Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Bir gün Daşnak partiyasının bir qrup üzvü yığışıb baş nazir Paşinyanın yanına gəlir. Paşinyan yenicə hamamdan çıxıbmış. Anna çox ehtiyatla ərinə yaxınlaşaraq:
– Axbercan, Daşnak partiyasının əməkdaşları gəlib, səninlə görüşmək istəyirlər.
– Annacan, vəziyyəti başa sal, bir azdan hazırlaşıb çıxacağam.
Belə rəsmi görüşləri Anna rəsmi qaydada ustalıqla həll edirdi. Paşinyan Annanın qabiliyyətinə bələd olduğu üçün heç tələsmirdi. Paşinyan gələnlərin kimlər olduqlarını demək olar ki, bilirdi.
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Paşinyan pilləkənlərdən asta-asta düşərək ətrafa göz gəzdirdi, hər şey fikirləşdiyi kimi idi. Qonaqlarla salamlaşıb görüləcək işlərlə maraqlandı. Paşinyan onları ayrı-ayrı dinlədikdən sonra kimin nə iş görəcəyi tapşırığını verdi. Gələnlərin içərisində Daşnak partiyasının bir qrup dələduzu da var idi. Onların məqsədi Cıdır düzündə kef məclisi təşkil etmək idi. Paşinyan da baş nazir kimi orada iştirak edəcəyinə söz vermişdi. Onların əsas məqsədi azərbaycanlıları ələ salmaq, Qarabağda necə kef çəkdiklərini, necə yallı getdiklərini baş nazir başda olmaqla nümayiş etdirmək idi. Paşinyan yüksək səslə üzünü daşnak qonaqlara tutaraq:
– Qardaşlar, buranı Allah bizə yaxşı yaşamaq, kef çəkmək üçün hədiyyə edib, – deyərək əl vurub gülməyi də yaddan çıxarmadı.
Paşinyanın başına topladığı daşnak quldurlar şərxoşluqdan harada olduqlarını belə unutmuşdular. Əvvəlcədən düşünülmüş məclis olduğuna görə ətraf kəndlərdən gələn qonaqların ardı-arası kəsilmirdi. Gələn qonaqlarla söhbətindən hiss olunurdu ki, Paşinyan çox sərxoşdur, onun cangüdənləri ətrafında hey fırlanırdılar, yıxılmasın deyə gözlərini dörd açmışdılar. Paşinyan təzə gələnləri aşağıdan yuxarı seyr edərək kövrək bir səslə “mənim zavallı vətəndaşlarım, sizi Böyük Ermənistan gözləyir, hələlik süfrəmizə yaxın gəlin, kabablardan isti-isti yeyin, çəkinməyin” deyirdi.
Məclis o həddə çatmışdı ki, heç kəs bir-birini eşitmək istəmirdi. Bu kef məclisində oturduğu yerdə yatıb qalanlar səhərə yaxın dodaqaltı donquldana-donquldana, səndələyə-səndələyə kəndlərinə tərəf gedirdilər. Yoldan keçən bir nəfər sərxoş erməniyə yaxınlaşır:
– Səhərin gözü açılmamış sərxoş gəzməkdən utanmırsanmı, həm də başqasının torpağında?
– Nə üçün utanmalıyam, mən baş nazirin qonaqlığından gəlirəm.
– Ermənisən ki, erməni, ay dığa, buradan qonaqlıq yox, leş iyisi gəlir!..
– Ara, sən kimsən ki, mənimlə belə danışırsan?
– Mən bu torpağın sahibiyəm.
– Ay müsəlman, sən get başqa yerdə torpaq axtar. Mənim daşnak qardaşlarım eşitsə, dərini boğazından çıxararlar.
Bu iyrənc mənzərəni seyr edən azərbaycanlı məəttəl qalmışdı, Cıdır düzünün səmalarında həmişə qızıl quşlar, qartallar, şahinlər meydan oxuyardı. Allahın işinə bax, indi meydan qarğalarda idi. Leş ab-havası qarğaları səs-küy salmağa vadar edirdi. Məclis də demək olardı ki, idarə olunmurdu. Hətta bəziləri onu tənqid edir, ələ salırdılar.
Paşinyan birdən yerindən sıçrayıb oturdu. “Mən gedirəm” dedi və əsəbi halda: “Sözün doğrusu, düşünmürdüm ki, mən olan yerdə belə tərbiyəsizlik olsun. Mən onları canım, ürəyim kimi yaxına buraxmışam ki, adam kimi yeyib içsinlər” deyə əlavə etdi.
Daşnakların arasından yaşlı biri Paşinyana yaxınlaşdı:
– Qurban olduğum, sən bu dığalara fikir vermə, dillərinə içki dəyəndə valideynlərini də tanımırlar. Mən onları addım-addım izləyirəm ki, bu mübarək məclisdə başqa xoşagəlməz hərəkətlər etməsinlər.
Yaşlı erməni də o qədər sərxoş idi ki, danışdıqca yerində dura bilmirdi, elə bil ki, tvist oynayır, sağa-sola burcudurdu. Saqqalının ətrafı köpüklənmişdi. Cavan bir dığa ona yaxınlaşıb qolundan tutaraq “Baba, sən artıq özünü idarə edə bilmirsən, gedək, atam səni tində gözləyir” dedi. Paşinyanı gülmək tutdu, bayaqdan bu, bizə ağıl verirdi, indi isə özü boçkaya girib çıxıb, zavallı çox sərxoşdur. Məclis iştirakçılarından biri baş nazirə yaxınlaşdı:
– Cənab baş nazir, sizdən xahiş edirəm buradan bir az uzaqlaşaq. Bizim məclis məcrasından çıxıb, mən istəmirəm siz o gədələrin arasında olasınız.
Paşinyan razılığını bildirib həmin adamla söhbət edə-edə oradan uzaqlaşdılar. Meşənin rahat bir yerində oturub dincəlmək qərarına gəldilər. Paşinyan cangüdənləri ilə maraqlandı. Gördüm deyən olmadı . “Gələrlər” deyib söhbətinə davam etdi. Onlar çox qoçaq oğlanlardır, lazım gəlsə, canavarlarla da boğuşarlar. O dığalar daşnak südü əmiblər, qorxusu yoxdur, harada olsa, gələrlər.
Sən demə, cangüdənlər də meşədə azıblarmış. Nəhayət, onlar gəzə- gəzə bir kəndə yaxınlaşırlar. Ev sahibi onları görüb evə dəvət edir. Burada bir haşiyəyə çıxım: Bu cangüdənlərdən biri uşaqlıqdan toyuq, yumurta oğurlamaqdan zövq alarmış. Bu cangüdənin gözü ev sahibinin xoruzlarına, toyuqlarına sataşır. Ev sahibinin başı qarışan kimi cangüdən xoruzların, toyuqların başını kəsib bir torbaya doldurur. İş tamam olan kimi dostuna göz vurur ki, getmək vaxtıdır. Ev sahibi qonaqların yığışdığını görüb çox təəccüblənərək deyir:
– Qardaşlar, hara tələsirsiniz, yaxşı yeyin-için, yoldan gəlmisiniz, bir az da dincəlin. Yatmağa rahat yerimiz də var. Əgər belə tez getmək qərarına gəlmisinizsə, sabah xoruz banında yola düşərsiniz.
Oğru dığa gülümsənərək “Qonaqpərvərliyinizə görə çox minnətdarıq. Xoruza nə var ki, keyfi istəyəndə yolda da banlayar” dedi.
Ev sahibi axşam yeməyini yeyib yatağına uzanır, yorğun olduğuna görə tez də yuxuya gedir. Səhər tezdən qalxıb heyvanların, toyuq-cücənin yemini vermək istəyir ki, qarşılaşdığı mənzərə onu heyrətə gətirir. Gələn qonaqlar xoruz, cücə nə varsa, hamısını yığıb aparıblar!..
Ev sahibi evin qabağındakı daşın üstündə oturub başını iki əlinin arasına alaraq öz-özünə dodağının altından mırıldanırdı: “Bu daşnak südü əmmiş dığaların işidir!..”
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim