Kənanın arzuları
- 13 İyun 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Kənan pəncərənin qabağında oturub qaranlığın necə çökməsini izləyirdi. Kənd həyatında axşamın bu saatları çox maraqlı idi. Axura gələn heyvanların səsli-küylü qaçışmaları, sahiblərinin onları gözləmələri, gəlməyən heyvanlarını axtarmaları uzun sürən bir proses idi. Çobanların da gəlməyən heyvan sahiblərinə məlumat vermələri. Sürünün xatasız-bəlasız gəlməsi barədə çobanlar kənd camaatına məlumat verirdilər.
Kənan bu səsli-küylü dəqiqələri çox yola salmışdı, çünkü evi yola bitişik idi. Səhərlər evin çəpərindən bir kiloya qədər yun yığmaq olardı. Yol dar olduğuna görə heyvanlar çəpərə sürtünə-sürtünə keçirdi. Kənanı narahat edən heyvanların qaldırdığı toz-duman idi.
Çox keçmədi ki, ətrafı səssizlik bürümüşdü. Kənan vaxtilə yük maşınlarından aldığı çadırı nazik kəndirlə eyvanın sütunlarına bağlamışdı. Hər axşam olduğu kimi eyvanı qaydasına saldı. Kənan eyvanda dincəlməyə, arabir də mürgüləməyə alışmışdı. Bu gün nədənsə özünü narahat hiss edirdi. Öz-özünə deyirdi: “Allahım, mənə yazığın gəlsin, kimdən əksiyəm, çörək pulu qazanmaqda da aciz deyiləm. Allahım, başqası kimi mənim də evimdən körpə səsi gəlsəydi, özümü dünyanın ən xoşbəxt insanı hesab edərdim”.
Tənhalıq onu bezdirmişdi. Həkimlər görə ömür-gün yoldaşının doğuşa qədər həkim nəzarətində olmasını məsləhət görmüşdülər. Xanımı xəstəxanaya gedəndən sonra Kənan özünə yer tapmırdı. Onu ən çox narahat edən həyat yoldaşının qarnının böyük olması idi. Başını itirmişdi, qara-qara fikirləşirdi, ağlından nələr keçmirdi, nələr…
Eyvanın bir küncündə oturub öz -özünə sual verirdi: Əgər doğuş təbii yolla olmazsa? Birdən əkiz olsa mən nə edərəm?
Kənan xəstəxana xərclərini gözünün qabağına gətirdikcə az qala dəli olurdu. Allaha yalvarmaqdan başqa əlindən bir şey gəlmirdi: “Ey ulu tanrı, sənə yalvarıram, mən kasıb bəndənə yazığın gəlsin, doğuş təbii olsun, mənim də canım bu intizardan azad olsun. Allahım, elə et ki, üç nəfər olaq, kasıb adamam, yoxsa mən əlavə xərcin altında çıxa bilmərəm”.
Qonşunun dediklərini xatırladı. Qonşu Kənanı bikef görəndə ürək-dirək verməyə başlamışdı:
– Ay qardaş, fikir çəkmə, hər şey yaxşı olacaq, ümidini Allahdan üzmə. Əgər pul lazım olarsa bir az tapıb verərəm. Arzu edirəm yengəm sağ-salamat qurtarsın. Sən də ata ol!.. Qonşular səni çox istəyir, hamı səndən ağızdolusu danışır. Bunu özün qazanmısan.
Kənan yuxudan ayılan kimi oldu. Ayağa qalxdı, əllərini belinə qoydu. Bir az eyvanda o baş-bu başa var-gəl etdi. Könlündən xoruzpipiyi çay içmək keçdi. Çay dəmləməkdə çox mahir idi. Çöllük onu yetişdirmişdi. Yemək bişirmək, çay dəmləmək onun elə bil ki, peşəsi idi. Ulularımız demişkən, əlində bərəkət var. Çay tədarükü gördü. Eyvanda çay içməyin ayrı ləzzəti vardı. Eyvanın bir küncündə oturub həyat yoldaşını xatırladı, “Əgər üç nəfər olsaydıq, çox yaxşı olardı” deyib bir az kövrəldi. Beləcə fikirlər, düşüncələr onu qanadlarına aldı.
Ətrafı qaranlıq bürümüşdü. Lampanı yandırmaq qərarına gəldi. Həyat yoldaşından çox razı idi. Sakit qadın idi, çalışırdı ki, həmişə Kənanın dedikləri olsun. Kənan bunu çoxdan hiss etmişdi. Ulularımız gözəl deyib: Ərnən arvadın torpağı bir yerdən götürülüb.
Lampanı əlinə alanda bir daha həyat yoldaşı yadına düşdü. Lampa tərtəmiz, neftlə doldurulmuş vəziyyətdə idi. Dodağının altında təşəkkür edə-edə lampanı yandırdı. Kənan lampanın iyinə alışmışdı. Bir azdan lampanın ətrafında kəpənəklər fır-fır fırlanacaqdı. Bu da çox maraqlı mənzərə idi. Bu vaxtlar meşədən çaqqalların səs-səsə verib ulaşması da son dərəcə maraqlı idi. Uzaqlardan kənd itlərinin hürüşməsi, qonşular arasında qoyunları gəlməyənlərin söhbətləri… Bir sözlə, kənd həyatı həmişə olduğu kimi öz təravətini, canlılığını qoruyub saxlayıdı. Yaddaşlardan silinməyən adətlərdən biri də qonşuların bir-birini çay içməyə dəvət etmələri, gecə yarıya qədər domino oynamaları idi.
Qaynamağa qoyduğu çaydanın səsi onu xəyal dünyasından ayırdı. Çay dəmlədi. Türklər demişkən, çay kıvamına gəlməyincə dəmə toxunmazdı. Dəmli çayın ətri ətrafı bürümüdü. Çay süzdü, tələsimədən qurtum-qurtum içməyə başladı. Onun dəmlədiyi çaya söz ola bilməzdi. “Belə çayı tək içmək günahdır” dedi öz-özünə. Günorta yeməyini doyunca yediyinə görə yanğısı çox idi. Səhərki hava proqnozunun əksinə, səma aydın idi. Qonşusu Əmraha səsləndi:
– Əmrah qardaş, işin yoxsa bizə gəl.
Əmrah kişi çox gözütox, ürəyi təmiz adam idi. Paxıllıq onun kitabında yazılmamışdı. Əmrah kişi Kənanın səsinə səs verdi:
– Eşidirəm, qonşu, bir şad xəbərmi var?
– Olar inşallah, gözləyirik, qonşu, inşallah hər şey bizim fikirləşdiyimiz kimi olar.
– Xeyirdimi çağırmaqda?
– Xeyirdi, Əmrah qardaş, yaxşı çay dəmləmişəm, dedim bərabər içərdik.
Əmrah kişi bu təklifə çox sevindi. Kənan barədə düşündükləri onu aldatmamışdı. Kananın namuslu, zəhmətkeş olduğuna görə ona hörməti vadı. İki qonşu eyvanda oturub çay içməyə başladılar. Ətrafı çəyirtkə səsi bürümüşdü. Əmrah kişi Kənana dönərək dedi:
– Qonşu, darxma, atalar demişkən, çətin günün ömrü az olar. Qızımız da sağ-salamat qucağında bir oğlan uşağı ilə evinə gələr.
– Allah ağzından eşitsin. Kor nə istər: iki göz, biri əyri, biri düz. Əmrah qardaş, məni yaşadan sizin kimi qonşulardır. Qardaş, səndən nə gizlədim, birdən fikirə dalıram, başqa bir aləmdə göylərə çıxır, ulduzların arasında gələcək körpəmi axtarıram. Əmrah qardaş, ikimiz də adəm övladıyıq, xasiyyətlərimiz də üst-üstə düşür. Sən mənə bu gün doğmalıq etdin. Allah səndən razı olsun. Qardaş, bəri başdan deyirəm, oğlumun kirvəsi sən olacaqsan.
– İnşallah, qonşu, sağ-salamat dünyaya gəlsin, gerisi asandır. Qonşu, bu fikir mənim də könlümdən keçmişdi. Sən mənim ürəyimi oxudun. Çay da yerinə düşdü.
Əmrah kişi çaya görə razılığını bildirdi, bir az da dil-ağız etdi:
– Kənan kişi, bilirəm bu saat çox həyəcan keçirirsən, çətin günün ömrü az olur deyib ulularımız. Gecən xeyrə qalsın! Sən də get dincəl, gecə uzundur.
Kənan qonşusunu yola saldıqdan sonra bir az rahatlandı. Çay süfrəsinə əl gəzdirdi. Yatmaq könlündən keçsə də yata bilmədi. Eyvanın hər tərəfi dincəlmək üçün uyğun idi. Eyvanın bir tərəfində dirsəkləndi. Ətrafdan gələn səslər elə bil ki, onun istirahət etməsi üçün nəzərdə tutulmuşdu. Kənanın bir xoşbəxtliyi də qaranlıqdan qəti qorxmaması idi. Oturduğu yerdə arada mürgüləyir, tez də oyanırdı. Bütün fikri-zikri arvadı xatırlamaq idi.
Əmrah kişinin söhbətləri ona toxtaqlıq gətirmişdi. Kənanın arada qulağına küt bir səs gəlirdi. Öz-özünə fikirləşdi: ola bilsin, qonşunun pişiyidir. Bir müddət əhəmiyyət vermədi. Amma təkrar qulağına gələn səs onu diksindirdi. Cəld yerindən sıçrayıb həmişə yanında gəzdirdiyi ağacı götürüb yavaş-yavaş otaqları yoxlamağa başladı. Tam əmin oldu ki, evə oğru girib. Onu yaxalamaq qərarına gəldi. İkinci lampanı yandırmışdı ki, oğru təhlükəni görüb bir küncdə gizləndi. Kənan gülümsünərək oğruya dedi:
-Ay kişi, de görüm mənim evimdə nə axtarırsan?
– Qardaş, and olsun Allaha, mən oğru deyiləm.
– Bu bir təsadüfdür, üzr istəyirəm.
– Səncə, başqasının evinə girmək təsadüfdürmü?
– Yox, qardaş, elə demək istəmədim, yəni bir qələtdir etmişəm, burax gedim.
– Torbadakı əşyaları aldığın yerə qoy! Mənim dediklərimi qulağına sırğa et. Sən boşuna özünə əziyyət vermisən, yaxşısı budur bir varlının evinə get, istədiyini orada axtarıb tapa bilərsən. Sənin mənim evimdə axtardığın şeyi mən gündüz-günorta çağı axtarıb tapa bilmirəmsə, sən onu qaranlıqda necə tapacaqsan.
Oğru ayağa qalxıb Kənana yaxınlaşdı:
– Qardaş, bu həyatda nə arzun varsa çin olsun. Mən namaz qılan kişinin övladıyam, bilirdim ki, bu səhv hərəkətim baş tutmayacaq. Sənin kimi namuslu, gözütox insana rast gəldim. Başqası olsaydı dərimə saman təpərdi. Mənim adım Əliquludur. Atam həmişə deyərdi ki, özünə hörmət etməyi bacarmırsansa sənə verdiyim ada hörmət et! Mən Həzrət Əlinin quluyam. Bu gündən sonra sən mənim böyük qardaşımsan.
Kənan o gecə yatmadı, təzə tanış olduğu oğru dostu ilə sabaha qədər çay içib söhbət etdilər. Kənan bir müddət səssizcə ətrafı seyr etdi, öz- özünə gülümsündü. Qəribə dünyadı, insan bilmir ki, bir dəqiqədən sonra başına nə gələcək. Bu da mənim qismətim, evimə oğurluğa gələn insanla köhnə tanıdığım dost kimi oturub çay içirəm. Buna da şükür, ilahi!
Təzə tanış olduğu qonağı ilə Allah verəndən yeyib, sağollaşdılar. Kənan uzun müddət oğru dostunun arxasınca baxdı…
İnanan inansın, inanmayan özü bilər, Kənan oğru Əliqulunu kəşf etmişdi.
Yatağa uzanmağı ilə yuxuya getməsi bir oldu. Şirin yuxuda yatırdı, birdən qulağına səs gəldi. Bu, Əliqulunun səsi idi:
– Kənan, oyan, Kənan, oyan!
Yuxulu-yuxulu dik atıldı, eyvana çıxdı, ətrafa göz gəzdirdi. Qonşusunu gördü, salam verdi:
– Məni çağıran sən idinmi?
– Yox, ay qonşu.
– Qulağıma səs gəldi.
– Qardaş, sən xəstəxanaya get, vəziyyəti öyrən.
– Düz deyirsən, qonşu, Allah səndən razı olsun.
Kənan əlini-üzünü yudu. Qulağına gələn səsi xatırladı. Əliqulunun səsi olduğunu yəqin etmişdi. Görəsən bunu hansı qüvvə təşkil etmişdi!..
Kənan tələsik yığışıb xəstəxanaya getdi. Onu qarşılayan tibb bacısının gözlərində bir sevinc qığılcımı vardı, hədiyyə alacaqdı. Kənanın sevincdən qulaqları tutulmuşdu, həyat eşqini itirməyən nəmli gözləri ilə, mehriban baxışları ilə tibb bacısını sey edirdi.
– Qardaş, səni təbrik edirəm, nəmərimi hazırla, bir oğlun oldu!
Kənan sevincindən yerə oturdu:
– Bacı, sənə qurban olum, dediklərini bir də təkrarla…
Yenə qulağında Əliqulunun həyəcanlı səsini eşidirdi: Kənan, oooooyaaaan!
Kənan matı-qutu qurumuş vəziyyətdə bir tibb bacısına baxırdı, bir də Əliqulunun səsini xatırlayırdı…
Allahım, səni tanımayan kafirdir!
Müəllifin başqa yazıları:
Zarafat
Ruhlar da danışır
Ziyanın yarısından qayıtmaq qəniməti
Yaşamaq stimulu
Qəbiristanlıq yolunda qaz əhvalatı
Cin əhvalatı
Alma qurbanı
Yarımçıq köç
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Papaq əhvalatı
Köhnə kənddən təzə xatirələr
Qonşumun həyat hekayələri
Qaz qonaqlığı
Koronavirus təhlükəsi və mənim həkimliyim
Generalın ölümü öldürən şəhidliyi
Haram tikə (Hekayə)
Səsimə səs verin
Mənim adım
İçki əhvalatı
Ayı əhvalatı
Bir cümləlik məktub (Hekayə)
Bu nə təsadüf?
Keçəl dağ
Yuxu məsələsi
Baş nazirin qonaqlığı və ya cangüdən toyuqları necə oğurladı…
Tənha qu quşları