Zərdüşt Əlizadə
Hər əsərin qəhrəmanı və əhvalatı olmalıdır. Oxucu Mahir N. Qarayevin “Sonuncu Korifey” romanının qəhrəmanı ilə elə ilk sətirlərdən tanış olmağa başlayır, fəqət barəsində danışılan əhvalatı sonuncu sətirlərə qədər aramalı və axtarmalı olur.
Mən şəxsən əhvalatın cövhərini əvvəl onda tapdım ki, qəhrəman çarəsizlikdən, məhz çarəsizlikdən, mitinqə getməyi qərarlaşdırır, onu gözləyən təhlükələri dərk edir və onu bu mitinqə getmək qərarına gətirmiş öz həyat yolunu, bu yoldakı onun vücuduna ən böyük təsir göstərmiş hadisələri, insanları və bədii əsərləri xəyalında canlandırır. Bu hadisələri, insanları və əsərləri romanda bir-birinə bağlayan yeganə ip-sap əsas qəhrəman olduğundan dinamik vahid əhvalatın, demək olar ki, yoxluğundan, yazıçı əsərini “psixoloji-assosiativ” roman adlandırıb.
Əvvəl romanın süjeti və cövhəri barədə belə düşünmüşdüm, əsərin sonuna yaxınlaşdıqca anladım ki, bu düşüncəm hədsiz bəsit və yanlışdır, roman isə həyat qədər, yaradıcı insan qədər mürəkkəb və sonsuzdur.
Romanın üçdə birini oxuduqdan sonra anlamağa başladım ki, əsas qəhrəman əsərdə bir vücudla deyil, iki vücudla təmsil olunub, haçalanmış qəhrəmanın bir adı Təbriz, o biri adı Korifey kimi təqdim olunan Bəhramdır.
Yaxşı, əsərin qəhrəmanının tilsimini aça bildim, bəs əsərin cövhəri nədədir? Mətninin bir hissəsi xırda şriftlə yığılmış 392 səhifəlik romanı oxuduqca əvvəl ağlıma gəldi ki, əsərin cövhəri, ola bilsin, ÖLÜMdür.
Roman ithaf olunub “Bu dünyanın on bir ay on beş gün qonağı olmuş mandarin kimi zərif uşağın – qıvrımsaç, buruqtel Üzeyirin xatirəsinə”, əsəri oxuduqca müntəzəm baş verən ölümlərin – sevimli ananın, uşaqlıq dostu Seryojanın, onun atası hərbi həkim Polkovnikin, Dahi ləqəbli qonşu Gennadi Moiseyeviçin, Gürcüstandakı tanış-bilişin, sevilməyən atanın, yazıçının ədəbi kamillik axtarışlarının rəmzi olan Korifeyin, qəhrəmanın təfsilatı ilə təsvir etdiyi öz ölümünü saysaq, romanın cövhəri kimi ÖLÜMÜ də nəzərə almaq olardı. Oxucu onu da xatırlayır ki, qəhrəmanla ilk tanışlıq Elçibəyin nəşini Binədən Bakıya çatdıran avtomobil karvanında baş vermişdi.
Fəqət əsəri oxuduqca belə qənaətə gəlirdim ki, belə yüksək səviyyəli əsərin cövhəri üçün hətta ÖLÜM kimi mühüm və əsrarəngiz məfhum kifayət qədər bəsit sayıla bilər. İndi hər bir az-çox savadlı adam vurma cədvəli kimi bilir ki, “Həqiqətən, hamımız Allahınıq və ona qayıdırıq”.
Odur ki, dolaşıq kələf kimi səbirlə açdığım əsərdə ÖLÜM cövhərin yalnız bir tikəsi ola bilərdi.
Romanın mətninin özülü – yazıçı MƏNinin axtarışı, mətnin divar hörgüsü – yazıçı duyğularının təbiri, mətnin cövhəri – əlçatmaz kamilliyə can atan yazıçının bu kamilliyin mümkünsüzlüyünün dərkidir. Bu mümkünsüzlüyü Korifey səkkiz səhifəlik – müəllifə inanaq – dahiyanə pritçaları cırıb yandırmaqla, Gena dayı uzun illərin məhsulunu cırıb yandırmaqla, əsas qəhrəman isə – özünü asmaqla – sübut edirlər.
Belə çıxır ki, romanın cövhəri əlçatmaz kamilliyə can atan, bu kamillik eşqinin içəridən gəmirdiyi ehtiras qarşısında öz acizliyini dərk edən yazıçı iddiasıdır? Təsadüfi deyil ki, yazıçının xatırladığı ədəbi isimlər böyüklüyünü bəşəriyyətin şəksiz etiraf etdiyi ədiblərə aiddir.
Demək olarmı ki, “Sonuncu Korifey” romanı milli ədəbiyyatımızda nadir istisna olan həmin bu yaradıcılıq kamilliyinin əlçatmazlığının faciəvi dərkini təsvir edir?
Ola bilər, ola bilər…
Hər halda, sizin həqir bəndəniz zövqlə oxuduğu və milli ədəbiyyat nümunələrinin mütaliəsi zamanı çoxdan duymadığı estetik ləzzəti anlayaraq bu fikrə gəlib. Bu fikri danan oxucuya Mahir N. Qarayevin əsərinin ikinci hissəsinin yeddinci fəslində yazdığı sətirlər üzərində düşünməyi məsləhət görərdim: “Saymağı bacarmayan adam biləcəkimi beşləçəkli yasəmən tapsa, xoşbəxt olmağa haqqı çatırmı? Bəlkə də hə, bəlkə də yox”.
Əsərin qəhrəmanı dərin məzmunlu insandır, bu səbəbdən tənhadır, dəyib dolaşdığı, təmasda olduğu insanların dəyərliləri – anası, Yusif Səmədoğlu, Hrant Matevosyan, Tanyuşa – onun həyatına toxunub keçiblər, özü isə tənha qalıb. Düzdür, əlinin altında daim dünya nəhənglərinin gözəl bildiyi əsərləri durur, onun fikir dünyası bu ədiblərin özləri, onların həyat tarixçələri, yaratdıqları qəhrəmanların taleləri ilə zəngindir. Gerçək həyatı isə toqqadan aşağı mətləbləri hesaba alsaq, müasir Avropanı çoxdan ötüb keçmiş Borçalı və Bakı camaatı, Cahangir Fateh tipli “kəndistan zırramaları”, şəhərin hər yerini çulğalayıb hər yerində möhkəm qərar tutmuş rastinyakların arasında keçir.
Yazıçını duyğulandıran həyat həm də əsrarəngizdir, bu həyatda bəsit və darıxdırıcı heyvani məxluqatla yanaşı, ülvi hisslərin dəyərini bilən insanlar da təsvir edilir. Xəstəxanada olmayan anasının həsrəti ilə yaşayan, daima ondan danışan ölümcül xəstə qızcığaza təsəlli vermək üçün əyalətdən gəlmiş müdrik xəstə kişi qızın adına həsrətini çəkdiyi anasının guya ki, radioda sifariş verdiyi mahnını səsləndirir. Qızcığaz sarsılır, xəyalında uydurduğu anasının ona Rəşid Behbudovun ifasında həqiqətən mahnı sifariş etdiyinə inanmaq istəyir, hıçqırıb “ana” deyərək ağlayır. Qızcığaz tezliklə ölür, lakin dünyadan köçərkən, ürəyində ümid aparır. Həmin o müdrik xəstə kişi, yazıçının anasının, Seryojanın valideynlərinin surətləri romanın oxucusuna nikbinlik verir, dünyanın zil qara olmadığına inandırır.
Azərbaycanın müstəqillik illərində nəşr olunmuş əsərləri daima böyük ümidlə, təzə nəfəs arzusu ilə oxumuşam, kiçicik istedad cücərtilərini görəndə sevinmişəm.
Mən müəllim deyiləm, cədvələ qiymət yazmaq mənim səlahiyyətimə daxil deyil. Mən milli, Şərq və dünya ədəbiyyatı nümunələrinin sadəcə oxucusuyam və özümdə cürət tapıb rəyimi bildirirəm.
Məncə, Mahir N. Qarayevin “Sonuncu Korifey” romanı mükəmməl bədii yaradıcılığın məhsuludur və milli ədəbiyyatımızın başını ucaldan əsərdir. Mən bunu ürəkdən sevinərək yazıram.
Mənbə: Meydan TV