, – key-key anamın üzünə baxdım.
– Yaxşıdı indi, özünə gəldi. Amma rayonda xəstəxanaya yatırdılar. Yaxşı idi, niyə birdən belə oldu, bilmirəm. On gün orda qalacaq. Qalx. Bir azdan yenə çıxmalıyam, Ceyhuna lazım olanları aparacam. Səhər yeməyini özün hazırla, geyin, çayı qoy. Mən yemək də hazırlamalıyam, xəstəxananın yeməyini yeyə bilməz qardaşın.
Mən Ceyhunun gecənin soyuğunda Zərifəni axtardığı üçün təkrar xəstələndiyinin əzabını hiss etdim, amma anama heç nə demədim.
– Atam hardadır?..
– Cəmilə xalagildədir. Yenə Əfqan döyüb yazıq qadını. Səsləri gəlirdi, atan ora keçdi.
Əfqan hər dəfə Rusiyadan qayıdıb beş-on gün kənddə qalanda ən azı iki dəfə Cəmilə xalanı döyərdi. Hər dəfə olmasa da, atam hərdən gələn səsə çıxıb onlara üz tutur, hər dəfə də deyinə-deyinə geri qayıdırdı. Biz Ceyhunla bunları görüb susardıq və atamın Əfqanın arxasınca söyüb ondan gileylənməsi mənə o qədər də səmimi gəlməzdi. Hətta bir gün bunu Ceyhuna deyəndə mənə çəmkirmişdi.
– Sən hər şeyi niyə elə dilinə gətirib çölə tökürsən, bir az dilini tutsan yaxşı olar.
– Amma düz deyirəm. Atam da anamı vurmuşdu, söyür də, eşitmişəm.
– Amma Əfqan döyür. Cəmilə xalanın üzündə qara ləkəni görmüsən?! Anamda elə olmur.
– Amma yenə də…
– Eyni şey deyil, – Ceyhun sözümü kəsmişdi.
Mən nifrətlə Ceyhuna baxmışdım.
– Sən də eləsən, onlar kimi…
Əlinin fərqli olduğunu, Ceyhunun Əfqan kimi olmasa da atam kimi olacağını deyəndəsə Ceyhunun çiyinləri düşmüşdü və key-key üzümə baxıb bir söz demədən otaqdan çıxmışdı. Məni vura bilərdi, ondan xeyli balaca idim və buna görə kimsə də onu qınamazdı. Qardaş bacını vura bilərdi. Amma bunu etməmişdi. Yalnız bundan sonra inanmışdım ki, Ceyhun onlar kimi olmayacaq.
O səhər anam Cəmilə xalagildən səs gəldiyini deyəndə Cəmilənin deyil, Zərifənin döyüldüyünü düşünüb büzüşdüm. Əfqan yəqin ki, onun qaçmaq istədiyini öyrənib Zərifəni döyürdü və mən anamın mənə dikilən gözlərinə baxıb kəkələdim.
– Nə olub, qalx, nə özünü yerə sürtürsən? Qorxma, qalx, yaxşıdı Ceyhun, qorxma, – anamın səsi sərt deyildi, hətta kədərli idi. Məni qaldırmağa çalışırdı.
Anamın əlindən çıxıb qapıdan çölə atıldım. Gözümə dəyən zəif günəş işığındanmı, soyuq havadanmı, başım hərlənsə də dayanmadım, həyətdən çıxıb yolu keçdim. Cəmilə xalagilin həyətində xeyli adam vardı. Atamı axtardım. Bir az kənarda dayanıb həmişə maşının arxasında saxladığı köynəyinin düymələnməmiş qollarını üzünə basıb səssizcə dayanmışdı.
Gözüm Zərifəni axtarırdı. Cəmilə xalanın səsi gəlirdi, bərkdən ağlayırdı. Əfqan da bir az kənarda durmuşdu və mənə elə gəldi ki, o da ağlayır. Anam arxadan məni qucaqlayanda geri döndüm, artıq heç nə dərk edə bilmirdim. Məni geri, evə çəkməyə başlayanda da çırpınıb əlindən çıxdım.
– Zərifə hanı?
Anamın üzü əyildi və o da eynən Cəmilə xala kimi səs çıxarıb ağlamağa başladı.
– Zərifə hanı? – mən qışqırıb atamın yanına qaçdım. Qışqırırdım, amma kimsə də mənə nə isə demirdi. Hər kəs mən qışqırıb Zərifəni soruşduqca daha bərkdən hönkürüb ağlayırdı.
Anam arxadan məni qucaqlayıb sinəsinə sıxdı.
– Günəşşş, qurban olum gəl gedək burdan.
– Ana nə olar, Zərifə hardadır? – gücüm tükənirdi.
– Kanala düşüb, gecə…
Mən əslində, bayaqdan bildiyim həqiqətin üzümə sillə kimi dəyməsindən sarsıldım. Boğulmağa başladım. Gecənin soyuğunda Zərifənin qorxa-qorxa dünən gizlincə, bərabər yığdığımız paltar boğçasını sinəsinə sıxıb məni gözləməsi, o anda üzündəki ifadə, təlaş, ümidsizlik ani işıqlandı və sonra qaranlıq çökdü.
Ayılanda anam səssizcə ağlayırdı. Atam başımın üstündə durmuşdu. Gözlərimi açan kimi ondan heç vaxt görmədiyim şəfqətlə üzərimə əyildi. “Günəş” deyib adımı çəkdi və indiyə qədər eşitmədiyim kimi, ondan sonra atamın dilində adımın o qədər mərhəmətlə və mehriban səsləndiyini eşitmədim.
Gözümü açar-açmaz Zərifənin siması beynimə hücum etdi. Dikəlib qalxmaq istəyəndə anam məni sinəsinə sıxmaq istədi. Onu kənara itələyib qalxdım. Onların üzünü görməsəm də ikisinin də donub qaldığının fərqində idim. Birdən geri döndüm.
– Sənin Cəmilə xalaya dediyini eşitmişdim mən. Sən də Ceyhunu döydün. Mən dedim, mən də qaçacaqdım onunla, amma qorxdum. Kaş mən də öləydim, Ceyhun da ölsün. İndi niyə ağlayırsız? – ağlaya ağlaya bağırırdım.
Qaçıb uzaqlaşdım və o anda mən də ölmək istəyirdim. Amma yenə cəsarətim çatmırdı. Anam Zərifənin ayağının sürüşüb kanala düşdüyünü, çıxa bilməyib boğulduğunu demişdi. Zərifə bütün kənddəki qızlar kimi üzməyi bilmirdi, çünki kanalda üzməyi öyrənmək, çimmək ancaq oğlanlara icazəli idi. Amma onun bumbuz sudan çıxıb-çıxmamaq istədiyini də bilmirdim.
Bəlkə də Zərifə özü daha evə geri dönmək istəməmişdi.
Yanağıma süzülən göz yaşını silib kanala doğru qaçdım. Günah hissinin ağırlığı altında əzilən vücudumu daşıya bilmədim, kanalın yanındaca əyilib dizlərim üstə düşdüm. Ceyhunu ancaq indi xatırladım. O bilmirdi, bilsəydi o da məni günahlandıracaqdı, bəlkə ömrü boyu mənimlə danışmayacaqdı. Zərifənin o çəkic baş adamdan qorxmasına məhəl qoymayan kimsə günahkar deyildi, amma ölümündə günahkar mən idim. Ceyhun da belə düşünəcəkdi. İndi mən də belə düşünürdüm və o anda ölmək istəyirdim.
Kanalın sahilə yaxın kənarında qamışa ilişən kağız parçaçı diqqətimi çəkdi. Dünən Zərifənin cod ovcuna qoyduğum pullar idi. Bir az kənardasa bir kitab şişib suyun üstünə qalxmışdı. Zərifəyə verdiyim “Al yelkənlər” əsəri idi və mənə elə gəldi ki, Zərifə son ana qədər al yelkənli gəminin gələcəyini gözləyib.
Əlimi uzadıb suya toxundum, su soyuq deyildi, hətta o anda isti olduğunu hiss etdim. Əksi suya düşmüş günəşsə soyuq idi və mən isti sudan üzərimə düşən soyuq günəşin bumbuz şualarından ürpərib şişib suyun üzərində üzən kitaba ümidsizcə baxaraq hönkürtü ilə ağlamağa başladım.
Eynən Cəmilə xala kimi…
5 mart 2024, Bakı