Novator.az saytı Mahir N. Qarayevin tərcüməsində fransız şairi Pol Verlenin (1844-1896) “Şər əməllə verilməz şər əməlin cavabı” şeirini təqdim edir.
– Yolçu, danış, vəsf elə gəzdiyin diyarları…
Eybəcər kölgələrin divarlardan itdimi?
Hara uçdu tüstüsü çəkdiyin siqarların?
Canında yuva salmış sıxıntılar bitdimi?
Uzun yoldan sonra da baxışların dumanlı,
Həmin kədərdi yağan kinayəli üzündən:
Necə ki dünənki Ay bu gün yenə hamandı,
Dəniz də dəyişməyib təzə doğan bu gündən.
Təzə qəbirlə dolu məzarlıq da bu cürdür!
Yox, sən bizə aşkarca sezdiyimizdən danış:
Zillətlə ötüb keçən bu ömür nə ömürdü –
Hansı daşa tuş gəlib, oxun nədən qırılmış?
Unutma dəhşətini usandığın günlərin,
Bax, o günlərdi səni bezdirib heydən salan:
Nəyindən razı qaldın qədəm basdığın yerin –
Getdiyin hər yanda Şər, keçdiyin hər yol Yalan!
Siyasətin iflası, Sevginin ağ yalanı
Bütün ümidlərini qəlbindən qopardımı?
Qapqara mürəkkəbə döndərib al qanını,
Bulanıq bir sel kimi yudumu, apardımı?
Özünü də unutma: düşün, nə hay-həşirlə
Öz sadəlövh yükünü dartdın hərb meydanına!
Orda necə savaşır, necə sevişirdilər,
Nə sayaq batırdılar hər gün qəm dəryasına.
Düzlüyün cəzasını çəkdinmi bəs deyincə?
İnsanlar qəddardılar. Bəs qadınlar yaxşımı?
Kimin nəvazişləri yalan deyildi, səncə?
Söylə görək, kim içdi gözlərinin yaşını?
Necə sadəlövh idin! Təriflərdən xoşlanan!
Rahat ölüm dilərdin bir zamanlar, yadında?
Sındımı qol-qanadın, başın dəydimi daşa?
Sən ey qanadsız mələk, arzulara əlvida!
İndi yolun haradır, niyyətin nədir sənin?
Yoxsa için islanıb, yumşalıb göz yaşından?
Şabalıdın qabığı necə qalın görsənir,
O cür də sən – yorğunluq tökülür üst-başından!
İndi kim olacaqsan?! İndən belə kim axı?!
Sərsəm baxışlarıyla pəncərədən boylanıb,
bu mənasız göylərə İblis gözüylə baxan
əldən düşmüş birisi?! Sənə başqa nə qalıb?!
Arxasınca qaçdığın macəralar bitdimi?
Bəsindimi həyatın bu cür bəsit sonluğu?
Səni ruhdan saldımı sonluğun bəsitliyi?
Quyunun lap dibinə düşmək deyil, nədir bu?
Səndən bir az diribaş, səndən bir az ağıllı
Bir başqası olsaydı hərgah sənin yerində
Kamançıya pul basıb gündə rəqsə baxardı,
Ləzzətlə cırnadardı yoldan ötənləri də.
Qəlbinin künclərini bir yaxşı-yaxşı yoxla,
Bəlkə çıxaraq ordan bunun tək “niyə”sini
Və göylərə tuşlayaq onun gün işığında
Polad qılınctək yanan, parlayan tiyəsini?
Bəlkə səbəb tək deyil, bir neçədir? Çox əcəb!
Qalx və yollan döyüşə! Səngiməyən hirsini
Ümidsiz qəhqəhənlə gizlət ürəyindəcə –
Və hər kəsi qılıncla! Hər kimdi, ver dərsini!
Bu mənasız həyatda nə hacət sarsaqlığa?
Nə çılğınlıq var onda, nə bir şəhvət xəyalı!
Kimsəni əsir etməz bu cür xoşbəxtlik daha,
Şərə şərlə cavab ver, tək bu olsun amalın!
– Hə, insan müdrikliyi! Buymuş ruhu isidən!
Acı məsləhətinlə sənin bayaqdan bəri
Mənə təsvir etdiyin o uzaq keçmişimdən
Bircə şey var yadımda: törətdiyim öz şərim!
Sərgərdan həyatımın çətin, uzun yolunda
Hər tənə, hər ittiham dərdimə yüz dərd qatıb…
Yüz dərd-bəla gördüyüm bu yolların sonunda
Bildiyim bircə şey var: Tanrımız insaflıdır!
Çəkdiyim bu əzablar nahaqdan deyil ancaq,
Acı göz yaşlarım da axıb öz günahımdan.
Kim bilir, bəlkə bir gün suçum bağışlanacaq,
Mənə də pay düşəcək Məsihin pənahından!
Hə, bu fani dünyada sarsaqlıq bir iş deyil,
Əbədiyyət taçının daha çoxdur savabı.
Tək bir qanun bəllidir: sev hamını, hər şeyi!
Şər əməllə verilməz şər əməlin cavabı!