“Svannın eşqi” Azərbaycan dilində işıq üzü görüb
- 03 İyun 2024
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Görkəmli fransız yazıçı Marsel Prustun (1871-1922) “Svannın eşqi” əsəri Azərbaycan dilində işıq üzü görüb.
“Svannın eşqi” Marsel Prustun “İtirilmiş zamanın sorağında” silsiləsindən qələmə aldığı “Svann yolunda” kitabının davamıdır.
“Svann yolunda” azərbaycanca 2020-ci ildə Azər Əhmədovun tərcüməsində “Qanun” nəşriyyatında çapdan çıxıb.
“Svannın eşqi”ni də dilimizə Azər Əhmədov çevirib, “Qanun” nəşriyyatı əsəri kitab şəklində çap edib.
Kitabın satış qiyməti 10.39 manatdır. Həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək nəşriyyatın mağazasından almaq (Ünvan: Bakı, Tbilisi prospekti, 76) və ya 012 431 16 62, 055 212 42 37 nömrəli telefonlarla, fb.com/Qanunpublishing, instagram.com/Qanunpublishing sosial şəbəkə hesabları, Qanun.az saytı vasitəsilə sifariş etmək olar.
344 səhifəlik “Svannın eşqi” kitabının annotasiyasında deyilir:
“…Başqa dünya da var – o biri dünya – hər kəsin “bu” adlandırdığı dünyadan başqa…
İnanmayanlar üçün inananların dünyası – və əksinə…
Canlılar üçün cansızların dünyası – və əksinə…
Kiçiklər üçün böyüklərin dünyası – və əksinə…
Kişilər üçün qadınların dünyası – və əksinə…
Kişi və qadınlar üçün həm kişi, həm qadın olanların dünyası – və əksinə…
Kübarlar üçün sıravilərin dünyası – və əksinə…
Sənət xiridarları üçün cahillərin dünyası – və əksinə…
Rəbbin bir olduğuna şəkk gətirməyənlər üçün düz bir era əvvəl yeni Rəbb doğulduğuna iman gətirənlərin dünyası – və əksinə…
Sevgidə, cinsəllikdə “klassik” tərz tərəfdarları üçün qeyri-ənənəvi əlaqələr aludəçilərinin dünyası – və əksinə…
…Və bu dünyaların hər biri – sonuncudan tutmuş birinciyədək – “Svannın eşqi”ndə yer alır. Özü də Prust bu dünyaların heç birini açıq mətnlə təsvir etmir. Elə təsvir vasitələri seçir ki, hər bir ifadəsinə bir neçə mətləb, bir neçə dünya sığışır. Musiqidən, rəsmdən bəhs edəndə, elə öz təbirincə desək, ən axırıncı növbədə, ən zəif mənada sırf musiqini, rəsmi nəzərdə tutur. Sevgidən, sevişməkdən, din-imandan bəhs etməyəndə, deməli, o məqamda ilk növbədə məhz sevgini, sevişməyi, din-imanı nəzərdə tutur. Çünki Prust özü də özgə bir dünyadır…
Prustun dünyasına xoş gəldiniz!
Novator.az saytı Azər Əhmədovun kitaba yazdığı ön sözü də oxucuların diqqətinə çatdırır:
“Təxminən yüz on il öncə – Marsel Prust bu romanı yazmağa başlayanda nə özünün, nə müasirlərinin, nə də tənqidçilərinin ağlına belə gəlməzdi ki, əsər, haradasa, müəllifin şəxsi həyatı kimi, keşməkeşli tale yaşayacaq. O çağacan Fransanın ayrı-ayrı qəzet-jurnallarında, əsasən sənət mövzusunda məqalələrlə çıxış edən, bir şeirlər kitabı nəşr etdirən, üzərində işlədiyi bir romanı isə yarımçıq qoyan otuz yaşlı Marsel daha sanballı, yarıdidaktik, yarıpoetik bir əsər ərsəyə gətirmək fikrinə düşür. Bu minvalla “itirilmiş zamanın sorağına” çıxır.
Kökləri yeni eradan əvvəllərə gedib çıxan əcdadlarının şərəfli və dönüşümlərlə zəngin keçmiş həyatı, bugünkü yaşamı, eləcə də Yaranış, Tarix, Zaman, Din-İman, Həqiqət, Təbiət, Sənət, Xeyir və Şərlə bağlı düşüncələrini böyük bir roman şəklindəmi, ya traktat tərzindəmi qələmə almaq üzərində xeyli götür-qoy edir və əvvəl-axır, “ikisini birində” cəmləşdirmək, haradasa bədii-fəlsəfi epopeya yaratmaq qərarına gəlir. Və öz qəhrəmanının dili ilə, yazacağı əsəri bəri başdan belə səciyyələndirir: “Onlar (gələcək oxucular)… məni oxumayacaqlar… onlar eləcə özlərini oxuyacaqlar; mənim kitabımdan isə bir növ zərrəbin qismində yararlanacaqlar – bu kitab onlara öz ürəklərindəkini oxutduracaq; mənsə onlardan zərrə qədər nə tərif, nə töhmət umacağam, qoy sadəcə söyləsinlər: heç olmasa, nəsə alınıbmı – mənim yazdıqlarımla onların öz ürəklərində oxuduqları üst-üstə düşürmü?..”
Və gələcək oxucularının qəlbini bəri başdan oxumaq və könüllərini oxşamaq niyyəti ilə əyani və qiyabi səyahətlərə çıxır, antik çağla, dinlərarası savaşlarla, İntibah dövrü ilə, müxtəlif dünyagörüşləri, çeşidli həyat tərzləri, fərqli adət-ənənələrlə, ən qədim və nisbətən yeni şah əsərləri, poeziya, nəsr, dramaturgiya, musiqi, rəssamlıq, memarlıq inciləri ilə, təbiət mənzərələri ilə, növbənöv rayihə və rəmz daşıyan gül-çiçəklərlə, rəngarəng hiss-həyəcanlarla bağlı xeyli bilgilər mənimsəyir və nəhayət, 1912-ci ildə, sonradan “İtirilmiş zamanın sorağında” adlandıracağı böyük həcmli epopeyanın ilkin variantını – birinci cildini – “Svann yolunda” romanını tamamlayır. Və çap olunmaq üçün nəşriyyat axtarışına başlayır. Heyhat, çoxlarını ruhdan sala biləcək bir durumla rastlaşır.
Əvvəlcə məşhurları çap edən “Faskel” nəşriyyatına üz tutur – burada heç əsəri oxumamış, həcminin çox böyük olduğunu bildirib, iki cildə salmağı məsləhət görürlər; Prust razılaşmır; onda nəşriyyat rəhbəri romanı oxuyub mövqe bildirmək üçün daimi rəyçilərindən birinə – şair Jak Maklenə təqdim edir; o da öz növbəsində bir müddət sonra rəhbərliyə belə bir “resenziya” göndərir: “Yeddi yüzdən çox əlyazma-makina səhifəsi boyu, cüzi şəkildə təsəvvür belə etmək olmur ki, məhz nə baş verir. Əcəba, bütün bunlar nə üçün yazılıb? Və nə məqsədlə? Anlamaq mümkün deyil! Bilmək olmur ki, bu nədir, nə barədədir, nəyə xidmət edir…” Və əsər geri qaytarılır.
Bundan sonra Prust öz əlyazmalarını çoxlu tanışlarının olduğu, ara-sıra çap olunduğu “Nuvel Revyu Fransez” jurnalının nəzdində yaradılmış “Qallimar” nəşriyyatına aparır – burada da eyni səbəblərdən imtina cavabı alır, hərçənd nəşriyyatın rəyçisi Jan Şlümberje sonradan boynuna alır ki, əslində, əlyazma heç oxunmayıb da – sadəcə, həcminin böyüklüyünə və müəllifin snobist reputasiyasına görə geri qaytarılıb.
Üçüncü cəhddə “Ollendorf” nəşriyyatına üz tutur və bütün mətbəə xərclərini öz üzərinə götürməyə boyun olur – fəqət nəşriyyatın direktoru Rolan Emble romanı oxuyub başa çatdırmamış, Prusta belə cavab verir: “Mən, ola bilsin, yetərincə kütbeyinəm, amma hər halda bir naşir kimi ağlıma sığışdıra bilmirəm ki, bu cənabın (əsərin qəhrəmanının) otuz səhifə boyu – ta yuxuya gedənəcən – yataqda o üz-bu üzə necə çevrilməsini təfsilatı ilə təsvir etməsi hansı zərurətdən doğur və oxucuya nə qazandırır…”
Nəhayət, Prust bir naşir kimi təzə-təzə məşhurlaşmağa başlayan, ətrafında istedadlı gənclər toplayan Bernar Qrassenin yanına pənah aparır – bütün xərcləri müəllif özü ödəyəcəyinə görə heç bir riskə getməyən Qrasse eləcə rəngarənglik xətrinə romanı az tirajla (1750 nüsxə) nəşr etmək qərarına gəlir, hərçənd kitabın çap olunmuş ilk nüsxələrindən birini öz dostlarından birinə belə bir “dərkənar”la göndərir: “Bunu oxumaq sadəcə mümkün deyil – elə-belə, müəllifin öz hesabına çap etdik…”
Beləliklə, 1913-cü ildə “Svann yolu”, nəhayət ki, işıq üzü görür və heç kimin gözləmədiyinə rəğmən, cəmisi üç həftə ərzində bütün nüsxələri satılıb qurtarır və Bernar Qrasse təkrar nəşr üzərində düşünməyə başlayır; amma oxucular sırf orijinallığına görə əsəri maraqla qarşılasalar da, tənqidçilər onu az qala birağızdan “qara siyahı”ya salır – “cümlələrinin hədsiz uzunluğundan”, “ifrat qəliz dil-üslubundan” dolayı; zamanının nüfuzlu ədəbiyyatşünası Pol Sude sanballı “Le Tan” qəzetində romanı müəllifqarışıq “yıxıb-sürüyən” böyük bir məqalə ilə çıxış edir və Prustu hətta fransız dilini mükəmməl bilməməkdə ittiham edir.
Prust sarsılsa da, həmin məqalə ilə bağlı “Mən bu resenziyada öz kitabımı, adamı intihara sövq edən güzgüdəki kimi gördüm” – desə də, yoluna və üslubuna sadiq qalır. Çünki onu ruhlandıran məqamlar da olur: sırf ədəbiyyatşünaslar əsəri o ki var “qamçılasalar” da, maraqlıdır ki, digər sənət xiridarları – ayrı-ayrı teatrşünaslar, rəssamlar, memarlar, musiqiçilər, hətta təbiətşünaslar onu yüksək dəyərləndirirlər, həmkarları ilə yazışmalarında romanın öz peşələrinə aid hissələrindən sitatlar gətirirlər və beləcə, heç özləri də fərqinə varmadan, Prustu təbliğ etmiş olurlar.
Naşirlik sənəti ilə yanaşı, reklam xiridarı da olan Bernar Qrasse də Prusta xeyli ürək-dirək və məsləhət verir: “Hər bir əsəri oxutdurmaq üçün müəllifə əsas üç amil gərəkdir: dövri mətbuata vaxtaşırı müsahibələr vermək, ayrı-ayrı fəsillərin kütləvi mütaliəsini təşkil etmək və bəzi parçaları qəzet-jurnallarda dərc etdirmək”.
Prust deyilənlərə əməl edir və bu da sonucda öz bəhrəsini verir: əvvəllər ondan imtina etmiş naşirlər belə, növbəti kitablarını onların nəşriyyatlarında çap etdirmək xahişi ilə ona minnətçi düşürlər; oxucu rəğbəti də özünü çox gözlətmir: artıq bu “yeni istedad”ın həyatı və yaradıcılığı ilə yaxından maraqlanmağa başlayırlar. Həyatı isə, kübarlığına rəğmən, yaradıcılığı qədər zəngin olmayıb.
Valentin Lui Jorj Ejan Marsel Prust 1871-ci ildə Parisdə, imkanlı bir ailədə dünyaya göz açıb. Atası, köklü fransız Adrian Prust görkəmli həkim-pedaqoq, tibb professoru, səhiyyəyə aid bir neçə kitabın müəllifi, eləcə də hökumət yanında yoluxucu xəstəliklərə qarşı mübarizə üzrə müşavir kimi, anası Janna Veyl isə yəhudi mənşəli birja dəllalının qızı olaraq, kübar xanım kimi tanınıb.
Marsel doqquz yaşında ağır astmaya tutulub və bu xəstəlik onu ömrünün sonuna qədər rahat buraxmayıb. Liseydə oxuduğu illərdə maraqlı inşa yazıları ilə tanınıb, görkəmli bəstəkarların, rəssamların, şair-yazıçıların övladları ilə dostluq edib və özü də tezliklə çağdaş ədəbiyyat və incəsənət saraylarına ayaq açıb. Valideynlərinin tövsiyəsi ilə Sorbon Universitetinin hüquq fakültəsinə daxil olub, amma yaradıcılığa meyilləndiyindən, təhsilini yarımçıq qoyub. Nüfuzlu “Fiqaro” qəzetində sənət yenilikləri köşəsinin aparıcısı olub, başqa qəzet-jurnallarla da əməkdaşlıq edib, əsgərliyə gedib-qayıdandan sonra isə dostları ilə birlikdə ədəbi-bədii “Pir” dərgisini yaradıb.
1894-cü ildə ilk mənsur şeirlər kitabını, iki il sonra isə çox sevdiyi Anatol Fransın ön sözü ilə “Həzlər və Günlər” adlı novellalar kitabını çap etdirib. Fəqət sırf kübar reputasiyasından dolayı, ədəbi tənqidçilər çevrəsində ciddi qarşılanmayıb. İyirminci əsrin ilk illərində ingilis dilini gözəl bilən anasının köməkliyi ilə çox sevdiyi Jan Raskinin bir neçə əsərini fransızcaya tərcümə edib; eyni zamanda, anasının baxışlarını tam paylaşdığından, yeni yüzilliyin astanasında Fransa hakim dairələrində yəhudilərə qarşı yeni ayrı-seçkilik və təqib dalğası başlandığında, həmkarları Anatol Frans və Emil Zolya ilə birgə antisemitizm əleyhinə ilk çıxanlardan olub. Və ard-arda iki il ərzində əvvəl atasını, sonra da, özünün etiraf etdiyi kimi, “dəlicəsinə bağlandığı” anasını itirib.
Anasının ona “yəhudilərə layiq” (indiki nominalla altı milyon dollar, üstəgəl ayda on beş min dollarlıq sabit gəlir) miras qoymasına baxmayaraq, – bir yandan da xəstəliyinin günü-gündən şiddətlənməsindən dolayı, – tənhalığa qapılır, Kursell küçəsindəki şəxsi evlərindən yenicə vəfat etmiş dayısının Osmann bulvarındakı mənzilinə köçür və ömrünün sonunacan (1922) “İtirilmiş zamanın sorağında” üzərində işləməyə davam edir.
İlkin variantı 700 səhifədən ibarət olan romanı genişləndirə-genişləndirə 4500 səhifəlik, yeddi cildlik (“Svann yolunda”, “Çiçək açmış qızların kölgəsində”, “Germantlar yolu”, “Sodom və Homorra”, “Əsir qadın”, “Qaçaq Albertina” və “Geri alınmış zaman”) epopeya həcminə çatdırır.
1918-ci ildə “itirdiyi zamanı təkrar geri qaytarmaqla” işini tamamlasa da, ömrünün sonuna qədər saysız-hesabsız düzəlişlərlə, dəyişikliklərlə, haradasa, “Zaman”ını da, özünü də əldən salır.
Özünü demişkən, Prustun özəl həyatı da birmənalı keçməyib: gəncliyində bir neçə dəfə ehtiraslı, qısqanc və ənənəvi olmayan eşq yaşayıb, hətta qısqanclıq zəminində rəqiblərindən birini duelə çağırıb, bir sevgilisini isə xəyanət üstündə öldürüb; heyhat, qadın bədəni, qadın sevgisi onu çox da cəlb etməyib və bu mərəz onun “İtirilmiş zaman”ının bəzi qəhrəmanlarının, – kişili-qadınlı, – simasında da özünü büruzə verib.
Yeri gəlmişkən, müəllif “itirilmiş zaman” dedikdə, həm əsrlər boyu haqsızcasına əcdadlarının əlindən alınmış şərəfli keçmişi, həm azərbaycansayağı desək, “vaxtı fövtə verməyi”, həm də mövcud gerçəkliyin Həqiqəti əks etdirmədiyini nəzərdə tutur.
Bunca yüksək fəlsəfi və bədii-estetik məziyyətlərinə görə əsər hələ sağlığında öz müəllifinə Fransanın ədəbiyyat sahəsində ən nüfuzlu “Qonkur mükafat”ını qazandırıb; Qren Qrim Prustu “XX əsrin ən yaxşı romançısı”, Somerset Moem isə “İtirilmiş zamanın sorağında”nı “bu günədək yazılmış ən yaxşı əsər” adlandırıb; XX əsrin sonlarında Fransanın aparıcı kitab mağazaları və onların alıcıları arasında keçirilmiş “İyirminci əsrin ən yaxşı 50 əsəri” sorğusunda Prustun “Zaman”ı ikinci – Albert Kamyunun “Yad” romanından sonrakı – yeri tutub; 2000-ci ildə dünyanın ən nüfuzlu sənət hərracı sayılan “Kristis”də “Svann yolunda” romanının ilk nəşrinin, üzərində müəllifin düzəlişləri olan siqnal səhifələri rekord qiymətə – milyon dollara satılıb…
Təxminən bütöv bir əsr boyu Fransanın özündə və dünyanın əksər ölkələrində dönə-dönə çap edilmiş “İtirilmiş zamanın sorağında” üçüncü minilliyin astanasında yeni bir tale yaşayır – belə ki, XX əsrin sonlarında Fransa Milli Kitabxanasının əlyazmalar fonduna Prustun o zamanadək heç kimə bəlli olmayan, amma yetərincə fərqli və gərəkli düzəlişləri daxil olur; və əsər bütün dünya boyu yenidən tərcümə və nəşr edilməyə başlanır.
Elə bizim tərcüməmiz də həmin o yeni varianta əsaslanır. Və daha bir məqam: “İtirilmiş zamanın sorağında” silsiləsindən birinci – üç fəsilli, dörd hissəli (“Kombre – 1”, “Kombre – 2”, “Svannın eşqi”, “Yer adları: İsim”) roman həcmcə böyük olduğundan, bəzi dillərdə iki kitab halında çap edilib; biz də həmin yolu seçdik və beləliklə, “Svann yolu”nu, müəllifin ifrat qəliz (bəziləri üçün hətta dərkedilməz) dil-üslubunu yüngülləşdirmədən, hədsiz uzun (bəzən bir səhifəyə sığışmayan) cümlələrini bölmədən, (sadəcə, bir xeyli səhifəaltı haşiyə-qeydlərlə) Azərbaycan oxucusuna təqdim edirik.
P.S. Bir müddət əvvəl ayrıca kitab halında ixtiyarınıza verdiyimiz birinci fəsli iki-üç kəlmə ilə belə ümumiləşdirmək olar: Prustun kiçik yaşlı qəhrəmanı vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə varmaqla, haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə – istər öz köşəsində, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında da elə hey nəsə axtarır; özü də elliklə qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, eləcə asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri qaytarmaq, əsl Həqiqətə qovuşmaq yolunda hələ yüzillər, minillər öncə bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil…”